Qəbələ rayonunda 10 saylı Ərazi Vergilər İdarəsində "açıq qapı" təşkil olunmuşdur. Bununla əlaqədar jurnalistlər adıçəkilən Ərazi Vergilər İdarəsinin struktur bölmələri ilə tanış olmuş, qurumun fəaliyyəti barədə ətraflı məlumatlar əldə etmişlər.
Media nümayəndələrinə vergi ödəyicilərinə göstərilən xidmətlər, o cümlədən, vergi ödəyicilərinin qeydiyyatı, bəyannamələrin qəbulu və kameral yoxlanılması, vergi borclarının aradan qaldırılması və əmək haqlarının vergiyə cəlb olunması istiqamətində görülən işlər, kommersiya hüquqi şəxslərin "bir pəncərə" prinsipi ilə dövlət qeydiyyatına alınması, 195 saylı telefon məlumat xidmətinin fəaliyyəti barədə məlumat verilmiş, vergi xidmətində tətbiq edilmiş Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin işi əyani şəkildə KİV nümayəndələrinə nümayiş etdirilmişdir.
Media işçiləri İsmayıllı rayonunda yerləşən vergi ödəyicilərinə xidmət üzrə kompyuter terminalı ilə də tanış olmuş, terminal haqqında ətraflı məlumat almışlar. KİV nümayəndələrinə kompyuter terminalları vasitəsilə dövlət-sahibkar münasibətlərinin inkişaf etdirildiyi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirildiyi, sahibkarların maarifləndirildiyi, biznes fəaliyyəti subyektlərinə müxtəlif növ (hüquqi, informasiya, metodiki və s.) xidmətlərin göstərildiyi bildirilmişdir.
Yerli vergi ödəyiciləri də 10 saylı ƏVİ-də istifadə etdikləri xidmətlər barədə məlumat vermiş, regionlarda vergi xidməti əməkdaşlarının sahibkarlarla keçirdikləri görüşlər zamanı qaldırılan məsələlərin həlli istiqamətində qarşılıqlı şəkildə görülən işlərdən danışmışlar. Bildirmişlər ki, kompyuter terminalının yaradılması onların fəaliyyətinə müsbət təsir göstərmişdir. Vergi ödəyiciləri burada həm vaxta qənaət etdiklərini, həm kompyuter xidmətləri ilə təmin olunduqlarını, həm də peşəkar mütəxəssislər tərəfindən zəruri məlumatlar aldıqlarını vurğulamışlar.
Tədbirdə çıxış edən İsmayıllı kompyuter terminalının mütəxəssisi Ruslan Əhmədov demişdir:
- Kompyuter terminalında dövlət-sahibkar münasibətlərinin ardıcıl olaraq inkişaf etdirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarların maarifləndirilməsi, biznes fəaliyyəti subyektlərinə müxtəlif növ (hüquqi, informasiya, metodiki və s.) xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur.
Terminalda vergi ödəyicilərinə vergi qanunvericiliyi və onun tətbiqi barədə məlumat, vergi bəyannamələrinin təqdim olunması müddətləri və qaydaları ilə bağlı izahatlar verilir, bəyannamələrin elektron formada təqdim olunması üçün şərait yaradılır, sahibkarlıq fəaliyyəti subyektlərinin "bir pəncərə" prinsipi üzrə dövlət qeydiyyatına alınması ilə bağlı xidmətlər göstərilir, vergi ödəyicilərinə şəxsi vərəqlərindəki məlumatlara baxış imkanı yaradılır.
Yerli vergi ödəyiciləri də kompyuter terminalının yaradılmasının onların fəaliyyətinə müsbət təsir göstərdiyini bildirərək, burada həm vaxta qənaət etdiklərini, həm kompyuter xidmətləri ilə təmin olunduqlarını, həm də peşəkar mütəxəssislər tərəfindən zəruri məlumatlar aldıqlarını vurğuladılar.
"Xoşbəxt" kiçik müəssisəsinin rəhbəri Ruhiyyə Süleymanova bildirmişdir:
- Bu terminalın xidmətindən yararlanan bir sahibkar kimi qısaca onu bildirmək istərdim ki, terminal fəaliyyətə başlayandan indiyə kimi, qarşıya çıxan inam güclənmiş, çətinliklərin operativ şəkildə aradan qaldırılmasına, dövlət büdcəsinə ödənişlərin düzgün və vaxtında həyata keçirilməsinə müsbət təsir göstərmişdir.
R.Süleymanova daha sonra bildirmişdir ki, terminal bəyannamələrin düzgün hazırlanmasına köməklik göstərir, bəyannamələrin elektron formada internetlə vergi idarələrinə göndərilməsinə yardımçı olur. Eyni zamanda terminalda vergi ödəyicilərinin sorğularına əsasən onların şəxsi hesabına baxmaq və vergi borcları haqqında onlara məlumat vermək imkanı yaradılır.
Vergi ödəyicilərinə terminalda yuxarıda sadalananlarla yanaşı, ərizə, arayış və digər sənədlərin tərtib edilməsinə köməklik göstərilir, vergi hesabatlarında uyğunsuzluq yarandıqda həmin uyğunsuzluğun aradan qaldırılması üçün müəyyən izahatlar verilir.
Tədbir Qəbələ rayonunda davam etdirilmişdir. Burada 10 saylı Ərazi Vergi İdarəsinin vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi İntiqam Hidayətzadə idarənin fəaliyyəti barədə məlumat verərək bildirmişdir ki, qurumun əhatəsinə daxil olan Qəbələ, İsmayıllı və Oğuz rayonlarında 8752 vergi ödəyicisi var. Onların 1123-ü hüquqi, 6529-u fiziki şəxslərdir. Adıçəkilən ƏVİ-də vergi ödəyicilərinə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı, bəyannamələr, koordinasiya, audit, operativ nəzarət şöbələri xidmət göstərilir.
İ.Hidayətzadə onu da vurğulamışdır ki, bu ilin ötən aylarında ƏVİ-nə 259 müraciət daxil olub. Sevindirici haldır ki, həmin müraciətlər şikayət xarakterli deyil.
Şöbə rəisi həmçinin diqqətə çatdırmışdır ki, 8 ay ərzində audit şöbəsi 58 vergi ödəyicisinin fəaliyyətini yoxlayıb. Bunun nəticəsi kimi büdcəyə 31 min manat vəsait cəlb edilib. Operativ nəzarət şöbəsi tərəfindən isə 536 vergi ödəyicisinin də fəaliyyəti araşdırılıb və 150 min manat cəlb olunub. Ümumiyyətlə, sözügedən dövrdə 6 milyon 700 manat büdcə vəsaitinin toplanılması reallaşdırılıb ki, bu da proqnoza 181 faiz əməl edilməsi deməkdir.
İ.Hidayətzadə 2007-ci ilin əvvəllərindən elektron bəyannamənin tətbiq olunduğunu, həmin vaxtdan etibarən vergi ödəyiciləri ilə fərdi qaydada müqavilə bağlandığını, vergi ödəyicilərinin artıq internet xidmətindən geniş şəkildə yararlandıqlarını göstərmişdir. Bildirmişdir ki, əvvəllər bu qaydaya laqeyd münasibət bəslənilirdi. Lakin təbliğat, aparılan fərdi söhbətlər öz nəticəsini verdi: Hazırda ərazidəki vergi ödəyicilərinin 91,7 faizi bu xidmətdən istifadə edir.
İ.Hidayətzadə söhbətində yuxarıda qeyd olunanlarla yanaşı, 195 saylı telefon məlumat və mesaj xidmətlərinin fəaliyyətindən, məktəblərdə vergi xidməti günlərinin təşkilinin səmərəli nəticə verdiyindən, şagirdlərə "Vergilər" adlı dərsliklərin paylanılmasından, həmçinin tədris müəssisələrində "Vergi uşaqların gözü ilə" mövzusunda inşa yazı müsabiqəsinin keçirilməsindən ətraflı məlumat vermişdir.{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.