Unudulmaz görüşlər

İyirminci əsr dünya tarixinə dəhşətli müharibələrin, inqilabların, münaqişələrin, soyqırımlarının, qırğınların, terrorçuluğun "çiçək"ləndiyi bir dövr kimi düşmüşdür. Həmin əsrdə baş verən birinci və İkinci Dünya müharibələrində on milyonlarla insan vəhşicəsinə qətlə yetirilmiş, yüz minlərlə şəhər, qəsəbə və kənd dağıdılaraq, yerlə-yeksan edilmişdir.
Miqyasının genişliyinə, insan tələfatına, dağıntıların həcminə görə İkinci Dünya müharibəsi özündən əvvəlki müharibələri kölgədə qoyub. Avropanı, Yaxın Şərq ölkələrini, Asiya qitəsini bürüyən faşizm kabusuna qarşı bütün dünya, tərəqqipərvər qüvvələr ölüm-dirim mübarizəsinə qalxdı. Hitler Almaniyası dünyanı zəbt etməyə can atırdı. Onun bu istəyini ilk növbədə keçmiş Sovet İttifaqının xalqları gözündə qoydu. 1941-ci il iyunun 22-də başlayan Böyük Vətən müharibəsi 1945-ci ilin 9 mayında Sovetlər Birliyinin qələbəsi ilə başa çatdı. Doğrudur, müharibənin taleyinin artıq həll olunduğu bir vaxtda -1944-cü ilin ortalarında ABŞ, Böyük Britaniya kimi nəhəng dövlətlər qələbədə pay sahibi olmaq üçün ikinci cəbhəni açmaqla müharibənin başa çatmasını tezləşdirdilər.
Dünya hərb tarixində misli görünməyən vəhşiliklərlə müşaiyət olunan bu müharibədə Azərbaycan xalqının övladları da mərdliklə vuruşdular, böyük rəşadət və qəhrəmanlıqlar göstərdilər. Onların bu xidmətləri müharibənin qurtarmasından 65 il keçməsinə baxmayaraq, unudulmur, dərin minnətdarlıq hissi ilə yad edilir. Belə anım mərasimlərindən biri avqust ayının axırlarında Taqanroq şəhərində təşkil edilmişdi.
Böyük Vətən müharibəsi başlananda təşkil olunmuş azərbaycanlılardan ibarət 416-cı xüsusi əlahiddə atıcı diviziya 1943-cü ilin avqust ayının 30-da Rusiya Federasiyasının Taqanroq şəhərinin və bütövlükdə Rostov vilayətinin azad olunmasında xüsusi rəşadət göstərmiş və onun bu hünəri qəhrəmanlıq tarixinə qızıl həriflərlə yazılmışdır. Taqanroqlular Azərbaycan xalqı ilə həmin gündən doğmalaşmışlar. Hər il bu unudulmaz tarix təntənə ilə qeyd olunur, bu dostluğu bir ənənə kimi davam etdirirlər.
Taqanroq şəhərinin azad edilməsinin 67-ci ildönümü münasibətilə keçirilən mitinqə mənimlə bərabər Bakı Şəhər Veteranlar Şurasının əməkdaşı, Qarabağ döyüşçüsü Yaşar Süleymanov da getmişdi. Avqustun 27-də Rostovun təyyarə limanında Azərbaycan diasporunun rəhbəri Tahir Ocaqverdiyev, xalqımızın yaxın dostu, taqanroqlu şair Aleksandr Fomenko və başqa nümayəndələr bizi qarşılayaraq Rostov vilayətinin qubernatoru Vasili Yuryeviç Qolubevin yanına apardılar. Mən Qələbənin 65-ci ildönümü münasibəti ilə yeni nəşr olunan 416-cı Taqanroq adına Azərbaycan milli diviziyasının döyüş yolundan bəhs edən kitabımı qubernatora təqdim etdim. Taqanroq şəhərində mitinqə toplaşan zaman xatirə kompleksi önünə Azərbaycan Respublikasının nümayəndə heyəti və burada yaşayan Azərbaycan diasporu nümayəndələri adından əklillər qoyduq.
Mitinq çox yüksək səviyyədə keçdi. 416-cı diviziyanın döyüş yoluna həsr edilən çıxışım hamının marağına səbəb oldu və dəfələrlə hərarətli alqışlarla qarşılandı. Azərbaycan diasporu Taqanroqda böyük nüfuza malikdir. Sentyabrın 1-də 416-cı diviziyanın Şöhrət Muzeyinin yerləşdiyi 26 nömrəli orta məktəbdə yeni dərs ilinin başlanması ilə əlaqədar "Bilik bayramı"nda iştirak etdik, orada oxuyan azərbaycanlı uşaqlarla da şəkil çəkdirib muzeyə bağışladıq.
Tədbirlər bununla bitmədi. Biz əvvəlcədən tərtib edilmiş plan əsasında şəhərin ən iri istehsal sahələri sayılan "Lemaks" və "Taqmet" zavodlarında da olduq. Əmək kollektivləri ilə görüş zamanı 416-cı diviziya haqqında film nümayiş etdirdik, səmimi söhbətlər apardıq
Taqanroqda bizim istirahətimiz üçun yüksək səviyyədə şərait yaradılmışdı. Belə ki, biz Azov dənizi sahilində yerləşən ən gözəl "Topol" sanatoriyasının qonaqlar üçün nəzərdə tutulan rahat otaqlarında yerləşmişdik və bütün xərclərimiz yerli təşkilatın hesabına ödənilirdi.
Altmış yeddi il bundan əvvəl ölüm-dirim mübarizəsi nəticəsində faşizm taunundan xilas etdiyimiz Taqanroq şəhərindən xoş təəssüratla ayrıldıq. Buna görə biz Taqanroq şəhərinin meri Nikolay Fedyaninə, Azərbaycan diasporunun rəhbəri Tahir Ocaqverdiyevə və bu səfərimizin təşkilatçısı Respublika Prezidenti Administrasiyasının sektor müdiri Qafar Əliyevə dərin təşəkkürümüzü bildiririk.

{nl}

Əmralı ƏMİRƏLİYEV, Azərbaycan Respublikası Veteranlar Təşkilatı İdarə Heyətinin üzvü, 416-cı Taqanroq atıcı diviziyasının Veteranlar Şurasının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında