Əhalinin gələcək sosial təminatı diqqət mərkəzindədir

Xəzər–Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İ.İsayev arasında görüş olub. Öncə klubun icraçı direktoru T.Əliyev gördükləri iş və fəaliyyət prinsipləri barədə qısa məlumat verib, dövlət və özəl qurumlar arasında işgüzar əlaqələrin inkişaf etdirilməsinin klubun əsas məqsədlərindən olduğunu vurğulayıb.

İ.İsayev əmək və sosial müdafiə sistemində aparılan islahatların əhaliyə göstərilən xidmətlərin müasirləşdirilməsinə və keyfiyyətinin yüksəlməsinə, şəffaflığın təminatına yönəldiyini vurğulayıb: “İdarəçilik sisteminin, habelə əhaliyə xidmətin müasir prinsiplər əsasında təşkili məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması bu gün ƏƏSMN-nin əsas prioritetlərindən biridir. Bu sahədə aparılan işlər uğurlu nəticələr verir. Belə ki, “Elektron hökumət” portalının statistikasına əsasən, nazirlik tərəfindən əhaliyə göstərilən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” və “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” xidmətləri ən çox istifadə olunan elektron xidmətlərdir. Bu elektron xidmətlərdən istifadə edənlərin sayının çoxluğu əmək müqaviləsi bildirişlərinin EİS-də qeydiyyatdan keçirilməsini nəzərdə tutan islahat tədbirində işəgötürənlərin və işləyən əhalinin fəal iştirakını göstərir".

Görüşdə bildirilib ki, həmin xidmətlərin tətbiqinin hüquqi əsası Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən dəyişikliklərdən irəli gəlib. Dəyişikliklərə əsasən, əmək müqaviləsi bildirişi – əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin ƏƏSMN-nin EİS-də elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin EİS-ə daxil edilən elektron sənəddir. Əmək müqaviləsi müvafiq bildiriş formasında sistemdə qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir: “2014-cü ilin 20 oktyabr tarixinə olan məlumata əsasən, “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidməti vasitəsi ilə EİS-ə 1 424 160 əmək müqaviləsi bildirişi daxil edilib. Onların 1 245 267 ədədi əmək müqaviləsinin bağlanması, 122 024 ədədi əmək müqaviləsinə dəyişikliyin edilməsi, 56 869 ədədi əmək müqaviləsinə xitamın verilməsi ilə bağlı əmək müqaviləsi bildirişləridir. Daxil edilmiş bildirişlərin 98,7 faizi elektron imza ilə təsdiq edilib".

İ.İsayev EİS-də qeyd olunan tarixə aktiv olan bildirişlərin sayının 1 164 552 ədəd təşkil etdiyini, onların 93,8 faizinin hüquqi şəxs statusunda olan işəgötürənlərlə əmək müqaviləsi bağlayaraq əmək fəaliyyətində olan işçilər üzrə olduğunu diqqətə çatdırıb: “Sahibkarlıq fəaliyyəti ilə məşğul olan, fiziki şəxs statusunda olan işəgötürənlərlə əmək müqaviləsi bağlayaraq əmək fəaliyyətində olan işçilər üzrə sistemdə 72 481 aktiv bildiriş mövcuddur ki, bu da bütün aktiv bildirişlərin 6,2 faizini təşkil edir. Qeyd olunan tarixə 46 659 işəgötürən bildirişlərin EİS-ə daxil edilməsi üçün qeydiyyata düşmüşdür ki, bunun da 45,4 faizi hüquqi şəxs statusunda olan işəgötürənlər, 54,6 faizi isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs statusunda olan işəgötürənlərdir”. Bildirilib ki, aparılan təhlillərə əsasən, təxminən 350 mindən artıq əmək müqaviləsi bildirişlərinin bundan sonra sistemə daxil ediləcəyi gözlənilir.

Yeni yaradılan bu sistemin önəmli cəhətləri - onun ilk növbədə əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasına, işçilərin, eləcə də işəgötürənlərin hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşməsinə, işçilərin əmək və gələcək sosial təminatı üçün hüquqi əsasın yaranmasına, əmək bazarı haqqında dolğun məlumat bazasının formalaşmasına səbəb olduğu barədə məlumat verilib.

Görüşün sonunda klub üzvlərinin ayrı-ayrı sualları cavablandırılıb.

 

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında