Yeniyetmə və gənclərin yay istirahətinin təşkili ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirlər çərçivəsində yeni layihə həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə birgə reallaşdırılan layihəyə “Sahil bağı”nda start verilmişdir. Gənclərin sağlam böyüməsi, idmana olan marağının artırılması, hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədilə bu il ilk dəfə olaraq Səbail rayonunun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələrindən 100 nəfəri Müdafiə Nazirliyinin Qusar rayonundakı “N” saylı hərbi hissəsində hərbi-vətənpərvərlik təmayüllü “Gənc
Heydərçilər” yay istirahət düşərgəsinə göndərilmişdir.
Səbail rayon rəhbərliyi, Müdafiə Nazirliyinin məsul nümayəndələri, düşərgəyə yollanan yeniyetmələr, onların valideynləri, rayondakı orta məktəblərin direktorları, hərbçilər, eləcə də rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə “Sahil bağı”nda yola salınma mərasimi keçirilmişdir.
Tədbir Azərbaycan Respublikası Silahlı Qüvvələri Təlim-Tədris Mərkəzinin hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.
Yolasalma mərasimində çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışmışdır. Qeyd olunmuşdur ki, bu ayın əvvəlində Səbail Rayon İcra Hakimiyyəti və Daxili Qoşunların birgə layihəsi çərçivəsində 250 yeniyetmə Qubada təşkil olunmuş “Şahinlər” yay düşərgəsində istirahət etmişdir. Qusar rayonunda isə ilk dəfədir ki, belə düşərgə fəaliyyətə başlayır. Hərbi hissədə xüsusi olaraq ayrılmış kazarmada təşkilatçılar tərəfindən yeniyetmələrin istrahəti üçün hər cür şərait yaradılmışdır. Hərbçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə yaxından tanışlıq yeniyetmələrin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmasına, onlarda hərbçi peşəsinə olan marağın artırılmasına şərait yaradacaqdır.
Düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınmış, Müdafiə Nazirliyinin Qusar şəhərindəki “N” saylı hərbi hissəsi tərəfindən bütün hazırlıq işləri görülmüşdür. Yeniyetmələr düşərgədə gündə dörd dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət dövründə onlar üçün bir neçə dəfə təbiət qoynunda nahar təşkil olunacaq, şagirdlər hərbi hissənin döyüş texnikası və silahları ilə tanış olacaqlar.
Düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və həmçinin hərbi hissənin zabitləri, çavuş və əsgərlərindən ibarət qrup məşğul olacaqdır. Düşərgədə istirahət edən yeniyetmələrin Qusar rayonunun görməli yerlərinə, mədəniyyət abidələrinə ekskursiyaları təşkil olunacaqdır ki, bu da məktəblilərin respublikamızın regionları ilə yaxından tanış olmalarına böyük kömək edəcəkdir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev, Səbail Rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev çıxış edərək uşaqların mənalı və yaddaqalan istirahəti üçün görülən işlərdən danışmış və onlara xoş istirahət arzulamışlar.
Müdafiə Nazirliyi orkestrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşüb avtobuslara əyləşərək Qusar rayonuna yola düşmüşlər. Yola düşməzdən əvvəl isə “Gənc Heydərçilər” Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, önünə əklil qoymuş və tər çiçəklər düzmüşlər.
Ə. BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.