Ömrün örnək səhifələri Akademik Maqsud Əliyev-90

Görkəmli alim, akademik Maqsud Əliyevin keçdiyi şərəfli həyat yolu hamımızda qürur və fəxarət hissi yaradır və gənc nəsillər üçün layiqli bir örnəkdir.O, bütün ömrünü, mənalı və şərəfli həyatını cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən fizika elminin inkişafına, Azərbaycan xalqının mədəni tərəqqisinə həsr etmişdir.

Maqsud Əliyev gəncəli Hüseyn bəy Əliyevin nəvəsidir. Atası İsfəndiyar Əliyev orta məktəb müəllimi, əmisi professor Məmməd bəy Əliyev Azərbaycan elminin və ali təhsilinin görkəmli nümayəndələrindən geodeziya və kartoqrafiya sahəsində tədqiqatların əsasını qoyanlardan biridir. Maqsud Əliyev 1924-cü il avqustun 27-də Tiflis şəhərində anadan olmuşdur. 1941-ci ildə Tiflisdə orta məktəbi bitirmişdir. 1941-1943-cü illərdə Tiflis Dövlət Universiteti fizika-riyaziyyat fakültəsinin tələbəsi olmuşdur. Lakin 1943-cü ildə təhsilini yarımçıq qoyaraq, cəbhəyə yola düşmüşdür. Müharibədən sonra təhsilini Bakıda davam etdirmiş və 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir.

M. Əliyev 1961-ci ildən Azərbaycan EA Fizika İnstitutunda əvvəlcə böyük elmi işçi, sonralar isə “Yarımkeçiricilərdə köçürmə hadisələri” laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. Görkəmli alimin uzun illər məşğul olduğu əsas elmi istiqamət-yarımkeçiricilərdə (Se, Si, Ge, A3B5 birləşmələri, onların bərk məhlulları, İnSb-NiSb tipli yarımkecirici-metal evtektekaları, mürəkkəb yarımkeçiricilər) kinetik hadisələrin tədqiqidir. Onun rəhbərliyi ilə elektron və fontan prosesləri, zolaq quruluşu öyrənilmiş, bəzi yarımkeçirici-metal evtiktikalarında ifratkeçirmə və Corefson effekti tədqiq olunmuş, bir sıra yarımkeçirici cihazlar və qurğular işlənib hazırlanmışdır. Alimin məşhur A.F. İoffe adına Fizika-Texnika İnstitutunun və digər tanınmış elm mərkəzlərinin rəhbərlik etdiyi laboratoriyalarla sıx elmi əlaqədə tədqiqatlar aparması buna ən yaxşı misaldır. Bu tədqiqatlar nəticəsində onun elmi məktəbi yaranmışdır. Hazırda həmin məktəbin nümayəndələri yalnız Fizika İnstitutunda deyil, həmçinin  respublikamızın və digər ölkələrin elm və təhsil ocaqlarında çalışırlar.

Yarımkeçiricilərin istilikkeçirməsi probleminin həlli fononlar, elektronlar, elektron-deşik cütləri, eksitonlar, maqnonlar və s. ilə əlaqədar olan bir sıra məsələlərə aydınlıq gətirməklə yanaşı, əksər yarımkeçirici, radioelektron və termoelektrik qurğuların istilik rejiminin müəyyənləşdirilməsində də mühüm rol oynayır.

 1963-cü ildə ilk dəfə olaraq bu istiqamətdə alimin “Yarımkeçiricilərin istilik keçirməsi” adlı kitabı işıq üzü görmüşdür. M. Əliyevin güclü legirə olunmuş klassik yarımkeçiricilər olan germanium, silisium və “A3” ”B5” tipli birləşmələrin istilikkeçirməsi tədqiqinə aid işlərini akademik H.M.Abdullayev, professorlar D.N.Nasledov, A.R.Regel, L.S.Stilbans və digər məşhur alimlər yüksək qiymətləndirmişlər. Bütün bu və digər tədqiqatların nəticələri M.Əliyevin “Legirə olunmuş yarımkeçiricilərin istilik keçirməsi ” adlı doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. M.Əliyev 1966-cı ildə  fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini, 1967-ci ildə isə professor adını almışdır.

Yüksək ixtisaslı elmi kadrların hazırlanmasında alimin xidmətləri böyükdür. O, yarımkeçiricilər fizikası və onun tədris metodikası sahəsində 40-a qədər elmlər namizədi və elmlər doktoru yetişdirmişdir. Akademik M.Əliyev 1950-ci ildən respublikanın bir çox ali məktəblərində assistent, baş müəllim, dosent və professor vəzifələrində işləyərək pedaqoji fəaliyyət göstərmişdir.  O, Bakı Dövlət Universitetində yarımkeçiricilər fizikası üzrə xüsusi kursdan mühazirələr oxuyur.

 Maqsud Əliyev yarımkeciricilər fizikası sahəsindəki və elmi kadrların hazırlanmasındakı böyük xidmətlərinə görə 1969-cu ildə fizika ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Görkəmli alimin əsas elmi nailiyyətləri—istilik keçirmə, elektrik, termoelektrik, qalvonomaqnit, optik və s. xassələrin, yarımkeçiricilərin elektron enerji spektri, elektron və fononların səpilmə mexanizmlərinin, həmçinin güclü kvantlayıcı maqnit sahələrin tədqiqindən alınan nəticələrdir.

 Maqsud müəllim 300-dən çox elmi əsərin, 30 şəhadətnamə və patentin müəllifi, bir çox elmi şura və komissiyaların üzvü olaraq Azərbaycanın ruhi mədəniyyətinin, birinci növbədə intellektual və etik mədəniyyətin inkişafına dəyərli töhfələr vermişdir.

Hazırda o, Azərbaycan MEA fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibinin müavini vəzifəsində çalışaraq fəal elmi təşkilatçılıq işi aparır. AMEA-nın Fizika Problemləri Elmi Şurası sədrinin müavini, Rusiya EA Rəyasət Heyətinin “Yarımkeçiricilər fizikası və kimyası” kompleks problemi və “Yarımkeçirici materialşünaslığının fiziki-kimyasının əsasları” üzrə elmi şuraların üzvüdür.“Fundamental və tətbiqi işlər” üzrə komissiyanın sədri kimi o, 1986-2005-ci illər üçün elmi-texniki tərəqqi kompleks proqramının tərtib olunmasında, o cümlədən Azərbaycan Ensiklopediyasının və AMEA nəşrlərinin işində fəal  iştirak etmişdir.

Son illər  Maqsud Əliyev ənənəvi elmi istiqamət ilə bərabər çox maraqlı və aktual olan problem – məşhur alim Lütfi Zadənin qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq sahəsində fəaliyyət göstərir.“Fizika problemləri və qeyri-səlis məntiq” üzrə elmi problemləri tədqiqi ilə məşğul olur. Bu sahədə keçirilən bir neçə beynəlxalq konfransda (Almaniya, İran...) məruzələrlə çıxış etmişdir.

Elmə verdiyi töhfəyə və yorulmaz yaradıcılıq fəaliyyətinə görə akademik Maqsud Əliyev bir sıra orden və medallara layiq görülmüşdür. O, SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Almaniya üzərində qələbə” medalı (1946), Böyük Vətən müharibəsinin 30 illiyi münasibətilə “Almaniya üzərində qələbə” medalı (1975), Azərbaycan Respublikası (AR) Ali Sovetinin Fəxri fərmanı (1984), “Vətən müharibəsi” ordeni (1985), “Xalqlar dostluğu” ordeni (1986), Akademik S.İ. Vavilov adına cihazqayırma sənayesinin “Tolşinomer” işinə görə Fəxri fərman (1987), AR Əməkdar Elm xadimi (1988), Akademik  Y. Məmmədəliyev adına mükafat və medal (1994), AMEA-nın Fəxri fərmanı (1999), “Sülh səfiri” Beynəlxalq diplomu (2003), AR Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni (2004)  ilə təltif edilmişdir.

Bunlarla yanaşı, Maqsud Əliyev bir sıra beynəlxalq və xarici ölkələrin elmi qurumlarına üzv seçilmişdir. Beynəlxalq Ekoenergetika Elmləri Akademiyasının həqiqi üzvü, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, “İntellektual inkişaf problemlər” Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür.

Elmi nailiyyətlərin fəal təbliğatına görə Maqsud Əliyev keçmiş Ümumittifaq “Bilik” Cəmiyyətinin Fəxri fərmanı ilə təltif olunmuş, adı Azərbaycan Respublikasının “Əmək şöhrəti” kitabına və 2001-ci ildə isə  “Azərbaycanın 100 görkəmli alimi” kitabına yazılmışdır.

M.Əliyev 1988-ci ildən “Zadə irsi və süni intellekt” Assosiasiyasının və 1990-cı ilin əvvəlindən fəaliyyət göstərən “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının (AMA) vitse-prezidentidir.

Akademik  M. Əliyev tanınmış alim və pedaqoq olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi tanınır. Ölkəmizin ictimai həyatında özünəməxsus  yer tutur. “Simurq” AMA-nın birinci vitse-prezidenti kimi onun təşkili və idarə edilməsində 15 ildir ki, böyük xidmətlər göstərir. Assosiasiyanın uğurlu fəaliyyətində, bir çox mühüm müddəaların hazırlanmasında, xarici mütəxəssislərin iştirakı ilə aparılmış konfransların, seminarların və treninqlərin hazırlanmasında böyük əməyi vardır.“Simurq” AMA-nın ruhi mədəniyyətinin inkişafına və modernləşməsinə yönəlmiş yaradıcı fəaliyyətinin təşkil edilməsi və idarəedilməsində xidmətlərinə görə “Assosiasiyanın Fəxri üzvü” diplomu və “Simurq” Beynəlxalq medalı ilə təltif edilmişdir.

Yüksək insani mədəniyyətə, zəngin elmi biliyə, ziyalılıq etikasına sahib olan Maqsud müəllim böyüyə  hörmət, kiçiyə  məhəbbət və qayğı ilə yanaşır, məsuliyyətli, intizamlı, prinsipial insandır. Alimlər, kollektiv, tədqiqatçılar arasında uzun illərdir böyük hörmət və nüfuz sahibi, tələbkarlığı və qayğıkeşliyi ilə seçilir. Bu insan, sözün həqiqi mənasında, Azərbaycan ziyalılarının fəxridir, elitar mədəniyyətə malikdir. O, həmişə gənclərə, xalqın gələcək nəsillərinə yüksək mədəniyyət sahibi kimi örnək və nümunə göstərilməyə layiqdir.

Maqsud Əliyev Azərbaycan ziyalılarına və cəmiyyətinə nümunə göstərilən yüksək mədəniyyətə malik nümunəvi ailənin yaradıcısı və başçısıdır. Akademikin uşaqları və nəvələri gözəl təhsil və tərbiyə almışlar, yüksək insani mədəniyyətin  daşıyıcılarıdır. 

Bu il görkəmli alimin 90 yaşı tamam olur. Akademik Maqsud Əliyevi yubileyi münasibətilə ürəkdən təbrik edir, həyatda ona cansağlığı, ailə xoşbəxtliyi, elmi fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Fuad MƏMMƏDOV, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət  İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında