Bir dön bizim Bakıya bax...

Mavi Xəzərin sahillərində qərarlaşmış, tarixin bir çox mərhələlərinə şahidlik etmiş qədim Bakı şəhəri özünün gözəlliyi ilə həmişə insanları heyran etmiş, şairlərimizin ilham mənbəyinə çevrilmişdir. Azərbaycan ədəbiyyatının bir çox görkəmli nümayəndələri onun şəninə gözəl əsərlər həsr etmişlər. Böyük şairimiz Səməd Vurğun onu:
Bir dön bizim Bakıya bax, Sahilləri çıraq-çıraq...
misrası ilə necə də səmimi tərənnüm etmişdir. Ümumiyyətlə, məşhur Azərbaycan şairlərinin Bakı haqqında onlarla şeirini misal çəkmək olar. Ən əsası isə odur ki, paytaxtımız təkcə şairlərimizin ürəyini ovlamamış, bütövlükdə çoxmillətli şəhər kimi dünyada məşhur olan Bakıda yaşayan hər kəsi, hər bir millətin nümayəndəsini valeh etmişdir. Bu gün də belədir. Demək olar ki, bütün Azərbaycan vətəndaşları, hər bir bakılı Bakını ürəkdən sevir, onun qurulub-yaradılmasında, çiçəklənməsində, inkişafında yaxından iştirak etməyə, bu müqəddəs işə öz töhfələrini verməyə çalışır. Ulu əcdadalarımızın uzun əsrlər boyu göz bəbəyi kimi qoruyaraq bizə, bugünkü nəsillərə ərməğan etdikləri qədim Bakı şəhəri hazırda özünün gözəlliyi ilə dünyanın bir çox tarixi və paytaxt şəhərləri ilə yanaşı durur. Bu gün Bakı öz inkişafının elə bir tarixi məqamına gəlib çatıb ki, bu qədim şəhərə yolu düşən hər kəsi heyran qoyur. İstər paytaxt sakinləri, istər Azərbaycanın ayrı-ayrı bölgələrinin əhalisi, istərsə də xarici qonaqlar ölkəmizin ürəyi və beyni olan bu şəhərin son illər ərzində nə qədər böyük bir sürətlə inkişaf etdiyinin şahidi olurlar. Bu, Azərbaycanın hər bir vətəndaşında özünün paytaxtı ilə bağlı qürur hissi oyadır.
Əlbəttə, bütün bunlar səbəbsiz deyildir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən Bakı şəhərinə, onun zahiri gözəlliyinə, siyasi, iqtisadi, mədəni inkişafına diqqət o qədər böyükdür ki, bunu təkcə ölkə vətəndaşları deyil, xarici ölkələrdən Azərbaycana gələn, Bakını görən insanların hamısı etiraf edir. Bir-iki il əvvəl Bakıda olmuş xarici qonaq növbəti dəfə bu şəhərə gələndə onu tanıya bilmədiyini, şəhərin çox sürətlə inkişaf etdiyini söyləyir.
Bu, doğrudan da, belədir. Şəhər günü-gündən gözəlləşir, hər yanda yenidənqurma, tikinti-abadlıq işləri görülür. Yeni parklar, xiyabanlar, körpülər salınır, yaxud köhnə parklar o qədər zövq və mədəniyyətlə yenidən qurulur ki, iki göz istəyir tamaşasına dursun. Baxın, bir tərəfdən Bakıdakı tarixi binalar (bunların böyük əksəriyyəti qiymətli memarlıq abidələridir) zahiri cəhətdən gözəlləşdirilir, bu sahədə nəhəng işlər görülür. Şəhər məhəllə-məhəllə, küçə-küçə yenidən qurulur, görülən işlər göz oxşayır. Bu işlər indinin özündə də davam etdirilir.
Dövlət başçımızın şəxsi qayğısı və diqqəti altında şəhərimizin bənna və memarları hər gün Bakıya yeni sığal çəkir, tumar verirlər. Səhər evindən küçəyə çıxan hər bir Bakı sakini hər gün yeni bir gözəlliklə, yeni bir maraqlı mənzərə ilə qarşılaşır. Və təbii olaraq üzərimizə belə bir vəzifə düşür ki, tariximizdən bizə miras qalmış bu qədim şəhərin gözəlliyini göz bəbəyi kimi qoruyaq. Küçələrin təbii harmoniyasını poza bilən hər cür hərəkətdən çəkinməliyik. Binaların üzərinə afişalar, müxtəlif elanlar, plakatlar yapışdırılmamalıdır. Əvvəllər, yadınızdadırsa, seçki vaxtı namizədlərin şəkillərini hara gəldi yapışdırırdılar. Yaxşı ki, sonralar bu məsələ qanunla nizama salındı və həmin təbliğat materialları üçün xüsusi stendlər düzəldildi. İndi isə binaların divarlarına qondarma internet saytlarının adlarını yazmaq dəb düşüb. Axı bunlar hər gün sevgi ilə bəzək çəkilən şəhərimizin gözəlliyinə və bununla yanaşı bizim mədəni səviyyəmizə ciddi xələl gətirir.
İkinci tərəfdən, paytaxtımızda çoxlu sayda yeni binalar tikilir. İndi bu tikintilər şəhərsalmanın ən müasir üsullarının tətbiqi ilə həyata keçirilir və ayrılıqda götürülmüş hər bir bina yeni memarlıq nümunəsi kimi Bakının gözəlliyinə xüsusi bir çalar əlavə etmiş olur. Hazırda Bakıda nə qədər belə binalar tikilmişdir. Nə qədər bir-birindən gözəl körpülər tikilib istifadə verilmişdir. Bəzilərinin inşası isə davam etdirilir. Yüz kilometrlərlə yeni, geniş və yaraşıqlı yollar çəkilmişdir. Bu yolların kənarlarında göz oxşayan yaşıllıqlar salınmış, gözəl gül kolları, ağaclar əkilmişdir. Bunlar Bakıya ikinci, üçüncü dəfə gələnlərin hamısı üçün heyrətli bir mənzərədir. Ona görə də yeni körpülərin əhatəsində tikilən binalar elə inşa olunmalıdır ki, şəhərin ümumi panoramı pozulmasın, əksinə, gözəlliyini daha da artırsın.
Bakıda parkların abadlaşdırılması ilə bağlı görülən işlər haqqında isə ayrıca danışmaq gərəkdir. Bu işlər əsasən yerli icra hakimiyyətləri, eləcə də ayrı-ayrı təşkilatlar tərəfindən görülür. Bu gün ölkənin hər yerində, hər bir rayonda belə parklar salınır, yaxud əsaslı şəkildə yenidən qurulur.
Görülmüş bütün işləri nəzərə alaraq bu gün Bakının hər bir sakini bu gözəllikləri qorumaq qayğısına qalmalıdır. Bu parklar nə üçün yaradılır? Təbii ki, şəhər sakinlərinin, eləcə də qonaqların, Bakıya gələn turistlərin mədəni istirahəti üçün. Buna görə də hər bir parka məhz mədəni istirahət etmək üçün gəlmək, hər bir ağaca, hər bir gül-çiçək koluna qayğı və məhəbbətlə yanaşmaq lazımdır. Parklarda təmizliyi, səliqə-səhmanı qorumaq hər birimizin mənəvi borcudur. Bu, həm də ekoloji mədəniyyət səviyyəmizin göstəricisi olmalıdır. Bu parklar bizim ekoloji cəhətdən sağlam istirahət guşələrində dincəlməyimizin, sağlamlığımızın təminatçısıdır. Təmir və yenidənqurmadan sonra açılan parklarda yaradılmış yaşıllıqlara fikir verin. Nə qədər zövqlə işlənmişdir. Bu yaşıllıqlar insanların əsəblərinin sakitləşməsi, psixoloji cəhətdən rahatlanması üçün əvəzsiz nemətlərdir. Alimlər də sübut etmişlər ki, yaşıl rəng sakitləşdirici təsir gücünə malikdir. Bu parklardakı yaşıllıqlara baxmaqla gözlərin yorğunluğunu çıxarmaq, beynin dincliyini təmin etmək olur. Odur ki, biz də mədəniyyət işçisi olaraq Bakı sakinlərini bu parklardan mədəni şəkildə istifadəyə çağırmağı özümüzə borc bilirik.
Bakının parkları dünyanın ən müasir şəhərlərindəki park və xiyabanlarla sözün həqiqi mənasında yarışa bilər. Bu gözəl məkanlarda əhalinin mədəni istirahətinin təşkili üçün hər cür şərait yaradılıb. Artıq normal fəaliyyət göstərən park və bağlarımızda xüsusi məlumat guşələri də yerləşdirilib. İstirahətə gələn hər kəsin parkın girişindəcə burada hansı xidmətlərin göstərildiyi barədə məlumat almaq imkanı olmalıdır. Əgər bu, məsələn, uşaqlar üçün əyləncəli parkdırsa, burada hansı istiqamətdə hansı əyləncələrin olması bildirilməli, yaxud parkın sxemi yerləşdirilməlidir. Bundan başqa, əhalinin sıx toplaşdığı belə yerlərdə Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafını əks etdirən məlumatların yerləşdirildiyi guşələrin yaradılması barədə də təkliflər var. Misal üçün, niyə bizim parklarda işğal olunmuş ərazilərimizin tarixi ilə bağlı məlumatlar, xəritələr yerləşdirilmiş lövhələr olmasın?! Eyni zamanda, parklarımız ali və orta məktəblərlə əlaqəli işləməli, şagird və tələbələrimizin iştirakı ilə müxtəlif mədəni-kütləvi tədbirlər təşkil etməlidirlər. Təbii ki, bütün bunlar Bakımızın bugünkü mənzərəsini əks etdirir. Amma unutmaq lazım deyil ki, Bakı həm də qədim və tarixi bir şəhərdir. Onun yaşı yüz illərlə ölçülür. İçərişəhər kimi tarixi memarlıq və mədəniyyət abidəmiz var. Əlbəttə, Bakının tarixi ilə bağlı tarixçilərimiz daha yaxşı məlumat verə bilərlər. Mən, sadəcə olaraq ,bu şəhərin tarixiliyini və qədimliyini, eləcə də bugünkü möhtəşəm inkişaf səviyyəsini nəzərə alaraq yeni bir təklif irəli sürmək istərdim. Zənnimcə, artıq Bakı ilə bağlı yeni bir tarixi gün təyin etməyin vaxtı çatıb. Bu, "Paytaxt günü", yaxud "Şəhər günü" ola bilər. Artıq bakılılar şəhərin təkcə gözəlliyi ilə fəxr etməməli, həm də müəyyən bir gündə onun bayramını qeyd etməlidirlər. Dünyada belə təcrübə çoxdan mövcuddur. Elə Azərbaycanın özündə də müəyyən təcrübə qazanılmışdır. Məsələn, qədim şəhərimiz Gəncə ilə bağlı tarixi gün təyin edilib, həmin günü gəncəlilər də, bütün ölkə də bayram kimi qeyd edir. Bu il həmin şəhərin 2504-cü ildönümü qeyd olundu. Artıq çoxdandır ki, Moskvada "Şəhər günü" qeyd edilir. Başqa tarixi şəhərlərlə bağlı da belə günlər var.
Qoy bu məsələyə bizim mütəxəssislər, əsasən də tarixçilər öz münasibətlərini bildirsinlər. Bu bayram təqvimin konkret olaraq hansı günündə qeyd olunmasını tarixçilər daha dəqiq müəyyənləşdirə bilərlər. Bu barədə mənim müxtəlif ziyalılarla söhbətlərim olub. Yəni bu təkliflə artıq ölkənin elmi ictimaiyyətinin bəzi nümayəndələri tanışdır. Sadəcə olaraq bu məsələni geniş ictimaiyyətin müzakirəsinə çıxarmaq lazımdır.
Həmin gün dövlət səviyyəsində ən müxtəlif tədbirlər keçirmək olar. Yeni məhəllələrin açılışını, yeni binaların, müəssisələrin təqdimatını həmin günə salmaq mümkündür. Bununla həm şəhərin inkişafını nəzərə çarpdırmaq, həm də böyük bayram şənlikləri keçirmək olar. Yeni parkların, istirahət və mədəniyyət guşələrinin açılması, əhaliyə mədəni xidmət səviyyəsinin yüksəldilməsi, gözəl kitabxanaların yaradılması və lazımi vəsaitlərlə təmin olunması sahəsində böyük işlər görülmüşdür. Bəzi parklarımızda əhalinin istirahəti üçün xüsusi guşələr (tennis, bilyard və s. meydançaları) mövcuddur. Son vaxtlar musiqi kollektivlərinin çıxışı üçün səhnələr yaradılır. Bilirsinizmi, bəzən keçmişdəki yaxşı ənənələrdən də faydalanmaq lazımdır. Keçən əsrin 60-70-ci illərində park və bulvarlarda ayrı-ayrı orkestrlər, caz kollektivləri çıxışlar edirdilər. İndi bizdə belə musiqi kollektivləri çoxdur. Gənc kollektivlər yaranır. Şərt deyil ki, onlar mütləq böyük konsert salonlarında çıxış etsinlər. Həm də əhalimizin heç də hamısının həmin konsert salonlarına bilet almağa imkanı yoxdur. Bir çoxlarının buna, sadəcə olaraq, vaxtı olmur. Bu cür gözəl parklar yaradılıb, niyə bizim bu gənc kollektivlər həmin istirahət güşələrində dincələn insanlarımız qarşısında çıxış etməsinlər?! Niyə ölkəmizə qonaq gəlmiş hər hansı xarici musiqi kollektivi bu parklarda əhalimizlə təmasda olaraq öz proqramlarını təqdim etməsin?! Axı dövlətimiz bunun üçün hər cür şərait yaradıb! Bu imkanlardan niyə istifadə olunmasın? Belə olan halda hər hansı parka istirahətə gələn vətəndaş həm övladının əylənməsi qayğısına qala, həm də bir-iki saatlıq konserti izləmək imkanı qazana bilər. Parklarımız da öz işlərini bütün bu məsələləri nəzərə alaraq qurmalıdır.
Ümumilikdə, Bakımızın qorunması, dünyanın ən gözəl, ən abad şəhərlərindən biri kimi gələcək nəsillərə ötürülməsi, öz mədəniyyətimizin qonaqlara layiq olduğu şəkildə təqdim olunması üçün hər birimiz əlimizdən gələni etməliyik. Nəzərə almalıyıq ki, son illər ərzində Bakıda çoxlu sayda beynəlxalq tədbirlər keçirilib. Belə tədbirlər bu gün də davam etdirilir, gələcəkdə də olacaq. Azərbaycan 2011-ci ildə mədəniyyətlərarası dialoqla bağlı möhtəşəm bir beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır. Bu tədbirə dünyanın hər yerindən çoxlu qonaqlar gələcək. Ona görə də əhalimizə müraciət edirik ki, şəhərimizin, abidələrimizin, bütün yaratdıqlarımızın keşiyində dayansınlar. Son illərdə elə bir gün olmur ki, Bakıya xarici qonaq gəlməmiş olsun, istər rəsmi, istərsə də fərdi qaydada. Get-gedə ölkəmizə gələn turistlərin sayı artır. Ona görə də bu gün istər paytaxtımız, istərsə də rayonlarımız və oradakı turizm obyektləri gözəl olmalıdır. Və onlar təkcə gözəl yaradılmamalıdır, həm də gözəl qorunmalıdır. Bu, bizim vətəndaşlıq borcumuzdur.

{nl}

Əlikram ƏLİYEV, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında