Şriftin ölçüsü:
22.09.2010 00:13 | Oxunma sayı: 368
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, son bir ay ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbaycana, buradan isə Rusiya ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan 9 nəfər ifşa olunaraq yaxalanmış, onlardan ümumilikdə 274 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülmüş, faktlar üzrə 4 cinayət işi başlanılmışdır.
Milli Təhlükəsizlik Nazirliyinin müvafiq, eləcə də aidiyyəti xarici tərəfdaş strukturları ilə ümumi bəla olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı səmərəli əməkdaşlığı sayəsində xüsusi hazırlanan və həyata keçirilən əməliyyatlar uğurla nəticələnmiş, bu hüquqazidd əməlləri törətmiş şəxslər ifşa olunaraq, onlardan külli miqdarda narkotik vasitələr götürülmüşdür.
Belə ki, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən birgə keçirilən razılaşdırılmış əməliyyat tədbirləri nəticəsində İran-Azərbaycan-Rusiya marşrutu ilə narkotik vasitələrin daşınmasının qarşısı alınmış, Rusiya Federasiyasının vətəndaşı Səfərov Bayram Şəmistan oğlu Sankt-Peterburq şəhərində yaxalanmış, ondan 60 kiloqram həşiş aşkar edilərək götürülmüşdür.
Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən birgə keçirilmiş digər əməliyyat tədbiri nəticəsində İran-Azərbaycan-Rusiya marşrutu üzrə narkotik vasitələrin daşınması ilə məşğul olan Rusiya vətəndaşları - İbrahimov Rüstəm İsmayıl oğlu və Donçov Maksim Sergeyeviç Rusiyanın İvanovo vilayətinin Rodniki şəhərində yaxalanmış, onlardan 48 kiloqram 295 qram həşiş aşkar edilərək götürülmüşdür.
Qeyd olunan zaman kəsiyində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən ardıcıl olaraq daha bir neçə əməliyyat tədbiri həyata keçirilmişdir. Belə ki, İran-Azərbaycan-Rusiya marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Məmmədov Füzuli İman oğlu və Məmmədov Zaur Qadir oğlu saxlanılmış, sonuncunun Astara rayonu Qapçıməhəllə kəndindəki evinə keçirilmiş baxış nəticəsində 33 kiloqram 918.7 qram həşiş aşkarlanaraq götürülmüşdür. Müəyyən edilmişdir ki, əvvəlcədən əldə olunmuş razılığa əsasən, hazırda şəxsiyyəti istintaqla araşdırılan bir nəfər İran İslam Respublikasının vətəndaşı həmin narkotik vasitələri qaçaq yolla İrandan Azərbaycan Respublikasının ərazisinə keçirmiş və Astara rayonundakı İstisu adlanan yerdə Zaur Məmmədova təhvil vermişdir. Bundan sonra, Zaur Məmmədov və əmisi Füzuli Məmmədov narkotik vasitələri sonuncunun idarə etdiyi "VAZ -2106" markalı avtomaşınla daşımış və gizlətmişlər.
Həyata keçirilmiş növbəti əməliyyat tədbiri nəticəsində İran-Azərbaycan-Rusiya marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşları - Əliyev Rəşad Əli oğlu, Məmmədov Salman Həmid oğlu, Bağırov Gəray Məmmədəli oğlu və Bağırov Anar Gəray oğlu yaxalanmış, onlardan 131 kiloqram 888,3 qram həşiş götürülmüşdür.
Müəyyən edilmişdir ki, Rəşad Əliyev, Gəray Bağırov, Anar Bağırov, Salman Məmmədov və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında İran İslam Respublikası istiqamətindən satış məqsədi ilə külli miqdarda həşiş qətranını gömrük sərhədindən gömrük nəzarətindən kənarda keçirərək Azərbaycana gətirmiş, qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışlar.
Qrupun üzvləri həmin narkotik vasitənin bir hissəsini, yəni 36 kiloqramını xüsusi qaydada mühərrik yağı üçün nəzərdə tutulan 2 ədəd plastmas qaba yerləşdirmiş və həmin qabların Gəray Bağırovun vasitəsilə Moskva şəhərinə göndərilməsinə cəhd göstərmişlər. Keçirilmiş əməliyyat tədbirləri ilə Gəray Bağırov, Anar Bağırov, Salman Məmmədov və Rəşad Əliyev saxlanılmış, sonuncunun idarə etdiyi "Hyundai" markalı avtomaşına baxış nəticəsində mühərrik yağı üçün nəzərdə tutulan 2 ədəd plastmas qabın içərisində gizlədilmiş 36 kiloqram həşiş qətranı aşkar edilmişdir. Rəşad Əliyevin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Muxtadır küçəsi, 33 saylı evə keçirilmiş baxış zamanı isə oradan qrupa məxsus 95 kiloqram 888,3 qram həşiş qətranı aşkar edilərək götürülmüşdür.
Bütün faktlar üzrə cinayət işləri başlanılmış, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.