Azərbaycan torpaqlarının erməni işğalçıları tərəfindən zəbt olunması bir milyondan çox qaçqın və məcburi köçkünü ciddi problemlərlə üzləşdirdi. Öz yurd- yuvalarından didərgin salınan bu insanlar Azərbaycanın müxtəlif bölgələrində, çadır düşərgələrində ağır sosial durumda yaşamağa məcbur oldular. Ancaq müstəqil Azərbaycan dövləti öz vətəndaşlarına sahib çıxdı, onların sosial problemlərinin həlli ilə mütəmadi məşğul olmağa başladı.
Hələ ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə qaçqınlara xüsusi qayğı göstərmiş, dəfələrlə onların məskunlaşdığı çadır düşərgələrində olmuşdu. Ümummilli lider bu insanların problemlərini özünün bir nömrəli problemi adlandırırdı. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də hakimiyyətdə olduğu illərdə bu problemin həllini hər an diqqət mərkəzində saxlamışdır. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair dövlət proqramının həyata keçirilməsi nəticəsındə minlərlə məcburi köçkün ailəsi mənzillə təmin olunmuş, onların digər social ehtiyacları aradan qaldırılmışdır. Prezident ötən il Ağdamda məcburi köçkünlər üçün inşa edilmiş qəsəbənin açılış mərasimində demişdir: “Azərbaycan dövləti məcburi köçkünlərin problemləri ilə mütəmadi qaydada məşğuldur və bu məsələlərin həlli üçün böyük vəsait ayrılır. Qaçqınlara, köçkünlərə ayrılan vəsait artır. Hər il ancaq tikinti işlərinə 300 milyon manat vəsait ayrılır ki, bu vəsaitdən istifadə edilərək qəsəbələr salınır və son illərdə hər il ən azı 20 min köçkün yeni evlərə köçürülür, onların şəraiti yaxşılaşır. Yəni, bir sözlə, biz hər il, demək olar ki, bir kiçik şəhər yaradırıq və bunu davam etdirəcəyik. Əminəm ki, növbəti illərdə bu proses daha da sürətlə gedəcək. Çünki ölkəmizin maliyyə vəziyyəti yaxşıdır, yaxşılaşır və ən ağır vəziyyətdə yaşayanlar üçün biz, ilk növbədə, bu addımları atmalıyıq”.
Qaçqın və məcburi köçkünlər üçün ümumilikdə indiyədək 2,8 milyon kvadratmetr yaşayış sahəsi olan 89 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət müasir yaşayış kompleksi salınmış, 46 min ailə və ya 230 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılmışdır. Bundan da 42 min ailə, yaxud 210 min nəfər (91 faiz) son 11 ilin payına düşür. Prezident İlham Əliyevin hakimiyyəti illərində məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artmışdır.
Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanılmış kredit sazişi üzrə 325 min nəfərin faydalandığı və dəyəri 30 milyon manat təşkil edən 520 mikrolayihə icra edilmişdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son 11 ildə 2000 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 40 milyon manat güzəştli kredit verilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 11 ildə 75 faizdən 10 faizədək azalmışdır.
Son 20 ildə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına 5,1 milyard manat vəsait sərf olunmuşdur ki, bunun da 2,3 milyard manatı dövlət büdcəsinin, 1,8 milyard manatı Dövlət Neft Fondunun, 1 milyard manatı isə beynəlxalq maliyyə qurumlarının və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir. Həmin vəsaitin 86 faizi, yaxud 4,4 milyard manatı son 11 ildə istifadə olunmuşdur.
Ötən il qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması və məşğulluğunun təmin edilməsi üçün tədbirlər davam etdirilmişdir. Belə ki, bütövlükdə 2014-cü ildə bu məqsədlə 630 milyon manat həcmində vəsait ayrılmış, həmin vəsaitin 273 milyonu büdcə, 300 milyonu Dövlət Neft Fondunun və 57 milyon manatı beynəlxalq humanitar və digər təşkilatların vəsaiti olmuşdur. Ötən il bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1170 manat təşkil edib ki, bu da dünyanın bütün münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.
Məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması işi davam etdirilib. Ağdam rayonunda 632, Beyləqan rayonunda 320, Hacıqabul rayonunda 101, Gəncə şəhərində 600, Saatlı rayonunda 230, Qaradağ rayonunda 200, Mingəçevir şəhərində 594, Balakən rayonunda 45, Qaradağ rayonunda 240 və Abşeron rayonunda 160 ailə bütün sosial texniki infrastruktura malik yeni salınmış qəsəbə, yaşayış kompleksi və ya fərdi evlərə köçürülmüşdür.
Gəncə şəhərində iki qəsəbə istifadəyə verilmişdir. Onlardan birində 1500, digərində isə 600 məcburi köçkün ailəsi məskunlaşmışdır. Ağdam rayonunda isə 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılış mərasimi də ötən il olmuşdur.Cənab Prezident İlham Əliyev bu qəsəbələrin açılışında iştirak etmişdir.
Ötən il , həmçinin, Bakının Yasamal rayonu ərazisində müvəqqəti məskunlaşmış 262, Axıska türklərindən 111 ailə də yeni mənzillərə köçürülmüşdür.
Məlumat üçün bildirək ki, ötən il ərzində 270 min kvadratmetr sahəsi olan 7 yeni yaşayış kompleksi salınmış, 2288 şagird yerlik 7 məktəb inşa edilmiş, həmçinin 6 uşaq bağçası, 6 tibb məntəqəsi tikilib istifadəyə verilmiş, 51 kilometr yol, 96 kilometr su xətti, 136 kilometr elektrik xətti, 86 kilometr qaz xətti çəkilmiş, 75 ədəd yüksəkgərginlikli transformator quraşdırılmışdır. Beləliklə, 2014-cü ildə 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır
2015-ci ildə də məcburi köçkülərə qayğı davam etdiriləcəkdir. Nazirlər Kabinetinin 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məruzəsində bu barədə məlumat vermişdir. Onun sözlərinə görə Balakən, Zaqatala, Qax, Oğuz, İsmayıllı, Quba, Qusar, Xaçmaz rayonlarında 2000 ailə və ya 8500 məcburi köçkün üçün yeni qəsəbələrin salınması məqsədilə 360 hektar torpaq sahəsi ayrılıb. Artıq Balakən, Qəbələ və İsmayıllı rayonlarında işlərin bir qismi icra olunub, Zaqatala rayonunda isə həmin işlərin 2015-ci ildə həyata keçirilməsi nəzərdə tutulur. Digər rayonlarda isə müvafiq layihə işləri görülür.
Lakin hələ də bu sahədə görüləsi işlər çoxdur. Ölkə Prezidentinin bu sahəyə göstərdiyi qayğı və diqqət sayəsində yaxın zamanlarda bu problemlərin tamamilə aradan qaldırılacağı şübhəsizdir.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.