“Həyatın mənası çalışmaqdadır...”

Halal zəhmətə bağlı olan hər bir sənət şərəflidir. Peşəsinin ustası olanlar daha çox hörmət qazanırlar. Buna nail olmaqdan ötrü isə ilkin nəzəriyyə və təcrübə vacibdir.

 Hazırda dünyada peşə təhsilinin və məşğulluğun inkişafı üçün sosial tərəfdaşlıq səyləri güclənir. Hətta bir sıra Avropa ölkələrində  məktəbyaşlı yeniyetmələrdən başqa, hərbi xidmətdən qayıdanların, yaşlıların, mühacirlərin və fiziki cəhətdən qüsurlu insanların peşə hazırlığına ciddi önəm verilir. Azərbaycanda da cəmiyyətin kadr potensialının formalaşmasına yardım missiyası daşıyan xeyli peşə məktəbi var. 

Bütövlükdə təhsil sistemimizdə olduğu kimi, onun peşə təhsili pilləsində də inkişaf hiss olunur. Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” təsdiq olunub və reallaşdırılıb. Dəyərli sənədin sayəsində peşə təhsili sahəsində maddi-texniki baza möhkəmlənib, iqtisadi münasibətlərin formalaşması, idarəetmə və kadr hazırlığının təkmilləşməsi, peşə təhsilinin ictimai statusunun yüksəlməsi yönündə mühüm addımlar atılıb. 

Daha sonra peşə təhsili sisteminin əhatə dairəsini genişləndirmək və kadr hazırlığı prosesini keyfiyyətcə  yüksəltmək məqsədilə layihələrin icrasına başlanıb. Müasir tipli pilot peşə təhsili kompleksləri yaradılır. Eyni zamanda, möhtərəm Prezidentimizin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ilk peşə-ixtisas təhsili sahəsində cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ilk peşə-ixtisas təhsili standartları və kurikulumlarının hazırlanması, müasir təminatlı peşə tədris mərkəzlərinin və komplekslərinin yaradılması nəzərdə tutulub. Hədəf bu  yöndə aparılan islahatlarla peşə məktəblərinin müasir tələblər səviyyəsində inkişafını təmin etməkdir.     

Göytəpə şəhərində kompleks binada yerləşən Cəlilabad peşə liseyi öncül sənətkar hazırlığı müəssisələrindəndir. Liseyin direktoru Etibar Sadıqov dörd ildir ki, bu vəzifədə çalışır. Əvvəllər 16 il liseydə işləyib. Müəllim, dərs hissə müdiri, direktor müavini olub. Sonra 12 il Göytəpə şəhər icra nümayəndəsinin müavini vəzifəsində çalışıb, yenidən buraya qayıdıb. Ötən il Əməkdar müəllim fəxri adına layiq görülüb.

– Regionların hərtərəfli tərəqqisi ixtisaslı işçi qüvvəsi probleminin əmək resursları baxımından və yerli xüsusiyyətləri nəzərə almaqla həllini tələb edir,-deyə o məlumat verdi. – Bizim də əsas vəzifəmiz gənclərin hərtərəfli inkişafını təmin etməklə yanaşı, onları ixtisaslı kadrlar kimi hazırlamaqdan ibarətdir. Liseyimizdə geniş profilli və melorasiya işləri üzrə traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü, kənd rabitəsi üzrə elektrik montyoru, traktor və avtomobillər üzrə elektrik çilingəri, avtomobil sürücüsü, elektrik-qaz qaynaqçısı ixtisasları öyrədilir. Ötən il qəbul planını ilk dəfə olaraq əmək bazarının tələbləri əsasında tərtib etmişik. 

Hazırda liseyin üç kursunda 397, bir illik qruplarda büdcə hesabına isə 80 şagird təhsil alır.

Şagirdlərin təlim-tərbiyyəsi ilə 16 müəllm,16 istehsalat təlimi ustası, 23 tədris-köməkçi işçi və 8 təlimatçı sürücü məşğul olur.

Liseyimizdə 8 ümumtəhsil və 9 ixtisas fənn kabineti, avtomobillərin quruluşu, istismarı və traktor laboratoriyaları, 1 çilingər və 1 qaynaq emalatxanası fəaliyyət göstərir. Emalatxana və laboratoriyalar günün tələblərinə cavab verəcək səviyyədə hazırlanıb. Beş ədəd elektron proyektor, interaktiv qurğular, elektron lövhələr tədrisin keyfiyyətli aparılmasına kömək edir.     Şagirdlər laboratoriya və emalatxanalarda işləmək üçün xüsusi geyim dəstləri ilə təmin olunublar. “Avtomobillərin quruluşu” laboratoriyasında bir ədəd avtomobil saz vəziyyətə gətirilərək sagirdlərin istifadəsinə verilib. Uzun müddət fəaliyyətsiz qalmış maşınsürmə    meydançası təlimata uyğun olaraq yenidən qurulub, 8 ədəd yük avtomobili  təmir edilərək  standartlara cavab verəcək şəklə gətirilib.

Ötən il Təhsil Nazirliyi kənd təsərrüfatı sahələri üzrə ixtisaslaşmış ilk peşə təhsili müəssisələrinin maddi-texniki və tədris bazasının müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni texnika, avadanlıq, əyani və texniki vasitələrin alınması işinə start verib. Liseyimiz bir ədəd SK-5M markalı müasir kombayn, bir ədəd MTZ-80 markalı traktor, kotan, taxılsəpən maşın, yedək və çiləyici qurğu ilə təchiz edilib.

Sürətli internet şəbəkəsinə qoşulmuşuq və bu, proqramlarda nəzərdə tutulmuş İKT üzrə fənlərin tədrisi zamanı karımıza gəlir. Liseyin elmi-metodiki və informasiya təminatı yaxşılaşdırılıb.  

Liseydə idman zalı, gimnastika şəhərciyi, basketbol və futbol meydançaları var. İdmançılarımız daxili və rayon yarışlarında fəallıq göstərirlər. Liseyin məzunu İbrahim Nurullayev ötən il gənclər arasında sərbəst güləş üzrə Avropa çempionu adına layiq görülüb.

Həyətyanı sahə lazımınca abadlaşdırılıb. Burada müvəqqəti məskunlaşmış 13 qaçqın ailəsinə hərtərəfli qayğı göstərilir. Köçkün ailələrin üzvləri işlə təmin edilib, onların üç övladı elə bu liseyi bitirib. Təhsilini başa vurduqdan sonra məzunlarımız rayondakı kiçik müəssisələrdə, kooperativlərdə və  fərdi təssərrüfatlarda işləyirlər.  

Azərbaycan müəllimlərinin XIV qurultayında Təhsil naziri Mikayıl Cabbarov deyib ki, ölkəmizdə təhsilin inkişafı bizdən, bizim fəaliyyətimizdən, üzərimizə düşən vəzifələri necə yerinə yetirməyimizdən birbaşa asılıdır. Bu fikirləri əsas fəaliyyət proqramı kimi qəbul edən liseyin pedaqoji kollektivi bundan sonra da bacarıqlı sənətkarların yetişdirilməsində səylərini artıracaq.

Həyatın mənası

            çalışmaqdadır,

Əməksiz bir həyat puçdur,

                                  saxtadır...

-unudulmaz xalq şairimiz Rəsul Rzaya məxsus olan bu misralar peşə öyrənən bütün gənclərin başlıca şüarına çevrilib. Ölkəmizdə sosial baxımdan səmərəli peşə təhsili sistemi məhz bu əsasda formalaşır.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında