Regionların sosial-iqtisadi inkişafı

Dağlardan güc alan Pirasora - uzunömürlülər diyarı
Təxminən 25-30 ilin söhbətidir. Adına şeir yazılmış, musiqi bəstələnmiş, sinəsini ordenlər, medallar bəzəyən, qurultaylar nümayəndəsi, "Dağlar oğlu" kimi şöhrət tapan əmək qəhrəmanı Sərxan Hüseynovun sorağına Lerikə getmişdik. Bizə demişdilər ki, yaylağa qalxmaq müşkül məsələdir. Oraya ya "QAZ-69"-la, ya da atla getmək olar...
Yayın ən qızmar çağında minbir əzabla Gömürgöy dağının zirvəsinə doğru qalxdıq. Sərxanı orada tapdıq. Soyuqdan tir-tir əsirdim, müsahibimin yapıncısını geyməyə məcbur oldum: Dağı enərkən "Xan bulağı"ndan su içmək istədim, içə bilmədim. Bum-buz idi, dişlərim sızıldadı... Elə bil, sehirli bir aləmə düşmüşdüm. Ecazkar mənzərələr möcüzəyə bənzəyirdi. Gömürgöy Savalanla qabaq qənşər dayanmışdı. Xəzər dənizi isə elə bil "ayaqlarımız altında" qalmışdı. Ağ örpəkli Savalan bərq vur, göz qamaşdırırdı. Xəzərin dalğalarına səpələnmiş Günəş şüaları isə yellənən qırmızı kələğayıya bənzəyirdi...
Təbiətin qüdrətinə bir baxın! Savalan dağı harada, Xəzər dənizi harada. Amma bu zirvədən adamlar təbiətin o nadir incilərini həvəslə seyr edə bilirlər. Yazımızın qəhrəmanı Sərxan da bu dağlara sığınan Pirasora kəndində doğulub, boya-başa çatıb.
Pirasora Pirlər, müqəddəs ziyarətgah kimi tanınan məkandır. Bu kənd keçən əsrin ortalarında uzunömürlülər diyarı kimi tarixə düşdü. Planetin qocaman sakini - 156 yaşlı Mahmud Eyvazovun vətəni kimi keçmiş SSRİ-də və digər ölkələrdə məşhurlaşdı...
...Bu isti yay günlərində bir daha o dağlara üz tutduq. Ömrünün 66 ilini qoyunçuluğun inkişafına həsr edən və indi ağsaqqal kimi gənclərə Vətənə məhəbbət hissi aşılayan, onları qurub-yaratmağa ruhlandıran, faydalı əməyə cəlb edən Sərxan kişinin işıqlı, müdrik çöhrəsini müşayiət etdik... O, Pirasora kəndinin tərəqqisindən, onun işgüzar-fədakar əmək adamlarından həvəslə danışdı.
İndi Pirasora Dövlət-Damazlıq İstehsalat Qoyunçuluq Birliyi respublikada ən nümunəvi təsərrüfatdır. 1930-cu ildə bu təsərrüfat kolxoz kimi fəaliyyətə başlayanda cəmi 70 baş qoyunu, 30 baş qaramalı olub, sonralar artıb-çoxalıb...
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin etdiyi birinci dövründə - 1969 - 1982-ci illərdə, eləcə də Moskvada çalışdığı vaxtlarda bu təsərrüfat bütün göstəricilər üzrə ön sırada idi. Pirasora təsərrüfatı dalbadal 25 dəfə keçmiş SSRİ-nin və Azərbaycan Respublikasının Keçici Qırmızı bayraqlarını aldı. Məhz həmin uğurlara görə ulu öndərin tapşırığı və göstərişi ilə təsərrüfat damazlıq üzrə ixtisaslaşdırıldı, qorundu və inkişaf etdirildi.
Pirasora Dövlət Damazlıq İstehsalat Qoyunçuluq Birliyi bu gün də öz şanlı ənənələrini yaşadır və respublikada nümunəvi təsərrüfat kimi tanınır. Burada 600 nəfərdən ibarət 75 ailə qoyunçuluğun inkişafı ilə məşğuldur. Müəssisədə 13 min başa yaxın davar bəslənir. Damazlığa yaramayan heyvanlar isə ətliyə verilir. Bu birlik respublikanın qoyunçuluq təsərrüfatlarını damazlıq-cinslərlə təmin etməklə yanaşı, bir qayda olaraq, hər il 50 tona yaxın ət və 22 ton yun istehsal edir.
Pirasoralılar dövlət təsərrüfatında məhsuldarlığı ilbəil artırmaqla yanaşı, şəxsi təsərrüfatlarına da ciddi fikir verirlər. Belə ki, əhali şəxsi təsərrüfatlarında 1000 başa yaxın qaramal, 11300 baş qoyun-quzu bəsləyir.
Kəndin əsas iqtisadiyyatını qoyunçuluq təşkil etsə də, burada qaramal da saxlanır, kortofçuluğa da fikir verilir, həyətlərdə meyvə ağacları, tərəvəz məhsulları da yetişdirilir.
Kəndin ümumi ərazisi 1700 hektar olsa da, yalnız 14 hektarı əkinə yararlıdır... Qalan ərazi isə örüş yerləri, yaylaqlar, doğma, dərə, sıldırım qayalardır. Təsərrüfatın Neftçala və Biləsuvar rayonları ərazisində yerləşən qışlaqları isə 5400 hektar sahədir. Heyvandarlar ilin 5 ayını yaylaqda, qalan 7 ayını isə qışlaqda keçirirlər.
Əməksevər insanlar 12 kilometr məsafədən 100 mm-lik boru ilə kəndə su xətti çəkiblər. Hacı Meyxos şəxsi hesabına 8 kilometr məsafədən ikinci su xətti çəkib. Kəndin digər xeyriyyəçiləri Pirasoraya üçüncü əlavə su xətti çəkiblər, burada ehtiyat su anbarı da yaradılıb. Kənd ilbəil abadlaşır, böyüyür, gözəlləşir.
Hazırda Pirasora kəndində bir orta məktəb, mədəniyyət evi, həkim məntəqəsi, ATS, poçtamt, uşaq bağçası fəaliyyət göstərir. VII əsrin abidəsi kimi əhalinin ziyarətgahı sayılan "Pir əsabə" türbəsi üzərində isə iki minarəli məscid tikilib. Bütün bu uğurlar işgüzar insanların birgə səyi nəticəsində başa gəlib. Qoyunçuluq müəssisəsinin direktoru, el ağsaqqalı, Əməkdar kənd təsərrüfatı işçisi Meyxos Hüseynov, Lerik RİH başçısının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əligüşad Xalıqov, kənd orta məktəbin direktoru Bəyverdi Hüseynov bütün problemlərin həllində birləşirlər. Ağsaqqallar, xeyriyyəçilər də onlara yaxından kömək edirlər.
Pirasora kəndinin təsərrüfat rəhbərləri, işgüzar adamları Azərbaycan Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasəti ürəkdən bəyənir, onun sərəncam və göstərişlərini gündəlik işilərində rəhbər tutur və bu istiqamətdə yüksək uğurlarla irəliləyirlər.

{nl}

İsaq ƏMƏNULLAYEV
Lerik, Pirasora kəndi

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında