Ölkəmiz sosial-iqtisadi sahələrdə aparılmış əsaslı islahatlar nəticəsində qısa müddət ərzində böyük inkişaf yolu keçmiş, iqtisadi artım templərinə görə dünyanın aparıcı dövlətlərindən birinə çevrilmişdir. Belə ki, 2004-2009-cu illərdə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 2,8 dəfə, xarici ticarət dövriyyəsi 2,8 dəfə, o cümlədən ixrac 3,9 dəfə, dövlət büdcəsinin gəlirləri 7 dəfə artmışdır.
İqtisadiyyatın şaxələndirilməsi, özəl bölmənin canlandırılması insanların həyat səviyyəsinin yaxşılaşmasına müsbət təsir göstərmişdir. Son 5 ildə 840 mindən çox yeni iş yerinin açılması, əhalinin gəlirlərinin 2 dəfə, orta aylıq əmək haqqının 3 dəfə artması, yoxsulluğun səviyyəsinin isə 4 dəfə azalaraq 11 faiz təşkil etməsi bunun bariz ifadəsidir.
Son illər sosial obyektlərin, o cümlədən xəstəxanaların, məktəblərin tikilib istifadəyə verilməsi, köhnələrinin əsaslı şəkildə bərpa edilməsi də diqqət mərkəzində olmuşdur. Təkcə bir faktı xatırlatmaq yerinə düşər: 5 il ərzində 1800 yeni məktəb binası şagirdlərin ixtiyarına verilmişdir ki, bu da ölkədəki məktəblərin 40 faizini təşkil edir.
Ulu öndər Heydər Əliyevin uzaqgörən islahatlar strategiyasının ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qlobal maliyyə böhranının ən yüksək həddə çatdığı 2009-cu ildə belə Azərbaycanın bir sıra təhlükəli meyillərlə üzləşməsinin qarşısı alınmaqla yanaşı, əhalinin gəlirləri 6,7 faiz, orta aylıq əmək haqqı isə 8,6 faiz artmışdır. Beləliklə, böhranın Azərbaycan iqtisadiyyatına mənfi təsiri demək olar ki, tam neytrallaşdırılmışdır.
Azərbaycanda son illər əldə edilən uğurlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Məsələn, 2009-2010-cu illər üçün hazırlanmış "Qlobal rəqabətlilik hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir. Dünya Bankının hazırladığı "Doinq Business" hesabatında Azərbaycan ötən il ən islahatçı ölkə elan olunmuş, bu il isə öz mövqelərini qoruyub saxlamışdır. Bu yaxınlarda isə "Fitch" beynəlxalq reytinq agentliyi ilk dəfə olaraq Azərbaycana investisiya səviyyəli reytinq vermişdir.
Azərbaycanın sosial-iqtisadi uğurları bu ilin ötən aylarında da öz ifadəsini tapmışdır. Bu barədə ölkə Prezidenti İlham Əliyev demişdir: "Ölkəmiz uğurla inkişaf etməyə davam edəcəkdir. Bizim təbii resurslarımız var, iqtisadi siyasətimiz var və bu, uğurlu siyasətdir. Beynəlxalq maliyyə qurumları Azərbaycanda bu sahədə aparılan işlərə çox yüksək qiymət verirlər. Yəni, bu, həqiqəti əks etdirən qiymətdir və beləliklə, biz ölkəmizin uzunmüddətli inkişaf strategiyasını təmin edəcəyik".
Azərbaycanın iqtisadi inkişafı əhalinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına gətirib çıxarmışdır. Bunu statistik göstəricilər də təsdiq edir. Belə ki, 2010-cu ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 9,7 faiz artaraq 11,5 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 8,4 faiz artaraq 1290 manata (orta hesabla ayda 215 manata) çatmışdır. Gəlirlərin 70 faizi son istehlaka, 9,7 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Əhalinin gəlirlərinin artması onların ticarət şəbəkəsindən daha çox istehlak malları almasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaradır. Məhz belə şəraitin yaranması nəticəsində ötən ilin birinci yarısına nisbətən pərakəndə əmtəə dövriyyəsi 8,4 faiz artaraq 6,3 milyard manata, pullu xidmətlərin həcmi isə 10,5 faiz çoxalaraq 2,0 milyard manata çatmışdır. Realizə olunmuş əmtəələrin 65,7 faizini ərzaq məhsulları, 34,3 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satışı, müvafiq olaraq, 7,6 və 11,1 faiz artmışdır.
Azərbaycanın dinamik inkişafı eyni zamanda, əhalinin rifah halının, maddi təminatının yaxşılaşdırılmasına, onun aztəminatlı qruplarına dövlət qayğısının artırılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsinə müsbət təsir göstərir. Bu baxımdan dövlət başçımızın "Minimum aylıq əməkhaqqının artırılması haqqında" və "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" sərəncamları mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısı İlham Əliyevin əhalinin maddi güzəranını yaxşılaşdırmaq və sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə imzaladığı sərəncamlar sosial sahədə həyata keçirilən kompleks tədbirlərin daha bir təzahürü kimi qiymətləndirilə bilər. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən bu sənədlər ümumilikdə sosialyönümlü iqtisadiyyatın inkişafı ilə bağlı mükəmməl siyasətin tərkib hissəsidir. Qeyd edək ki, Prezidentin imzaladığı sərəncama əsasən, sentyabr ayının 1-dən minimum aylıq əməkhaqqının məbləği 85 manat müəyyən edilib.
Minimum əməkhaqqının artırılması bütün iqtisadi və sosial bölmələrdə çalışan insanların sosial vəziyyətinə öz mühüm təsirini göstərmiş olacaq. Bu qərar makroiqtisadi sabitliyin təmin edilməsi ilə bərabər, fiskal və monetar tədbirlərin sürətlənməsinə, eyni zamanda, sosial siyasətin kompleks şəkildə koordinasiyası ilə bağlı tədbirlərin gücləndirilməsinə təkan verəcək.
Hazırda sosial siyasətin əsas istiqamətlərindən biri olan minimum əməkhaqqının artırılması hökumətin diqqət yetirdiyi əsas prioritetlərdən biridir. Ümumiyyətlə, respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin əsas xərc istiqamətləri vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin lazım olan sosial müdafiə tədbirləri ilə təmin edilməsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə tədbirlərin gücləndirilməsinə yönəlib.
Prezident İlham Əliyev bildirmişdir ki, hökumət həmişə olduğu kimi, sosial məsələlərə xüsusi diqqət verir və bu sahədə nəzərdə tutulmuş bütün proqramlar vaxtında icra olunur. Dövlətimizin başçısı sosial proqramların icrası ilə bağlı tədbirlərin bundan sonra da davamlı xarakter alacağını vurğulamışdır.
Mütəxəssislərin fikrincə, bu ilin növbəti aylarında və gələn ildə də Azərbaycanın iqtisadi inkişafı daha da sürətlənəcək. Bunun da nəticəsində respublikamızın valyuta gəlirləri əhəmiyyətli dərəcədə artacaq. Bu isə nəzərdə tutulan sosial islahatların davamlılığına və nəzərdə tutulan digər hədəflərə tam çatmağa imkan verəcək. Başqa sözlə, minimum əməkhaqqının artırılması, pensiya və müavinətlərin ehtiyac meyarına tamamilə uyğunlaşdırılması bu siyasətin əsas məqsədləri olacaq. Ekspertlərin qənaətinə görə, 2011-2013-cü illərdə bu məqsədlərə və hədəflərə nail olmaq üçün nəzərdə tutulan konkret tədbirlər şəhid ailələrinin, müharibə əlilləri ailələrinin, Çernobıl əlilləri ailələrinin, müddətli hərbi qulluqçu ailələrinin, 1 yaşına qədər uşağı olan ailələrin aylıq müavinətinin, uşağın doğulması ilə bağlı birdəfəlik müavinətin, xalq fəxri adları, əməkdar fəxri adları olanlara fərdi təqaüdlərin, Milli Qəhrəmanların ailələrinə, 20 yanvar və digər kateqoriyadan olan şəhidlərin ailələrinə Prezident təqaüdünün, şəhid ailəsi üzvlərinə, müharibə veteranlarına, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və əmək qabiliyyəti olmayan müəyyən kateqoriyalı şəxslərə aylıq və birdəfəlik müavinətlərin verilməsinin təmin edilməsindən ibarət olacaq.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.