Azərbaycan beynəlxalq təşkilatların fəal üzvüdür

Azərbaycan Respublikası nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan və 100-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası ilə səmərəli əməkdaşlıq edərək, uzun illər təşkilatın rəhbər orqanı - İcraiyyə Komitəsində təmsil olunur.
Sentyabrın 4-dən 10-dək Niderlandın Haaqa şəhərində bütün qitələrdən olan 400-dən çox nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin iştirakı ilə Assosiasiyanın 15-ci illik konfransı, ümumi yığıncağı və İcraiyyə Komitəsinin iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirlərdə ölkəmizi Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun rəhbərliyi ilə Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil etmişdir.
Konfransın Niderland şahzadəsinin iştirakı ilə parlamentdə keçirilmiş təntənəli açılışında Krallığın ədliyyə naziri çıxış etmişdir. Tədbirdə beynəlxalq cinayətkarlığın yeni xüsusiyyətləri, hüquqi yardımın səmərəliliyinin artırılması, cinayətkarların ekstradisiyası, dəniz quldurluğu ilə mübarizə və digər aktual məsələlər müzakirə edilmişdir.
Nümayəndə heyətimizin üzvləri konfransın ümumi iclaslarında və seminarlarda fəallıq göstərmiş, çıxışlar etmişlər.
İcraiyyə Komitəsinin iclasında bir sıra təşkilati məsələlərə baxılmışdır. Assosiasiyanın mövcud qaydalarına əsasən, komitənin üzvləri ingilis dilini sərbəst bilməlidirlər və üç il müddətində yalnız bir dəfə təkrar seçilə bilərlər. Lakin ölkəmizin assosiasiyanın inkişafına verdiyi böyük töhfələr nəzərə alınaraq, İcraiyyə Komitəsinin üzvü olan Azərbaycan nümayəndəsinin səlahiyyət müddəti müstəsna qaydada 1998-ci ildən indiyədək bir neçə dəfə uzadılmış və 2010-cu ildə başa çatmışdır. Bununla əlaqədar, İcraiyyə Komitəsinin fəaliyyətinə dəyərli töhfələrinə görə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Assosiasiyanın Xüsusi Xidmətlər Sertifikatı ilə təltif edilmişdir.
Dünyada nüfuzu getdikcə artan assosiasiyanın rəhbər orqanında Azərbaycanın təmsil olunmasının əhəmiyyəti nəzərə alınaraq, Komitədə Avropa qitəsi üçün nəzərdə tutulmuş yerə ölkəmizdən də namizəd irəli sürülmüşdür. Gərgin rəqabət şəraitində keçən seçkilər nəticəsində məhz Azərbaycanın namizədi - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev assosiasiyanın ümumi yığıncağında İcraiyyə Komitəsinin üzvü seçilmişdir.
Qondarma Dağlıq Qarabağ Respublikası baş prokurorunun assosiasiyanın fərdi üzvlüyünə qəbul edilməsi ilə bağlı məsələ Azərbaycan tərəfinin qəti etirazına əsasən İcraiyyə Komitəsinin gündəliyindən çıxarılmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair xüsusi hazırlanmış BMT, ATƏT, Avropa Şurası və Avropa İttifaqının qətnamə və digər rəsmi sənədlərindən ibarət toplu Komitə üzvləri arasında yayılmışdır. Nümayəndə heyətimizin rəhbəri Azərbaycanın haqlı mövqeyi barədə geniş məlumat vermiş və müzakirələr nəticəsində milli maraqlarımıza uyğun qərar qəbul olunmuşdur.
Səfər zamanı həmçinin, Azərbaycan və Niderlandın ədliyyə nazirləri arasında səmimi şəraitdə işgüzar görüş keçirilmiş, bir sıra dövlətlərin prokurorluq, ədliyyə və məhkəmə orqanlarının rəhbərləri ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsinə dair danışıqlar aparılmışdır.
Eyni zamanda, iqamətgahı Haaqada yerləşən AVROCAST (Avropa Ədliyyəsi) təşkilatına səfər edilərək qurumun prezidenti ilə görüş keçirilmiş, qarşılıqlı fəaliyyət imkanları araşdırılmış, konkret tədbirlərin keçirilməsi müzakirə edilmişdir.
Nümayəndə heyətimiz Niderland Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası İnstitutuna baş çəkmiş, ekspertizanın müasir imkanları ilə tanış olmuş, əməkdaşlığa dair danışıqlar aparmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında