Bakıda "Neft kimyası və neft emalı problemlərinin həllində kataliz" mövzusunda beynəlxalq simpozium

Sentyabrın 28-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin təşkilatçılığı ilə "Neft kimyası və neft emalı problemlərinin həllində kataliz" mövzusunda üçgünlük Azərbaycan-Rusiya beynəlxalq simpoziumu işə başlamışdır.
Əvvəlcə tədbirin iştirakçıları simpoziumun keçirildiyi AMEA-nın Rəyasət Heyətinin binasında xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül çələngi qoymuş, əziz xatirəsini ehtiramla yad etmişlər.
Sonra görkəmli alim, akademik Yusif Məmmədəliyevin abidəsi önünə də gül çələngi qoyulmuşdur.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov simpoziumun işində Azərbaycan və Rusiya alimləri ilə yanaşı, digər ölkələrdən də, ümumilikdə 160-dan çox tanınmış alimin iştirak etdiyini bildirmişdir. Tədbir iki ölkənin alimləri arasında əlaqələrin bərpasında, inkişaf etdirilməsində, birgə fəaliyyət göstərməsində əhəmiyyətli rol oynamalıdır. Bu, alimlər üçün olduqca vacib bir məsələdir. Çox mühüm bir sahə olan katalizsiz bu gün heç bir kimyəvi proses mümkün deyildir. Mütərəqqi bir istiqamət olan kimyəvi kataliz sahəsində digər ölkələrin alimləri ilə yanaşı, Azərbaycan alimləri də uğurla çalışırlar. Əminəm ki, simpoziumda yeni texnologiyalar və katalizatorlar barədə səmərəli fikir mübadiləsi, diskussiyalar aparılacaqdır.
Simpoziumun beynəlxalq proqram komitəsinin sədri, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Musa Rüstəmov rəhbərlik etdiyi elmi müəssisənin Rusiya alimləri ilə çoxillik səmərəli əməkdaşlığını diqqətə çatdırmış, hazırda bu əməkdaşlığın daha yüksək və keyfiyyətli səviyyəyə çatdığını vurğulamışdır. Natiq tədbirin keçirilməsinin təşəbbüskarı və təşkilatçılarından biri olan akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu barədə iştirakçılara məlumat vermişdir. Bildirmişdir ki, bu yaxınlarda 80 illik yubileyi qeyd edilmiş bu institut respublikanın qocaman elmi-tədqiqat müəssisələrindən biridir.
Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Q.Boreskov adına Kataliz İnstitutunun direktoru, akademik Valentin Parmon tədbirin yüksək səviyyədə təşkilinə görə Rusiya Elmlər Akademiyası adından təşəkkürünü bildirmiş, keçmiş SSRİ dövründə neft kimyası və kataliz sahəsi üzrə müşavirə və iclasların əsasən Bakıda keçirildiyini söyləmişdir. O, 1941-1945-ci illər müharibəsində qələbənin qazanılmasında Azərbaycan neftinin, ölkə üçün dəhşətli dərəcədə ağır olan o illərdə Neft-Kimya Prosesləri İnstitutunda icad edilmiş yüksək oktanlı benzinin böyük əhəmiyyətini vurğulamışdır.
Sonra AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun və Rusiya Elmlər Akademiyası Sibir bölməsinin Q.Boreskov adına Kataliz İnstitutunun fəaliyyətləri ilə bağlı təqdimatlar olmuşdur.
Simpozium işini bölmə iclaslarında davam etdirmişdir.
Tədbir sentyabrın 30-da başa çatacaqdır.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında