Hüquqşünaslara dəyərli töhfə

Kitab hər bir xalqın mənəvi saxlanc yaddaşıdır. Belə deyək ki, mədəniyyət və intellekt göstəricisidir. Odur ki, Azərbaycan Prezidentinin dünya və Azərbaycan klassik ədəbiyyatının latın qrafikası əsasında çap edilməsi ilə bağlı göstərişi ölkə ziyalıları tərəfindən həmişə rəğbətlə qarşılanır. Əbəs yerə deməyiblər ki, kitab oxuyan, kitabxanası çox olan ölkənin həbsxanası az olar.
Doğrudur, söz və nəşr azlığının verdiyi sərbəstlik kitab bolluğu yaradıb. Təəssüf ki, bu çap məhsullarının ancaq bər-bəzəkli cildi zövqümüzə uyğun gəlir. Nə yaxşı ki, bu qatma-qarışıqlığın içərisində az da olsa həqiqi - bu adı daşımağa layiq kitablar gözə dəyir. Şəmsəddin Əliyevin "Cinayətkarlıqla mübarizə" kitabı da bu qəbildəndir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə bu kitab "Mütərcim" Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzində çap olunmuşdur. Kitabın elmi məsləhətçisi hüquq elmləri doktoru, professor İlham Rəhimov, rəyçi isə Azərbaycan Turizm İnstitutunun ictimai fənlər kafedrasıdır. Adından da göründüyü kimi, cinayətkarlığın profilaktikası, onun qarşısının alınması ilə bağlı mülahizə və təkliflər kitabın əsas leytmotivini təşkil edir, burada kriminologiya elminin metodologiyası, bu elmin cinayətkarlıqla mübarizə perspektivi, cinayətin başvermə səbəbi və şəraitindən söhbət açılır.
Qeyd etmək yerinə düşər ki, Ş.Əliyev respublika daxili işlər orqanlarında 30 il xidmət etmiş, nazir köməkçisi, bölmə, şöbə və idarə rəisi vəzifələrində çalışmışdır. Vətən uğrunda gedən savaşın iştirakçısı, "Polisə dəstək" İctimai Birliyinin sədridir. Digər tərəfdən, mehrini sözə bağlayıb. "Tanrıya sığınaq", "Taleyimlə üz-üzə" kitablarının və yüzdən çox elmi-publisistik məqalənin müəllifidir. Odur ki, onun bu mövzuda kitab yazması təbii qarşılanmalıdır. Kitab müəllifin etirafı ilə başlayır: "Hüquq fakültəsini bitirdikdən sonra "mərdimazarlıq etmə", "haram tikədən qaçarsan" - deyən valideynlərimin əziz və unudulmaz xatirələrinə ithaf edirəm. Qəbirləri nurla dolsun! Amin!"
Bunun ardınca "Kriminologiyanın yaranma tarixi", "Cinayətkarlıq anlayışı və onun yaranma tarixi", "Cinayətkarlığın meydana gəlməsinə təsir edən amillər" və s. həm nəzəri, həm də konkret nümunələrlə oxuculara izah olunur. Müəllifin yazdığı kimi, "cinayətkarlığı doğuran səbəb və şəraitə təsir edən amillərin aradan qaldırılması bu kitabın ana xəttini təşkil edir". Eyni zamanda, müəllif qənaətlərini əsaslandırmaq üçün tədqiqatçıların və hüquqşünasların, sosioloq və psixoloqların fikir və mülahizələrindən də istifadə etmişdir. Kitabda insan (qadın) alverinə cinayətkarlıq, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə məsələsi də yer almışdır ki, bunun da oxucular üçün maraq doğurması zənnindəyik. Ümumiyyətlə, ömrünün 30 ilini təcrübəli hüquqşünas kimi cinayətlərin öyrənilməsinə həsr edən Ş.Əliyevin bu kitabının dəyərli və faydalı olacağına şübhə yoxdur.
Kitabın dəyərli olmasının bir səbəbi də odur ki, aydın və oxunaqlı dillə yazılmışdır. Odur ki, bu kitabdan təkcə hüquq fakültəsinin tələbələri, hüquqşünaslar deyil, həm də cinayətkarlıqla mübarizə işi ilə maraqlanan hər bir şəxs istifadə edə biləcəkdir.

{nl}

Elçin KAMAL


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında