Həyatda çox insanla rastlaşıb tanış olursan. Bu tanışlıq bəzən uzun illəri əhatə etsə də, müəyyən müddət keçdikdən sonra onlardan bir çoxunu unudursan. Şəxsən mənim on il orta məktəbdə, beş il universitetdə bir yerdə oxuduğum, yaxud iki il eyni hərbi hissədə qulluq etdiyim, eləcə də neçə müddət əvvəl iş yoldaşı olduğum tanışlarımın bir çoxunun adı, soyadı, hətta görkəmi belə yaddaşımdan silinib... Elə insanlar da olur ki, onları bircə dəfə görürsən, hətta kəlmə kəsməsən belə, yaddaşa əbədi həkk olunur, ömür boyu unuda bilmirsən. Söhbətimiz belə unudulmaz insanlardan biri haqqındadır.
...Onu bircə dəfə – 1967-ci ilin axırlarında “Xəzərdəniztikinti” Trestinin 446 nömrəli idarəsində işləyərkən görmüşdüm. Universitetin jurnalistika fakültəsinə imtahan verib kifayət qədər bal toplasam da, müsabiqədən keçə bilmədim. O vaxtlar bəzi ixtisaslar üzrə qəbulda iş stajına böyük üstünlük verilirdi. Ona görə də bir yerdə işləməli idim. Elə yerdə ki, yataqxanası olsun, pasport qeydiyyatına düşə bilim. Həmin idarədə işə düzəldim.
Yaşlı nəslin yadındadır. Həmin illərdə Bakıda ab-hava elə idi ki, kənd rayonlarından gələnlərə, daha doğrusu, rus dilini bilməyənlərə burada yaşamaq və işləmək asan deyildi. Digər təşkilatlarda olduğu kimi, çox çətinliklə adi fəhləliyə düzəldiyim idarənin aparatında, kontorda katibədən, texniki işçilərdən tutmuş müdirədək bir nəfər də azərbaycanlı yox idi. Salam verirdin, “zdrasti” eşidirdin. Bu da fəhlələrin əksəriyyəti, xüsusən mənim kimi, kənddən gəlmiş cavanlar üçün problem yaradırdı.
...Hövsanda konserv zavodu tikirdik. Günlərin birində yenicə işə başlamışdıq ki, aləm qarışdı, idarə rəisi, iş icraçısı əlhaya düşdülər, fəhlələrə tələm-tələsik iş paltarı, əlcək, qoruyucu baş geyimləri paylandı. Dedilər ki, “upravlyayuşi” (trest müdiri) gəlir.
Az sonra müdirin maşını obyektin ərazisinə daxil oldu. İdarə rəisi (Sapkin familiyalı bir yəhudi idi) tez maşının arxa qapısını açmaq üçün irəli cumsa da, trest müdirinin sərt baxışı ilə qarşılaşıb fikrindən döndü. O vaxt onun 42 yaşı olsa da, bir qədər yaşlı görünürdü. Çöhrəsindən ağayanalıq sezilən, iri cüssəli, ucaboylu, sərt baxışlı, ciddi görkəmli trest müdirinin üzünün misə çalan rəngindən hiss olunurdu ki, Günəş üzü görməyən kabinet məmurlarından deyil. O, yaxınlaşaraq ana dilimizdə salamlaşıb hal-əhval tutdu, qayğılarımızla maraqlandı. Yanındakı rəhbər işçilərdən (heç biri azərbaycanlı deyildi - Q.P.) işlə bağlı Azərbaycanca soruşduğuna görə, onlar da çarəsiz qalıb dilimizin qol-qabırğasını sındıra-sındıra olsa da, Azərbaycanca cavab verməyə çalışdılar...
İndiki nəsil, bəlkə də, bunun mahiyyətini və əhəmiyyətini bir o qədər dərk etməsin. Lakin təsəvvür edin ki, bu hərəkət 1967-ci ildə – SSRİ-nin bütün əyalətlərində açıq-aşkar ruslaşdırma siyasətinin aparıldığı, imperiya daxilində kənar millətlərin hüquqlarının ayaq altına atılaraq, “sovet xalqı” adlanan yeni hibridin yetişdirilməsi sahəsində qızğın iş görüldüyü vaxtda, üstəlik İttifaq tabeliyində olan nəhəng idarənin rəhbəri tərəfindən edilmişdi...
Bu hadisədən bir neçə ay sonra başqa təşkilatda işləməli oldum, sonra əsgərliyə getdim, qayıdıb universitetə qəbul olundum və taleyimi həmişəlik jurnalistikaya bağladım...
Haqqında danışdığım həmin hadisədən 32 il keçmişdi. Dənizkənarı parkda yanımdan ötüb keçən ucaboy, salğarlı kişidən nəzərlərimi çəkməyərək düşündüm: görəsən, zənnim məni aldatmır ki?
Otuz iki il az müddət deyil. Amma adını-soyadını unutsam da, sıravi fəhlələrlə “Salam-əleyküm” deyərək, mehribancasına görüşən və qeyri-millətlərdən olan məmurları doğma ana dilimdə danışmağa məcbur edən trest müdirinin surəti yaddaşımdan silinməmişdi.
Geri qayıdarkən skamyada tək oturduğunu görüb yanında əyləşdim.
– Ağsaqqal, mənə tanış gəlirsiniz. Aradan xeyli vaxt keçib, səhv də edə bilərəm, tikintidə işləməmisiniz ki? - deyə onu söhbətə tutdum.
Diqqətlə üzümə baxsa da, şübhəsiz, tanımadı.
– Ömrüm elə tikintidə keçib, inşaatçıyam, – dedi və soruşdu:
– Sən də inşaatçısan?
– Yox, jurnalistəm, amma altmışıncı illərin axırlarında “Xəzərdəniztikinti” Trestinin 446 nömrəli idarəsində fəhlə işləmişəm, o vaxt sizi bircə dəfə görmüşəm, – deyib həmin hadisəni ona danışdım...
Deyəsən, kişinin kövrək hisslərinə toxundum. Əl uzadıb özünü təqdim etdi: Əlimuxtar Hüseynzadə. Və bir qədər ara verib başladığım söhbəti davam etdirdi:
– Bu söhbətinlə məni xeyli cavanlaşdırdın. Düz deyirsən, mən həmin trestə müdir təyin olunanda, istər trest aparatında, istərsə də tikinti idarələrində rəhbər və texniki işçilər arasında cəmi 1 nəfər azərbaycanlı vardı. İttifaq tabeliyindəki təşkilat idi, mənə qədər bütün müdirlər qeyri-millətlərin nümayəndələri olmuşdu. Bu, mənə də ağır gəlirdi. Odur ki, azərbaycanlı mütəxəssislər arasından xeyli kadrı rəhbər işə gətirdim. Elə sənin işlədiyin idarəyə Ramiz Axundovu sonradan rəis təyin etdim. Bu hərəkətim barədə Moskvaya siqnal göndərildi və məni oraya çağırdılar. Nazirliyin baş idarəsinin rəisi, istefada olan general Stepan Demeşov məni kabinetində, necə deyərlər, top-tüfənglə qarşıladı. Hətta salamımı da almadı:
– Orada nə oyun çıxarırsan? Bilirsən, sən kimsən? Millətçisən!
– Stepan Stepanoviç, bu nədir, verdiyim salamın cavabıdırmı? – deyə ona kəskin cavab qaytardım.
– Siz orada ətrafınıza yalnız azərbaycanlıları toplayırsınız...
– Burada nə qəbahət var, əgər mən Rusiyada işləsəydim və azərbaycanlıları irəli çəksəydim, sizin sözləriniz, bəlkə də, yerinə düşərdi. Bir halda ki, Azərbaycanda işləyirəm, deməli, ətrafıma da yerli kadrları yığacağam. Mənə başqa sözünüz yoxdur ki? - deyib cavab gözləmədən kabinetdən çıxdım...
Keçmiş müdirimlə söhbətimiz alındı. Mənim jurnalist marağım, verdiyim suallar onu ömür yolunu vərəqləməyə, keçmişə və bu günə öz münasibətini bildirməyə vadar etdi.
Əlimuxtar Hüseynzadə 1925-ci il fevralın 5-də Bakıda anadan olub. Nəinki valideynləri, necə deyərlər, yeddi arxa dönəni İçərişəhərdə yaşayıb. Nəsillikcə inşaatçı olublar. Atası usta Ağaqulu bir vaxtlar Bakıda adla deyilən mahir sənətkar olub. Ən çətin suvaq işlərini ona həvalə edərdilər. Təzə Pir məscidinin gümbəzindəki naxışlar, bəzək elementləri usta Ağaqulunun, onun qardaşı, elə həmin məscidin tikintisində qəza nəticəsində həlak olmuş usta Qədirin, eləcə də usta Səmədin, usta Fərəcin əl işləridir. Usta Ağaqulu otuzuncu illərin staxanovçularından olub. O vaxtlar ayrı-ayrı peşələr üzrə sosializm yarışları keçirilərdi. Usta Ağaqulu suvaqçılar arasında həm respublikada, həm də Ümumittifaq səviyyəsində keçirilən yarışlarda normanı 7 dəfə artıqlaması ilə yerinə yetirərək qalib gəldiyinə görə Moskvaya - Ümumittifaq Xalq Nailiyyətləri Sərgisinə dəvət olunub və dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Ağaqulu kişi övladlarının ali təhsil alıb həyatda fəal mövqe tutmasına xüsusi diqqət yetirib. İlk növbədə isə erkən yaşlarından onların qəlbində zəhmətə məhəbbət hissi aşılayıb.
Əlimuxtar Böyük Vətən müharibəsi başlananda səkkizinci sinfi bitirib, on altı yaşından fəhlə işləyib. Əvvəlcə Dəmir Yolu Texnikumunda, sonra Dəmir Yolu İnstitutunda təhsil alsa da, 1950-ci ildən sonra həyatını inşaatla bağlayıb. Bir müddət metro tikintisində, üç il Salyanda “Kür - Arazsutikinti”də usta, iş icraçısı vəzifələrində çalışıb. 1953-cü ildə Bakıya gələrək Neft Sənayesi Nazirliyinin “Azərəraziidarə” Trestində işə qəbul olunub. O vaxt Bayılda inşa edilən İttifaq əhəmiyyətli obyektin – gəmi təmiri zavodunun tikintisində işgüzar və təşəbbüskar gənc mütəxəssis kimi diqqəti cəlb edib ustalıqdan iş icraçısı, idarə rəisi, 1962-ci ildə isə trest müdiri vəzifələrinə irəli çəkilib. 1963-cü ildə Bakı Baş Tikinti İdarəsinin 1 nömrəli Bakı Şəhər Tikinti Trestinə rəhbərlik ona tapşırılıb. 3 il sonra “Xəzərdəniztikinti” Trestinin müdiri təyin olunub və 8 il həmin vəzifədə çalışıb. 1974-cü ilin noyabrından 1978-ci ilin sonunadək Kənd Tikinti naziri vəzifəsində işləyib. Respublika hökumətinin və Azərbaycan KP MK-nın üzvü, Ali Sovetin deputatı olub. Bir il çəkən xəstəlikdən sonra öz xahişi ilə vəzifədən azad edilib. Müalicədən sonra Səhiyyə nazirinin tikinti işləri üzrə müavini vəzifəsində işləyib. 60 yaşının tamamında – 1985-ci ildə pensiyaya çıxıb. Zəhməti yüksək qiymətləndirilib, iki dəfə Qırmızı Əmək Bayrağı ordeninə, “Şərəf nişanı” ordeninə, onlarca medala, Ali Sovetin fəxri fərmanlarına, SSRİ Nazirlər Sovetinin mükafatına, “Əməkdar inşaatçı” fəxri adına layiq görülüb.
Bütün ömrünü Azərbaycanın tikinti kompleksinin inkişafına həsr etmiş Əlimuxtar Hüseynzadənin bu gün nəinki paytaxtımızda, eləcə də respublikanın çox yerində qurub-yaratdığı bir-birindən gözəl tikililərdə, binalarda silinməz izləri var.
Düz 15 il bundan əvvəl 75 illik yubileyi ilə əlaqədar onun haqqında oçerk hazırlayarkən Əlimuxtar müəllim tikdiyi obyektlərin siyahısını mənə vermişdi. Uzun bir siyahı idi, bir məqaləyə sığışdırmaq mümkün deyildi. Onlardan az bir qismini təqdim edirəm: Hüseyn Cavid və İnşaatçılar prospektləri boyunca tikilən gözəgəlimli binalar, Elmlər Akademiyasının, BDU-nun, indiki Texniki Universitetin bina və korpusları, “Bakı”, “Azərbaycan” və “Abşeron” mehmanxanaları, Dəniz vağzalı, keçmiş Musabəyov qəsəbəsindəki yaşayış evləri, onlarca məktəb, xəstəxana və mədəniyyət müəssisələri...
Əlimuxtar müəllim deyirdi ki, Bakıda tikintinin inkişafı Heydər Əliyevin rəhbərliyi dövründə – 70-ci illərdə və 80-ci illərin əvvəllərində özünün kulminasiya nöqtəsinə çatmışdır. Heydər Əliyev Bakı partiya təşkilatının 43-cü konfransında belə bir vəzifə irəli sürdü ki, Bakıda ildə 1 milyon kvadratmetr mənzil sahəsi tikilib istifadəyə verilməlidir. Biz bu vəzifənin öhdəsindən gələ bilirdik. Təkcə mənim trestim 200 min kvadratmetrdən artıq mənzil sahəsi tikib istifadəyə verirdi. Onu da deyim ki, həmin rəqəmlər yalnız yaşayış sahəsini göstərirdi. Yəni, bura hamam, dəhliz, mətbəx və s. daxil edilmirdi.
Ulu öndər Heydər Əliyev barədə o, həmişə ağızdolusu danışardı. Deyərdi ki, Heydər Əliyev Ulu Tanrının bu xalqa bəxş etdiyi töhfədir. O, hakimiyyətə qayıtmsaydı, Azərbaycan dövlət müstəqilliyini qoruyub saxlaya bilməyəcəkdi.
Əlimuxtar Hüseynzadənin o vaxt mənə dediyi fikirləri olduğu kimi təqdim edirəm: “Heydər Əliyev kimi bir şəxsiyyətin rəhbərliyi altında işləmək özü böyük xoşbəxtlikdir. Onunla dəfələrlə söhbət etmək, onun tapşırıqlarını yerinə yetirmək şərəfi mənə də nəsib olub. Və hər dəfə bu insanın böyüklüyünə, tükənməz enerjisinə, təşkilatçılıq qabiliyyətinə, siyasi müdrikliyinə və uzaqgörənliyinə heyran qalmışam. Kənd Tikinti naziri işləyərkən Moskvada növbəti kollegiya iclasında, səhv etmirəmsə, 1975-ci ilin yekunları müzakirə olunurdu. Sov. İKP MK tikinti şöbəsinin müdiri Dimitrov da iclasda iştirak edirdi. Mən çıxış etdim və bildirdim ki, plana artıqlaması ilə əməl etmişik. Dimitrov mənə sual verdi:
– Əvvəlki illərdə nazirliyiniz plan verə bilmirdi. Siz rəhbərlik edəndən sonra əməl olunur. Biz onunla maraqlanmışıq ki, siz işdə elə bir dəyişiklik də etməmisiniz, elə köhnə kadrlarla işləyirsiniz. Bəs bu uğurlarınızın sirri nədədir?
Bütün respublikaların nazirləri də qulaq asırdılar. Dedim ki, hər şeydən əvvəl, respublikamızın rəhbəri Heydər Əliyevin tələbkarlığının nəticəsidir...”
O vaxt ondan soruşmuşdum:
– Ailədə davamçılarınız varmı?
– İki oğlum, bir qızım, 5 nəvəm var. Hər iki oğlum – həm Avtandil, həm də Elmar inşaatçıdırlar, tikinti sektorunda işləyirlər. Nəvələrimdən sonbeşiyinin adını Əlimuxtar qoyublar. Güman edirəm ki, peşə sülaləsinin davamçısı olacaq.
Xeyli yaş fərqinin olmasına baxmayaraq, aramızda səmimi dostluq münasibəti yaranmışdı. Tez-tez redaksiyaya gələr, maraqlı söhbətlər edərdi. Bir dəfə də mərhum Xalq yazıçısı Qılman İlkinlə (yaxın dost idilər – Q.P.) birgə gəlmişdi. O, üzünü Qılman müəllimə tutaraq dedi: – Bu redaksiya mənə doğmadır. Burada mənim yaxın dostlarım – Rəşid Mahmudov, Kazım Ələkbərov və mərhum Əhmədiyyə Əliyev işləyiblər. İndi isə məni bura çəkən dostlarımın arasında ən cavanı olan Hacı Qüdrətdir.
Əlimuxtar Hüseynzadə 2007-ci ilin sentyabr ayında 82 yaşında Haqq dünyasına qovuşdu...
O, həmişə müasir dövrümüzdə peşəkar inşaatçıların qıtlığından, mahir inşaatçı-mühəndislərin az-az yetişməsindən danışarkən, yaxşıların da adını hörmətlə çəkərdi. Onlardan biri də öz yetirməsi, Baş nazirin müavini vəzifəsində işləyən Abid Şərifov idi. Elə Əlimuxtar müəllimin 90 illik yubileyi ilə əlaqədar bu qeydlərimə də Abid Şərifovun fikirləri ilə yekun vururam: “Əlimuxtar Hüseynzadənin başqalarına, xüsusən bugünkü gənc nəslə örnək ola biləcək elə zəngin həyat yolu var ki, tikinti tariximizi onsuz təsəvvür etmək mümkün deyil. O, gözəl insan, əsl xalq adamı idi, bütün ömrü və fəaliyyəti ilə Azərbaycan xalqına və dövlətinə başucalığı gətirmişdir. Aradan illər keçsə də, Əlimuxtar müəllimin xatirəsi onu tanıyanların, xalqın ürəyindədir, hər zaman xatırlanır, yada düşür, yaddaşlarda yaşayır və həmişə yaşayacaqdır. Allah rəhmət eləsin!”
Qüdrət PİRİYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.