Bu ilin noyabrında Azərbaycan region ölkələri üçün daha bir seçki nümunəsi göstərəcək

Ölkə rəsmiləri parlament seçkilərinə beynəlxalq ictimaiyyətin nümayəndələri ilə birlikdə hazırlaşırlar
Seçmək, səs vermək, millətin gələcək müqəddəratı ilə bağlı proseslərdə iştirak etmək xalq və dövlət qarşısında daşıdığımız məsuliyyətin nəticəsi, təzahürüdür. Bu məqam dünyanın hər yerində məhz belə qəbul edilir. Ancaq xalqına və dövlətinə sədaqətli olan, ölkədə keçirilmiş seçkini urvatlı etməyə çalışan insanlar bu prosesi həm də bir mədəniyyət nümunəsinə çevirirlər. Sevindirici haldır ki, son illər Azərbaycanda həm yeni seçki mədəniyyəti formalaşır (2008-ci il prezident seçkilərində məğlub olan namizədlərin atdığı addımlar bunu bir daha təsdiq etmişdi), həm də seçkiyə hazırlığın və bu siyasi kampaniyanın keçirilməsinin daha sivil, daha mədəni yolları tapılır.
2005-ci ildən sonra respublikamız ardıcıl olaraq hər il cəmiyyət həyatının hansısa sahəsinə aid göstəricilər üzrə dünyada lider ölkə kimi tanınır. Maraqlıdır ki, bu tendensiya təkcə sosial-iqtisadi sahələri deyil, siyasi prosesləri də əhatə edir. Beynəlxalq təşkilatların hesabatlarında və sorğu mərkəzlərinin tərtib etdiyi yekun məlumatlarda Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdırılması, cəmiyyətin daha da demokratikləşdirilməsi istiqamətində atılmış addımlar yüksək qiymətləndirilir. Bu qiymətləndirmələrin əsas obyekti isə ölkədə keçirilən seçkilərdir. Prezident İlham Əliyevin 2005-ci il parlament seçkilərindən əvvəl Azərbaycan əhalisinin arzu və istəklərini yüksək səviyyədə təmin etmək üçün imzaladığı iki sərəncam, 2008-ci ildə prezident seçkilərinin bütün namizədlər üçün bərabər şərait yaradılması ilə keçirilməsi (o zaman ABŞ-dan olan bir müşahidəçi KİV qarşısında bildirmişdi ki, kaş mənim müşahidə etdiyim bütün seçkilər bu qədər ədalətli keçiriləydi), sonra Konstitusiyaya bəzi dəyişiklik və əlavələrin edilməsi üçün keçirilən referendum və bələdiyyə seçkiləri beynəlxalq ictimaiyyətin bizə olan inam və etimadını qat-qat artırdı.
Dünyanın müxtəlif ölkələrini təmsil edən müşahidəçilər və ölkəmizin ictimai-siyasi həyatı ilə dərindən tanış olan ekspertlər Azərbaycanda seçki təcrübəsinin təkmilləşdirilməsinin bir neçə mühüm səbəbini göstərirlər. Onların fikrincə, bizdə seçki təcrübəsi ona görə təkmilləşir ki, əvvəla, bunu dövlət istəyir. Yəni Prezidentin bu məsələyə aid xüsusi iradəsi, qətiyyəti mövcuddur. Hətta, rusiyalı ekspert yazmışdı ki, Prezident İlham Əliyev seçki prosesinə müdaxilə etmiş icra başçısını vəzifədən kənarlaşdırmaq kimi ağır bir şəkildə cəzalandırmaqla gələcəkdə belə halların bir daha baş verməməsi üçün zəmin yaratdı. İkinci, Azərbaycanda seçki praktikası ona görə seçkidən-seçkiyə təkmilləşir ki, bunu xalq istəyir. Bu ölkədə əhalinin ictimai-siyasi proseslərə biganə qalmamaq istəyi yüksək səviyyədə təqdir olunmalıdır.
Üçüncü, Azərbaycan ona görə seçki qanunvericiliyini və təcrübəsini təkmilləşdirə bilir ki, bu ölkənin məhsulları beynəlxalq təşkilatların tövsiyələrindən, texniki yardımlarından bəhrələnməyi bacarır. Müştəbehlikdən və özünəqapanmaqdan uzaq olan Azərbaycan rəsmiləri dünya seçki təcrübəsini böyük maraqla öyrənir və bunu öz seçki proseslərinə tətbiq edirlər. Məhz bu maraq və diqqətin cavabıdır ki, beynəlxalq təşkilatların ekspertləri Azərbaycanda keçiriləcək seçkilərin təşkilatçıları ilə daha həvəslə işləyir, daha səmimi kömək edirlər. Bütün bunlar isə sivil, demokratik, dünyəvi dövlət quruculuğu kursu götürmüş Azərbaycanda cəmiyyətin durmadan demokratikləşdirilməsini təmin edir. Bir daha qeyd edək ki, bu fikirləri beynəlxalq müşahidəçilər və ekspertlər söyləyirlər. Onların fikrincə, noyabrda Azərbaycan daha bir seçki nümunəsi göstərəcək.
Bəli, Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilərin vaxtı elan ediləndən sonra bu siyasi kampaniyanın keçirilməsinə bilavasitə məsul olan Mərkəzi Seçki Komissiyası beynəlxalq təşkilatlarla birlikdə silsilə tədbirlər həyata keçirir. Belə bir sual yaranır: Bu hazırlıq tədbirlərinin məqsədi nədir? Axı, Azərbaycanda parlament seçkiləri birinci dəfə keçirilmir və seçki məsullarının mükəmməl təşkilatçılıq təcrübəsi var. Həmin sualın da bir cavabı var: bu Vətən və bu dövlət bizimdir. Burada istənilən ictimai-siyasi prosesdə hamının iştirakına nail olmaq, həmin proseslərin nöqsan və səhvlərdən uzaq olmasına çalışmaq da bizim borcumuzdur. Ötən seçkilərdə hansısa texniki səhvlərə yol verilibsə - yeri gəlmişkən, ötən parlament seçkisində əcnəbi müşahidəçilər seçici siyahılarının tam dəqiqləşdirilməməsi də daxil olmaqla bir neçə texniki səhv aşkar etmişdilər, - bu il həmin səhvlər buraxılmamalıdır. Yaxud ötən seçkilərdə bəzi icra strukturlarının seçki prosesinə müdaxiləsi qeydə alınmışdı (yuxarıda qeyd etdiyimiz kimi, həmin adamlar dövlət başçısı səviyyəsində cəzalandırılmışdır), kütləvi informasiya vasitələrinin bəzi nümayəndələri onlar üçün yaradılmış şəraitdən razı qalmamışdılar və sairə. Bütün bunların təkrar edilməməsi üçün Mərkəzi Seçki Komissiyası parlament seçkilərinə çox böyük hazırlıq və maarifləndirmə işlərini həyata keçirir. Özü də yuxarıda qeyd etdiyimiz kimi beynəlxalq təşkilatların dəstəyi və yaxından iştirakı ilə.
Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilər ərəfəsində öncə "Deputatlığa namizədlər üçün yaddaş kitabçası" adlı dəyərli bir çap məhsulunu ərsəyə gətirmişdir. Deputatlığa namizədin irəli sürülməsi, namizədin müdafiəsi üçün seçici imzalarının toplanması, namizədin qeydə alınması üçün sənədlərin təqdim edilməsi, namizədin dairə seçki komissiyası tərəfindən qeydə alınması və nəhayət, namizədin hüquq və vəzifələrini incə detallarla izah edən bu vəsait Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edən namizədlərin hamısına verilir. Burada çox maraqlı bir məqam vardır. "Namizədin vəzifələri" fəslinin ilk müddəası belədir: "Mətbuat azadlığına hörmət bəsləmək". İkinci müddəa da bilavasitə bu sahə ilə bağlıdır: "Öz peşə fəaliyyəti ilə məşğul olan kütləvi informasiya vasitələri nümayəndələrinin işinə mane olmamaq..." Bu qəbildən olan bir neçə müddəa vardır. Yəni Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən seçkiləri hamıdan əvvəl mətbuat vasitələri üçün açıq və əlçatan elan edir. Bu isə seçkinin şəffaf və ədalətli şəkildə keçirilməsi üçün zəmin yaradılmasıdır.
Başqa bir məqama diqqət yetirək. Son günlər oxuduğumuz "Xalq qəzeti", "Yeni Müsavat", "Azərbaycan" və "Azadlıq" qəzetlərində Mərkəzi Seçki Komissiyasının ATƏT-in Bakı ofisi ilə birlikdə ölkənin müxtəlif regionlarında - Gəncə, Lənkəran, Şirvan, Mingəçevir və sairə - seçkiyə hazırlıq və maarifləndirmə istiqamətində keçirdiyi tədbirlərdən söz açılır. Mövzular necədir? "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi", "Sərbəst toplaşmaq azadlığı və seçki kampaniyası" və sairə. Bütün bunlar isə ölkə əhalisinin 7 noyabr seçkilərinə olan maraq və inamını qat-qat artırmışdır. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mətbuat təmsilçiləri ilə görüşündə deyib ki, hələ seçkilərin birinci mərhələsidir, buna baxmayaraq 124 dairə üzrə artıq 722 nəfərin imza toplamaq üçün namizədliyi qeydə alınıb. Elə dairə var ki, orada 12 namizəd qeydə alınıb. Müşahidəçilərin sayı isə ötən seçkilərə nisbətən daha çox olacaq.
Ekspertlərin fikrincə, ölkə əhalisinin bu fəallığı seçkilərin ədalətli və şəffaf keçiriləcəyinə olan inamdan qaynaqlanır.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında