Layihə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin dəstəyi ilə hazırlanmışdır.
{nl}
Vətənpərvərlik, nikbinlik və birlik
RAGT-nin vəzifəsi Azərbaycan gənclərini Rusiya vətəndaş cəmiyyətinə fəal inteqrasiyaya həvəsləndirmək və istiqamətləndirməkdir
"İzvestiya" qəzetinin 30 sentyabr tarixli nömrəsində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının - RAGT-nin fəaliyyətinə, bu qurumun azərbaycanlı gəncləri şimal qonşumuzun vətəndaş cəmiyyətinə fəal inteqrasiyaya həvəsləndirmək və istiqamətləndirmək sahəsində gördüyü işlərə həsr olunmuş tematik səhifə verilmişdir. AzərTAc həmin materialları oxuculara təqdim edir.
Rusiya ilə Azərbaycanın münasibətlərində ictimai diplomatiyanın rolu ilbəil artır. İki ölkənin humanitar qarşılıqlı fəaliyyət prosesləri, politologiya dilində desək, soft-power mexanizmləri artıq dövlətlərin siyasi səylərinin sadəcə əlavəsi deyil, məmləkətimizi vətəndaş cəmiyyəti səviyyəsində birləşdirən müstəqil prosesə çevirmişdir.
Oleq Sıqanov
Bu işdə Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondu fəal iştirak edir. Fondun Rusiyada həyata keçirdiyi təşəbbüslərin əlaqələndiricisi Prezident ailəsinin böyük qızı Leyla Əliyeva olmuşdur. O, Fondun Moskvadakı nümayəndəliyinin rəhbəridir.
Azərbaycanın Rusiyada imicinin formalaşmasında və inkişaf etdirilməsində informasiyanın və praktiki tərkib hissənin güclənməsi Leyla Əliyevanın fəaliyyətinin sanballı nəticəsi olmuşdur. Mübaliğəsiz deyə bilərik ki, Leyla Əliyeva öz Vətəninin soft-powerinin həyata keçirilməsi üçün bir növ nadir, postsovet məkanında analoqu olmayan mexanizm yaratmışdır. Məhz onun təşəbbüsü ilə təsis edilmiş "Baku" jurnalı istedadlı qələm sahiblərinin yazdığı dolğun, maraqlı mətnlərin və yüksək keyfiyyətli fotoşəkillərin dili ilə həm Azərbaycanın ənənəvi mədəniyyəti haqqında, həm də ölkə həyatının müasir meyilləri və xüsusiyyətləri barədə söhbət açır. Jurnalda həm də tanınmış rusiyalı müəlliflərin oçerkləri dərc edilir. Bu materiallarda azərbaycanlıların dünyagörüşü, Bakı şəhər mədəniyyətinin koloriti heyrətamiz dərəcədə dəqiq və eyni zamanda, obrazlı şəkildə təsvir edilir. Bununla da, oxucu Azərbaycan dünyasının rəngarəng reallıqlarına dərindən bələd olmaq imkanı əldə edir.
Lakin Leyla Əliyevanın ən mühüm layihəsi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) adlanan ictimai qurumdur. RAGT Azərbaycan diasporunun mədəni həyatının inkişafında keyfiyyətcə yeni mərhələ, gənclərə doğru atılan cəsarətli addım olmuşdur. Bu layihədə təkcə diasporun həyatı deyil, Rusiyanın özünün gənclər siyasətinin bir sıra cəhətləri əhatə edilir.
Nəhayət, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin məxsusi fəaliyyəti barədə. Əgər Azərbaycanın beynəlxalq ictimai-siyasi tədbirlərinin bütün spektrini və ya Azərbaycan mədəniyyətində baş vermiş mühüm hadisələrlə əlaqədar təşkil edilmiş ayrı-ayrı tədbirlərə nəzər salsaq, heç şübhəsiz, Rusiya ictimai məkanında Azərbaycanın sosial və mədəni təşəbbüslərinin əsas əlaqələndiricisi rolunda məhz Heydər Əliyev Fondu çıxış edir.
Azərbaycanın "mülayim qüvvə" siyasəti hansı istiqamətlərdən ibarətdir? Ölkənin hüdudlarından kənarda Azərbaycanın mədəni təsirini dəstəkləməyə qabil olan üç sahə məlumdur. Bunlardan birincisi çoxsaylı Azərbaycan diasporunun özüdür. Burada bir neçə mədəniyyət və informasiya istiqamətini fərqləndirmək lazımdır. Əvvələn, öz mədəni irsinə biganə qalmayan hər hansı ölkə kimi Azərbaycan da diasporun özündə ana dilinin öyrənilməsinə kömək etməyə yönəlmiş təşəbbüsləri dəstəkləməyə çalışır. Doğma Vətənlə əlaqə saxlamaq hər bir milli diaspora münasibətdə istənilən dövlət üçün ənənəvi vəzifədir. Lakin rusiyalı azərbaycanlılara münasibətdə Bakı hər şeydən əlavə onların Rusiya cəmiyyətinə daha keyfiyyətli inteqrasiyası üçün şərait yaratmağa çalışır və beləliklə, miqrantları qəbul edən dövlətin funksiyalarının bir qismini öz üzərinə götürür.
Rusiya azərbaycanlıları müxtəlif yaşlı, müxtəlif dünyagörüşlü, təhsil standartları müxtəlif olan, sosial proseslərə müxtəlif dərəcədə cəlb edilmiş insanlardır. Azərbaycanın müxtəlif regionlarından olan bu insanlar Rusiyanın müxtəlif regionlarında məskunlaşmışlar. Bütün bunları nəzərə almaq zəruridir. Digər tərəfdən, ruslarda və Rusiyanın digər vətəndaşlarında Azərbaycanın həyatı və mədəniyyəti barədə daha keyfiyyətli informasiya formalaşdırmaq məqsədilə əzmlə iş aparmaq lazımdır.
Son illərdə məhz bu missiya Heydər Əliyev Fondu - RAGT tandeminin əsas məqsədinə çevrilmişdir. Rəmzi bayram tarixlərinin məzmununu Rusiya cəmiyyətinin fəal hissəsinə çatdırmaq və ölkənin müasir tarixindəki faciəli hadisələri tarixi mövqedən savadlı şərh etmək onların işinin prioritet istiqamətinə çevrilmişdir. Oxucuların yaşlı nəslinin yadındadır: burada söhbət mahiyyət etibarilə xarici ölkələrlə dostluq cəmiyyətlərində sovet dönəmində aparılan işdən gedir.
Azərbaycanın xarici aləmə mədəni inteqrasiyasının ikinci, birincidən heç də az əhəmiyyətli olmayan amili daim Rusiyanın informasiya məkanında olmaqdır. Bu halda söhbət təkcə Azərbaycan haqqında rəngarəng materiallar çap edən "Baku" jurnalı, yaxud "GEO" və "Vokruq sveta" kimi nəşrlərdə dərc edilən məqalələrdən getmir. Rusiya mətbuatının səhifələrində davamlı və müsbət informasiya mövqeyinə malik olmaq artıq qazanılmış nəticədir. Heydər Əliyev Fondu indi daha da irəli gedir. Qarşıya Azərbaycanın kütləvi mədəniyyətini və şou-biznes subyektlərini Rusiya mədəni məkanına daha çox cəlb etmək vəzifəsi qoyulmuşdur.
Burada ən müxtəlif iş formalarından istifadə edilə bilər: Azərbaycan ərazisində müxtəlif simfonik, caz və folklor festivallarının keçirilməsi, ayrı-ayrı musiqiçilərin və kollektivlərin Rusiyaya səfərləri - bütün bu tədbirlər nəticəsində iki ölkənin mədəni birlikləri bir-biri ilə nəinki tanış olur, qarşılıqlı zənginləşir, həm də Azərbaycan incəsənətinin pərəstişkarlarının, onun həqiqi sərraflarının davamlı birliyi formalaşır.
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan musiqi sənəti (musiqinin bütün istiqamətləri - cazdan və klassik simfoniyadan başlamış, müasir rəqs ritmlərinə qədər) artıq çoxdan öz auditoriyasını qazanmışdır. Rusiya cəmiyyətində bu sənət hələ sovet dövründən yüksək qiymətləndirilir. Eyni sözlər Azərbaycanın müasir təsviri incəsənətinə, kino sənayesinə, ədəbiyyatına da aiddir.
Üçüncü sahə Rusiya-Azərbaycan ziyalı forumlarını, tanınmış liderlərin görüşlərini, görkəmli ictimai xadimlərin iştirak etdiyi sair tədbirləri əhatə edir. Azərbaycanın tanınmış yazıçıları, rəssamları, rejissorları, aktyorları, musiqiçiləri, idmançıları Azərbaycanın ictimai diplomatiyasına getdikcə daha fəal cəlb edilir. Fond bu cür tədbirlərin əsas təşkilatçısıdır.
Bir il bundan əvvəl, biz "İzvestiya" qəzetində RAGT-nin işə başlaması barədə yazmışdıq. Ötən dövr ərzində nələr olmuşdur? Deyə bilərik ki, RAGT-ni formalaşdıran dəstək və birlik hissi Rusiyadakı azərbaycanlı gənclərə fəal həyat mövqeyi aşılayan kifayət qədər güclü sosial-psixoloji stimulyatordur. Fəal vətəndaş mövqeyi peşəkarlığın, özünü təmin etmək qabiliyyətinin və ölkə qarşısında, cəmiyyət qarşısında mənəvi məsuliyyətin təməlidir. Bunu sübut etmək üçün hər hansı xüsusi dəlillər axtarmağa ehtiyac yoxdur.
Bu ilin mayında Moskvada Rusiyanın bütün bölgələrində altmış yerli regional bölməni birləşdirən bu güclü təşkilatın ikinci konfransı keçirilmişdir. Forum Rusiyadakı azərbaycanlı gənclərin yüksək dərəcədə hazırlıqlı və mütəşəkkil olmasını göstərdi. Forumun seksiyalarında nümayiş etdirilmiş qeyri-standart qərarlar qəbul etmək bacarığı, öz fikrini sərbəst ifadə etmək, stereotiplərdən asılı olmamaq kimi keyfiyyətlər ümid etməyə əsas verir ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı əlaqələrin daha da inkişaf etdirilməsinə ləyaqətlə xidmət edəcək, kreativ təfəkkürlü gələcək liderlərin keyfiyyətcə yeni nəsli formalaşmaqdadır.
RAGT-nin lideri Leyla Əliyevanın çıxışının əsas tezisləri mənəviyyatlılıq, vətənpərvərlik, nikbinlik və birlik kimi yeni sosial-siyasi dəyərlərin formalaşması problemləri ilə bağlı idi. Bunların hamısı Rusiya cəmiyyətinin bütün subyektləri üçün həyati əhəmiyyətli oriyentirlərdir. Məhz onlar müasir dünyada fərdin ahəngdar inkişafının rəhni və Rusiyada Azərbaycan diasporunun səmərəli fəaliyyətinin qarantıdır. Forum iştirakçılarından biri demişdir: "RAGT-nin hər bir üzvü ölkənin intellektual kapitalı, Rusiyada öz vətəndaş potensialını reallaşdırmağa qabil olan güclü diaspordur. Məhz bu səbəbdən RAGT-nin fəaliyyəti və gələcək inkişafı çox böyük əhəmiyyət kəsb edir. RAGT milli diaspor siyasətini tamamlamaqla bərabər, həm də humanitar diplomatiyanın davamıdır".
Bu yaxınlarda baş vermiş daha bir mühüm hadisəni xatırlatmaq zəruridir. Söhbət Ulyanovsk şəhərindəki orta ümumtəhsil məktəbinin Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı şəkildə yenidən qurulmasından gedir. Bu, Rusiyanın sosial məkanında Azərbaycanın humanitar təsirinin genişlənməsinin daha bir təzahürü olmuşdur. Maraqlıdır ki, Azərbaycanın bu cür təşəbbüsləri Moskvadan kənarda da çox sürətlə inkişaf etməkdə, bütün Rusiyada dərinləşməkdə və genişlənməkdədir.
Məsələn, 2010-cu ildə RAGT-nin regional bölməsi tərəfindən Udmurtiyanın İjevsk şəhərindəki 66 nömrəli ümumtəhsil məktəbinin bazasında Azərbaycan bazar günü məktəbi açılmışdır. Bu məktəbdə Azərbaycan dili və Azərbaycan tarixi fənləri tədris edilir.
Bütün bunlar azərbaycanlıların və rusiyalıların qarşılıqlı sosiomədəni fəaliyyətinə yeni təkan verir. Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində Ulyanovskda Rusiyanın adi bir məktəbinin yenidən qurulması əyani şəkildə göstərir ki, ölkələrimizin qarşılıqlı humanitar fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu həm də Heydər Əliyev Fondunun və RAGT-nin Rusiya məkanında kompleks, səmərəli və birgə fəaliyyətinin göstəricisidir. Məlum olduğu kimi, bu iki qurumu birləşdirən onların ideologiyasının oxşar olmasıdır: Fond Azərbaycanın sosial və mədəni təşəbbüslərinin təbliğ edilməsi üçün maliyyə və insan resurslarını akkumulyasiya edir, RAGT isə gənclərin vətəndaşlıq təşəbbüslərini əlaqələndirir. Bu qurumların təşkilatçılarının başının ucalığıdır ki, onlar sosial işin çox dəqiq və olduqca uğurlu vektorunu - azərbaycanlı gəncləri Rusiyanın vətəndaş cəmiyyətinin fəal üzvləri rolunda çıxış etməyə həvəsləndirməyi və istiqamətləndirməyi - seçmişlər. Əgər əvvəl onların keçirdiyi tədbirlər diasporun obrazını dəyişməyə yönəlmişdi və kifayət qədər məhdud dairənin marağını cəlb edirdisə (donor kimi qanvermə layihələri, xeyriyyə yardımlarının toplanması və s.), indi buraya Rusiyanın sosial həyatında fəal iştirak etmək iddiasında olan daha bir tərkib hissə əlavə olunmuşdur. Ulyanovskdakı məktəbin açılışından sonra (xatırladaq ki, bu layihənin ümumi dəyəri 25 milyon rubl olmuşdur) onu da qeyd etmək olar və qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu və RAGT daha sadəcə olaraq, Rusiyanın "xeyirxah qonaqları" deyildir, onlar ümumi evin inşa edilməsində, rusiyalıların həyat keyfiyyətinin artırılmasında və bir-birinin yeni müsbət obrazının formalaşmasında tərəfdaş qurumlara çevrilir.
Bu aksiyanın digər nəticəsi Rusiyadakı gənc azərbaycanlıların özlərinə istiqamətlənmişdir. Heydər Əliyev Fondunun proqramları çərçivəsində iş prosesində başqa millətlərin nümayəndələrində rusiyalılarla çiyin-çiyinə çalışmaq, onların ümumi ölkəsinin sosial məkanında mütərəqqi dəyişikliklər istiqamətində birgə səy göstərmək bacarığı tərbiyə olunur. Qeyd edək ki, yuxarıda adını çəkdiyimiz Ulyanovsk məktəbi "Azərbaycan məktəbi", yəni etnik-mədəni komponentli təlim proqramını həyata keçirən ümumtəhsil məktəbi deyildir (əslində Rusiyada cəmi iki yerdə bu cür Azərbaycan məktəbi vardır). Ulyanovskdakı adi ümumtəhsil məktəbində şagirdlərə Azərbaycanın tarixi və mədəniyyəti ilə əyani şəkildə tanış olmaq imkanı verən zallar yaradılmışdır. Təbii ki, bu, Azərbaycanı daha yaxşı tanımağa kömək edəcək, həmin biliklər isə, öz növbəsində, gələcəkdə ölkələrimiz arasında mehriban qonşuluq atmosferinin qorunub saxlanmasının rəhni olacaqdır.
Məktəbdə yaradılmış 3 kompyuter sinfinə Azərbaycanda "Gələcək üçün təhsil 1:1" layihəsi çərçivəsində (bu layihə də Heydər Əliyev Fondunun himayəsi ilə həyata keçirilmişdir) istehsal edilən, internet şəbəkəsinə naqilsiz qoşulmaq üçün qurğularla, zərbəyə davamlı örtüklə və lisenziyalı proqram təminatı ilə təchiz edilmiş 20 ədəd NEXUS noutbuku verilmişdir. Bunların sayəsində rusiyalı yeniyetmələr hələ ibtidai məktəbdə oxuyarkən Azərbaycan haqqında, Cənubi Qafqazda yerləşən bu dövlətin sənaye, o cümlədən texnoloji cəhətdən də inkişaf etmiş, Rusiyaya dost ölkə kimi təsəvvürə malik olacaqlar. Aydındır ki, gələcəkdə həmin məktəb Bakı məktəbləri ilə sıx əlaqələr yaradacaq, məktəblilərin Azərbaycana və Rusiyaya qarşılıqlı ekskursiya səfərləri başlanacaqdır.
Gənclərlə iş, hətta bu iş ayrı-ayrı tədbirlərdən başlandıqda belə, öz məntiqinə görə gec-tez inkişaf edərək konstruktiv vətəndaş fəallığına çevriləcək, səmimi volonterlik və könüllülük nümunələri göstərəcəkdir. Yalnız bu əsasda həmin iş uğurlu ola bilər. RAGT də məhz özünün güclü təşkilati resurslarından istifadə etməklə gənclərə bu cür təkan vermək, onlardan əsl vətəndaşlar yetişdirmək, müsbət həyat mövqeyi, real işlər görmək üçün əsl vətəndaş istəyi formalaşdırmaq, onları dünyanı yaxşılığa doğru dəyişməyi bacaracaqlarına inandırmaq əzmindədir. Buna görə də təsadüfi deyildir ki, Rusiyanın digər gənclər təşkilatları, məsələn "Rossiya Molodaya" təşkilatı RAGT-nin uğurlarına diqqət yetirir (bu iki təşkilat arasında tərəfdaşlıq sazişləri imzalanmışdır).
Sonda RAGT-nin Rusiya cəmiyyətinin inkişafına verə biləcəyi daha bir töhfəni qeyd edək. Gənclik problemlərinə həsr edilmiş çoxsaylı tədqiqatlar göstərir ki, Rusiya gəncləri haqqında hələlik tam təsəvvür formalaşmamışdır. Eyni qayda ilə gənclərdə də gələcək həyat yolu barədə təsəvvür çətinliklə formalaşır. "Zəmanəmizin qəhrəmanı, nümunə götürməyə layiq olan kumir necə insandır?", "Gəncləri hərəkətə gətirən oriyentirlər hansılardır, merkantil praqmatik maraqlar gəncliyə xas olan romantik idealları tam üstələmişdirmi?", - bu kimi mühüm suallara hələlik dəqiq cavab yoxdur. Nəhayət, ən mühüm sual - çoxmillətli ölkəmizdə gənclərin nəzərində yeni rusiyalının dolğun obrazı mövcuddurmu, yoxsa bu obraz ayrı-ayrı etnik seqmentlərə parçalanır? Həmin suallara necə cavab verilməsindən və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı etnik mənşəyindən asılı olmayaraq, Rusiya vətəndaşının inkişaf "sexinə", tolerant və fəal vətəndaşın formalaşdığı məkana çevrilə bilər.
{nl}
RAGT-nin sədri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla ƏLİYEVA: Fəaliyyətimizin prioritet istiqaməti Rusiya-Azərbaycan mədəniyyətlərarası dialoqun qurulmasıdır
"Real işlər, həyata keçirilmiş ideyalar, nail olunmuş məqsədlər əminliklə deməyə imkan verir ki, RAGT özünü təsdiq etmiş birlikdir. Hazırda RAGT Azərbaycandan kənarda ən fəal gənclər təşkilatıdır. Üzvlərimizin sayı bir ilə bir neçə dəfə artmışdır. Əminəm ki, həmfikirlərimizin də sayı artmışdır. Təşkilatın artıq 60-dan çox bölməsi vardır. Regional təşkilatlar fəallıqlarına görə heç də mərkəzdən geri qalmırlar. Bir il ərzində biz təkcə Moskvada və Bakıda deyil, həm də Sankt-Peterburqda, Tverdə, İvanovoda, Smolenskdə, Murmanskda və Yekaterinburqda xeyli tədbirlər, görüşlər, aksiyalar keçirmişik.
Fəaliyyətimizin lap əvvəlindən işimizi elə qurmağa çalışdıq ki, mümkün qədər çox müxtəlif sahə və istiqamətləri əhatə edək. Fəaliyyətimizin prioritet istiqamətləri mədəniyyətlərarası dialoqun qurulması, Azərbaycanın zəngin mədəni və tarixi irsinin təbliği, müasir Azərbaycan reallıqlarının Rusiya cəmiyyətinə çatdırılması, habelə elm və təhsil sahələridir. Bir də əlbəttə, Rusiya Federasiyasında yaşayan və təhsil alan vətəndaşlarımız, tələbələrimiz və gənclərimizə qayğı göstərilməsi.
Fəaliyyətimizin ən mühüm tərkib hissələrindən biri Heydər Əliyev Fondu ilə birlikdə "Xocalıya ədalət" beynəlxalq kampaniyasının keçirilməsidir. Bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində 70-dən çox aksiya keçirilmişdir. Kampaniyanın məqsədi 1992-ci ilin fevral hadisələri barədə dünyanın bütün qitələrinə məlumat çatdırmaqdır. Xocalı bizim dərdimizdir və dünya birliyinə bu faciə, ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verilməsi çox vacibdir. Bu münaqişə ədalətli həll olunanadək, Azərbaycanın ərazi bütövlüyü bərpa edilənədək biz bu istiqamətdə fəaliyyət göstərəcəyik.
Mədəniyyəti bütün dialoqların universal açarı hesab edirəm. Moskvada və Rusiyanın digər şəhərlərində Azərbaycan mədəniyyəti günləri və həftələri keçirmiş, musiqi gecələri, fotosərgilər, filmlərin nümayişi təşkil olunmuş, zəngin Azərbaycan mədəniyyətini layiqincə təmsil etmişik. Humanitar və sosial sahələrdə də xeyli iş görülmüş, köməyə ehtiyacı olanlara konkret yardımlar edilmiş, məsələn, uşaq evlərində, xəstəxanalarda uşaqlara böyük qayğı göstərilmişdir. Xəstə uşaqlar üçün "Qanın milləti yoxdur" devizi altında dərin rəmzi məna daşıyan qanvermə aksiyasını xüsusi qeyd etmək istəyirəm. Bu, göstərir ki, Azərbaycan və Rusiya gənclərinin həyat dəyərləri eynidir. RAGT-nin təşəbüsü ilə tütünün və alkoqolun insan orqanizminə təsiri barədə reklam-maarifləndirmə kampaniyası keçirilmişdir. "Əmin ol ki, sağlamsan" və "Xəstəliyə "yox" de" proqramları çərçivəsində Azərbaycandan və Moskvadan yüzlərlə adam pulsuz müayinə olunmuşdur. Biz gələcəkdə humanitar fəaliyyətimizi genişləndirmək, zənginləşdirmək niyyətindəyik. Biz idmanda da parlaq nəticələr əldə etmişik. 2009-cu ildən Moskvada Rusiyada təhsil alan azərbaycanlı tələbələrdən ibarət 16 komandanın iştirakı ilə mini-futbol çempionatı keçirilir. Mən çox şadam ki, regionlar bu ideyanı dəstəkləmişlər və bu il çempionatda artıq 24 komanda iştirak etmişdir. Bu, gənclərimizin idmana olan böyük marağından xəbər verir. Bu yaxınlarda RAGT-nin rəsmi saytı yenilənmişdir və gənclərimiz ünsiyyət bağlaya, maraqlı informasiyaları müzakirə, müsabiqələrdə iştirak edə bilərlər. Qeyd etmək istəyirəm ki, özümüzün mətbu orqanımızı - "RAGT" ("AMOR") jurnalını yaratmışıq.
Bu gün biz görülən işlərə yekun vurur, həm də gələcək fəaliyyət strategiyamızı müzakirə edirik. Fəaliyyətimizi müxtəlif istiqamətlərdə genişləndirməyimiz çox vacibdir. Biz, Azərbaycanın gənc nəsli gözüaçıq olmaq, Vətənimizi heç zaman unutmamaq, köklərimizi və ənənələrimizi sevmək və qorumaq istəyirik. Biz eşitmək və eşidilmək istəyirik. Qarşıda bizi çox işlər gözləyir. Bizim ümumi uğurumuz onların həyata keçirilməsindən asılıdır.
Bu gün biz işimizdən və keçdiyimiz yoldan danışırıq, ancaq hələ daha çox işlər görməliyik, çünki yeni məqsədlərimiz və imkanlarımız yaranmışdır. Bizi bir-birimizə çox şeylər bağlayır, başlıcası isə bir üstünlüyümüz vardır - biz gəncik və deməli, ehtiyacı olanlara kömək etmək imkanımız vardır. RAGT hamı üçün açıqdır və bütün təşəbbüsləri, layihələri dəstəkləməyə hazırdır. Əminəm ki, biz birlikdə daha böyük nəticələr və uğurlar əldə edəcəyik".
(Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) II konfransındakı çıxışdan)
{nl}
Yeni nəsil böyük həyata qədəm qoyur
{nl}
AİDA ƏLƏSGƏROVA
Aida Kazanda yaşayır, fiqurlu konkisürmə yarışlarında Azərbaycanı layiqincə təmsil edir. 0, 1996-cı il dekabrın 22-də Bakıda doğulmuşdur. Aida beş yaşından Kazan şəhərində, Olimpiya Ehtiyatları Uşaq və Gənclər İdman Məktəbində məşğul olur. Çox gənc olmasına baxmayaraq, artıq birinci dərəcəyə layiq görülmüşdür. Kirov, Perm, Yekaterinburq, Qlazov, Moskva və Samarada keçirilən yarışlarda və açıq birinciliklərdə iştirak etmişdir. Aida dalbadal iki ildir Permdə keçirilən zona yarışlarında iştirak edir. O, Tatarıstan Respublikası gənclərinin qış Spartakiadasında birinci yeri tutmuşdur. Tanınmış fiqurlu konkisürənlər və məşqçilər - İ.Rodnina, İ.Averbux, A.Sixarulidze və başqalarının ustad dərslərində iştirak etmişdir. Aida bu il beşinci sinfi bitirmişdir. Gündəlik gərgin məşqlərə baxmayaraq, o, əla və yaxşı qiymətlərlə oxuyur, məktəbin mədəni və idman həyatında fəal iştirak edir. Tatarıstan Respublikası Milli Muzeyinin emblemini hazırlayanlardan biri Aida olmuşdur. O, 2014-cü ildə Soçidə keçiriləcək qış Olimpiadasında Rusiya fiqurlu konkisürmə yığmasının tərkibində çıxış etməyi arzulayır. Biz ona səmimi qəlbdən qələbə və uğurlar arzulayırıq.
{nl}
VÜQAR ƏLİYEV
Vüqar Əliyevi Rusiyada yaşayan istedadlı azərbaycanlı uşaqlardan biri adlandırmaq olar. Vüqar tennislə 6 yaşından məşğul olmağa başlamış, bir çox beynəlxalq turnirlərdə Azərbaycanı layiqincə təmsil etmişdir. 15 yaşı hələ tamam olmasa da, yarışlarda birinci yeri tutur, yaşıdları arasında ikiqat Sankt-Peterburq çempionudur. Çexiyada keçirilən turnirdə isə o, 18 və daha kiçik yaş qrupunda oynamış və mükafatçılar sırasında olmuşdur. Vüqar Rusiyada reytinqə görə 4-cü yeri tutur. Doqquz yaşında Vüqara "Ən sürətli oyunçu" adı verilmişdir. Gələcəkdə ona səmimi qəlbdən idman uğurları və yeni-yeni qələbələr diləyirik.
{nl}
HƏMİD ABDULOV
Həmid Abdulov İvanovoda yaşayır və oxuyur. Onun özü haqqında bizə göndərdiyi yazını dərc etmək qərarına gəldik. Həmid bir çox beynəlxalq müsabiqələrin laureatıdır. O, bu ilin sentyabrında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi adından Saratov şəhərində keçirilən Beynəlxalq Delfa oyunlarında Azərbaycanı layiqincə təmsil etmişdir.
Həmid yazır: "Musiqi ilə məşğul olmaq istəyəndə 6 yaşım vardı. Uşaq bağçasında tərbiyəçinin qızının necə çaldığını eşidəndə düşündüm ki, mən də fortepianoda belə improvizasiya edə bilsəydim, əla olardı. Axşam anamla evə qayıdarkən, yolda piano çalmağı çox istədiyimi ona söylədim. Anam bunun uşaq əyləncəsi olduğunu düşündü və Yeni ildə mənə oyuncaq sintezator bağışladı. Əlbəttə, mən çox sevinirdim, lakin elə bil nə isə çatışmırdı. Əsl pianonu isə uşaq bağçasında görürdüm. Fortepianoda çalmaq arzumu valideynlərimə bir daha bildirdim. Onlar güldülər və xətrimə dəyməmək üçün məni "İVTEKS" mədəniyyət və istirahət mərkəzinə apardılar ki, orada mənə bu alətdə çalmağı öyrətsinlər. Bu klavişli əsl musiqi alətinin arxasına ilk dəfə keçəndə xoşbəxt idim. İlk dərslərim çox yaxşı keçdi. Bir dəfə müəllimin anamla nə barədəsə söhbət etdiyini gördüm. Ertəsi gün anam mənə əsl piano aldı.
O vaxtdan həm çalır, həm də müxtəlif əsərlər bəstələyirəm. Bu, mənim çox xoşuma gəlir. Lakin mən təkcə kiçik əsərlər bəstələmirdim. Bəzən, hər hansı şeiri oxuyanda onu mahnı kimi zümzümə də edirdim. Bəstələdiyim ilk kiçik romans "Uyu, çəmən" adlanırdı. Bəstəm xoşuma gəldi və yaratmağa davam etdim. Beləcə S.Yeseninin sözlərinə bəstələdiyim "Tozağacı", habelə "Boran" mahnıları yarandı. Bu mahnını oxuya-oxuya Müslüm Maqomayev, Nikolay Baskov kimi artistlərə bənzəməyə çalışırdım.
{nl}
Doqquz yaşımda T.V.Oxomuşun rəhbərliyi altında "A+B" vokal estrada studiyasında məşğul olmağa başladım. On yaşımda əsl musiqi məktəbinə daxil oldum. Dinləmələrdən sonra birinci sinfə gedəcəyimi düşünürdüm, lakin məni birbaşa üçüncü sinfə qəbul etdilər. On bir yaşımda ilk dəfə Rusiya Bəstəkarlar İttifaqının üzvü, bəstəkar N.B.Şerbininanın kompozisiya sinfində dərslərə qatıldım. İndiyə qədər bir neçə əsər, o cümlədən "Dalğa", "Arzular qanadında" əsərlərimi yazmışdım. Natalya Boreyevnadan yeni çox şey öyrəndim və əsərlərimi püxtələşdirməyə başladım. Axşamlar yatağıma uzananda həmişə Bethoven, Bax kimi dahi bəstəkarların əsərlərini dinləyirəm.
Arzum tanınmış bəstəkar və müğənni olmaqdır".
{nl}
ZAUR RZAYEV
Tanınmış Rusiya heykəltəraşı Fəxrəddin Rzayevin oğlu Zaur Rzayev 1982-ci ildə Moskvada doğulmuşdur. Onun "Emmanuil Kant" əsəri təkcə Moskva Heykəltəraşlar Birliyi tərəfindən deyil, böyük filosofun vətənində də yüksək qiymətləndirilmişdir. Burada həmin əsər əsasında filosofun abidəsini tökməyi planlaşdırırlar. Ata və oğul Rzayevlər kimi nəsillərin estafeti sənətkarlar arasında nadir hal deyildir. Fəxrəddin əslən Azərbaycanın mənzərəli dağ rayonu Zəngilandandır (hazırda Qarabağ münaqişəsi nəticəsində erməni qüvvələri tərəfindən işğal olunmuşdur). Həmyerlimiz yaradıcılıq yoluna Rusiyada başlamış, Moskva Rəssamlar İttifaqının müasir istedadlı heykəltəraşlar pleyadasının nümayəndəsi kimi şöhrət qazanmışdır. O, Moskvanın 850 illiyi münasibətilə mərmərdən "Moskva çayı" kompozisiyasını - qadın obrazında alleqoriya yaratmışdır. Qadının bədəninin forması, qulac-qulac saçları, təmkinli və vüqarlı görkəmi bol sulu çayın dirsəklərini xatırladır. Onun üslubunu romantik lirizm adlandırırlar. Zaur fərqli bir rəssamdır, hərçənd onun işlərində müəyyən mənada atasının stilistikası sezilir, lakin fiqurların təsir gücünün intonasiya və xarakteri fərqlənir. Zaur Rzayevin dünyası asketik, bəzən də sərt qroteskdir. Həqiqətən də elə dərin transsendent mövzular vardır ki, onları belə təqdim etmək daha yaxşıdır. Onun yaratdığı Kant obrazı - düşüncələrə dalmış, dənizin ortasında daş üzərində dayanmış tənha filosofun fəlsəfə bilicilərinin tanıdığı olduqca dürüst obrazı da elə buradan qaynaqlanır.
Z.Rzayev ekspozisiyalara hazırlaşanda əsərlərinə könülsüz ad verir. O hesab edir ki, ad əsəri qavramaqdan uzaqlaşdıran lüzumsuz impuls ola bilər. Onun fikrincə, əsərə verilmiş "ad" interpretasiyaya vadar edir. Söz isə həcmin plastikasını heç də həmişə dəqiq tamamlamır, ya da əksinə. Axı, mənanı çatdıran bu iki sistem bəzən yola getmir. Surikov adına İncəsənət Akademiyasının məzunu olan Zaur Rzayev əfsanəvi Aleksandr Rukavişnikovun kafedrasında oxumuşdur. Hazırda isə Rukavişnikovdan heç də geri qalmayan məşhur heykəltəraş Aleksandr Siqalyın emalatxanasında çalışır. Zaur Rzayevin əsərləri ilə noyabrda Krımda Mərkəzi Rəssamlar Evində təşkil olunacaq gənc Rusiya rəssamlarının sərgisində, habelə www.gallery.ru ttp://www.gallery.ru internet saytında tanış olmaq olar.
{nl}
NURMƏHƏMMƏD MƏMMƏDOV
Nurməhəmməd Xabarovskda yaşayan azərbaycanlıdır. O, 2008-ci ildə "kiokuşinkay karate-do" üzrə 25-ci Yaponiya çempionatında ikinci yeri qazanmışdır. Nurməhəmməd Məmmədov Xabarovskda Rusiya çempionatında ikinci yeri (2003-cü il) tutmuş, 2003-cü ildə Vladivostokda Uzaq Şərq Federal Dairəsi çempionatında ikinci yeri, 2004-cü ildə Permdə Rusiya çempionatında birinci yeri, 2004-cü ildə Xabarovskda X Oyama Kuboku yarışlarında 3-cü yeri, Osaka şəhərində 23-cü Yaponiya çempionatında 5-ci yeri tutmuş, 2007-ci ildə Tokioda keçirilən 9-cu dünya çempionatında 16 ən yaxşı idmançı sırasına daxil olmuşdur. Həmvətənləri qazandığı böyük uğurlar münasibətilə onu təbrik edir, təkcə tatamidə deyil, həyatda da qələbələr qazanmağı arzu edirlər. Bütün Azərbaycan xalqı onunla qürur duyur.
{nl}
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi
Heydər Əliyev Fondunun Rusiyada nümayəndəliyi bir çox mədəni tədbirlər - fotosərgilər, konsertlər, kitab təqdimatları təşkil edir. Nümayəndəlik Rusiya Dövlət Kitabxanası ilə dostluq münasibətləri qurmuş və kitab mübadiləsi barədə onun rəhbərliyi ilə razılığa gəlmişdir. Fond Azərbaycan haqqında təqdim etdiyi bütün yeni kitabların kitabxanaya daxil olmasını təmin edir, Moskvada Azərbaycan təmayüllü məktəb açmağı planlaşdırır. Bu məktəbdə şagirdlər həm rus, həm də Azərbaycan dillərində təhsil ala, Azərbaycan tarixini və mədəniyyətini öyrənə biləcəklər. Fondun layihələri rusiyalılarla azərbaycanlıların qarşılıqlı mədəni-sosial münasibətlər qurmaları üçün sağlam mühitin yaradılmasına yönəlmişdir. Fondun fəaliyyətinin xeyli hissəsi xeyriyyəçiliklə bağlıdır. O, Rusiya ali məktəblərindəki azərbaycanlı tələbələri, xüsusən də, ödənişli əsaslarla təhsil alan tələbələri maddi cəhətdən dəstəkləyir. Fond ciddi müalicəyə, yaxud cərrahiyyə əməliyyatına ehtiyacı olan xəstələrə də kömək edir. Fondun əməkdaşları xeyriyyəçilik tədbirləri çərçivəsində uşaq evlərinə gedir, kimsəsiz uşaqlar üçün şənliklər təşkil edir, onlara hədiyyələr bağışlayırlar.
{nl}
RAGT Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatıdır
RAGT Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatıdır. Bu birlik ölkənin Moskva və Sankt-Peterburqdan tutmuş Primorsk diyarınadək müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrdən ibarət klubları bir araya gətirmişdir. RAGT-nin Rusiyada 60-dan çox regional şöbəsi vardır. Onun fəaliyyətinin prioritet istiqaməti gənc azərbaycanlıların yaşadıqları, təhsil aldıqları və çalışdıqları çoxmillətli Rusiyanın reallıqlarına inteqrasiyasına kömək etməkdir. Qonşu xalqların adət-ənənələrinə hörmət ruhunda tərbiyə olunmuş Azərbaycan gəncləri Rusiya mühitinə asanlıqla alışırlar. RAGT Azərbaycan gənclərini birləşdirir, cəmiyyətdə layiqli yer tutmalarına, Azərbaycanın hüdudlarından kənarda da Vətənə faydalı olmalarına kömək edir. Gənclər təşkilatı ehtiyacı olan hər kəsə, xüsusən, uşaqlara və xəstələrə yardım göstərir. RAGT görüşlərin təşkilini, ideyaların əlaqələndirilməsini və əməli sahibkarlığı dəstəkləyir, həm Rusiyada, həm də Azərbaycanda gənc azərbaycanlıların məşğulluq səviyyəsinin daha yüksək olmasına çalışır. RAGT-nin vəzifəsi gənclərdə həyata nikbin münasibət və doğru seçim etmək bacarığını formalaşdırmaqdır.
{nl}
"Baku" jurnalı
"Baku" jurnalı qədim olduğu qədər də çox gənc bir şəhərin bütün gözəlliyini əks etdirir. Bu gün Bakı müasirliklə ayaqlaşan zəngin mədəni dəyərlər, milli ənənələr şəhəridir. Bu jurnal Rusiyada Azərbaycan mədəniyyətindən, adət-ənənələrindən söz açan yeganə illüstrasiyalı nəşrdir. Oxucular onun köməyi ilə Azərbaycanı kəşf edir, onun zəngin mədəniyyəti və tarixinə bələd olurlar. Jurnal Odlar Yurdunun Yer kürəsinin müxtəlif guşələrində yaşayıb-yaradan ən layiqli nümayəndələri ilə rusiyalıları tanış edir. "Baku" jurnalı orta əsr şəhərinin qədim küçələrinə və inkişafda olan dövlətin müasir paytaxtının gur işıqlandırılmış geniş prospektlərinə səyahətə dəvət edir. "Baku"nun səhifələrində Abşeron çimərlikləri, Lənkəran və Naxçıvanın ecazkar təbiəti, Qafqaz dağları əks olunmuşdur. Jurnalın səhifələrində Üzeyir Hacıbəylinin və Niyazinin musiqisinə, Müslüm Maqomayevin və Rəşid Behbudovun nəğmələrinə, Banişevskinin və Tofiq Bəhramovun futboluna rast gəlirsən. "Baku"nun redaksiyası məzmunlu aksiya və təqdimatlar təşkil edir, sevimli şəhər barədə canlı boyalarla maraqlı söhbət açmağa, rusiyalı oxucularda Bakının və Azərbaycanın unudulmaz obrazını yaratmağa çalışır.
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.