Son illər ölkəmizdə səmərəli vergi sisteminin formalaşdırılması, onun qanunvericilik bazasının təkmilləşdirilməsi, vergi orqanları əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması, əlverişli vergi mühitinin və vergi mədəniyyətinin yaradılması ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Məhz bunun nəticəsidir ki, hazırda respublikada vergi daxilolmalarının artımı təmin olunmuş, sahibkarlığın inkişafı dinamik xarakter almışdır.
Onu da xatırlatmaq yerinə düşər ki, bu gün Azərbaycanda vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı inam və etimad mövcuddur. Şübhəsiz ki, belə şərait paytaxtda, eləcə də regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinin üzləşdikləri problemlərin yerindəcə həll edilməsinə, vergidən yayınma hallarının aradan qaldırılmasına, dövlət büdcəsinə ödənişlərin düzgün və vaxtında həyata keçirilməsinə müsbət təsir göstərir.
Vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, onlar arasında məlumatlandırma və maarifləndirmə işlərinin aparılması, habelə ərizə və şikayətlərin operativ və obyektiv araşdırılması məsələlərinə xüsusi önəm verilir və bu istiqamətdə mühüm tədbirlərin reallaşdırılması daim diqqət mərkəzində saxlanılır.
Kütləvi informasiya vasitələri nümayəndələrinin Vergilər Nazirliyinin Xaçmaz şəhərində yerləşən 3 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət üzrə kompyuter terminalı ilə tanışlıq mərasimində bu barədə ətraflı söhbət getdi.
Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının Xaçmaz kompyuter terminalı üzrə mütəxəssisi Qazəhməd Şahbazov dedi:
- Kompyuter terminalında dövlət-sahibkar münasibətlərinin ardıcıl olaraq inkişaf etdirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarların maarifləndirilməsi, biznes fəaliyyəti subyektlərinə müxtəlif növ (hüquqi, informasiya, metodiki və s.) xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur.
Terminalda vergi ödəyicilərinə vergi qanunvericiliyi və onun tətbiqi barədə məlumat, vergi bəyannamələrinin təqdim olunması müddətləri və qaydaları ilə bağlı izahatlar verilir, bəyannamələrin elektron formada təqdim olunması üçün şərait yaradılır, sahibkarlıq fəaliyyəti subyektlərinin "bir pəncərə" prinsipi üzrə dövlət qeydiyyatına alınması ilə bağlı xidmətlər göstərilir, vergi ödəyicilərinə şəxsi vərəqlərindəki məlumatlara baxış imkanı yaradılır. Artıq iki ildir ki, bu terminalın xidmətlərindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sənəd verən abituriyentlər də istifadə edirlər.
Q. Şahbazov vurğuladı ki, indiyədək terminala gündə 10-15 nəfər olmaqla, ümumilikdə 800-dən çox vergi ödəyicisi müraciət edib. Azərbaycan Sahibkarlar Konfederasiyası nümayəndəsi həmçinin diqqətə çatdırdı ki, artıq Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin xidmət göstərdiyi Şabran və Qusar rayonlarında da kompyuter terminallarının tikintisi aparılır. Ümumiyyətlə, bu ilin sonuna kimi respublikanın 20 rayonunda belə terminalın inşasına başlanılacaq.
Hazırda ölkə üzrə vergi ödəyicilərinə xidmət üzrə 16 kompyuter terminalının olduğunu deyən Q.Şahbazovun sözlərinə görə, terminallarda xidmət işi Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən təşkil olunur.
Yerli vergi ödəyiciləri də kompyuter terminalının yaradılmasının onların fəaliyyətinə müsbət təsir göstərdiyini bildirərək, burada həm vaxta qənaət etdiklərini, həm kompyuter xidmətləri ilə təmin olunduqlarını, həm də peşəkar mütəxəssislər tərəfindən zəruri məlumatlar aldıqlarını vurğuladılar.
İş adamı Aydın Qurbanov dedi:
- Bu terminalın xidmətindən yararlanan bir sahibkar kimi qısaca onu bildirmək istərdim ki, terminal fəaliyyətə başlayandan indiyə kimi, vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı inam güclənmişdir. Eyni zamanda qarşıya çıxan çətinliklərin operativ şəkildə aradan qaldırılmasına, dövlət büdcəsinə ödənişlərin düzgün və vaxtında həyata keçirilməsinə müsbət təsir göstərmişdir.
Aydın Qurbanov daha sonra bildirdi ki, terminal bəyannamələrin düzgün hazırlanmasına köməklik göstərir, bəyannamələrin elektron formada internetlə vergi idarələrinə göndərilməsinə yardımçı olur. Eyni zamanda terminalda vergi ödəyicilərinin sorğularına əsasən onların şəxsi hesabına baxmaq və vergi borcları haqqında onlara məlumat vermək imkanı yaradılır.
Vergi ödəyicilərinə terminalda yuxarıda sadalananlarla yanaşı, ərizə, arayış və digər sənədlərin tərtib edilməsinə köməklik göstərilir, vergi hesabatlarında uyğunsuzluq yarandıqda həmin uyğunsuzluğun aradan qaldırılması üçün müəyyən izahatlar verilir. Qeyd edək ki, yarandığı tarixdən indiyədək (2008-2010-cu illər) Xaçmaz şəhərindəki vergi ödəyicilərinə xidmət üzrə kompyuter terminalında 9.312 vergi ödəyicisinə vergi qanunvericiliyi ilə bağlı 20 mindən çox müxtəlif xidmətlər göstərilmişdir.
Tanışlıq mərasiminin sonunda KİV nümayəndələri press-tur çərçivəsində Quba rayonuna da gedərək, 3 saylı Ərazi Vergilər İdarəsinin fəaliyyəti ilə yaxından tanış oldular.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.