Azərbaycan sürətli islahatlar ölkəsidir

 

Tarix öz gur axarı ilə bizi gələcəyə doğru aparır. Dövlətlər, xalqlar, millətlər narahat dünyamızın gələcəyində öz yerlərini müəyyənləşdirmək üçün yollar axtarır, uzaq hədəfə nişanlanan strateji planlar hazırlamağa çalışırlar. Dünya ölkələri xəritəsində kiçik bir yer tutan , amma öz inkişaf tempi ilə beynəlxalq aləmi heyrətləndirən, cəmi 23 illik müstəqillik yolu keçmiş Azərbaycan isə özünün gələcək taleyini artıq müəyyənləşdirib. Çünki Azərbaycan xalqını müstəqillik illərində gələcəyə doğru aparan güclü lideri olub.

Ulu öndər Heydər Əliyev Azərbaycan tarixinin çox nadir simalarından biri, siyasət nəhəngi kimi ölkəmizi böyük bəlalardan xilas edərək, tərəqqi, inkişaf, islahatlar yoluna çıxardı. Bu barədə cildlərlə kitablar yazılıb, filmlər çəkilib, amma Heydər Əliyev irsinin öyrənilməsi hələ uzun illər davam edəcək. Çünki bu böyük tarixi şəxsiyyətin ideyaları gələcək nəsillərin taleyində çox əhəmiyyətli rol oynayacaq.

Heydər Əliyev ideyalarından güc alan müstəqil Azərbaycan Respublikası son illər əsl mənada islahatlar ölkəsinə çevrilmişdir. Respublikamızın bugünkü inkişafı ölkədə siyasi mənsubiyyətindən və ictimai baxışlarından asılı olmayaraq hamı tərəfindən birmənalı olaraq etiraf edilir. Belə bir arqumenti kim təkzib edə bilər ki, məhz son dövrdə Azərbaycan sosial-iqtisadi inkişaf sürətinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir.

Ölkəmiz son illər sürətli inkişaf yoluna çıxmışdır. Xalqın sosial problemləri demək olar ki, həll olunmuşdur. Əməkhaqları, sosial müavinətlər, pensiyalar ilbəil yüksəlmişdir. Təhsil, səhiyyə, mədəniyyət sahələrində islahatlar uğurla davam etdirilmişdir.

Azərbaycanın təhsil sistemindəki islahatları xüsusi olaraq qeyd etmək istərdim. Ulu öndərin müəllifi olduğu Təhsil İslahat Proqramı ötən dövr ərzində uğurla inkişaf etdirilərək yeni mərhələyə çatdırılmışdır. Təhsil məsələləri ilə bağlı son on ildə 20-dən çox Dövlət Proqramı qəbul olunmuş, onların hər biri davamlı olaraq həyata keçirilmişdir. Yeni məktəblər inşa olunmuş, köhnələr təmir edilərək istifadəyə verilmiş, təhsilin keyfiyyəti əsaslı şəkildə yeniləşmişdir. Ali təhsil sahəsində keçirilən islahatlar da öz nəticəsini vermişdir.

Davamlı olaraq həyata keçirilən islahatlar regionlarımızın da inkişafında əhəmiyyətli rol oynamışdır. Azərbaycanda regionların inkişafına dair qəbul olunan dövlət proqramları bölgələrimizdə həyatın canlanmasına səbəb olmuşdur. İndi elə bir rayon tapmazsan ki, orada quruculuq işləri sürətlə getməsin. Bölgələrdə bütün infrastrukturlar yenidən qurulur, yeni yollar, körpülər tikilir, kənd təsərrüfatının inkişafı üçün münbit şərait yaradılır.

Elə paytaxtımızda aparılan quruculuq işləri də yüksək sürətli islahatların nəticəsidir. Bakı, həqiqətən son on ildə öz görkəmini əsaslı şəkildə dəyişmişdir. İndi Bakımıza ayaq basan hər kəs bu şəhərin tamamilə yenidən qurulduğunun şahidinə çevrilir. Bir-birindən gözəl hündürmərtəbəli binalar, yeniləşmiş yollar, keçidlər və körpülər şəhərin gözəlliyinə yeni çalar gətirmişdir. Şəhərin infrastrukturu da yenidən qurulmuşdur. Bir sözlə, Bakı dünyanın məşhur şəhərləri ilə rəqabətə girməyə hazırdır.

Azərbaycanda informasiya texnologiyaları inkişafın prioritet sahələrindən birinə çevrilmişdir. Bu sahədə yeni qəbul olunmuş Milli Strategiya yaxın gələcəkdə Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasını təmin etməlidir. İnformasiya texnologiyaları cəmiyyətin bütün sahələrinə nüfuz etmişdir.

Azərbaycanın ən ağrılı problemi torpaqlarımızın 20 faizinin düşmən tapdağı altında olmasıdır. Prezident İlham Əliyev Dağlıq Qarabağın və ətraf rayonların işğaldan azad olunması istiqamətində davamlı iş aparır. Cənab Prezident dəfələrlə bəyan etmişdir ki, biz torpaqlarımızın bir qarışını belə güzəştə getməyəcəyik, Azərbaycan öz torpaqlarını sülh yolu ilə azad etmək istəyir, əgər bu alınmazsa, biz hansı yolla olursa-olsun, torpaqlarımızı azad edəcəyik. Azərbaycanın güclü ordusu var, o, hər an düşmənə qalib gəlmək əzmindədir.

Qaçqınların və məcburi köçkünlərin həyat şəraiti ildən-ilə yaxşılaşır. Bu məsələ ilə bağlı qəbul olunan Dövlət Proqramları uğurla icra edilir. Artıq ölkəmizdə bir dənə də olsun çadır şəhərciyi qalmamışdır. Yeni salınan qəsəbələrdə qaçqınlar və məcburi köçkünlər üçün hər cür şərait yaradılmışdır.

Bizim ölkənin qazandığı nailiyyətlər indi dünyanı heyran qoymuşdur. Təkcə iqtisadiyyatda deyil, mədəniyyət və incəsənət, idman və turizm sahəsində uğurlarımız kifayət qədərdir. “Azərbaycan mədəniyyəti dünyanı fəth edir” desək yanılmarıq . Milli-mənəvi dəyərlərimizə dövlət qayğısı getdikcə artmaqdadır. Kino, teatr, xalça sənəti, kitabxana və muzey işi, musiqi sənəti ilə bağlı qəbul olunan dövlət proqramları mədəni inkişafımıza güclü stimul yaratmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə mədəniyyətimizin beynəlxalq aləmə inteqrasiyası genişlənməkdədir. Fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın musiqi sənətimizin, muğam sənətinin, bütövlükdə mədəniyyətimizin inkişafındakı xidmətləri xüsusi olaraq qeyd olunmalıdır. Bakıda inşa edilən Muğam Mərkəzi, Xalça Muzeyi nadir memarlıq nümunələridir.

Azərbaycan bu gün beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi ənənə halını almışdır. “Evroviziya” musiqi festivalı ölkəmizdə böyük təntənə ilə keçdi. Beynəlxalq Humanitar Forumlar Azərbaycanın inkişafı haqqındakı təsəvvürlərə güclü təsir göstərdi.

Azərbaycan turizm sahəsində də uğurlu nəticələrə nail olmuşdur. İndi bizim ölkəyə dünyanın hər yerindən turistlər axışıb gəlir. Yeni tipli mehmanxanalar, Xəzər sahilində yaradılmış şərait, yeni parklar və xiyabanlar, Azərbaycanın gözəl təbiəti turistləri ölkəmizə daha çox cəlb edir.

Respublikamıza göstərilən böyük inam Birinci Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinə şərait yaratmışdır. Bu günlər Azərbaycanda bu oyunlara ciddi hazırlıq işləri davam etməkdədir.

Bəli, bütün bu nailiyyətlər Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasətin real nəticələridir. Həyata keçirilən davamlı islahatların Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxa racağı şübhəsizdir.

Bahar CƏFƏROVA,

filologiya elmləri doktoru,

professor, əməkdar müəllim

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında