Şriftin ölçüsü:
17.09.2010 01:00 | Oxunma sayı: 655
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonundakı Təzəkənd kəndində yeni məktəb binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Təzəkənd məktəbinin istifadəyə verilməsi münasibətilə təhsil ocağının şagirdlərini, pedaqoji kollektivi təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulayaraq demişdir:
-Azərbaycanda həyata keçirilən tədbirlər bütün sahələrin inkişafına səbəb olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, dövlət proqramları ölkəmizin bütün bölgələrində uğurla həyata keçirilir. Nəticədə regionlar inkişaf edir, yeniləşir, əhalinin maddi rifah halı yaxşılaşır. Əhalinin rifah halının yaxşılaşdırılması üçün dövlət başçısının sərəncamları ilə əməkhaqları, pensiya və müavinətlər ilbəil artırılır, Azərbaycanda Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə və əlillərə xüsusi diqqət və qayğı göstərilir.
Respublikamızda həyata keçirilən tədbirlər Azərbaycan vətəndaşlarının dünyagörüşünün formalaşmasına, onların ölkəmizin inkişafında daha yaxından iştirak etməsinə səbəb olur. Bu gün istifadəyə verilən məktəb, kənd mərkəzi, məişət evi bir kəndin timsalında Azərbaycanda həyata keçirilən tədbirlərin, ölkəmizin inkişafının göstəricisidir.
Azərbaycanın inkişafı üçün çalışan, fədakarlıq göstərən insanların əməyi dövlətimiz tərəfindən qiymətləndirilir. 2009-2010-cu tədris ilində Təzəkənd orta məktəbinin nailiyyətlərinə görə məktəbin müəllimi "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş, 1 nəfər isə "Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür. 2009-2010-cu dərs ilində məktəbi bitirən məzunlardan 5-i ali məktəblərə, 1-i isə orta ixtisas məktəbinə qəbul olunmuşdur.
Ali Məclisin sədri əldə etdiyi nailiyyətlərə görə məktəbin pedaqoji kollektivini təbrik etmiş, müəllimlərə təşəkkürünü bildirərək demişdir:
Yeni məktəb binasının tikilməsi, kəndlərin abadlaşdırılması ümummilli liderimizin siyasətinin ölkəmizdə uğurla davam etdirilməsinin, ulu öndərimizin yoluna sədaqətin nəticəsidir. Ümummilli liderimiz Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı neft strategiyası, 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın təbii sərvətlərinin ölkəmizin inkişafına yönəldilməsinə səbəb olmuşdur. Bütün bunların nəticəsi olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ölkəmizin regionlarında təhsilə, səhiyyəyə sərmayələr qoyulur, yollar çəkilir, abadlıq işləri həyata keçirilir. Təzəkənd və Xıncab kəndlərində tikilən yeni sosial obyektlər də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəsaiti hesabına inşa olunmuş və Təzəkənd məktəbi muxtar respublikamızın abad, hər cür şəraiti olan məktəbləri sırasına daxil olmuşdur. Məktəbdə elektron lövhəli sinif, kimya-biologiya kabinəsi yaradılmış, hərbi kabinə, idman zalı lazımi avadanlıqla, təhsil ocağı 7 kompyuterlə təmin edilmişdir. Əminik ki, yaradılan şəraitin müqabilində məktəb nailiyyətlərini daha da artıracaq, muxtar respublikamızda 500-700 intervalında bal toplayan tələbələrin sırasında bu məktəbin də payı olacaqdır.
Ali Məclisin sədri Təzəkənd və Xıncab kəndlərində aparılan quruculuq işlərinə görə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, burada əməyi olan insanlara təşəkkürünü bildirmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə məktəbin müəllim və şagirdlərini, kənd əhalisini təbrik etmişdir. Bildirmişdir ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ulu öndərimizin neft siyasətinin nəticəsidir. Ölkəmizin iqtisadiyyatı möhkəmləndikcə yeni sosial layihələr həyata keçirilir. Azərbaycanda icra olunan sosial layihələr sırasında məktəb binalarının, səhiyyə ocaqlarının tikilməsi xüsusi yer tutur. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bu layihələrin həyata keçirilməsində Dövlət Neft Şirkəti də yaxından iştirak edir. Neft Şirkətinin vəsaiti ilə Naxçıvan Muxtar Respublikasında da bir neçə məktəb binası tikilib istifadəyə verilmişdir. Sevinirik ki, ölkəmizin gələcəyi olan uşaqlar üçün burada belə yüksək səviyyəli məktəb binası inşa olunmuşdur.
Vasif Talıbov və Rövnəq Abdullayev məktəbin açılışını bildirən rəmzi lenti kəsmişlər.
Sonra yeni məktəb binasına baxış keçirilmişdir. Müasir tələblər səviyyəsində inşa olunan və lazımi avadanlıqla təchiz edilən məktəb binasında tədrisin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait yaradılmışdır. İkimərtəbəli məktəb binasında 11 sinif otağı, kimya-biologiya kabinəsi, elektron lövhəli sinif, hərbi kabinə, müəllimlər otağı, kitabxana, kompyuter otağı, idman zalı yerləşir.
Məktəblə yanaşı, Təzəkənd və Xıncab kəndlərində kənd mərkəzləri və məişət evləri də istifadəyə verilmişdir.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.