Azərbaycan xalqının qəhrəmanlıq tarixi əbədiləşdirilməlidir

Sentyabrın 14-də Respublika Veteranlar Şurasında alman faşizmi üzərində Qələbənin 65 illiyinə həsr edilmiş üç kitabın - Əmiralı Əmirəliyevin "Mənalı ömür yolu", Aleksandr Qritçenkonun "Azərbaycanın oğul və qızlarının qəhrəmanlığı" ("Qeroizm sınov i doçerey Azerbaydjana"), Tofiq Seyidzadə və Əhməd Türk Sədərəklinin birgə qələmə aldıqları "408 sədərəkli Vətən uğrunda" kitablarının təqdimat mərasimi olmuşdur.
Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədri Əlövsət Baxışov tədbirin məqsəd və əhəmiyyətindən, ölkəmizdə veteranlara dövlət qayğısından danışmışdır.
Şura sədrinin birinci müavini, tədbirin təşkilatçısı Surxay Tağızadə müəlliflər və onların kitabları haqqında məlumat vermişdir. Bildirmişdir ki, 416-cı Azərbaycan Taqanroq atıcı diviziyasının veteranlar şurasının sədri Əmiralı Əmirəliyevin "Mənalı ömür yolu" kitabı diviziyanın zəfər yolundan, onun tərkibində döyüşən azərbaycanlıların yenilməz şücaətindən bəhs edir. Kitabda İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərimizin siyahısı, onlar haqqında xatirələr, fotoşəkillər yer almışdır.
Respublika Veteranlar Şurası bürosunun və rəyasət heyətinin üzvü Aleksandr Qritçenko 1941-1945-ci illər müharibəsində şanlı qələbənin qazanılmasında Azərbaycan xalqının rolundan bəhs edən, Bakıda və Moskvada nəşr olunan 70-dən artıq kitabın müəllifidir. Onun rus dilində çapdan çıxmış "Azərbaycanın oğul və qızlarının qəhrəmanlığı" kitabı da elə bu mövzuya həsr olunmuşdur. Kitab Heydər Əliyev Fondunun dəstəyi ilə işıq üzü görmüşdür.
Tofiq Seyidzadə və Əhməd Türk Sədərəklinin "408 sədərəkli Vətən uğrunda" kitabında Azərbaycanın hər bir bölgəsindən qəhrəman oğulların alman faşizminə qarşı döyüşlərdə və arxa cəbhədə fədakarlıq göstərməsindən söz açılır.
Respublika Veteranlar Şurası sədrinin müavini Çingiz Həsənov tariximizin bir parçası olan 1941-1945-ci illər müharibəsi dövründə xalqımızın tarixi qəhrəmanlıqlarını, ön və arxa cəbhədə hünər göstərməsini gənc nəslə çatdırmağın vacibliyindən danışmış, bu mövzuda kitabların yazılmasının və tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulamışdır.
Respublika Veteranlar Şurasının büro üzvləri Bahadır Hüseynov, Musa Bağırov, şuranın məsul katibi Əlfayım İsmayılov, Azərbaycan Dillər Universiteti veteranlar şurasının sədri Məhəmməd Teymurlu, Bakı Şəhər Veteranlar Şurasının sədri Məmməd Qarayev, Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, professor Paşa Zamanov, "Gənclik" nəşriyyatının direktoru Adil Abdullayev, "Vətən" nəşriyyatının direktoru Şəddad Cəfərov, şair-publisist Köçəri İsgəndərli və digər çıxış edənlər gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında və milli mübarizə əzminin yüksəldilməsində, tariximizin əbədiləşdirilməsində belə kitabların böyük əhəmiyyət daşıdığını qeyd etmiş, müəlliflərə yeni yaradıcılıq uğurları arzulamışlar.
Sonda müəlliflər - Əmiralı Əmirəliyev, Aleksandr Qritçenko və Tofiq Seyidzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildirmiş, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm əhəmiyyət kəsb edən əsərlərə bundan sonra da yaradıcılıqlarında xüsusi yer ayıracaqlarını vurğulamışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında