"Sınıq körpü" görkəmini dəyişir

Amma Qazaxda dəyişən təkcə bu deyil...
Bu yerlər tamam dəyişib, özü də qısa vaxt ərzində. Yöndəmsiz tikililərdən, eybəcər köşklərdən, tozlu-torpaqlı yollardan əsər-əlamət qalmayıb. Müasir üslubda inşa olunmuş gömrük buraxılış məntəqəsinə çatana kimi magistral yolun hər iki tərəfində milli-memarlıq üslubunda elə gözəl qala divarları, bir-birini tamamlayan şəbəkəli hasarlar, səkilər salınıb ki, istər-istəməz ayaq saxlamalı olursan.
Artıq son tamamlama işləri gedir. İş icraçısı Zahid Musayevin Günəşdən yanmış çöhrəsinə təbəssüm qonur. Hiss olunur ki, gördükləri işlərdən özləri də fərəhlənirlər. Sement məhlulu qarışdıran, hörgü hörən, daş daşıyan fəhlələri göstərərək: "Bunlara halal olsun, - deyir. - Qoçaq uşaqlardır". Sonra da həvəslə bizi maketlərlə, layihə sənədləri ilə tanış edir, izahat verir. Amma kağız üzərində çəkilmiş eskiz şəkillərinə baxmağa heç ehtiyac da yoxdur. Çünki gömrük buraxılış məntəqəsinə yaxın olan magistral avtomobil yolunun sağ və sol tərəflərində 1200 metrdən çox sahə, demək olar ki, hazırdır və iş göz qabağındadır. Müasir milli memarlıq ənənələrimizi özündə əks etdirən dekorativ daş hasar və yuxarıda qeyd etdiyimiz digər maraqlı elementlər yüksək ustalıqla, peşəkarlıqla, həssaslıqla görülüb başa çatdırılıb. Sadəcə tikintinin tör-töküntüləri təmizlənib yaşıllıq salındıqdan sonra obyekt istifadəyə veriləcəkdir.
Yəqin söhbətin haradan getdiyini oxucu hiss etdi. Bəli, neçə illərdir biz Gürcüstanla həmsərhəd olan "Sınıq körpü" gömrük keçid məntəqəsini məhz bu cür görmək arzusunda olmuşuq. Müasir, abad, geniş və yaraşıqlı. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rauf Hüseynovla söhbət edərkən demədi ki, buraxılış məntəqəsinə kimi olan ərazinin abadlaşdırılmasını rayon öz daxili imkanları hesabına həyata keçirir. Təvazökarlığına artıq adət etdiyim başçının yalnız: "Yaxın günlərdə gömrük keçid məntəqəsi istifadəyə veriləcəkdir" sözləri yadımda qalmışdır. Burada gedən işlər barədə yalnız ərazinin daxil olduğu İkinci Şıxlı kəndinin sakinlərindən eşitdik və maraq bizi bura baxmağa məcbur etdi.
Qazaxda abadlıq-quruculuq işləri bir an belə səngimir. Rayon o qədər sürətlə gözəlləşir, müasirləşir ki, bəzən bir ay əvvəl getdiyin yeri tanımırsan. Təkcə bu ilin ötən aylarında görülən işlərə nəzər salmaq kifayətdir. Birinci Şıxlı kəndində qəza vəziyyətində olan məktəb binası sökülərək yerində 640 yerlik üçmərtəbəli müasir bina tikilib. İlin birinci yarısında 3 min tondan çox yüksək keyfiyyətli asfalt materialı salınaraq bir çox prospekt və küçələrə təqribən 30 min kvadratmetrdən çox asfalt örtüyü salınıb. Şəhərin küçələri yuyulub təmizlənib. Yeni xətlər çəkilib, gediş-gəlişin sıx olduğu yollarda adamların təhlükəsizliyini qorumaq üçün xüsusi qurğular quraşdırılıb. Mütəfəkkirlər parkında fəvvarə yenidən qurulub. Yuxarı Salahlı kəndində yerləşən S.Vurğunun Poeziya evində beynəlxalq standartlara uyğun olaraq yenidənqurma və bərpa işləri aparılıb. İllik gücü 1 milyon ton, ərazisi 56 hektar olan Qazax sement zavodunda və illik gücü 110 min ton olan "Azrosprominvest" birgə müəssisəsinin ikinci növbəsində tikinti işləri başa çatmaq üzrədir. Çaylı kəndində tutumu 3000 ton olan taxıl terminalında, rayon baytarlıq idarəsinin inzibati binasında və İkinci Şıxlı kəndindəki baytarlıq məntəqəsində tamamlama işləri aparılır. Bir sıra kəndlərdə sahil bərkidici bəndlərdə tikinti-quraşdırma işləri davam edir. Alpout və Xanlıqlar kəndlərindəki həkim məntəqələri, Cəfərlidəki uşaq bağçası da daxili imkanlar hesabına inşa olunur.
Bu ilin yazında rayon ərazisində 91 mindən çox müxtəlif növ ağac əkilib, park və xiyabanlar, yollar görkəmini dəyişib. Yaşayış və inzibati binalar indi daha baxımlı və gözəl görünür. Fərdi yaşayış binalarının sayı artır. Əhalinin gün-güzəranının yaxşılaşdığı onların üz-gözündən də oxunur. Rayonda sağlam psixoloji durum var.
Bir qədər qısa, xronoloji qaydada qeyd etdiyimiz faktlar və rəqəmlər yalnız bu ilin ötən aylarında görülən işlərin cüzi bir hissəsidir. Bax, Qazax beləcə dünənki libasını dəyişir, müasirliyə qovuşur. Həm də müasirlik milli-memarlıq ənənələri qorunub saxlanılmaqla, zövqlə həyata keçirilir. Elə "Sınıq körpü" buraxılış-keçid məntəqəsində olduğu kimi.

{nl}

Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında