(əvvəli ötən sayımızda)
{nl}
Böyük şəhərlərin nəqliyyatı və küçələri üçün xarakterik olan cəhətlərdən biri avtomobil tıxaclarıdır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları reallaşdıqca, ölkənin digər şəhərlərində, o cümlədən Gəncə və Sumqayıtda da tıxaclar müşahidə edilir. Tıxac avtomobillərin çox yavaş sürətlə, bəzən addım-addım hərəkət etdiyi və əyləcdən ən çox istifadə edilən yerdir. Eyni zamanda, tıxacda və işıqforların önündə tərpəniş olmadıqda tez-tez avtomobilin mühərrikini söndürüb, işə salma rejimindən də istifadə edirlər.
Avtomobillərin hərəkət rejimlərinin tez-tez dəyişməsi tullantıların tərkibinin və konsentrasiyasının sürətlə dəyişməsinə gətirir. Məsələn, yellənmə (razqon) rejimində azot oksidləri və dəm qazının ixracı kəskin artır, hətta ani məqamda 8-10 dəfə yüksəlir. Tıxacda çox aşağı sürətlə, yavaş-yavaş hərəkət etdikdə azot oksidləri və dəm qazı yüksək olur. Əyləcləmədə isə karbohidrogenlərin və dəm qazının ixracı kəskin səviyyəyə çatır, boş hərəkət rejimi ilə müqayisədə 10-12 dəfə yüksəlir və atmosferə tullanan zərərli maddələrin qat-qat çoxalmasına səbəb olur. Atmosferə atılan zəhərli tullantıların miqdarı karbüratorlu və dizel mühərrikli avtomobillərdə bəzi göstəricilər üzrə ciddi fərqlənir. Məsələn, dəm qazı karbüratorluda 2 dəfə dizeldən çoxdur, kükürd oksidi (SO2) dizeldə 10 dəfə çoxdur, mürəkkəb tərkibli zəhərli maddə olan qurum dizeldə 20-25 dəfə çoxdur.
Avtomobillərin tullantılarının və zərərliliyin azaldılmasının texniki, təşkilati, sosial və hüquqi yollarını formalaşdırmaq mümkündür. Texniki məsələlərin əsasında avtomobil, taraktor və digər yerüstü nəqliyyat vasitələrinin mühərriklərinin "Avro-5" və ondan yüksək standartlara cavab verən layihələrinin və modellərinin hazırlanması durur. Ölkəmiz hələlik belə güclü və geniş spektrli avtomobil istehsalçısı olmadığından tullantıların azaldılmasının digər yollarına daha çox önəm verilməlidir.
BİRİNCİ- avtomobil nəqliyyatında iri həcmdə yanacaq sərf edildiyi nəzərə alınaraq onun azaldılmasına maraq yaradılması stimullaşdırılmalıdır. Uğurlu təşkilatçılıq etməklə az güclü mühərriklərin tətbiqinə üstünlük verilməlidir. Yəni mühərrikinin gücü kiçik, hər yüz kilometrə az miqdarda yanacaq işlədən avtomobillərdən istifadəyə keçilməlidir. Burada bir paralel gətirmək məqsədəuyğundur.
Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkədə əhalinin iqtisadi vəziyyəti getdikcə yaxşılaşır. Statistik məlumatlara görə, respublika üzrə hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin sayı 2000-ci ilə nisbətən 2008-ci ildə 50 faiz, Bakı şəhərində isə bu göstərici uyğun olaraq 3 dəfədən çox artmışdır. Gəncədə 2 dəfə, Sumqayıtda 100 faiz artım müşahidə olunur. Son vaxtlar müşahidə olunan başqa bir tendensiya daha ciddi maraq doğurur. Ölkə ərazisində, rayonlar da daxil olmaqla çox güclü mühərrikli (silindirlərin həcmi, sm3-la), iri qabaritli minik avtomobillərinin (ciplərin) sayı böyük sürətlə artır. Mühərrikin gücü, litrajı artdıqca hər 100 km yürüşə sərf edilən yanacağın miqdarı artır və nəticədə atmosferə atılan zəhərli tullantılar çoxalır.
Ölkəmizə gətirilən çox litrajlı avtomobillərin istehsal edildiyi xarici ölkələrdə isə hazırda daha az litrajlı və kiçik qabaritli avtomobillərə üstünlük verirlər. Bunun müsbət tərəfi birinci növbədə, ekoloji mühitin yaxşılaşdırılmasına yönəlmişdir. İkincisi iqtisadi cəhətdən avtomobil sahibinə əlverişlidir. Çox güclü maşınlara nisbətən ucuzdur və yanacaq sərfi çox azdır. Stimullaşdırmanın iqtisadi və sosial maraqları buradadır.
İKİNCİ- işlənmiş qazların tərkibində karbohidrogenlərin miqdarını dəfələrlə azaltmağa imkan verən daha ucuz neft qazlarından və daha yüksək keyfiyyətli yanacaqlardan istifadə edilməsidir. Narahatçılıq doğuran məqamlardan biri də texniki cəhətdən standartlara onsuz da cavab verməyən avtomobillərə keyfiyyətsiz yanacaqların doldurulmasıdır. İddia etmək olmaz ki, ölkəmizdə standartlara uyğun yanacaq istehsal edilmir. Lakin mineral xammalın çıxarılmasından tutmuş, yanacaq istehsalı və istifadə edilməsi zəncirində texnologiyalarda və normativlərdə yol verilən xətalar son nəticədə işlənmiş qazların tərkibində zərərli maddələrin artması ilə özünü büruzə verir. Yanacaqdoldurma məntəqələrində təklif edilən yanacaqların tərkibinə qoyulan tələblər sərtləşdirilməli və daha ciddi tədbirlər görülməlidir. Bu məsələdə Respublika Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin həyata keçirdiyi təşkilati tədbirlər əhəmiyyətlidir. Ekologiya ilində bu tədbirlər sistemli və ardıcıl aparılmalı və qoyulan tələblərin ödənilməsinə nail olunmalıdır. Yanacağın səmərəli şəkildə kükürd və digər qarışıqlardan təmizlənməsinə və yüksək oktan ədədli benzinlərdən, qurğuşunu olmayan benzinlərdən istifadə edilməsinə üstünlük verilməlidir. İşlənmiş qazların təmizlənməsi sistemlərindən, mövcud təcrübədə olan katalitik konventerlərdən istifadə edilməlidir. Katalitik konverter - avtomobillərin ixrac sisteminin quruluşu olub, işlənmiş qazların tərkibindəki zəhərli qazları kimyəvi reaksiya yolu ilə zərərsizləşdirən qurğudur.
ÜÇÜNCÜ- təşkilati tədbirlər sırasına ölkədə istifadə edilən avtomobil parklarında "texniki baxış" sisteminin effektiv işləməsinin təşkil edilməsi aid edilə bilər. Avtomobil parklarında, xüsusi ilə şəxsi avtomobillər arasında uzun illər istismarda olan avtomobillərin xüsusi çəkisi çoxluq təşkil edir. Digər tərəfdən, çox vacib olan texniki baxış prosedurları vaxtında və lazımi səviyyədə aparılmır.
Hətta belə kompleks sistemlərlə təchiz edilmiş avtomobil hərəkətin ilk dəqiqələrində, mühərrik işçi temperaturadək qızmadığı üçün, katalizator işləmədiyindən avtomobilin qaz ixracı yüksək olur. Odur ki, hazırda texnoloqlar, məhz avtomobilin hərəkət tsiklinin bu hissəsinə diqqəti artırırlar. Artıq avtomobilin 500 metr ilk yolunda katalizatorun işə düşməsinə nail olunmuşdur. Belə konstruksiyaların tətbiqinə önəm verilməlidir, nəinki, avtomobilin texniki parametrlərini yaxşılaşdırmayan, zahiri yaraşıq verən əşya və avadanlıqlara.
DÖRDÜNCÜ- nəqliyyat vasitələri sırasında ekoloji cəhətdən əlverişli sayılan elektrik nəqliyyatından istifadə edilir. Avropada şəhər sərnişin daşımalarının 75 faizi şəxsi avtomobillərin, 1,5 faizi velosipedin, 1 faizi isə elektrik nəqliyyatının - tramvay və metronun payına düşür. Ölkəmizdə vaxtilə elektrik nəqliyyat növü olan tramvay və trolleybus böyük xüsusi çəkiyə malik idi. 2000-ci ildən sonra müxtəlif səbəblərdən ənənəvi nəqliyyat növü olan tramvay ölkəmizdə ləğv edilmişdir. Halbuki, bu nəqliyyat Bakı, Gəncə kimi iri şəhərlərdə qədimliyin, tarixiliyin bir nümunəsi kimi şəhərə yaraşıq verirdi. Təsadüfi deyil ki, 1995-ci ildə tramvay və trolleybuslar sərnişin daşımanın 3,8 faizini yerinə yetirirdi. Nəzərə alsaq ki, 1995-ci illə müqayisədə ölkədə sərnişin daşıma 58,3 faiz yüksəlmişdir və bunun 84,17 faizi avtomobillərin vasitəsi ilə yerinə yetirilir, elektrik-nəqliyyat vasitələrinə artan tələbatı görmək olar. Ölkə üzrə sərnişin daşımanın 75,6 faizi şəhərdaxili nəqliyyat növlərinin hesabına yerinə yetirilir. Sərnişin daşımanın son 10 ildə 60 faizədək artım tempi onu göstərir ki, əsas nəqliyyat vasitələri olan ictimai nəqliyyat növlərinə- avtobuslara, trolleybuslara və tramvaylara üstünlük verilməlidir.
Bu istiqamətdə pozitiv xarakterli tədbirlər sırasına nəqliyyat axınının səlis hərəkətini təmin etmək üçün yol örtüyünün yaxşılaşdırılması, şəhərlərdə sərnişindaşımalarda ictimai nəqliyyat növlərinin xüsusi çəkisinin artırılması, nəqliyyat axınlarının səmərəli planlaşdırılması, 3 nəfərdən çox sərnişini olan nəqliyyat vasitələrinin (HOV sistemi) hərəkəti üçün xüsusi zolaqdan istifadə edilməsi, ətraf mühitin çirklənməsinə dair mövcud standartlara əməl edilməsinin ciddiləşdirilməsi və s. aid edilir. HOV sistemi artıq yüklənmiş nəqliyyat vasitələri deməkdir. ABŞ-ın Luiziana ştatında HOV sisteminin tətbiqi üzrə aparılmış təcrübə göstərir ki, yolun digər zolaqlarında orta sürət aşağı düşmüş, nəticədə karbohidrogen tullantıları artmış, turşuların miqdarı azalmışdır. Odur ki, yol planlaşdırılmasında və idarə edilməsində ətraf mühitə təsir edən bütün amillər nəzərə alınmalıdır.
İri şəhərlər üçün xarakterik olan cəhətlərdən biri iş saatlarında ən çox yüklənən küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyətlərin qoyulmasıdır. Digər mühüm bir amil şəxsi avtomobillərdən şəhərdaxili, yaxın məsafələrə gediş- gəlişin azaldılmasıdır. İctimai nəqliyyatdan istifadə etməklə çox tez başagələn bir işin dalınca, şəxsi avtomobillə gedib, saatlarla tıxacda durmaq, heç də sakinlərimiz üçün sərfəli deyil. Bu sosioloji problem haqqında düşünməyə dəyər. Avropada tətbiq edilən Avro standartları konkret normativlər nəzərdə tutur. Bu standartlar zəhərliliyi və kəmiyyət göstəricilərini müəyyənləşdirir. Məsələn, "Avro-3" standartına görə tullantılar CH- 0,2 q/km, CO-2,3 q/km və NOx- 0,15 q/km həddində olmalıdır. "Avro-4" standartında daha ciddi normalar müəyyənləşdirir. Belə ki, CH -0,1 q/km, CO-1,2 q/km, NOx isə 0,08 q/km həddində olmalıdır.
Bakı şəhərində bu məqsədlə iri tonnajlı nəqliyyat vasitələrinin şəhəri kənardan keçməsinə imkan verən dairəvi yolların inşası ekologiyanın qorunması baxımından əhəmiyyətli tədbir hesab edilir. Respublika Nəqliyyat Nazirliyinin müvafiq strukturlarının bu istiqamətdə həyata keçirdiyi ardıcıl, kompleks, bir-birini tamamlayan layihələri qarşıya qoyulmuş vəzifələrin icrasına yönəldilmiş tədbirlərdir.
BEŞİNCİ- əsas diqqət çəkən məsələlərdən biri alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsidir. Çünki alternativ enerji növlərinin tətbiqi atmosferə atılan dəm qazını azaltmağa yönəlmiş adekvat yollardan biridir. Bu prosesdə ekologiyaya ənənəvi yanacaqdan az səviyyədə təsir edən növlərə üstünlük verilməlidir. İri şəhərlərdə elektrik enerjisindən başqa alternativ yanacaq növlərindən etanol, metanol və təbii qazdan istifadə maraq doğurur. Nəzəri olaraq nəqliyyat vasitələrində yanacaq kimi hidrogendən (H2) istifadə edilməsi ekoloji cəhətdən ən təmiz yanacaq növü sayılır. Doğrudur, hidrogenin yanacaq kimi istifadə edilməsi onun istehsalı üçün xərclərin həddindən çox olması və daha az energetik dəyərə malik olması kimi ciddi problemlər yaradır. Amma ekoloji vəziyyəti son dərəcə ciddi olan ölkələrdə bundan istifadə qaçılmaz olacaqdır.
ALTINCI- hüquqi tənzimləmə məsələlərinə gəlincə, yəqin ki, avtomobil nəqliyyatı tərəfindən atmosfer havasının çirklənməsinə qoyulan məhdudiyyətləri hüquqi tənzimləyən, ölkənin heç olmasa, iri şəhərlərində avtomobillərin istismarda olma müddətini məhdudlaşdıran, eyni zamanda müvafiq normativ-texniki sənədləri özündə ehtiva edən qanun layihəsinin qəbul edilməsi günün vacib tələblərindən biridir.
Dövlət başçısı cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yüksək səviyyədə və vaxtında yerinə yetirilməsi ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşmasına, insanların sağlamlığının qorunmasına dövlətin və iqtidarın diqqət və qayğısının canlı təzahürüdür. Bu yolda hər bir vətəndaşımızdan fəal həyat mövqeyində olmağı, ölkəmizin daha qüdrətli olmasına öz töhfəsini verməsini arzulayırıq.
İsrafil İSMAYILOV, Azərbaycan Dövlət Aqrar Universitetinin Maşınların istismarı və yerüstü nəqliyyat vasitələri kafedrasının professoru, texnika elmləri doktoru
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.