Əsası 1990-cı illərin əvvəllərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Silahlı Qüvvələrimizin həyatında az qala hər günü yeni bir uğurun başlanğıcı kimi dəyərləndirmək olar. Ölkənin müdafiə qüdrətinin yüksəldilməsində qeydə alınan bütün irəliləyişlərin arxasında, heç şübhəsiz, gecəli-gündüzlü ağır və ardıcıl insan əməyi dayanır.
Silahlı Qüvvələrimizi hər bir azərbaycanlının güvənc və iftixar mənbəyinə çevirən əsas amilin arxasında isə əsası məhz 1990-cı illərin əvvəllərində qoyulan mühüm prinsiplərin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Bu sahədə ölkənin milli maraqlarından irəli gələn prinsiplərə xüsusi önəm verilməsi Azərbaycan ordusunu, sözün həqiqi mənasında, regionun ən qüdrətli silahlı qurumuna çevirmişdir. Bu il iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların hərbi hissə və bölmələrinin birgə əməliyyat-taktiki təlimindən sonrakı çıxışında bu məsələyə toxunaraq demişdir: "Azərbaycan gələcəyə nikbinliklə baxan ölkədir, öz iqtisadi qüdrətini artırır. Mən şübhə etmirəm ki, biz həm iqtisadi, həm sosial, həm bütün siyasi məsələlərdə məqsədimizə nail olacağıq. Məqsədimiz ondan ibarətdir ki, ölkənin müstəqilliyini daha da gücləndirək, Azərbaycanın müstəqil siyasətini təmin edək, ölkə qarşısında duran bütün vəzifələri həll edək. Bu vəzifələrin arasında ən vacib, ən birinci vəzifə torpaqlarımızı işğalçılardan azad etmək vəzifəsidir".
Yeri gəlmişkən, Azərbaycan Respublikasına qarşı yönələn silahlı təcavüzün dəf edilməsi məqsədilə müxtəlif güc strukturlarının birgə fəaliyyətinin planlaşdırılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi mövzusu üzrə keçirilən bu irimiqyaslı birgə əməliyyat-taktiki təliminə ümumilikdə 4 mindən çox şəxsi heyət və çoxlu miqdarda hərbi texnika cəlb edilmişdi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin taktiki döyüş tətbiqini əhatə edən təlimin əsas mərhələsini izlədikdən sonra hərbi qulluqçuların qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirdiklərini və yüksək peşəkarlıq nümayiş etdirdiklərini dilə gətirmişdir.
Bütün bunların arxasında ilk növbədə dövlətin ordu quruculuğu sahəsinə böyük önəm verməsi dayanır. Müvafiq istiqamətə göstərilən və gündən-günə artırılan diqqət və qayğını Silahlı Qüvvələrimizin həyatında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirmək olar. Bu mənada ölkə başçısı tərəfindən cari ilin 18 may tarixində təsdiq olunmaq üçün Milli Məclisə təqdim olunan və iyunun 8-də ölkə Parlamentinin təsdiq etdiyi müstəqil Azərbaycanın ilk hərbi doktrinasını xüsusi qeyd etmək yerinə düşər. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatı strategiyasının tərkib hissəsi olan bu tarixi sənəd bütövlükdə Azərbaycanın hüquq və mənafelərinin müxtəlif təhdidlərdən qorunmasına yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirir. Ümumiyyətlə, ötən illər ərzində Silahlı Qüvvələrimizin hüquqi bazasını daha da təkmilləşdirən bir sıra mühüm addımlar atılmışdır ki, bu da ölkənin müdafiə qüdrətinin gücləndirilməsində əsas baza rolunu oynamışdır. Bundan əlavə, Milli Məclisin iyunun 18-də keçirilən növbədənkənar sessiyasında müdafiə və təhlükəsizlik xərclərinin 400 milyon manat artırılması Silahlı Qüvvələrin qarşısında yeni imkanlar açmışdır. Bu isə öz növbəsində ordumuzun müasir silah-sursat və hərbi texnika ilə təminatı istiqamətində yeni uğurların əldə olunmasına gətirib çıxarmışdır. Nəticədə 2010-cu ilin bütün hərbi xərcləri Azərbaycanda 2 milyard 150 milyon dollara bərabər olmuşdur ki, bu da Ermənistanın bütün dövlət büdcəsindən artıqdır.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi uğurlardan danışarkən onun beynəlxalq əlaqələri xüsusi vurğulanmalıdır. Son illər ordumuzun NATO üzvü və tərəfdaş dövlətlərin, həmçinin, Müstəqil Dövlətlər Birliyi və bəzi Şərq dövlətlərinin silahlı qüvvələri ilə əməkdaşlığı daha da genişlənmişdir. Azərbaycan NATO ilə əməkdaşlığını "Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı" çərçivəsində bu gün də uğurla davam etdirilir. Hər il Silahlı Qüvvələrimizin hərbi qulluqçuları NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində, eləcə də ayrı-ayrı ölkələrlə ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində müxtəlif xarici dil və ixtisas kursları, seminar, konfrans, işçi görüşləri, təlimlər və digər tədbirlərdə iştirak edirlər. Azərbaycan Respublikası dünyanın 27 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalamışdır. Hazırda daha 27 ölkə ilə analoji saziş layihələrinin imzalanması istiqamətində ciddi iş aparılır. Silahlı Qüvvələrimizin antiterror koalisiyasında iştirak etməsi beynəlxalq təhlükəsizliyin təminatında mühüm hadisədir. Sevindirici haldır ki, Silahlı Qüvvələrimizin sülhməramlı əməliyyatlarda iştirakı beynəlxalq koalisiya qüvvələrinin ali komandanlıqları tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Bu barədə Müdafiə Nazirliyinin ünvanına vaxtaşırı daxil olan təşəkkür məktublarında Azərbaycan hərbi qulluqçularının yüksək döyüş hazırlığından, nizam-intizamından ətraflı söz açılır.
Ümumiyyətlə, cari ildə Silahlı Qüvvələrin inkişafı və təkmilləşdirilməsi istiqamətində yeni keyfiyyət göstəricilərinə nail olunmuşdur. Ən ümdəsi isə, birinci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiənin təmin olunması üçün ciddi tədbirlər həyata keçirilmiş, müdafiə sistemi təkmilləşdirilmiş, qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılmışdır. Silahlı Qüvvələrin idarə edilməsi sisteminin kompleks şəkildə, bütün səviyyələrdə təkmilləşdirilməsi məqsədilə vahid idarəetmə, nəzarət, rabitə və avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiq olunması isə görülən işin effektini ikiqat artırmışdır. Silahlı Qüvvələrin döyüş təminatında müasir tələblərə cavab verən yeni silah-sursatın və hərbi texnikaların tətbiqi qoşunların döyüş hazırlığı istiqamətində əsaslı dönüş yaratmışdır. Təkcə onu demək kifayətdir ki, 2009-cu ildə Silahlı Qüvvələrin istifadəsinə təxminən 1 milyard ABŞ dollarından artıq dəyərdə silah və texnika verilmişdir. Ümumiyyətlə, digər illərdə olduğu kimi, cari tədris ilində də birlik və birləşmələrin 70-dək komanda-qərargah təlimi keçirilmişdir ki, bu da öz növbəsində ordumuzun döyüş hazırlığını daha da artırmışdır. Bütün qoşun növlərini əhatə edən bu təlimlərdə şəxsi heyət öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir.
Ötən müddət ərzində hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm addımlar atılmışdır. Bu il iyunun 23-də "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncam ordu mənsublarının döyüş ruhunu daha da artırmışdır. Bu sərəncama əsasən xidməti mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçular üçün xidməti yaşayış evlərinin tikintisinə 5 milyon manat məbləğində vəsait ayrılmışdır ki, bu da hərbçilərimizin yaşayış sahəsi ilə bağlı qarşılaşdıqları problemləri, demək olar ki, tamamilə aradan qaldıracaqdır.
Silahlı Qüvvələr quruculuğunun dövlət rəhbəri səviyyəsində prioritet elan olunması və bu sahəyə yönələn diqqət və qayğının gündən-günə artırılması hərbi qulluqçuların üzərinə böyük vəzifələr qoyur. Bu vəzifələrin əsasında isə ilk növbədə ölkənin ərazi bütövlüyünün təmin olunması dayanır. Xalqın inam və güvənc yerinə çevrilən ordumuz, heç şübhəsiz, bu etimadı doğruldacaq və qarşısında dayanan tarixi vəzifənin öhdəsindən layiqincə gələcək.{nl}
İbrahim RÜSTƏMOV əməkdar jurnalist
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.