Yaxın vaxtlarda məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələri istifadəyə veriləcək

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin olunması ilə bağlı 2004-cü ildə imzaladığı sərəncamla təsdiq olunan Dövlət Proqramı və 2007-ci ildə ona əlavələrin edilməsindən sonra bu kateqoriyadan olan insanların həyat şəraiti xeyli yaxşılaşmış, məcburi köçkünlər yeni, müasir tipli, hər cür infrastruktura malik olan qəsəbələrə köçürülmüş, onlar üçün yeni iş yerləri açılmışdır.
Bu yaxınlarda Baş nazirin müavini, "Dövlətqaçqınkom"un sədri Əli Həsənov məcburi köçkünlər üçün yeni inşa edilən qəsəbə və məhəllələrdə olmuş, burada tikintinin gedişi ilə tanış olmuşdur.
Məlum olduğu kimi, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu bu sahədə də əhəmiyyətli tədbirlər həyata keçirir. Artıq Fondun fəaliyyəti nəticəsində bir neçə belə qəsəbə salınmışdır və bu gün məcburi köçkünlərin böyük bir qismi həmin qəsəbələrdə rahat yaşayırlar. Artıq ölkədə bir dənə də olsun çadır düşərgəsi qalmamışdır.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun məlumatına görə, son vaxtlar Ağdam, Goranboy, Yevlax rayonlarında məcburi köçkünlər üçün hər cür infrastruktura malik yeni qəsəbə və məhəllələr salınır.
Verilmiş məlumatda deyilir ki, ölkə Prezidentinin sərəncamına əsasən Ağdam rayonunun 689 məcburi köçkün ailəsi üçün Quzanlı yaxınlığında yeni qəsəbə salınır. Bunun üçün 70 hektar torpaq sahəsi ayrılmış və artıq tikinti başa çatmaq üzrədir. Burada tikilən evlərin 55-i bir, 322-si iki, 264-ü üç, 48-i isə 4 otaqlıdır. Artıq qəsəbədə 440 şagird yerlik məktəbin də tikintisi başa çatdırılmışdır. 50 yerlik uşaq bağçası da istifadəyə hazırdır. Burada klub-icma mərkəzi, inzibati bina da inşa edilmişdir.
Qəsəbənin elektrik, su, qaz təchizatı məsələləri də həll edilir. Bir sözlə, normal həyat üçün bu qəsəbədə hər cür şərait yaradılır. İstirahət üçün park da salınmış və orada yaşıllaşma işləri aparılmışdır. Qəsəbədəki hər bir ailə üçün 6 sot torpaq ayrılmış və onlar bütün kommunikasiya xətləri ilə təmin olunmuşdur.
Uzun müddətdir ki, Naftalan sanatoriyalarında məskunlaşmış məcburi köçkünlər də yaxın vaxtlarda Goranboy şəhəri ərazisində xüsusi məhəllədə tikilmiş çoxmərtəbəli binalarda yerləşdiriləcək. Burada bütövlükdə 12 beşmərtəbəli binanın tikintisi planlaşdırılıb. Hələlik onlardan üçü istismara hazırlanır. Bu məhəllədə 668 məcburi köçkün ailəsinin yerləşdirilməsi nəzərdə tutulur. Hazır olan üç evin 2-si 60 mənzilli, biri isə 45 mənzillidir. İndi burada 360 şagird yerlik məktəb binasında son tamamlama işləri görülür. 50 yerlik uşaq bağçasının da tikintisi başa çatmaq üzrədir.
Məhəllənin tikintisi üçün 20 hektar torpaq sahəsi ayrılmışdır. Buradakı evlər üçün də bütün kommunikasiyalar artıq çəkilmiş və istifadə üçün hazırdır. İşin keyfiyyəti Fondun daim diqqət mərkəzindədir. Bu təşkilatın nümayəndələri tez-tez həmin obyektlərə baş çəkir, vəziyyətlə yaxından tanış olurlar.
Yevlax rayonunda da belə bir məhəllə salınır. Burada 615 ailənin yerləşdirilməsi üçün yeni binalar ucaldılmışdır. Bu binaların inşası üçün 10 hektar torpaq sahəsi ayrılmışdır ki, artıq bu ərazidə də evlərin tikintisi başa çatdırılmaq üzrədir. Həmin binalarda 50 bir, 315 iki, 220 üç, 30 dörd otaqlı mənzil vardır ki, onlar da artıq hazırlanmış və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. 440 yerlik müasir tipli məktəbin də inşası yekunlaşmaq ərəfəsindədir. Burada 50 yerlik uşaq bağçası da istifadəyə veriləcək. Eyni zamanda məhəllədə klub-icma mərkəzi, inzibati bina da hazırlanmaq üzrədir.
Bu yaxınlarda "Qaçqınkom"un sədri Əli Həsənov bu tikintilərin vəziyyəti ilə tanış olarkən demişdir ki, digər ərazilərdəki kimi yeni qəsəbə və məhəllələrdə də məcburi köçkünlər müasir tələblərə cavab verən mənzillərlə təmin olunmalı və onlar üçün hər cür şərait yaradılmalıdır.
Bu gün həmin obyektlərdə qızğın iş gedir. Yeni il ərəfəsində məcburi köçkünlərin bu binalara köçürülməsi üçün bütün qüvvələr səfərbər edilmişdir.
Məcburi Köçkünlərin Sosial İnkişafı Fondundan bildirdilər ki, cənab Prezidentin təsdiq etdiyi Dövlət Proqramının həyata keçirilməsi üçün hazırda çox ciddi iş aparılır. Yuxarıda adları çəkilən qəsəbə və məhəllələrlə yanaşı Azərbaycanın digər bölgələrində də məcburi köçkünlərin sosial vəziyyətini daha da yaxşılaşdırmaq, onları rahat mənzillərlə təmin etmək üçün tikinti işləri həyata keçirilir.
Söz yox ki, yaxın gələcəkdə Azərbaycanın bütün məcburi köçkünləri rahat mənzillərdə yaşayacaq, onların həyat şəraiti yaxşılaşacaqdır.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında