Səyyar qəbul varsa, təklif də var

Qazax Rayon İcra Hakimiyyəti başçısının yerlərdə keçirdiyi görüşlər sosial məsələlərin həllində mühüm əhəmiyyət kəsb edir
Son illər Qazax rayonu çox inkişaf edib. Yeni park və xiyabanlar, körpülər salınıb, müasir sosial obyektlər tikilib. Abadlıq-quruculuq işləri rayonun simasını kökündən dəyişib. Xüsusilə adamların sosial problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirilir. Qaz, elektrik enerjisi, su, yolların salınması və sair bu kimi məsələlərlə yerli icra orqanları daha yaxından məşğul olmağa başlayıblar. Artıq 2004-cü ildən başlayaraq əhali 24 saat ərzində fasiləsiz elektrik enerjisi alır. Rayonun əksər kəndlərinə təbii qaz xətləri çəkilmişdir və bu iş davam etdirilir.
Qeyd etmək lazımdır ki, rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin əhali ilə sıx əlaqə saxlaması, onların problemlərinin öyrənilməsi, təkliflərinin həyata keçirilməsi istiqamətində konkret addımlar atması məhz yuxarıda sadalanan işlərin görülməsində mühüm rol oynayır.
Qazaxın sərhəd kəndlərinə diqqət və qayğı xeyli artırılmışdır. Rayonun 11 kəndi Ermənistanla həmsərhəddir. Bu kəndlərdən 5-i - Məzəm, Quşçu Ayrım, Fərəhli, Bala Cəfərli və Böyük Cəfərli, xüsusilə, çətin vəziyyətdədir. Daim güllə-boran altında yaşayan əhalinin bu gün də əkinlə-biçinlə məşğul olması, öz doğma yurdlarını tərk etməməsi, yeri gələndə düşmənə layiqli cavab verməsi ölkə rəhbərliyi tərəfindən onlara göstərilən böyük diqqət və qayğının nəticəsidir. Digər tərəfdən, rayon icra hakimiyyəti bu kəndlərin sakinləri ilə müntəzəm görüşlər keçirir, onların arzu və təkliflərini öyrənir, köməklik göstərir. İcra hakimiyyəti başçısının kəndlərdə təşkil olunan səyyar qəbulları ümumi problemlərin həllində mühüm rol oynayır. Hələ bir neçə il qabaq Məzəm kəndinə rayon icra hakimiyyəti başçısının təmənnasız olaraq kombayn alıb verməsini, Cəfərli kəndinə "UAZ" markalı maşını təmir etdirib onların istifadəsinə verməsini kənd sakinləri çox böyük razılıqla bu gün də danışırlar. Fərəhli kəndində məktəb tikilməsi, bulaq çəkilməsi, yeni ATS quraşdırılması, yol salınması və sair işlər məhz bu görüşlərdən, səyyar qəbullardan sonra baş verməmişdir.
Rayon icra hakimiyyətinin başçısı Rauf Hüseynovla bu barədə söhbət edərkən dedi:
- Daim düşmənlə üzbəüz dayanmağın özü elə bir qəhrəmanlıqdır. Ona görə də rayonda bu kəndlərə kömək göstərməkdən söhbət düşəndə heç kim biganə qalmır. Adamlar ölkə Prezidenti cənab İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğıdan hədsiz razıdırlar və bunu yüksək qiymətləndirirlər. O ki qaldı səyyar qəbullara, biz bu işə olduqca həssas yanaşmağa çalışırıq.
Hər hansı bir iş üçün ucqar bir kənddən rayon mərkəzinə gəlmək asan məsələ deyil. Buna görə də yerlərdə görüşlərin keçirilməsi olduqca vacibdir. Problemin yerində həll olunması bizim üçün başlıca şərtdir. Hər bir kəndin, onun sakinlərinin dərdi-sərini özlərindən başqa heç kim dərindən bilə bilməz. Rayon mərkəzindən göstərişlə, telefonla məsələ həll etmək olmaz. Bunun üçün adamların yanında olmalısan, ev-eşiyinə baş çəkməlisən, xırdalıqları öyrənməlisən və bundan sonra konkret qərar vermək mümkündür...
Başçı ilə söhbətdən bu qənaətə gəldik ki, səyyar qəbullar regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının hazırlanmasında da mühüm rol oynayıb. Qəbullarda qaldırılan məsələlər, təkliflər rayon icra hakimiyyətində öyrənilir, ümumiləşdirilir, Prezident Administrasiyasına və digər müvafiq təşkilatlara göndərilir. Hər bir təklif ciddi nəzarətə götürülür. Onun icrası yoxlanılır, nəticəsi barədə məlumat verilir. Məsələn, bu ilin birinci yarısında başçı yerlərdə 29 səyyar görüş keçirib. Bu görüşlərdə irəli sürülən 51 təklifdən bu günədək 39-u icra olunub, 5-də işlər davam etdirilir və 7 təkliflə bağlı aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırılmışdır.
Təkliflərin və bununla bağlı icra olunan işlərin bir neçəsinə nəzər salaq. Bu ilin yanvarın 6-da Aşağı Salahlı kəndində sakinlər Zenfira Nəsibova, İlham Nəbiyev, Mahmud Mirzəyev və başqalarının təklifləri əsasında kəndarası yolların qırlanması, örüş sahəsinə gedən yolda körpünün təmiri, suvarma arxının lazımi qaydaya salınması işləri icra olunmuşdur. Yaxud, aprelin 4-də Quşçu Ayrım kəndində görüş zamanı Dürrə Allahverdiyeva, Rasim Vəliyev və başqaları 7 evə qaz çəkilməsini, Məzəm kəndindən Quşçu Ayrım kəndinə gedən yolun təmirini xahiş etmişdilər. Artıq bu təklif də icra olunmuşdur. Qarapapaq kəndindəki müalicəvi əhəmiyyətli "Ağbulaq" bulaq kompleksinin təmiri də bu görüşlərdən sonra qısa müddətdə həyata keçirilmişdir.
Görülən işlər çoxdur və onların hamısını sadalamaq mümkün də deyil. Əslində təkcə bu ilin 6 ayı ərzində səyyar qəbullar zamanı səsləndirilən təkliflərin artıq əksəriyyətinin icra olunması onu göstərir ki, işlərə nəzarət güclüdür və hər bir təşkilat, hər bir vəzifəli şəxs məsuliyyət hiss edir.
Rayon icra hakimiyyəti başçısının görüşü təkcə hansısa bir klubda və ya mədəniyyət evində keçirilmir. Çox zaman açıq havada, hətta beş-on nəfərin başçını dövrləməsi ilə səmərəli bir görüş alınır. Rəsmiyyətçilik arxa plana keçir. Bəzən də kənd ağsaqqalları, ziyalılarla bir stəkan çay içməklə qaldırılan problemlər müzakirə olunur, onların həlli yolları tapılır.
Qazaxda hər görüş, hər qəbul səbirsizliklə, ümidlə gözlənilir, onlara böyük maraq var. Çünki bu görüşlərdən sonra mütləq yol çəkilir, körpü salınır, bulaq inşa olunur, digər işlər görülür. Bir sözlə, adamların ölkə rəhbərliyinə, yerli icra orqanlarına inamı hər an, hər dəqiqə yüksəlir. Məhz bu inamın nəticəsidir ki, Qazax camaatı mənfur düşmənlə 168 kilometr məsafədə üzbəüz, mətin dayanıb. Bax, beləcə, Qazax gözəlləşir, abadlaşır, inkişaf edir, adamların günü-güzəranı yaxşılaşır.{nl}

Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında