Bu gün Azərbaycanda ordu quruculuğu məsələsinin dövlət rəhbəri səviyyəsində prioritet elan olunması və daim diqqət mərkəzində saxlanılması müvafiq yöndə əldə olunan uğurların miqyasını daha da genişləndirmişdir.
Silahlı Qüvvələrin maddi-texniki bazası gücləndirilmiş, hərbi qulluqçuların rifahının və sosial şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər həyata keçirilmişdir. Son yeddi il ərzində hərbi xərclər, demək olar ki, 14 dəfə artırılmış və 2 milyard 150 milyon dollara çatdırılmışdır. Bütün bunlar isə öz növbəsində Azərbaycan ordusunun yüksək döyüş hazırlığına yiyələnməsində və mobil bir silahlı quruma çevrilməsində önəmli rol oynamışdır. Təsadüfi deyil ki, bu gün Silahlı Qüvvələrimiz təkcə Cənubi Qafqazda deyil, ümumiyyətlə, beynəlxalq aləmdə həm nizam-intizamına, həm də yüksək döyüş hazırlığına görə özünəməxsus imic qazanmışdır.
Bu gün Azərbaycan ordusundan fərqli olaraq təcavüzkar Ermənistan silahlı qüvvələri nəinki öz sıralarını canlı qüvvə ilə formalaşdırmaqda çətinlik çəkir, ümumiyyətlə, ayrı-ayrı oliqarxların təsiri altında çırpınan bu ordu, sözün həqiqi mənasında, sosial partlayış həddinə gəlib çatmışdır. Bunu Ermənistanda fəaliyyət göstərən bir sıra yerli kütləvi informasiya vasitələrinin yaydıqları məlumatlar da təsdiq edir. Vəziyyət o yerə çatıb ki, bu orduda könüllü xidmət edənlərin arasında belə intihar hadisələri adi hala çevrilib.
"Aykakan yamanak" qəzetinin yaydığı məlumata görə, iqtidara müxalif KİV-lərə hər gün Ermənistanın bütün regionlarından, o cümlədən Dağlıq Qarabağda yerləşən hərbi hissələrdəki dözülməz şəraitə dair xeyli şikayətlər daxil olur. Əsgərlər yüksək rütbəli zabitlər tərəfindən daim incidilir və cinsi istismara məruz qalır. "Armeniya Todey" informasiya mərkəzinin araşdırmalarına görə, Ermənistan ordusunu cinayətkar mafiya idarə edir. Silahlı qüvvələr həbsxana düşərgəsi və cinayət aləmini xatırladır. Bu zonaya hərbi prokurorluğun müdaxiləsi belə qeyri mümkündür. Çünki onları hər hansı bir müdaxilə halında terror təhlükəsi gözləyir. Burada yeni nəsil zabitlər arzuolunmaz şəxslər hesab edilirlər. Ona görə də zabit heyəti arasında qeydə alınan intihar hallarının böyük əksəriyyəti məhz bu tip kadrların payına düşür.
Bu gün Ermənistan ordusunda korrupsiya halları da pik həddinə çatıb. "Hrapark" həftəlik nəşrinin təhlillərində bu haqda xüsusi qeyd olunur ki, orduda rüşvətin miqyası vergi, gömrük, ticarət, emal, təhsil və digər sahələri geridə qoyur. "Sardararat" - Qarabağ könüllü döyüşçülər birliyinin liderlərindən H.Balamyan ordudakı durumla bağlı aşağıdakıları qeyd edir: " Son aylar əsgərlər arasında ölüm hallarının artması komandanlığın birbaşa günahı ucbatından baş verir. Ölən əsgərlərin əksəriyyətinə beyin-travma diaqnozu qoyulur. Hərbi hissə komandirləri ölüm hallarının gizlədilməsi yönündə əsgər ailələrini açıq şəkildə təhdid edirlər.
"İrs" Partiyası siyasi şurasının üzvü, parlamentin deputatı Stepan Səfəryan orduda əsgər ölümünün miqyasının artması ilə əlaqədar mənsub olduğu partiyanın araşdırmaları barədə açıqlama verərək bildirib ki, elə hərbi hissələr var ki, orada əsgərlər günlərlə ac qalır, normativ qaydada qidalanmırlar. Bütün hərbi hissələr, sanki, komandirlər tərəfindən özəlləşdirilib. Cinayət qanunları ilə idarə olunan bu orduda zabitlərdən heç kim cinayət məsuliyyətinə cəlb edilmir. Bütün bunlar rejimin acı mahiyyəti deməkdir.
Qarabağda erməni separatizminə dəstək olaraq 1989-cu ildə Livandan gəlmiş, ilk erməni könüllü alayını yaratmış və Şuşanın işğal olunmasında yaxından iştirak etmiş, bu gün istefada olan Jiraut Səfilyan öz ənənəsinə sadiq qalaraq ordudakı nizam-intizamın olmamasında iqtidarı ən kəskin ifadələrlə sərt şəkildə tənqid edərək deyir: "İndiki iqtidarın 12 illik hakimiyyəti müddətində 20 mindən artıq əsgərimiz dinc şəraitdə intihar edib və ya öldürülüb. Bir o qədər də əsgər hərbi xidmət müddətində ömürlük əlil olub."
Hərbi ekspert V.Mirakyanın qənaətinə görə, indi erməni cəmiyyətində dərin bir xof yaşanır. Əsgəri xidmətə çağırış cəmiyyətdə dərin təlaşla qarşılanır. İnsanlar övladlarının xidmətdən salamat qayıdacağına inanmırlar. Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini V.Qriqoryan "Arovat" qəzetinə verdiyi müsahibədə son üç ayda orduda baş vermiş 17 intihar hadisəsini etiraf edərək bildirib ki, ordu rəhbərliyi əsgərlərin sosial mənşəyi ilə bağlı psixoloji problemlərə görə yaranmış durumun qarşısını almaqda çətinlik çəkir. Sentyabrın 11-də isə Erməni Milli Konqresində birləşən 17 siyasi partiya və 23 ictimai təşkilatın rəhbəri Müdafiə Nazirliyinə rəsmi sorğu ilə müraciət edib: "Bu gün ordumuzda iki cinayətkar qrup mövcuddur. Onlardan biri hakimiyyəti qanunsuz yolla ələ keçirən hərbi xunta, digəri isə orduda əsgərlərin dözülməz həyat şəraitidir."
Sabiq xarici işlər naziri A.Arzumanyanın ordudakı problemlərlə bağlı fikirləri də maraqlıdır: "Ermənistan və Dağlıq Qarabağda bizim əsl faciəmiz indi-indi başlayır. Biz unuduruq ki, müharibəni udmaq qələbənin nəticəsi deyil. Əsas nəticə kimin strateji məntiqlə inkişaf etməsi və gülməsidir. Bizlər tez gülüb, tez də ağlamaqla uzaq perspektivlərin hədəflərinə çata bilməyəcəyik. Belə bir ordusu olan dövlət öz mövcudluğunu itirmək prosesi ilə üz-üzə durub."
Psixoloji Xidmət Mərkəzinin baş mütəxəssisi R.Poqoryanın fikrincə, orduya psixoloq lazımdır: " Biz hansı ordunu yaradırıq. Daim qorxu, təzyiq, hədə, həbs olunma, təlaş içində olan gənc əsgər nə orduya, nə də vətənə xidmət etməyəcək."
Helsinski Vətəndaş Cəmiyyəti-Vanatsur nümayəndəliyinin başçısı Artur Salanutsa görə, bu gün Ermənistan ordusunda cinayətkarlıq ancaq 10 faiz qeydə alınıb. "Çünki orduda bütün cinayətlər nizamnamədənkənar səviyyədə törədilir. Xüsusilə əsgərlərin ölüm halları daha çoxdur. Ən dəhşətli hal odur ki, əsgərlər arasında intihar halları çoxalıbdır. Özünəqəsd ancaq ən dərin psixoloji sarsıntılar zamanı baş verir. Erməni ordusu bütün sahələrdə artıq bu deqradasiyanın tən ortasında dayanıbdır. Nə irəlidə çıxış nöqtəsi, nə də geriyə yol var. Biz hara gedirik, bunun cavabı da bəlli deyil".
Göründüyü kimi, bu gün Ermənistan ordusunda vəziyyət son dərəcə acınacaqlıdır. Xidmətin bütün sahələrini əhatə edən bu kimi hallar ən qısa müddətdə işğalçı qurumda partlayışın baş verəcəyini reallığa çevirir. Bu gün dövlətə və orduya inamını itirmiş erməni xalqı da Azərbaycanın atacağı adekvat addımlardan qorxur. Şübhə yoxdur ki, hər an öz müdafiə qüdrətini artıran Silahlı Qüvvələrimiz düşmənə layiq olduğu cavabı verəcək.
{nl}
İsa İSMAYILOV, polkovnik-leytenant
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.