Azərbaycanın və Gürcüstanın valideyn himayəsindən məhrum və təhsildə fərqlənən yeniyetmələrinin qarşılıqlı səfərləri xoş təəssüratlarla yadda qalmışdır

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofsun birgə təşəbbüsü ilə mədəni proqram çərçivəsində sentyabrın 1-dən 10-dək hər iki ölkənin valideyn himayəsindən məhrum və təhsildə fərqlənən yeniyetmələrinin qarşılıqlı səfərləri həyata keçirilmişdir.
Heydər Əliyev Fondundan bildirmişlər ki, Gürcüstanın 20 nəfərlik nümayəndə heyəti sentyabrın 1-də Bakıda qarşılanmışdır. Qonaqlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Heydər Əliyev Fondunda keçirilmiş görüşdən sonra gürcüstanlı yeniyetmələr ölkəmizin tarixi-mədəni və görməli yerləri ilə tanış olmuşlar. Həmin günlərdə İçərişəhər, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Qobustan kimi tarixi yerlərə, eləcə də Müasir İncəsənət Muzeyinə ekskursiyalar təşkil olunmuşdur. Gürcüstanlı yeniyetmələr 1 nömrəli uşaq evinin yay düşərgəsində həmyaşıdları ilə görüşmüşlər.
Proqram çərçivəsində nümayəndə heyəti Qəbələ, Şəki və İsmayıllıya getmiş, Azərbaycanın bu əsrarəngiz guşələrinin tarixi yerlərinə səfər etmiş, regionun həyatı ilə daha yaxından tanış olmuşlar.
Azərbaycan nümayəndə heyətinin Gürcüstana səfəri Tbilisidən başlamışdır. Azərbaycanlı qonaqlar dost ölkənin paytaxtında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra ölkəmizin Gürcüstandakı səfirliyində olmuşlar. 20 nəfərlik nümayəndə heyətini Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofs da qəbul etmişdir.
Uşaqlar Gürcüstan paytaxtının görməli yerlərini gəzmiş, milli və etnoqrafik muzeylərlə tanış olmuşlar. Səfər çərçivəsində qədim Siqnaqi şəhəri ilə tanışlıqdan sonra azərbaycanlı yeniyetmələr Batumi, Qori, Kutaisi, Likani şəhərlərinə səyahət etmişlər. Qədim Vardziya məbədlər kompleksi, Batumidəki botanika bağı, zəngin zoopark, yeni bulvar qonaqlarda xoş təəssürat oyatmışdır.
Qarşılıqlı səfər proqramları sentyabrın 10-da başa çatmışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında