Şriftin ölçüsü:
19.09.2010 01:06 | Oxunma sayı: 812
Hərbi hissənin nəzarət-buraxılış məntəqəsindən əraziyə daxil olanda qarşımızda gözəl bir mənzərə açıldı. Asfalt yolun hər iki tərəfində küknar ağacları əkilmişdi. Yüksəyə qalxmış ağaclar yola gölgə salırdı.
İlk olaraq zabit X. Babayevlə görüşdük. Şəxsi heyətin xidmətdə qazandığı uğurlarla yaxından tanış olduq. Eşitdiklərimizdən, gördüklərimizdən ürəyimiz açıldı. Zabit X.Babayev hərbi hissənin keçdiyi yoldan da söz açdı. Dedi ki, hərbi hissənin şəxsi heyəti şərəfli döyüş yolu keçib. Zabit və əsgərlərimiz Qarabağda gedən qanlı döyüşlərdə yaxından iştirak ediblər. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə hərbi hissəmizin iki əsgəri - Rauf Qəmbərov və İlham Mərdiyev şəhid olub. Ərazi bütövlüyümüz yolunda şəhid olmuş əsgərlərimizin xatirəsini həmişə əziz tuturuq. Onların adlarını həmişə hörmətlə çəkir, yad edir, ruhları qarşısında həmişə baş əyirik. Qarabağ döyüşlərində şəhid olmuş əsgərlərin şərəfinə hərbi hissədə abidə qoyulub. Bir qayda olaraq, hərbi andiçmə mərasimlərini bu abidənin qarşısında keçiririk. Bu gün tam inamla deyə bilərəm ki, zabit və əsgərlərimizin döyüş hazırlığı yüksək səviyyədədir. Onlar istənilən an əldə silah torpaqlarımızı erməni işğalçılarından azad etməyə hazırdırlar. Hərbi hissəmizin şəxsi heyəti bu yaxınlarda keçirilən irimiqyaslı təlimdə iştirak etdi. Həmişəki kimi bu təlimdə də ürəkaçan nəticələr qazandıq. Amma bu uğurlar bizi arxayınlaşdırmır. Təcrübəli zabitlərimiz müntəzəm olaraq şəxsi heyətə dərs və məşğələlər keçir, onlara hərbi bilik və vərdişləri aşılayırlar.
Zabit Rəfael Əhədovla birlikdə hərbi hissənin təlim meydanına yollandıq. Xidmətdə ilk addımlarını atan gənc əsgərlər burada məşğələ keçir, ilkin hərbi biliklərə yiyələnirdilər.
Təlim meydanında böyük canlanma var idi. Manqa komandirləri ordu sıralarına yenicə çağırılmış gənc əsgərlərə sıra hazırlığı məşğələsi keçirdilər. Sıranın qarşısında dayanan manqa komandirləri tez-tez gənc əsgərlərə yaxınlaşaraq təkrar-təkrar əl və ayaq hərəkətlərini göstərirdilər. Xidmətə böyük həvəslə gələn əsgərlər isə göstərilən hər bir hərəkəti dəqiqliyi ilə mənimsəməyə çalışırdılar. Beləcə, məşğələ öz axarı ilə davam edir.
Bizi burada qarşılayan manqa komandiri Nurlan Həsənov bildirdi ki, gənc əsgərlər dərs və məşğələlərdə fəal iştirak edərək hərbi peşəni böyük həvəslə öyrənirlər. Bu gün sırada nizamla addımlayan əsgərlərin bir çoxu xidmətlərinin ilk həftələrini yaşayır. Mən özüm də on ay bundan əvvəl gənc əsgər kimi bu hərbi hissədə xidmətə başlamışam. Mərhələ-mərhələ təcrübəli zabit və çavuşlardan hərbi bilikləri və silahların sirlərini öyrənmişəm. Çalışqanlığım sayəsində ötən müddət ərzində xeyli təcrübə və səriştə qazanmışam. Bacarığımı və təcrübəmi nəzərə alan komandanlıq gənc əsgərlərə məşğələ keçməyi, hərbi bilik və vərdişləri aşılamağı mənə həvalə edib. Bu, çox məsuliyyətli vəzifədir. Komandanlığın mənə göstərdiyi etimadı doğrultmaq üçün, vəzifəmin öhdəsindən layiqincə gəlməyə çalışıram. Bir müddətdən sonra gənc əsgərlər təntənəli surətdə Vətənə sədaqət andı içəcəklər. İndi şəxsi heyət həmin anı intizarla gözləyir və o günün sevinci ilə yaşayır.
- İndi həyatımın ən xoşbəxt anlarını, günlərini yaşayıram, - deyə Lənkəran rayonundan ordu sıralarına çağırılmış əsgər Elvin Abbasov sözə başladı. - Vətənə əsgər olduğuma görə çox sevinirəm. Əynimə hərbi forma geyindiyim günü həmişə xoş təəssüratlarla xatırlayacağam. Hərbi sirləri dərindən öyrənəcəm, torpaqlarımızı can-başla qoruyacam, Vətənə layiqli əsgər olacağam.
Gənc əsgərlərin sıra hazırlığı məşğələsi davam edir. Manqa komandirləri əmr verdikcə gənc əsgərlər inamla addımlayır. Əminik ki, bu addımlar sabah onları daha böyük uğurlara aparacaq.
{nl}
V.MƏHƏRRƏMOV
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.