Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin keçirdiyi müşavirədə ölkəmizin informasiya təhlükəsizliyi ilə bağlı aktual məsələlərin müzakirə edilməsi və bu ciddi məsələ ilə bağlı səslənən fikirlər bir peşəkar jurnalist kimi məni mütəəssir etdi.
Etiraf edim ki, bu ilin avqust ayının əvvəllərində Ali Baş Komandan İlham Əliyevin döyüş bölgəsindəki “N” saylı hərbi hissədə olmasından, fərqlənən neçə hərbi qulluqçuları təltif etməsindən, onların qarşısındakı çıxışından sonra baş verənlərə bir çox KİV-in, müxalif mətbuat orqanlarının, son dövrlərdə geniş yayılmış elektron–medianın düşmən dəyirmanına su tökən çıxışları, hərbi sirlərin qanunvericiliyə zidd yayılması, Milli Ordumuzun uğurlarına kölgə salan yazıların dərci məni həm də Qarabağ müharibəsi veteranı kimi çox hiddətləndirmişdir. Həmin dövrdə “Xalq qəzeti”ndə Qarabağ müharibəsi veteranlarının dövlətimizi qorumağa, işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün hər an döyüşə atılmağa hazır olduqları barədə hörmətli Prezidentimiz İlham Əliyevə ünvanlanmış teleqramım dərc olunmuşdur. Lakin Ali Baş Komandanın cəbhə bölgəsindəki görüşündən və çıxışından sonra müxtəlif mətbu orqanlarda və internet saytlarındakı hədyan yazıları oxuyandan sonra “Azərbaycan mətbuatına senzura lazımdırmı?!” anaitik yazı ilə çıxış emək və fikirlərimi ölkənin həqiqi, vətənpərvər və vicdanlı yazarları ilə bölüşmək istəyirdim. Prezident Administrasiyası rəhbərinin keçirdiyi müşavirədə qaldırılan çox aktual məsələlər bu mövzuya yanaşma tərzimi bir qədər dəyişdirdi.
1985-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini əyani bitirmişəm. Xeyli müddət Saatlı rayonunda çıxan “Dönüş” qəzetində müxtəlif vəzifələrdə işləmişəm. 1990-cı ilin Qanlı yanvarında məsul katibi olduğum “Dönüş” qəzeti faciənin baiskarı olan Mixail Qorbaçova qarşı çox kəskin və cəsarətli çıxış etdi. 1992-ci ilin martında yerli ərazi özünümüdafiə batalyonunun komandiri kimi döyüş bölgəsinə yollanmışam. Ağdam, Laçın və Cəbrayıl bölgələrində düşmənə qarşı döyüşmüşəm.
Bütün bunları sadalamaqla demək istəyirəm ki, mən bu gün də torpaqlarımızın iyirmi faizinin düşmən tapdağı olmasına, minlərlə soydaşımızın “qaçqın” deyə çağırılmasına görə xəcalət çəkir, böyük məsuliyyət daşıdığımı dərk edirəm. Qarabağ müharibəsi veteranı olduğuma görə, səmimi deyirəm, heç də böyük qürur hissi keçirmirəm. Mən böyük qürur hissini yalnız Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızı işğaldan azad etdikdən, yağı düşmən üzərində layiqli qələbə çaldıqdan sonra keçirəcəyəm. 1992-1994-cü illər Qarabağ savaşı zamanı Azərbaycanın təbliğat maşını nəinki işləmirdi, hətta, bu iş heç qurulmamışdı. Əksər mətbuat orqanlarımızda və bəzi hallarda telekanallarda düşmən ordusu məğlubedilməz, yenilməz ordu kimi təsvir olunur, belə gedərsə, tezliklə ermənilərin Azərbaycanın bütün ərazilərinə sahib olacaqları təlqin edilirdi. O dövrdə Qarabağ savaşının uduzulmasının əsas səbəblərini paytaxtla döyüş bölgəsi arasında əlaqənin olmamasında, ölkə rəhbərliyinin müharibəni çox-çox uzaqlardan və naşıcasına idarə etməsində axtarmaq lazımdır. Bir sözlə, həmin dövrdə paytaxt Bakının Ağdamda, Füzulidə... gedən döyüşlərdən xəbəri yox idi.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev düşmənlə təmas xəttinə gəlib, orada qəhrəman əsgər və zabitlərlə bir səngərdə olur, onlarla söhbət edir, fərqlənənləri təltif edir. Məgər 1991-ci ildən üzü bəri belə məqamları gözləmirdikmi? Ölkə rəhbərinin əlini bir əsgərin çiyninə qoyub, onu Vətənə ləyaqətlə xidmət etdiyinə görə təltif etməsi həmin Ali Baş Komandanın ölkəsinə, vətəndaşına, ordusuna sədaqətindən başqa, həm də ölkə gəncliyinin vətənpərvərliyinin, ruh yüksəkliyinin böyük təcəssümüdür. Belə təşəbbüskarlığa, vətənpərvərliyə, sədaqətə kölgə salmaq, hədyan yazılarla insanlar çaşdırmaq nəyə lazımdır? Bunu hamı bilir.
Mən dəfələrə yazmışam və bu gün də cəsarətlə bəyan edirəm: doğma Azərbaycanımızın torpaqlarının 20 faizi yağı düşmənin əlində olduğu kimi, Azərbaycan mətbuatının ən azından 50-60 faizi xam, naşı və jurnalistikada səriştəsi olmayan “diletant”ların əlindədir.
Çox maraqlıdır ki, Azərbaycanın işğal olunmuş torpaqlarından didərgin düşmüş, özünü jurnalist kimi mətbuat aləminə sırımış birisi Ali Baş Komandanın, Müdafiə nazirinin döyüş bölgəsinə səfərlərinə ciddi yanaşmır, əhəmiyyətsiz iş sayır. Bu gün əksər mətbuat orqanlarında dövlət və hərbi sirlərin ictimailəşdirilməsi, hərbi dislokasiyalar barədə bilərəkdən və ya savadsızlıqdan məlumatların mətbuata çıxarılaraq düşmən tərəfə sızdırılması adi hal almışdır. Başabəla jurnalistlər hərbi hissələrin yolunu su yoluna döndəriblər. Əksər mətbu orqanlarda hərbi hissə nömrələri, hərbi hissənin şəxsi heyəti və texnikası barədə açıq məlumatlar dərc olunur. Hərbi hissə zabitləri, onların qanunla qorunan məxfi məlumatları onların ailələri, harada yaşamaları və sair barədə çox həvəslə yazırlar.
Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələri ilə dövlət və hərbi sirlərin yayılmasına qadağa qoyulub və belə əməllərə görə jurnalist və yaxud hər hansı vətəndaş ölkə qanunları qarşısında məsuliyyət daşıyır. Lakin mən indiyədək hər hansı jurnalistin və ya vətəndaşın dövlət və hərbi sirri ictimailəşdirdiyinə görə məhkəməyə verilməsinin, cəzalandırılmasının şahidi olmamışam. Şəhər və rayon məhkəmələrində isə şərəf və ləyaqətin təhqirinə görə iddia qovluqlarının sayı-hesabı yoxdur.
Prezident Administrasiyasının rəhbəri, cənab Ramiz Mehdiyev müşavirədə qeyd edib ki, formasından və məzmunundan asılı olmayaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və Konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən, cəmiyyətin informasiya təhlükəsizliyini və milli maraqlarını təhdid edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır və... bundan sonra da atılacaqdır.
Əliağa QURBANOV,
Saatlı Rayon Veteranlar Şurasının sədri,
Qarabağ müharibəsi veteranı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.