“Qış məktəbi”ndən xoş təəssüratla

İndiyədək müxtəlif təlim kurslarının iştirakçısı olmuşuq. Fərqli mövzular, fərqli kontingentlər. Lakin ilk dəfə idi ki, sırf həmkarlarımızla birgə, özü də nə az, nə çox, düz 12 gün bir təlimdə iştirak edirdik. Bu, SOCAR-ın (ARDNŞ) Mətbuat Şurası ilə birgə təşkil etdiyi “ Gənc jurnalistlərin SOCAR qış məktəbi” idi.

Təlim kursunda ölkənin aparıcı kütləvi informasiya vasitələrinin 40-a yaxın əməkdaşı iştirak edirdi. Kursun yaddaqalan görüşlərindən biri, heç şübhəsiz ki, Azərbaycan neft sənayesinin canlı əfsanəsi, ARDNŞ-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin tədbirə qatılması oldu. Xoşbəxt müəllimin çıxışı, açığını desək, tədbirin əsas hadisəsinə çevrildi. Gənc jurnalistlər üçün təşkil edilən qış məktəbinin ölkəmizdə ilk belə layihə olduğunu xatırladan akademik Azərbaycanın neft sənayesinin tarixindən, eləcə də öz iş təcrübəsindən söhbət açaraq, neftçıxarmanın şanlı səhifələrindən danışdı. Müstəqilliyimizin ilk illərində neft sənayesinin durumundan, “Əsrin müqaviləsi”nin imzalanmasından, xarici investisiyaların cəlb edilməsi üçün aparılan gərgin danışıqlardan, qazanılmış uğurlu nəticələrdən və bu pilləyə gəlib çıxmamızda bəzi ciddi maneələrin necə çətinliklə dəf olunmasından bəhs etdi.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında sözügedən layihənin gənc jurnalistlərin ixtisaslaşmasındakı əhəmiyyətindən danışdı. Qeyd etdi ki, belə layihələr gənclərin bu sahədə bilik və bacarıqlarını daha da artıracaq.

Qış məktəbi çərçivəsində şirkətin məsul vəzifəli şəxslərinin təqdimatında neft-qaz, enerji sektorunu əhatə edən bir sıra aktual mövzular barədə məlumatlar verildi. Bu mövzular arasında SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin “ARDNŞ-in mətbuat və ictimaiyyətlə əlaqələri”, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin “Jurnalist etikası”, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrətin “Ənənəvi mediadan onlayn mediaya keçid: problemlər və perspektivlər” mövzusunda media ilə bağlı çıxışlarında bir sıra vacib məsələlərə toxunuldu. Bundan əlavə, SOCAR-ın, demək olar ki, əksər vitse-prezidentləri tədbirə qatılaraq çıxış etdilər və iştirakçıların suallarını cavablandırdılar. Ümumi təqdimatlardan sonra diskussiya şəraitində keçən söhbətlərə ekskursiyalar, daha yaddaqalan olurdu.

İlk fontan vuran quyu ilə tanışlıq

Əlbəttə, neft tariximizin önəmli hadisələrindən sayılan ilk fontan vuran quyu ilə tanışlıq hər birimiz üçün maraqlı idi. Beləcə avtobusla Bibiheybət Neft-qaz Çıxarma İdarəsinin (NQÇİ) Xəzər sahiliboyu ərazilərinə yollandıq. İdarənin geologiya şöbəsinin rəisi Rauf Vəliyevin bələdçiliyi ilə ərazi ilə tanış olduq. R.Vəliyev qeyd etdi ki, XX əsrin əvvəllərində ərazinin suyunu qurutmaq və buradakı neft yataqlarını istismara vermək üçün Peterburqdan Bakıya polyak əsilli məşhur mütəxəssis Pavel Pototskini dəvət edirlər. Məhz onun layihəsi əsasında Bibiheybətdəki neftlə zəngin ərazilər qurudulmuşdur: “Pototski bu sahələri torpaqtökmə vasitəsilə qurutmağa nail olmuşdur. Pavel Pototski özü burada dəfn olunmağı vəsiyyət edib. Vəsiyyətində deyib ki, onu öz təşəbbüsü ilə qurutduğu sahənin dənizə ən yaxın hissəsində dəfn etsinlər. Elə də ediblər. ARDNŞ öz daxili imkanları hesabına buranı təmir etdirib, səliqəyə salıb. Hər il buranı xarici qonaqlar da ziyarət edirlər”.

Biz də neft tariximizdə mühüm iş görən mütəxəssisin məzarını ziyarət etdik: başdaşında onun fəaliyyəti belə əks olunmuşdu: “Bibiheybət körfəzini qurutmaqla ilk dəfə dənizin dibindən neft çıxarılmasına nail olub”.

Ərazini gəzərkən 5 saylı quyunun yanında asılmış lövhədə onun 1923-cü il aprelin 18-də Bibiheybət buxtasının tökmə sahəsində mexaniki üsulla qazılaraq fontanla istismara verilmiş ilk quyu olduğu qeyd edilmişdi.

Əcaib neft gölməçələrinin yerində yaradılmış ekopark

SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə ilə görüşdə dünyanı narahat edən qlobal məsələlərdən biri olan ekologiyanın mühafizəsindən danışdıq. O bildirdi ki, SOCAR üçün həm də ətraf mühitin mühafizəsi, ekoloji mühitin qorunması prioritet sahələrdəndir: “İnsanı təbiətin bir parçası hesab ediriksə, deməli, onun istehsalatdakı fəaliyyətinə, məişətdəki davranışına dair məsələlərə də bu kontekstdən yanaşmalıyıq. ARDNŞ-in Ekologiya İdarəsi məhz bu və buna oxşar məsələlərin həlli ilə məşğuldur. Bu sahənin mürəkkəbliyi ilk növbədə təbiətə hər hansı tərzdə təsir göstərən insanın fəaliyyəti ilə bilavasitə bağlıdır.” O, Ekoparkın yaradılmasından da söhbət açdı. Ancaq yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”, – deyib oraya ekskursiya etdik. Həqiqətən də dedikləri qədər varmış.

Parkın ərazisi vaxtilə tullantılarla, neft gölməçələri ilə dolu olub. Ərazidən gələn üfunət iyi yaxınlıqda yaşayanların narahatlığına səbəb olurmuş. Lakin hazırda ərazi tullantılardan təmizlənərək, ekoparka çevrilib. Məqsəd ətraf mühitin ekoloji vəziyyətini yaxşılaşdırmaq, tullantıların təsirini azaltmaq olub. Tullantılarla çirklənmiş ərazini görənlər indi buraya gələndə gözlərinə inanmırlar. Parkdakı yaşıllıq, yetişdirilən müxtəliv növ bitkilər, ağaclar göz oxşayır. “Eko-park”ın şitilxanasının tingçilik şöbəsində toxumlardan fidanlar alınır. Bir müddət sonra onlar şitilxanalara köçürülür. Bitkilər yetişdirildikdən sonra müqavilə əsasında SOCAR-ın müəssisələrinə verilir. Azərbaycan florasının nadir bitkiləri – Eldar şamı, ipək akasiyası, Avropa zeytunu, həmişəyaşıl sərv, Şərq çinarı, Qafqaz xurması və s. yetişdirilir. Biz də ağacəkmə və güləkmə kampaniyasına qoşulduq. Və qəzetimizin adını dibçəklərə həkk etdirdik.

Bakı Ali Neft Məktəbində

Prezident İlham Əliyevin 2011-ci il 29 noyabr tarixli fərmanı ilə yaradılan bu ali təhsil ocağı qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, təhsil keyfiyyətinə və uğurlarına görə ön sıralarda qərar tutub. Beynəlxalq standartlara uyğun ən müasir tədris proqramları və texnologiyaları əsasında təhsil prosesini təşkil edən məktəb sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislər hazırlayır. Görüş zamanı jurnalistlərə BANM-ın fəaliyyəti ilə bağlı məlumat verən rektor Elmar Qasımov hazırda ali məktəbə qəbulla bağlı böyük marağın olduğunu bildirdi.

Onun sözlərinə görə, Böyük Britaniyanın “Heriot-Watt” Universitetinin tədris proqramı əsasında fəaliyyət göstərən ali məktəbdə neft-qaz mühəndisliyi, kimya mühəndisliyi və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları tədris olunur. Dərslərin ingilis dilində olduğunu qeyd edən rektor tələbələrin hərtərəfli hazırlandığını xüsusilə vurğuladı. E. Qasımov xaricdən tələbə qəbulunun hansı səviyyədə olduğu və bununla bağlı konkret nə işlərin görüldüyü ilə bağlı verdiyimiz suala cavabında bildirdi ki, bu prosesin uğurla nəticələnməsi üçün əlimizdən gələni edirik. Bir sıra tədris, texniki-təminat şərtləri var ki, onu tamamlamadan xarici tələbələrin burda oxumasına vəd vermək olmaz. Lakin bütövlükdə müraciət edənlərin sayı artır. Rektorun sözlərinə görə, məqsəd bu ali təhsil ocağını dünyanın seçilən tədris müəsisələrindən birinə çevirməkdir. Öyrəndik ki, məktəb üçün ayrıca yüksək tələblərə cavab verən yeni şəhərcik istifadəyə veriləcək ki, bu da tələbələrin tədris və asudə vaxtlarının daha yaxşı təşkil edilməsi deməkdir.

Biz “Brain-ring”in qalibiyik

Tədbirin ilk günündən “qış məktəbi”nin tələblərindən biri də bütün iştirakçıların komandalara bölünməsi oldu. Qəzetimizin əməkdaşlarından biri Anar Turanın, təmsil olunduğu komanda “Özül” idi. “Dərinliyə doğru” devizinə qoşulan komanda bütün həftə boyu çox çətin sualları düzgün cavablandıraraq yarışın qalibi oldu. Digər əməkdaşımızın (Əfsanə Ələsgərli) təmsil olunduğu “Uğur” komandası da qaliblər sırasına düşərək üçüncü yeri tutdu. Qalib olaraq SOCAR-ın hədiyyələri ilə mükafatlandırıldıq.

Növbəti dayanacaq – Neft daşları

Bura “Möcüzələr adası”dır. İnsan övladının zəkası ilə yaradılan möcüzə. Biz bura gəmi ilə də gedə bilərdik. Lakin SOCAR bu məsələdə də jurnalsitlərin rahatlığını düşünərək vertolyotla getməyimizi təmin etdi.

Dənizin ortasında salınmış şəhəri gəzmək üçün “Neft daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayev bizə bələdçilik etdi. Sevindirici hal həm də bu idi ki, yanımızda 2014-cü ildə “Şöhrət” ordeninə layiq görülmüş yeganə Əməkdar neftçi Zabit Əhmədov da əyləşmişdi. Yol boyu onunla söhbətləşdik. Vertolyotla səfərlərini hesablasa, bəlkə də ömrünün bir neçə ilini göydə, suda keçirdiyini vurğuladı.

İlk gözümüzə dəyən yüksək mərtəbəli binalar, səliqə-sahman, yaşıllıqlar bizi təəccübləndirdi. 1949-cu il noyabrın 7- si ilk dəfə olaraq, Azərbaycan neftçiləri dənizin dibindən neft əldə etdilər. Məhz həmin tarixdə dünyada ilk dəfə olaraq, Neft daşları yatağının 942 metr dərinliyindən neft fontan vurdu.

Burada neftçilərin yaşayıb fəaliyyət göstərməsi üçün hər cür şərait var. Yataqxana, xəstəxana, çörək zavodu, asudə vaxtlarını keçirmək üçün çay evi və s. Şəhəri gəzdikcə, gözə dəyən uniformalı işçilərin hərəsi öz işlədiyi məkana doğru irəliləyirdi. Bir sözlə, burada qaynar həyat eşqi, işıqlı gələcəyə mübarizə əzmi gördük. Yaşıllıqlar qoynunda salınmış park işçilərin asudə vaxtının səmərəli təşkilində mühüm rol oynayır. Heydər Əliyev Muzeyinə baş çəkdik. İçəridə müxtəlif dövrlərdə ulu öndərin neft sənayesi müəssisələrinə səfərləri, neft-qaz layihələri ilə bağlı iştirak etdiyi tədbirlərdən ən yaddaqalan fotoşəkillər yer alır.

Sonra Neft Daşları NQÇİ-nin rəisi Qoçalı Mahmudovla görüşdük. Fəhləlikdən indiki rəis kürsüsünə gəlib çıxan Qoçalı müəllim öz işi ilə fəxr etdiyini və neftçilərin hər birinin xüsusi hörmətə layiq olduğunu bildirdi. Çünki ölkəmizin bugünkü inkişaf dinamikasında onların rolu əvəzsizdir.

“Neft daşları” səfərimizi tamamlayandan sonra “Qış məktəbi” çərçivəsində Balakəndə, Şəkidə bir sıra tarixi abidələrə, gəzməli-görməli məkanlara—Şəki xan Sarayına, Şəki Diyarşünaslıq Muzeyinə və s. ünvanlara baş çəkdik, qonşu Gürcüstanın qədim Siqnaxi və Kvareli şəhərlərində olduq.

Beləcə, ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin təşəbbüsü ilə gerçəkləşən “Gənc jurnalistlərin SOCAR qış məktəbi” uğurla başa çatdı. Sonda onu deyə bilərik ki, belə məşğələləri digər dövlət qurumları da təşkil etsəydi, daha yaxşı olardı. Çünki, həmin sahədən yazmaq istəyən jurnalistlər artıq mövzuya peşəkarlıqla yanaşarlar.

Anar TURAN,
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında