Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə başlayan dağıdıcı proseslər Naxçıvan Muxtar Respublikasını blokadaya salmaqla yanaşı, həyatın bütün sahələrini də iflic etmişdi. 1990-1993-cü illərdə taleyin hökmü ilə doğma diyarda yaşamağa məcbur olmuş ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən vəziyyətdən çıxmaq, əhalinin ehtiyaclarını ödəmək üçün bir sıra tədbirlər həyata keçirmişdi. Bu zəruri işlər Azərbaycandan təcrid olunmuş Naxçıvanda həyatın davamını, muxtar respublikanın işğalının qarşısını almağı təmin etmişdi.
Ulu öndər xalqın təkidli tələbi ilə Bakıya çağırılıb, ikinci dəfə ölkə rəhbərliyini qəbul edəndən sonra da Naxçıvanın taleyi böyük rəhbəri daim narahat etmiş, ciddi düşündürmüşdü. Çünki Naxçıvan çox ağır vəziyyətdə yaşayırdı, tam blokada idi: müəssisələr işləmirdi, iqtisadi əlaqələr kəsilmişdi, həyat səviyyəsi ən aşağı həddə düşmüşdü. Bütün bunlar Naxçıvan iqtisadiyyatını ağır böhran vəziyyətinə salmışdı.
Prezident Heydər Əliyevin tövsiyyəsi ilə 1995-ci ilin dekabrında Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilmişdi. O, muxtar respublika rəhbərliyini qəbul edərkən öz məramını bir cümlə ilə belə ifadə etmişdi: “Prezident Heydər Əliyevin dövlətçilik xəttinə sadiq qalmaq, onun bu böyük etimadını layiqincə doğrultmaq”.
Ali Məclisin sədri işə başlayarkən onun qarşısında, ilk növbədə, muxtar respublikada makroiqtisadi sabitlik yaratmaq, dövlətçilik maraqlarını daim uca tutmaq, görülən işləri qiymətləndirmək, problemləri və ehtiyacları nəzərə almaq, bütün ehtiyatları aşkara çıxarmaq və inkişafa yönəltmək kimi prioritet məsələlər dururdu. Məhz bu vəzifələrin yerinə yetirilməsi qısa zaman da muxtar respublikanın inkişafına səbəb oldu. Bu baxından son 19 ildə Ali Məclis sədrinin rəhbərliyi ilə muxtar respublikanın nəyə nail olduğu göz qabağındadır.
Muxtar respublikada son 18 ildə ümumi daxili məhsul istehsalı 53,5 dəfə, adambaşına ümumi daxili məhsulun həcmi isə 45,5 dəfə artmışdır. Sənaye məhsulunun ümumi həcmi 94,5 dəfə, əsas kapitala yönəldilən investisiyalar 340,2 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 8,7 dəfə, nəqliyyat sektorunda yük daşınması 24,1 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 107,2 dəfə, pərakəndə əmtəə dövriyyəsi isə 30,4 dəfə artmışdır.
Naxçıvan MR Ali Məclis sədrinin prioritet saydığı məsələlərdən biri muxtar respublikanın ticarət dövriyyəsini və ixrac potensialını artırmaq olmuşdur. 2009-cu ilə kimi muxtar respublikanın ticarət dövriyyəsi həmişə mənfi saldo olmuşdur. Lakin görülən tədbirlər nəticəsində bu vaxtadək muxtar respublikanın xarici ticarət dövriyyəsi 26,9 dəfə artmışdır. Müəssisələrin yeni texnologiyalar əsasında yaradılması, keyfiyyətli və rəqabət qabiliyyətli məhsullar istehsalı ixracın həcmini bu dövrdə 207,7 dəfə artırmışdır.
Muxtar respublikada 2008-ci illə müqayisədə 2013-cü ildə bitkiçilik məhsulları 2,4 dəfə artaraq 223 milyon manata, heyvandarlıq məhsulları isə 91,9 faiz çoxalaraq 114,2 milyon manata çatmışdır. Ümumiyyətlə, son 10 il ərzində kənd təsərrüfatı məhsulları istehsalı 4,7 dəfə artmışdır. Beləliklə, ötən illərdə Naxçıvan Muxtar Respublikası ərzaq məhsulları ilə tam təmin edilmişdir.
“Azərbaycan–2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında deyilir ki, məqsədyönlü şəkildə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi tədbirləri həyata keçiriləcəkdir, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi prioitet istiqamətlər olacaqdır. Sovet dövründə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Zaqafqaziya vahid energetika sistemindən elektrik verilişi xətti ilə ötürülən enerji vasitəsilə təchiz olunmuşdur. Lakin 1988-ci ildən başlayaraq Dağlıq Qarabağ ətrafında baş verən hadisələr – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 1991-ci ildə SSRİ-nin dağılması muxtar respublikaya gələn elektrik xətlərinin Ermənistan tərəfindən kəsilməsinə və həmin ilin noyabr ayında qaz nəqlinin də dayandırılmasına gətirib çıxartdı.
Beləliklə, regionun iqtisadi blokadasının təməli qoyuldu. O zaman Araz çayı üzərində İranla birgə tikilən və muxtar respublikada yeganə olan su-elektrik stansiyası tələbatın yalnız 5-6 faizini ödəyirdi. O da, ilk növbədə, yaşayış üçün zəruri olan mühüm obyektlərə–çörək zavodlarına, su nasoslarına, xəstəxanalara verilirdi.
Ümummilli lider Heydər Əliyev regionda yaşanan bu çətinliklər barədə sonralar belə demişdi: “Gecə saat ikiyə, üçə qədər iş otağımda az işıq verən neft lampası ilə oturub işləyirdim, bunu hamı bilirdi. Evlərə elektrik, istilik vermək üçün heç bir imkan yox idi. İnsanlar, həqiqətən, donurdular.” Ötən illərdə ulu öndər Heydər Əliyev və onun siyasi kursunu davam etdirən Prezident İlham Əliyev Naxçıvanın elektrik enerjisi ilə təmin olunması sahəsində tarixi işlər görmüşlər.
Dövlət başçısı İlham Əliyev illər bundan əvvəl qeyd edirdi ki, strateji əhəmiyyəti olan Naxçıvan regionunun iqtisadi potensialını yaratmaq və inkişaf etdirmək üçün ardıcıl tədbirlər görməli və ilk növbədə, onun enerji problemləri həll edilməlidir: “Bütün iqtisadi potensialın təməlində bu məsələlər dayanır. Əgər iqtisadi potensialı artırmaq istəyiriksə, enerji məsələləri mütləq həll olunmalıdır”. Son 19 ildə muxtar respublikanın enerji təhlükəsizliyi sahəsində çox mühüm işlər görülmüş, su elektrik stansiyalarının sayı 7-yə çatdırılmışdır.
Bu gün Azərbaycan ilə İran hökumətləri arasında imzalanmış müqaviləyə əsasən, Ordubad rayonunun Dəstə kəndi yaxınlığında Araz çayı üzərində daha bir su elektrik stansiyası inşa olunur. Gələcək illərdə də muxtar respublikada yeni layihələrin həyata keçirilməsi elektrik enerjisi istehsalını daha da artıracaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Arpaçay Su Elektrik Stansiyasının açılışındakı nitqində demişdir: “Bu gün dünya ölkələrində ərzaq və enerjisi təhlükəsizliyi üzrə proqramlar qəbul olunaraq icra edilir. Naxçıvan Muxtar Respublikasında da bu sahələrin inkişafı diqqət mərkəzində saxlanılır. Muxtar respublikada yeni elektrik stansiyaları tikilir, əhalinin və iqtisadiyyatın enerjiyə olan tələbatı etibarlı şəkildə ödənir. Artıq Naxçıvan eletrik enerjisi ixrac edən muxtar respublikaya çevrilmişdir. Enerji təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir”.
Yola saldığımız 2014-cü il də Naxçıvan üçün çox uğurlu olmuşdur. Belə ki, muxtar respublikada qəbul olunan dövlət proqramlarının həyata keçirilməsi nəticəsində iqtisadiyyatın, demək olar ki, bütün sahələrində nailiyyətlər əldə edilmişdir. 2014-cü il 1 sentyabrda Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü dövlət proqramının qəbul edilməsi və onun birinci ilində əldə olunan nailiyyətlər bir daha göstərir ki, bu diyarda inkişaf davamlı xarakter daşıyır.
2014-cü ildə ümumi daxili məhsulun həcmi 2013-cü ilə nisbətən, müqayisəli qiymətlərlə 1,3 faiz artaraq 2,4 milyard manata yaxın olmuşdur. İqtisadiyyatın aparıcı sahəsi olan sənaye istehsalı da artmışdır. 2014-cü ildə muxtar respublika sənaye məhsulunun ümumi həcmini 2,5 faiz artıraraq 891,5 milyon manatlıq məhsul istehsal etmişdir. Kənd təsərrüfatı məhsulları istehsalı da 2014-cü ildə 355,2 milyon manata çatmışdır ki, bu da 2013-cü ilə nisbətən 6,1 faiz artım deməkdir. Keçən il muxtar respublikada 103 min tondan çox taxıl, 41,4 min tona yaxın kartof və 66,7 min ton tərəvəz istehsal edilmişdir.
Kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın inkişafı həmişə diqqət mərkəzində saxlanılır. Ötən il muxtar respublikada 5 heyvandarlıq təsərrüfatı yaradılmış, 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır. 1 heyvandarlıq kompleksinin yaradılması üzrə işlər hazırda davam etdirilir.
Son 1 ildə muxtar respublikada qaramalın sayı 1,3 faiz artaraq 107,6 min başa, qoyun və keçilərin sayı isə 1,7 faiz çoxalaraq 646,3 min başa çatmışdır. Quşçuluq təsərrüfatlarının genişləndirilməsi və inkişafı da davam etdirilir. Bütövlükdə, muxtar respublikada 2014-cü ildə diri çəkidə 19,9 min tona yaxın ət və 78,9 min ton süd istehsal edilmişdir ki, bu da 2013-cü illə müqayisədə müvafiq olaraq 2 və 0,4 faiz çoxdur.
Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, gələcək illərdə mənşəyi bəlli olmayan ət, süd, yumurta və digər heyvandarlıq məhsullarının muxtar respublikaya gətirilməsinin qarşısı alınacaq və əhalinin bu məhsullara olan tələbatı tamamilə yerli istehsal hesabına ödəniləcəkdir.
Son 19 ildə muxtar respublikada istehsal olunan ümum daxili məhsulun 87 faizi özəl ektorun payına düşür. Yerli istehsal sahələrinin inkişafı nəticəsində 2014-cü ildə 352 növ məhsul istehsal olunmuşdur. 2014-cü ildə 336 növdə ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir. Ötən dövrdə muxtar respublikada 63 minə yaxın yeni iş yerləri açılmışdır.
2014-cü ildə nəqliyyat sektoru inkişaf etmiş, 73 kilometr uzunluğunda asfalt yollar salınmış və 5 körpü tikilərək istifadəyə verilmişdir.
Bu gün Naxçıvan Muxtar Respublikası dünyanın 32 ölkəsi ilə iqtisadi əlaqələr saxlayır. 2014-cü ildə ticarət dövriyyəsi 515,2 milyon ABŞ dolları təşkil etmişdir ki, bunun da 408,6 milyon dolları ixrac, 106,6 milyon dolları isə idxaldan ibarətdir. 2014-cü ildə ixrac daha da artdığından ticarət dövriyyəsində 302,1 milyon ABŞ dolları həcmində müsbət saldo əldə edilmişdir.
Bütün bunlar, haqlı olaraq ölkədə “Naxçıvan möcüzəsi” adlandırılır. Bu möcüzəni Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov belə açıqlamışdır: “Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları nəzərə alınanda istənilən möcüzəni yaratmaq olar”. Müstəqillik illərində Naxçıvan əsrə bərabər inkişaf yolu keçmişdir. Bu inkişaf 2014-cü il aprel ayının 8-də Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqində belə şərh olunmuşdur: – Naxçıvan sürətlə inkişaf edir; muxtar respublikanın hərbi potensialı üstün dərəcədə möhkəmlənmişdir; enerji təhlükəsizliyi məsələləri öz həllini tam şəkildə tapmışdır; diyar əsas ərzaq məhsulları ilə tam təmin edilmişdir; bütün sosial, iqtisadi, infrastruktur, hərbi məsələlər yüksək səviyyədə öz həllini tapmışdır; işsizlik problemi aradan qalxmışdır; yoxsulluq səviyyəsi ən aşağı həddədir və s.
Dövlət başçısı İlham Əliyev nitqinin sonunda demişdir: “Hesab edirəm ki, bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür”. Lakin Prezidentin dediyi kimi, hələ görüləsi işlərdə vardır. Ona görə hər kəs üzərinə düşən vəzifəni icra etməli və Naxçıvanı daha da irəli aparmalıdır.
Göründüyü kimi, son 19 ildə Naxçıvan Muxtar Respublikası əsrlərə bərabər yol keçmiş və böyük uğurlara imza atmışdır. Şübhəsiz, hərtərəfli yeniləşmə və yüksəliş xətti muxtar respublikanı daha uca zirvələrə aparacaqdır.
Nazim ƏHMƏDOV,
iqtisad elmləri doktoru, professor
Naxçıvan
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.