Bu gün Azərbaycan dünyanın diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız son illərdə sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Hazırda ölkəmiz əldə etdiyi nailiyyətlərə görə Cənubi Qafqazın lider dövləti hesab olunur. Bu isə beynəlxalq təşkilatların hesabatlarında, sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında, eləcə də jurnallarda təqdir edilir, respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır.
Məsələn, ABŞ-ın nüfuzlu eksperti Hilları Kreymer bildirmişdir ki, geniş infrastruktur, texnoloji inkişaf və yeniliklər son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin neft kapitalını böyük məharətlə insan kapitalına çevirə bilməsi sayəsində mümkün olmuşdur.
Azərbaycanın sosial-iqtisadi uğurlarından bəhs edərkən tikinti sektorunda nəzərə çarpan müsbət dinamikanı xüsusi vurğulamaq olar. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyul aylarında tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı, 986,5 min kvadratmetr sahəsi olan yaşayış evləri, 3300 şagird yerlik ümumtəhsil məktəbləri, 672 yerlik məktəbəqədər təhsil müəssisələri, Bakı şəhərində “Norm” sement zavodu, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı və s. obyektlər istifadəyə verilmişdir.
Son illər yeni yolların çəkilməsi, köhnə yol-nəqliyyat strukturunun müasir tələblərə uyğun yenidən qurulması da diqqət mərkəzində saxlanılır. Çünki hansı bölgəyə, şəhər və qəsəbəyə yol çəkilirsə, həmin ərazidə yeni infrastruktur yaradılır, investisiya cəlb olunur, bir sözlə, bu, bölgədə həyatın, sözün əsl mənasında, canlanmasına gətirib çıxarır. Nahaq yerə demirlər ki, müasir yol dövlətin iqtisadi qüdrətini nümayiş etdirməklə yanaşı, həm də yeni həyatın başlanğıcıdır.
Prezident İlham Əliyev demişdir: “Dövlət İnvestisiya Proqramında magistral yolların çəkilişinin davamı və yeni yolların çəkilişinin başlanması mühüm yer tutur. Biz son illər ərzində bu sahədə də çox işlər görmüşük, magistral yollarımızı böyük dərəcədə bərpa edə bilmişik və yeni yollar salınıbdır. İndi bütün magistral yollarda işlər gedir və bu işlər artıq tamamlanır. Bununla bərabər, şəhərlərarası yolların çəkilişi də gedir. Biz artıq bir neçə ildir ki, kənd yollarının çəkilişi ilə çox ciddi məşğul olmağa başlamışıq. Bütün rayonlarda bu layihələr icra edilir. Bu layihələrin icrası rayonlardan gəlmiş sifarişlər, əhalidən gələn müraciətlər əsasında təşkil edilir. İlk növbədə, biz çalışmışıq ki, əhalinin ən çox məskunlaşdığı kəndlərimizi yeni yollarla təmin edək. Kəndlərarası yolların çəkilişi geniş vüsət almışdır. Bu məqsədlər üçün həm dövlət büdcəsindən, həm Prezidentin Ehtiyat Fondundan böyük həcmdə vəsait ayrılır. Çalışmalıyıq ki, yaxın illərdə bütün kənd yollarını tikək”.
Yol tikintisi respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bizim düşünülmüş siyasətimiz, eyni zamanda, planlı addımlarımız məhz ona hesablanıb ki, bütün infrastruktur layihələri qısa müddətdə başa çatsın. Bu layihələrin icra edilməsi nəticəsində biz bütün infrastrukturumuzu yeniləşdirəcəyik. Çünki bizim infrastruktur layihələrimizin yaradılması sovet dövründən başlamışdır. Onların bir hissəsi köhnəlmiş, bir hissəsi sıradan çıxmışdır. Həyat yerində durmur, indi yeni texnologiyalar vardır, yeni ixtiralar üzə çıxıbdır. Biz elə etməliyik ki, infrastruktur sahəsində heç bir çatışmazlıq olmasın”.
Hazırda Bakı şəhəri və ətraf qəsəbələrin prospekt və küçələrinin yenidən qurulması və genişləndirilməsi prioritet məsələlərdən biridir. Bu, təsadüfi deyil. Çünki paytaxtın mürəkkəb nəqliyyat şəraiti, avtomobillərin sayının gündən-günə artması, tıxaclar yol probleminin həllini zərurətə çevirmişdir. Avtomobillərin hərəkətinin intensiv olduğu ərazilərdə yeni salınan keçidlər, körpülər və yollar piyadaların təhlükəsiz hərəkətinə şərait yaratmaqla yanaşı, gözoxşayan dizaynı, ən müasir avadanlıqla təchizat baxımından paytaxt üçün çox mühüm yenilikdir.
Son 3 il ərzində Bakıətrafı 22 qəsəbənin 420 mindən çox sakininin istifadə etdiyi 62 kilometr qəsəbələrarası yollar təmir olunmuş, rayon və qəsəbədaxili yollara 3 milyon kvadratmetrdən çox asfalt örtük salınmış, 41 körpü, tunel və piyada keçidi istifadəyə verilmişdir. Bu yeniliyin, bu inkişafın başlıca səbəbi isə həyata keçirilən məqsədyönlü siyasət, onun davamlı xarakter alması və bu yöndə qəbul olunmuş dövlət proqramlarının uğurlu icrasıdır.
Paytaxtın şimal giriş qapısında son illər yaranan tıxac problemini aradan qaldırmaq üçün ərazidə yeni yol çəkilir - Biləcəri-Xocasən avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsi genişləndirilir. Burada işlər yekunlaşandan sonra yol 8 hərəkət (4 gediş, 4 gəliş) zolağından ibarət olacaq. Uzunluğu 1,5 kilometrə çatacaq yeni yolun istifadəyə verilməsi Bakı-Sumqayıt yolunda tıxacların aradan qaldırılmasına imkan yaradacaq, həmçinin bir neçə istiqamətdə avtomobillərin rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Yenidənqurma işləri çərçivəsində Xocasən istiqamətində yeni dairə də yaradılacaq. Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri 4 zolağın hesabına həm Xocasən, həm də Bakı-Sumqayıt-Yevlax avtomobil yoluna sərbəst çıxa biləcəklər. Dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən, Prezidentin Etiyat Fondundan Sabunçu rayonunun Zabrat, Nardaran və Maştağa qəsəbələrindəki avtomobil yollarının tikintisi və yenidən qurulması üçün ayrılmış 2 milyon manat vəsait hesabına Zabrat qəsəbəsində 14 küçədə 106 min, Nardaranda 13,5 min, Maştağada 17,5 min kvadratmetr yol tikintisi və keyfiyyətli asfaltlama işləri aparılmışdır. Maştağa qəsəbəsinin bir sıra küçələrində 65 min kvadratmetrə yaxın yolda təmir işləri görülmüşdür. Ümumiyyətlə, bu və digər mənbələr hesabına rayonun qəsəbədaxili yollarına il ərzində 380 min kvadratmetrdən çox asfalt döşənmiş, yolqırağı zolaqlar səliqəyə salınmışdır. O cümlədən, Bakıxanov qəsəbəsindəki mərkəzi küçələrdən birində genişləndirmə işləri aparılmış, oradakı kommunikasiya xətlərinin yeri dəyişdirilmiş, yüksək gərginlikli hava xətti yerin altı ilə çəkilmiş, küçədə müasir işıqlandırma sistemi qurulmuşdur. Zabrat-Balaxanı-Mehdiabad-Xırdalan-Binəqədi, Zığ dairəsi-Beynəlxalq Aeroport, Heydər Əliyev prospekti, Əzizbəyov dairəsi- Beynəlxalq Aeroport, Azadlıq meydanı-Zığ dairəsi, Bakı dairəvi-1 və digər prospekt və küçələrdə aparılan tikinti və yenidənqurma işləri də avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinə imkan yaratmışdır.
I Avropa Oyunlarına kimi paytaxtda bir neçə istiqamətdə yeni yol çəkiləcəyi də nəzərdə tutulur. Bununla bağlı ən böyük layihə Heydər Əliyev prospektinə paralel çəkiləcək yoldur. Bu yol Yasamal rayonundakı Qələbə dairəsindən başlayacaq və “Koroğlu” metrostansiyasına qədər uzanacaq. Hazırda bu istiqamətdə işlər yekunlaşmaq üzrədir.
Bundan başqa, magistrallarda xüsusi elektron lövhələr quraşdırılacaq. Yolların işarələnməsi, yol kənarlarına həm ingilis, həm də Azərbaycan dilində yazılı lövhələrin vurulması nəzərdə tutulur. Bu, turistlər üçün bir növ xəritə rolunu oynayacaq. Artıq turistlər otellərin yolu ilə yanaşı, istədikləri iri mərkəzlərə də rahatlıqla gedə biləcəklər.
Gündən-günə abadlaşan Bakı kəndlərinin yolları, küçələri bundan da rahat və gözəl olacaq. Çünki Prezident İlham Əliyevin sərəncamı ilə əvvəlki dövlət proqramlarının davamı olaraq “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” qəbul edilmişdir. Yeni proqramın icrası ilə əlaqədar dövlət başçısı “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda demişdir: “...Üçüncü proqramın həyata keçirilməsi nəticəsində bütün infrastruktur layihələri artıq tam şəkildə icra ediləcəkdir”.
Yuxarıda qısa sadalananlarla yanaşı, su, hava və dəmir yolu nəqliyyatının inkişafı sahəsində də Azərbaycan böyük nailiyyətlərə imza atmışdır. Ölkəmizdə nəqliyyat sisteminin inkişafının əsas məqsədi nəqliyyat vasitələri ilə respublika əhalisinin həyat tərzinin və iqtisadiyyatın yüksəlişini dəstəkləməkdən ibarətdir. Bu kontekstdə nəqliyyat sisteminin inkişafı məsələləri iqtisadiyyatın artım fazasına keçməsinə uyğun olaraq, dövlətin sosial-iqtisadi prioritetlərinin reallaşdırılması ilə bilavasitə bağlıdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.