Azərbaycan 2015-ci ilədək Minilliyin İnkişaf Məqsədlərinin tam və səmərəli şəkildə həyata keçirilməsinə sadiqdir

Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlaması və bunun nəticəsində ölkədə 1 milyona yaxın qaçqın və məcburi köçkünün olmasına baxmayaraq Azərbaycan 2015-ci ilədək Minilliyin İnkişaf Məqsədlərinin (MİM) tam və səmərəli şəkildə həyata keçirilməsinə sadiqdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, bu sözləri sentyabrın 21-də Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov Nyu-Yorkda keçirilmiş BMT-nin MİM-in Yüksək Səviyyəli plenar iclasındakı çıxışında demişdir.
E.Məmmədyarov Azərbaycanda yoxsulluğun aradan qaldırılması məqsədi ilə hökumətin siyasi iradə nümayiş etdirdiyini, bu istiqamətdə ciddi addımlar atdığını vurğulamışdır. Nazir bunun yoxsulluğun azaldılması üzrə Dövlət Proqramına dair MİM-in hesabatında göstərildiyini qeyd etmiş, 2008-2015-ci illər üçün nəzərdə tutulmuş yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə yeni Dövlət Proqramında da öz əksini tapdığını bəyan etmişdir. Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bildirmişdir ki, proqramın əsas məqsədi davamlı iqtisadi inkişafın təmin edilməsi, yoxsulluğun azaldılması, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, səhiyyə və təhsil xidmətlərindən bərabər şəkildə yararlanması, ətraf mühitə davamlı nəzarətin həyata keçirilməsi, gender bərabərliyinin təmin edilməsidir.
Bundan əlavə, E.Məmmədyarov Azərbaycanın məktəblərində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən islahatlara başlandığını qeyd etmişdir. Nazir Azərbaycanda qadınların orta və ali təhsillə təmin edilmələri, məvacib bərabərliyi, qərar qəbul etmə proseslərinə onların geniş cəlb olunmalarının MİM-in məqsədlərinə çatmaqda mühüm məsələlərin olduğuna inandığını bildirmişdir. Azərbaycan hökumətinin 2015-ci ilədək uşaq və ana ölümü səviyyəsini yarıyadək endirməyi qarşısına məqsəd qoyduğunu vurğulayaraq, bu sahədə artıq ciddi tədbirlərin görüldüyünü demişdir.
Nazir, həmçinin Azərbaycanda 2004-2008-ci illər üçün nəzərdə tutulmuş ana və uşaqların sağlamlığının qorunması üzrə dövlət proqramları, sağlam artım üzrə milli strategiya, regionlarda sosial və iqtisadi inkişaf proqramlarının qəbul olunduğunu və bunun sayəsində uşaqların ölüm səviyyəsinin son beş ildə 3,1 faiz endiyini qeyd etmişdir. Azərbaycanda QİÇS-in geniş vüsət almasının qarşısının alındığını və malyariyanın aradan qaldırıldığını bildirmişdir. Nazir Milli QİÇS Mərkəzinin yaradılmasından sonra əhalinin QİÇS-ə qarşı tədbirlərinin daha da gücləndiyini, həmçinin vərəm xəstəliyinin qarşısının alınması və müalicəsində böyük irəliləyişin olduğunu vurğulamışdır.
Çıxışın sonunda nazir bu plenar iclasın BMT-nin inkişaf proqramlarının həyata keçirilməsi, həmçinin bütün insanların daha yaxşı gələcəklə təmin edilməsi naminə üzv dövlətlərin səylərinin səfərbər olmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında