Goranboy: nöqsanlar aradan qaldırılır, nailiyyətlər artır

Təxminən bir il əvvəl Goranboy Rayon Təhsil Şöbəsinin fəaliyyətində mövcud olan ciddi nöqsanlar barədə ictimaiyyətə ətraflı məlumat verilmişdi. Respublika hüquq-mühafizə orqanlarının apardığı yoxlamalar nəticəsində aşkara çıxmışdı ki, istər rayon təhsil şöbəsinin, istərsə də ayrı-ayrı pedaqoji kollektivlərin işi günün tələbləri səviyyəsində qurulmamışdır. Burada ciddi əyintilərə, özbaşınalıq və sui-istifadə hallarına yol verilmişdi. Nəticədə bir çox rəhbər vəzifəli şəxslər işdən azad edilmiş, barələrində cinayət işi qaldırılmış, geniş araşdırma və yoxlamalar aparılmışdır.
Aradan xeyli vaxt keçib. Bəs, bu gün rayonda vəziyyət necədir? Pedaqoji kollektivlər, təhsil ictimaiyyəti arasında mövcud olan mənəvi-psixoloji mühit barədə nə demək olar? Ötən müddət ərzində vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər hansı konkret nəticələr vermişdir?
Biz bu suallarla Goranboy Rayon Təhsil Şöbəsinin müdiri İlham Yusifova müraciət etdik. Aşağıda onun cavabını dərc edirik:
- Əlbəttə, ilk növbədə diqqət rayonun təhsil sistemində kök salmış nöqsan və neqativ halların qısa müddət ərzində aradan qaldırılmasına, təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin yaradılmasına yönəldilmişdir. Ayrı-ayrı məktəblərdəki real vəziyyət geniş araşdırıldı, mövcud vəziyyət ətraflı təhlil edildi. Ağsaqqalların, ziyalıların, təcrübəli təhsil işçilərinin təklif və mülahizələri nəzərə alındı.
Bu istiqamətdəki fəaliyyətimizin meyarı isə xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu təhsil strategiyası oldu. Son illər təhsil sahəsində qəbul olunmuş dövlət proqramları, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, verdiyi göstəriş və tövsiyələr, qarşıya qoyduğu məsul vəzifələr bizə doğru və uğurlu yol göstərdi, güc və qüvvət verdi. Yeri gəlmişkən, onu da əlavə edim ki, vəziyyətin sağlamlaşdırılması istiqamətində meydana çıxan çətinlik və problemlərin həllində Təhsil Nazirliyinin, rayon icra hakimiyyətinin rəhbərləri bizə vaxtında və yaxından kömək göstərdilər. Bu müddət ərzində hər hansı məsələ ilə bağlı xahiş və müraciətlərimiz dərhal öz müsbət həllini tapdı.
Sözsüz ki, biz rəhbər pedaqoji kadrların düzgün seçilib yerləşdirilməsini ön plana çəkdik. Öz işini günün tələbləri səviyyəsində qura bilməyən, nüfuzunu itirən saxtakarlıq və cinayət yoluna qədəm qoyan kadrlarla iş qurmaq mümkün deyildi. Ona görə də belələri ilə birdəfəlik xudahafizləşdik. Digər tərəfdən, belə üzdəniraq kadrlar onsuz da hüquq-mühafizə orqanlarının nəzarətinə düşmüşdü.
Məsələnin ikinci, bəlkə də, ən çətin tərəfi isə həmin rəhbər pedaqoji kadrların yerinə gənc, bacarıqlı və səviyyəli adamlar tapmaq idi. Burada hər hansı yanlışlığa və tələskənliyə yol vermək olmazdı. Yaxşı bilirik ki, gələcək uğurların əsası məhz burada qurulur. Ona görə də nəzərdə tutulan hər hansı kadrın iş və mənəvi keyfiyyətini ətraflı öyrənirdik. Beləliklə, bu və ya digər səbəb üzündən vəzifədən uzaqlaşdırılmış rəhbər pedaqoji kadrlar yeniləri ilə əvəz edildi.
Ötən dərs ilinin yekunlarını və yeni dərs ilinə hazırlığın vəziyyətini təhlil edərkən belə bir nəticəyə gəldik ki, aparılan kadr dəyişikliyi, intizam və tələbkarlığın yüksəldilməsi, müasir təhsilin, pedaqoji kollektivlərin və müəllimlərin qarşısında qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi öz müsbət nəticələrini vermişdir. Yeri gəlmişkən, mən burada bir sıra fakt və rəqəmləri sadalamaq istəyirəm. 2010-cu ildə Goranboy rayonunun ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 706 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmişdir. Sevindirici haldır ki, onlardan 274 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. Bundan başqa, bu il 18 goranboylu orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. 7 nəfər 600-dən, 35 nəfər isə 500-dən yuxarı bal toplamışdır. Bu rəqəmlər isə əvvəlki illərdəkindən xeyli yüksəkdir.
Yaxşı məlumdur ki, təhsilin səviyyəsinin yüksəldilməsi, qarşıya qoyulan vəzifələrin uğurlu həlli yeni dərs ilinə hazırlığın səviyyəsindən çox asılıdır. Elə ona görə də biz 2010 - 2011-ci dərs ilinə hazırlığa əslində ötən dərs ilini başa vurandan dərhal sonra başlamışıq. Nəticələr isə ötən illərlə müqayisədə yüksəkdir. Məsələn, 2010-cu ildə Azad kənd ibtidai məktəbi üçün 60 yerlik yeni məktəb binası, Bəşirli kənd ümumi orta məktəbi üçün 80 yerlik 4 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir. Bundan başqa, təhsil şöbəsinin inzibati binasının kitabxasında və iclas zalında, habelə Qaradağlı, Ağamalıoğlu, Abbasqulular, Hacallı kənd məktəblərində, Tatarlı, Şəfəq, Borsunlu 1 saylı kənd məktəbəqədər təhsil müəssisələrində əsaslı, Dəliməmmədli şəhər, Xanqərvənd və Sarov kənd məktəbəqədər təhsil müəssisələrində isə cari təmir işləri aparılmışdır.
Hazırda Rus Borisi kənd tam orta məktəbi üçün 180 yerlik yeni məktəb binasının tikintisi başa çatmaq üzrədir. Şəhər 3 saylı orta məktəb üçün 360 yerlik yeni məktəb binasının tikintisi isə davam etdirilir. Əzizbəyov, Qırıxlı, Gürzalılar, Sarov, Mənəşli, Şıxlar kənd məktəblərində isə cari təmir işləri davam etdirilir. Tatarlı kənd tam orta məktəbi üçün 320 yerlik yeni məktəb binasının layihə-smeta sənədləri hazırlanmışdır. Yaxın vaxtlarda tikintiyə başlanacaqdır.
Cari tədris ili üçün məktəblərin inventar və avadanlıqlarla təminatı da diqqət mərkəzində saxlanmışdır. Belə ki, indiyə qədər kifayət qədər şagird partası, yazı lövhəsi, stol, stul və s. alınaraq məktəblərə paylanmışdır.
İlham Yusifov sonda dedi:
- Göründüyü kimi, son vaxtlar Goranboy Rayon Təhsil Şöbəsində, məktəb və pedaqoji kollektivlərdə uğurlar əldə edilmiş, əsaslı tədbirlər işlənib həyata keçirilmişdir. Əlbəttə, görüləsi işlər, həllini gözləyən problemlər də var. Bütün imkan və səylərimiz ona yönəldilmişdir ki, hələ də müşahidə olunan nöqsan və çatışmazlıqlar tezliklə aradan qaldırılsın, qarşıdan gələn 2010- 2011-ci dərs ilində qazanılmış uğurlar daha da möhkəmləndirilsin.{nl}

Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında