"Hərəmiz bir tablo seçək - ahıllara yardım edək!"

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1990-cı il 14 dekabr tarixli qərarı ilə hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi dünyanın hər yerində qeyd olunur. Azərbaycan əhalisinin 4 faizini təşkil edən ahıllar da dövlət qayğısı ilə əhatə olunmuşlar.
Bu diqqətin bariz nümunəsi kimi ümummilli lider Heydər Əliyevin sərəncamı əsasında 1993-cü ildən etibarən 1 oktyabr - Beynəlxalq Ahıllar Günü ölkəmizdə də hər il təntənəli şəraitdə qeyd edilir. Həmin gün dövlət və qeyri-hökumət təşkilatları müxtəlif səpkili tədbirlər keçirməklə ahılları yada salır, onların problemlərinin həllinə çalışırlar.
Əslində ahıllara diqqət və qayğı göstərmək təkcə təqvimin bir günü deyil, hər zaman borcumuzdur. Unutmamalıyıq ki, bugünkü ağsaqqallar, ahıllar bizim keçmişimizdir. Keçmişinə xor baxanlar isə, məlum olduğu kimi, heç vaxt irəliyə gedə, müvəffəqiyyət qazana bilməzlər. Bu mənada Azərbaycan Ağasaqqalar Şurasının fəaliyyəti rəngarəngdir, həyati tələblərdən irəli gələn aktual məsələlərlə zəngindir. Toy və yas mərasimlərində israfçılığa qarşı mübarizəyə qalxan ahıllarımız daha bir xeyirxah işə start vermişlər. Məhz ağsaqqalarımızın məsləhəti ilə çox yerdə toy və yas mərasimləri milli adət-ənənələrimizə uyğun aparılır.
Respublika Ağsaqqallar Şurası xeyriyyəçilik məqsədi ilə tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri dünən Beynəlxalq Muğam Mərkəzində təşkil olunmuşdur. Dənizkənarı Milli Parkdakı bu möhtəşəm sənət məbədində "Hərəmiz bir tablo seçək - ahıllara yardım edək!" devizi altında istedadlı rəssam Sabir Çopuroğlunun əsərləri satış-sərgidə nümayiş etdirilmişdir. 54 yaşlı Sabir Çopuroğlu əslən Gürcüstanın Borçalı mahalındandır. Əzim Əzimzadə adına Rəssamlıq Kollecinin və Tbilisi Rəssamlıq Akademiyasının məzunudur.
Bacarıqlı fırça ustası 1985- 1990-cı illərdə Gürcüstanın xalq rəssamı Merab Berdzeneşvili və Zurab Seretelinin emalatxanalarında çalışıb. Bu illər ərzində o, bir sıra ölkədaxili və beynəlxalq sərgilərdə fəal iştirak edib. 1988-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olub. 2006-cı ildə Almaniyada keçirilmiş II Beynəlxalq Simpoziumda uğurla iştirak edib. 2007-ci ildə yenə də Almaniyada keçirilən fərdi boyakarlıq sərgisində 16 ölkədən gəlmiş 32 iştirakçı arasında qalib gələrək, birinci dərəcəli diploma layiq görülmüşdür.
Sabir Copuroğlunun 2007-ci ildə Bakıdakı İstiqlal Muzeyində "Xocalı faciəsi" adlı fərdi sərgisi təşkil olunub. Qazaxıstanın Aktau şəhərində keçirilən neft-qaz sərgisində də uğurla iştirak edib. Onun əsərləri ölkəmizin və dünyanın bir çox muzeyində, sənətsevərlərin şəxsi kolleksiyalarında saxlanılır. S.Çopuroğlunun sənəti öz dərin kökləri ilə Azərbaycan xalqının nadir və özünəməxsus mədəniyyətinə, milli-mənəvi dəyərlərə, qədim muğamlarımıza, adət-ənənələrimizə bağlıdır. O, milli sərvətimiz olan nefti sülh rəmzinə çevirməyə nail olub. Onun əsərləri özünəməxsusluğu, fərqli işlənmə texnologiyası ilə seçilir. Xüsusi boyakarlıq texnologiyası ilə hazırlanaraq xam neftdən çəkilmiş rəsm əsərləri tamaşaçını heyran edir.
Satış - sərgi uğurla keçdi. Sonda tanınmış muğam ifaçılarının iştirakı ilə konsert verildi. Xeyriyyəçilik tədbirində əldə olunan vəsait Bilgəhdəki ahıllar evinə təqdim olunacaqdır.{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"nin əməkdaşı, Azərbaycan Ağsaqallar Şurasının üzvü

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında