Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “2010- 2014-cü illərdə Azərbaycanda turizmin inkişafı ilə bağlı Dövlət Proqramı”nın icrası başa çatmaq üzrədir. Bu istiqamətdə Dövlət Proqramına uyğun olaraq həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, ölkəmizdə turizm sürətli inkişaf yoluna çıxmışdır.
Dövlət Proqramının prioambulasında deyilir ki, turizm öz perspektivliliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur. Hazırda turizm planetar miqyasda sürətlə inkişaf edən biznes sahələrindəndir. Dünya üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür, göstərilən xidmətlərin təqribən üçdə biri beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əmək qabiliyyətli əhalinin 8,1 faizi turizm industriyasında və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur. Bu, cox əhəmiyyətli faktdır və Azərbaycan da bu sahədə əhəmiyyətli addımlarını atmaqdadır.
Turizmin gələcək inkişafı üçün Azərbaycanda hər cür şərait mövcuddur. Azərbaycanın füsünkar təbiəti, zəngin tarixi və mədəniyyət abidələri bu sahənin tərəqqisi üçün güclü stimul yaradır. Ölkə başçısının daim diqqət mərkəzində olan turizm sahəsi qeyri-neft sektorunda mühüm yer tutur. Heç təsadüfi deyil ki, 2011-ci ili cənab Prezident ölkədə “Turizm ili” elan etmişdi.
Azərbaycan dövləti turizm sahəsini iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan etmişdir. Son illər turizmin təşviqi ilə bağlı görülən işlər, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir.
Dünya turizm məkanına uğurla inteqrasiya olunan, bu sahədə beynəlxalq əlaqələrini genişləndirən Azərbaycan 2013-cü ilin avqustunda daha bir nailiyyətə imza atmışdır. Afrikanın Zambiya və Zimbabve respublikalarının birgə təşkilatçılığı ilə keçirilən BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) XX Baş Assambleyasında Azərbaycan qurumun icraiyyə şurasının üzvü seçilmişdir. Avropa qitəsinin 4 dövləti (Azərbaycan, Almaniya, Serbiya və Bolqarıstan) sırasından Azərbaycanın üzvlüyü 25 səslə birinci olaraq seçilmişdir.
Azərbaycanda keçirilən beynəlxalq tədbirlər turizmin inkişafına öz müsbət təsirini göstərir. Bakı şəhərində keçirilmiş İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu III Bakı Beynəlxalq Humanitar Forumunu və s. buna misal göstərmək olar. Bu tədbirlərin keçirildiyi vaxtlarda qonaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə Bakıda təşkil olunan “Şəhər Turu” (CityTour) layihələri iştirakçıların böyük marağına səbəb olmuşdur.
Dövlət Proqramı çərçivəsində ölkəmizin turizm potensialı Almaniya, Yaponiya, Fransa, Böyük Britaniya, İspaniya, Polşa, Ukrayna, Türkiyə və digər ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində icarəyə götürülmüş pavilyonlarda, müxtəlif dillərdə hazırlanmış çap məhsulları vasitəsilə təbliğ olunmuşdur.
Artıq ölkəmizin bu sahədəki uğurları beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir və dəstəklənir. Azərbaycanın turizm imkanları “LaRepublica” və “Messaggero” qəzetlərində, “Business Year” və “ABTA” jurnallarında təbliğ olunmuşdur. Bu dövr ərzində ölkəmizin turizm potensialını əks etdirən reklam çarxları “CNN”, “Euronews”, “TV5 Monde”, “Rossiya 2”, “Moya planeta” telekanallarında nümayiş olunmuşdur. Ölkəmizdə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Tvinniq” layihəsinin icrasına başlanılmışdır. Bu il də layihənin icrası davam etdirilmişdir. Təkcə ötən ilin yekunları belə bir qəti fikir söyləməyə əsas verir ki, ötən illərdə olduğu kimi, 2014-cü ildə də Azərbaycan bənzərsiz turizm imkanları ilə dünyanın diqqət mərkəzindədir.
Dövlət Proqramının icrasını təmin etmək məqsədilə ölkəmizin bütün bölgələri üzrə “Kulinariya Turu” mədəni turizm marşrutlarının yaradılması planlaşdırılmışdır. İlkin mərhələdə Quba rayonunda Quba rayon mədəniyyət və turizm şöbəsi, Milli Kulinariya Mərkəzi və “Vitory Tour” turizm şirkətinin təşkilatçılığı ilə “Kulinariya Turu” adlı mədəni turizm marşrutu üzrə infotur keçirilmiş və marşrut pasportlaşdırılmışdır.
Bununla yanaşı, nazirliyin dəstəyi ilə İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsi, Lahıc İnformasiya Mərkəzi, AMEA-nın Folklor İnstitutu, “Millennium Turizm Kongress” turizm şirkəti tərəfindən “Qırx otaq əfsanələri” və “Fit dağ əfsanələri” adlı mədəni və ekoturizm marşrutları üzrə turizm şirkətlərinin və KİV-in nümayəndələrinin iştirakı ilə infotur keçirilmiş və marşrut pasportlaşdırılmışdır. Şahdağ turizm kompleksi ətrafında görülmüş işlər, kompleksin istifadəyə tam yararlı vəziyyətə gətirilməsi üçün hazırlıq işləri aparılmışdır. Belə ki, Almaniyanın Donau Finanz şirkəti tərəfindən hazırlanmış marketinq planı üzrə təhlil aparılmış və Şahdağ qış-yay turizm kompleksinin və Azərbaycanın bölgələri üzrə marketinq planları hazırlanmışdır.
Xarici ölkələrlə turizm əlaqələri qurulması istiqamətində aparılan işlərin miqyası xeyli genişlənmişdir. İkitərəfli və çoxtərəfli əməkdaşlıq bu sahədə öz müsbət nəticələrini verməkdədir. Çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsinin turizm siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası, İslam Konfransı Təşkilatı (İKT), Müstəqil Dövlətlər Birliyi (MDB), Demokratiya və İqtisadi inkişaf naminə - GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və s. beynəlxalq təşkilatlarla turizm sahəsində əməkdaşlığın təşkil edilməsi, mövcud proqramlara qoşulma, beynəlxalq tədbirlərdə fəal iştirakın təmin edilməsi, həmçinin yeni təklif və layihələrin hazırlanması, əməkdaşlığa dair sənədlərin imzalanması istiqamətində səmərəli və mühüm fəaliyyətini davam etdirir.
Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və Azərbaycan Turizm Assosiasiyasının birgə təşkilatçılığı ilə “İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm” adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda bir neçə ölkənin nümayəndələri iştirak etmişlər.
Bakıda “AİTF” Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi keçirilmişdir. “AİTF-2013” sərgisində 35 ölkədən 60-dan çox istiqaməti təmsil edən 251 şirkət iştirak edirdi. Sərgidə bir çox ölkələrin milli stendlərinin fəal iştirakı artıq ənənəyə çevrilmişdir. Sərgidə 20 stend öz milli ekspozisiyası ilə iştirak etmişdir. Onların arasında sərginin daimi iştirakçıları olan Türkiyə, Rusiya, Gürcüstan, Bolqarıstan, Kipr, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri, Sloveniya və Misirin milli qrupları vardır. Fransa, Macarıstan, İndoneziya, İran, Monteneqro, Mərakeş, Ukraynanın Krım Muxtar Respublikası, Tailand və Tunisin milli qrupları isə bu il ilk dəfə sərgiyə qatılmışlar. Mədəniyyət və Turizm Nazirliyi bu il 20-yə yaxın beynəlxalq turizm sərgisində iştirak etməyi planlaşdırmışdır. Onlardan onunda artıq ölkəmiz iştirak etmiş və Azərbaycanı geniş miqyasda təbliğ etmək mümkün olmuşdur.
Yeni mehmanxanalar inşa edilir, əvvəlkilərdən bəziləri təmir olunaraq yenidən istifadəyə verilir, turistlərin rahat istirahəti üçün gözəl şərait yaradılır. Bu gün Azərbaycana gələn turistlər böyük razılıq hissi ilə buradan ayrılırlar. Turistlər üçün yaradılan şərait onların yenidən Azərbaycana turist kimi dönmələrinə imkan yaradır. Əgər inkişaf bu templə davam etsə, yaxın gələcəkdə Azərbaycana turistlərin axını daha da sürətləncək.
M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.