Şriftin ölçüsü:
07.09.2010 02:17 | Oxunma sayı: 421
Sentyabrın 6-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə Gürcüstan Milli Elmlər Akademiyasının (GMEA) xarici üzvü diplomu təqdim edilmişdir.
Gürcüstan Milli Elmlər Akademiyasının iclas salonunda Elmlər Akademiyası üzvlərinin iştirakı ilə keçirilmiş tədbirdə GMEA-nın prezidenti Tamaz Qamkrelidze diplomu Xoşbəxt Yusifzadəyə təqdim etmişdir.
T.Qamkrelidze mərasim iştirakçılarına Xoşbəxt Yusifzadənin həyat və fəaliyyəti barədə ətraflı məlumat vermiş, onun Azərbaycan Respublikasında neft-qaz hasilatı sahəsində böyük xidmətlərindən danışmış, dünya şöhrətli siyasətçi Heydər Əliyevin şəxsi cəsarəti sayəsində məhz Gürcüstan ərazisindən keçməklə reallaşmış qlobal layihələrin ərsəyə gəlməsində akademikin əməyindən söhbət açmışdır.
T.Qamkrelidze bildirmişdir ki, dünyanın tanınmış alimləri Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü seçilirlər və bu gün onlardan birinə - ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə həmin diplomu təqdim etməkdən böyük məmnunluq duyuram. GMEA-nın prezidenti demişdir ki, Azərbaycanın daha bir görkəmili alimi - AMEA-nın həqiqi üzvü, respublika Milli Onkologiya Mərkəzinin baş direktoru Cəmil Əliyev də Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü seçilmişdir.
Xoşbəxt Yusifzadə Gürcüstan Milli Elmlər Akademiyasının kollektivinə seçimə görə təşəkkür etmişdir. O, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti sayəsində Azərbaycanda bütün sahələrdə olduğu kimi, neft-qaz sektorunun inkişafında da böyük yüksəlişə nail olduğunu diqqətə çatdırmış, ölkədə neft-qaz hasilatının yüksəldilməsində, bu sahənin yeni texnologiyalarla təmin olunmasında, qlobal layihələrin həyata keçirilməsinə xarici şirkətlərin cəlb edilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmışdır. Akademik, həmçinin tədbir iştirakçılarına Azərbaycanda neft-qaz hasilatının tarixi, bugünkü durumu barədə ətraflı məlumat vermişdir.
Xoşbəxt Yusifzadə Azərbaycan-Gürcüstan dövlətləri arasında münasibətlərin yüksək səviyyədə olmasından, xalqlarımızın tarixi dostluğundan, prezidentlər İlham Əliyev və Mixeil Saakaşvilinin qardaşlıq münasibətlərinin ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahının daha da yaxşılaşmasına böyük zəmin yaratdığını vurğulamışdır. ARDNŞ-in birinci vitse-prezidenti Azərbaycanın zəngin neft-qaz ehtiyatlarına malik olduğunu bildirmiş, ölkəmizin Nabukko layihəsinə böyük əhəmiyyət verdiyini diqqətə çatdırmışdır.
Mərasimdə çıxış edən Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, GMEA-nın birinci vitse-prezidenti Fridon Todua demişdir: "Bu gün Azərbaycanın sayılıb-seçilən elm adamına akademiyamızın xarici üzvü diplomunun verilməsindən məmnunluq duyuram. Mən, hətta, belə bir təklif də verib dedim ki, gəlin buradan "xarici" sözünü çıxarıb "həqiqi" sözünü yazaq ki, Xoşbəxt müəllim akademiyamızın həqiqi üzvü olsun. Xoşbəxt Yusifzadə neft-qaz sənayesinin inkişafında yalnız Azərbaycanda deyil, bütün postsovet məkanında böyük xidmətləri olan görkəmli şəxsiyyət kimi buna layiqdir. O, təkcə Azərbaycan xalqının deyil, gürcü xalqının da fəxridir.
Gürcüstanın ağır günlərində Azərbaycan həmişə köməyimizə gəlmişdir. Uzağa getməyək, bir neçə il əvvəl Gürcüstan energetika təminatında ciddi problemlərlə üzləşəndə ölkəmiz ağır sınaqdan Azərbaycan Prezidenti İlham Əliyevin qardaşlıq yardımı sayəsində çıxa bildi. Bu işdə Xoşbəxt Yusifzadə kimi ağsaqqalların da xidməti böyük olmuşdur.
Heydər Əliyevin müdrikliyi və cəsarəti sayəsində ölkəmizin ərazisindən keçməklə reallaşan əsrin qlobal layihələri dövlətlərimiz arasında dostluğu daha da möhkəmləndirmiş, indiyədək heç bir problem olmayan Azərbaycan-Gürcüstan münasibətlərinin bundan sonra da mehriban qonşuluq və dostluq şəraitində inkişaf etdiriləcəyinə əminəm. Mən Azərbaycanı çox sevirəm. 25 il Moskvadakı A.V.Vişnevski adına Cərrahiyyə İnstitutunda həkim işləmişəm. Orada professor Kərim Baba oğlu Kərimov mənim ilk müəllimlərimdən olmuşdur. Mən həyatda bu insandan çox şey öyrənmişəm".
Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev demişdir ki, bu gün akademik Xoşbəxt Yusifzadəyə Gürcüstan Milli Elmlər Akademiyasının (GMEA) xarici üzvü diplomunun təqdim edilməsi ikitərəfli münasibətlərin inkişafının nümunəsidir və digər sahələrdə olduğu kimi, elm sahəsində də ölkələrimiz arasında əlaqələr genişlənməsinin əyani təzahürüdür. Bir qədər əvvəl Gürcüstan Milli Elmlər Akademiyası Azərbaycanın iki böyük alimini-akademiklər Cəmil Əliyevi və Xoşbəxt Yusifzadəni akademiyanın xarici üzvü seçilməsi barədə qərar qəbul etmişdir. Bu əlamətdar hadisə Azərbaycan elminin uğurlarından xəbər verir.
Tədbirdə Gürcüstan parlamentinin vitse-spikeri Rusudan Kervalişvili, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak etmişlər.
Həmin gün Xoşbəxt Yusifzadə ulu öndər Heydər Əliyevin Tbilisidəki büstünü ziyarət etmiş, önünə gül dəstəsi qoymuşdur.{nl}
İslam ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Tbilisi
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.