Media və seçkilər

Azərbaycan Mətbuat Şurasında "Media və seçkilər" və "Seçkilərin ədalətli və balanslı işıqlandırılması" adlı kitabçaların təqdimatı keçirildi. Bu nəşrlər Azərbaycan Mətbuat Şurasının Avropa Şurasının Azərbaycan nümayəndəliyi ilə birgə əməkdaşlığı çərçivəsində nəşr edilib.
Tədbiri açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, seçkilər hər bir xalq üçün taleyüklü məsələlərdəndir. Proses zamanı hər bir vətəndaş qrupunun üzərinə məsuliyyət düşür. Medianın və jurnalistlərin məsuliyyəti isə xüsusilə böyükdür. Onlar seçkinin gedişi, seçki komissiyalarının işi, namizədlərin platformaları, keçirdikləri görüşlər barədə cəmiyyəti operativ və obyektiv məlumatlandırmalı, tərəfsiz olmalıdırlar. Bu amil seçicilərin seçimini formalaşdırmaq baxımından vacibdir. Media qərəzsiz və obyektiv olmaqla sadə vətəndaşların yanılmalarına imkan verməməlidir.
Azərbaycanda kütləvi informasiya vasitələrinin seçkidə iştirakına dair qəbul edilən qanunvericilik aktları barədə məlumat verən Ə.Amaşov jurnalistlərin həmin sənədlərdə əksini tapan müddəalara riayət etməli olduqlarını vurğuladı. Lakin konkret situasiyalar var ki, bu zaman ön plana peşəkarlıq məsələləri çıxır. Şura sədri təqdimatı keçirilən kitabların əhəmiyyətini məhz bu cəhətdən dəyərləndirdi və onların ərsəyə gəlməsindəki roluna görə Avropa Şurasının Azərbaycan nümayəndəliyinə təşəkkürünü bildirdi: "Seçkinin işıqlandırılması ilə bağlı müxtəlif təlimatlar mövcuddur. Bütün bunlar öz yerində. Amma dəyişməyən bir neçə prinsip var: dəqiqlik, obyektivlik, tərəfsizlik və qərəssizlik. Jurnalistlərdən tələb olunan məhz bunlardır. Düşünürəm ki, KİV-lər qarşıdan gələn parlament seçkisində mövcud prinsiplərə önəm verəcək, hadisə və proseslərə münasibətdə həssas yanaşma tərzi nümayiş etdirəcəklər".
Avropa Şurasının Azərbaycandakı nümayəndəsi Veronika Kotek kitabların nəşrinin Azərbaycanda növbəti parlament seçkisinə dəstək üçün Avropa Şurasının Fəaliyyət Planı çərçivəsində reallaşdırıldığını bildirdi. Medianın cəmiyyətdəki yeri və roluna toxunun xanım Kotek bu məsələnin xüsusilə seçkilər zamanı özünü göstərdiyini vurğuladı: "Medianın rolu ona görə əhəmiyyətlidir ki, o seçicilərə namizədlər barədə məlumatları çatdırır. Bu, bir öhdəlikdir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində və digər sənədlərdə mövcud öhdəliklərdən kifayət qədər geniş söhbət açılır. Təcrübədə isə həmin vəzifələrin heç də həmişə yerinə yetirilmədiyinin şahidi oluruq. Kitablar mediaya məhz bu yöndə yardım göstərməyi nəzərdə tutur". V.Kotek Avropa Şurasının medianın seçkilərdə iştirakına dair qəbul etdiyi standartlar barədə də məlumat verdi.
MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnikşafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli jurnalistlərin seçkini işıqlandırmaları zamanı qarşılaşdıqları çətinliklərdən söhbət açdı. O, bu çətinliklərin əsasən KİV təmsilçilərinin seçki qanunvericiliyini bilməmələrindən irəli gəldiyini söylədi: "Obyektivliyin pozulmasında qanunvericiliyin tələblərinə riayət etməməyin rolu böyükdür. Təqdim olunan kitablar seçkinin qərəzsiz və tərəfsiz işıqlandırılması baxımından Azərbaycan jurnalistləri üçün gərəkli təcrübədir. KİV redaksiyalarının bu vəsaitlərlə yaxından tanış olmaları, ölkə qanunvericiliyi ilə yanaşı, kibatlarda yer alan tövsiyələrə əməl etmələri vacibdir".
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də kitabların jurnalistlərə çatdırılmasının əhəmiyyətindən danışdı: "Nəşrlərin elektron variantları ölkənin aparıcı jurnalist təşkilatlarının saytlarında yerləşdirilməlidir. Kitabın girişində görkəmli dövlət xadimi Bismarkın belə bir fikri yer alıb: insanlar heç vaxt ovdan sonra, müharibə zamanı və seçkidən qabaq danışdıqları qədər yalan danışmırlar. Media o qədər həssas fəaliyyət göstərməlidir ki, namizədlər seçicilərinə yalan danışmağa cürət etməsinlər. Bilsinlər ki, dedikləri hər bir kəlmə yaddaşlarda həkk olunur. Təqdimatı keçirilən kitablar KİV-lərin seçkiləri normal işıqlandırmasına kömək edəcək".
MŞ İdarə Heyətinin üzvlərindən - "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev və başqaları hər iki kitabın demokratik, ədalətli seçkilərə nail olmaqda medianın rolunun müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğuladılar. Onlar nəşrlərin KİV redaksiyalarına paylanmasının vacibliyini də qeyd etdilər.

{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında