Azərbaycanın iqtisadi-siyasi qüdrəti artdıqca, beynəlxalq aləmdə mövqeləri möhkəmləndikcə bir vaxtlar xalqımızın ən ağrılı problemi olan qaçqın və məcburi köçkünlərin qayğıları dövlətimizin prioritet sahələrindən birinə çevrilib. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının əsas xarakterik xüsusiyyətlərindən biri ölkədə həyata keçirilən siyasi strategiyanın müsbət nəticələrinin hər bir vətəndaşın həyatında öz əksini tapması, insanların sosial-rifah halının yaxşılaşmasıdır.
Buna respublikamızın sürətli sosial-iqtisadi inkişafı da geniş imkanlar açır. Bu baxımdan öz doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzində saxlanılır. 2003-cü ilə qədər xarici humanitar təşkilatların rolu nə qədər böyük idisə, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan artıq qaçqın və məcburi köçkünlərin bütün problemlərini özü müstəqil həll edə bilən iqtisadi gücə malik bir dövlətə çevrildi.
2003-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində prezidentliyə namizəd cənab İlham Əliyev seçicilərlə ilk görüşünü məcburi köçkünlərlə keçirdi. “Əgər mən prezident seçilərəmsə, bir dənə də olsun çadır düşərgəsi qalmayacaq”– deyən cənab İlham Əliyev prezident seçildikdən sonra ilk növbədə verdiyi vədi reallaşdırmağa başladı. Artıq 2007-ci ilin dekabrında ölkədəki sonuncu çadır düşərgəsi tarixə qovuşdu. Respublikanın müxtəlif regionlarındakı çadır düşərgələri ləğv edilərək məcburi köçkünlər üçün bütün infrastruktura malik yeni qəsəbələr salındı.
Son on il ərzində qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə dair Dövlət Proqramı və ona iki əlavə qəbul edilmiş, ümumilikdə 45 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 141 qərar və sərəncam, Milli Məclis isə 9 qanun qəbul etmişdir. Hələ 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamına əsasən “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. 1999-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə dünya təcrübəsində ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil edilmişdir.
Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş geniş tədbirlər ölkədəki qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısının daha bir əyani təsdiqidir. Ümumilikdə, Dövlət Proqramında 22921 ailə - 110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min iş yerinin (onlardan 25 mini inşaat işlərində, 5 mini isə yeni təşkil olunacaq kiçik sexlərdə) yaradılması nəzərdə tutulmuşdur.
2003-2013-cü illərdə 80-dək qəsəbə, çoxmərtəbəli binalardan ibarət məhəllələr salınıb, 25 minə yaxın məcburi köçkün ailəsi mənzillə təmin olunub. Həmin illər ərzində hərtərəfli infrastruktura malik onlarca məktəb binası, uşaq bağçası, tibb müəssisəsi və rabitə evi tikilib. 2014-cü ilin avqust ayına olan məlumata əsasən, qaçqın və məcburi köçkünlər üçün indiyədək 42 min mənzildən ibarət 83 müasir qəsəbə salınıb. Beləliklə də, 42 min ailənin və ya 190 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. 2014-cü ildə 21 min nəfər üçün daha 7 qəsəbənin salınması nəzərdə tutulur. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə son 20 ildə ümumilikdə 5,1 milyard manat vəsait ayrılıb ki, bunun da 2,1 milyard manatı onların mənzil şəraitinin yaxşılaşdırılmasına sərf olunub.
Qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısı İlham Əliyev avqustun əvvəlində Ağdam rayonuna səfəri zamanı hər cür infrastruktura malik yeni köçkün qəsəbəsinin açılışında iştirak edib. Bildirilib ki, yeni qəsəbə Ağdam rayonundan olan 632 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Bu, qaçqın və məcburi köçkünlər üçün salınmış 83-cü yaşayış kompleksidir. 70 hektar sahəni əhatə edən qəsəbədə 632 mənzilli yaşayış evləri ilə yanaşı, 440 yerlik məktəb, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası da inşa olunub. Qəsəbənin elektrik enerjisi, içməli su və qaz təchizatı ilə bağlı hərtərəfli iş aparılıb. Buraya Ağdam rayonunun “Dörd yol” adlanan ərazisində ağır şəraitdə yaşayan 3100 ağdamlı məcburi köçkün yerləşdiriləcək.
Ölkə başçısı məcburi köçkünlərlə görüşdə bir daha vurğulayıb ki, öz doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi dövlətin qarşıya qoyduğu prioritet məsələlərdəndir. Azərbaycan Prezidenti deyib: “...Məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün dövlət əməli-praktiki addımlar atır. Dövlət Proqramı qəbul olunmuşdur, sonra proqrama əlavələr edilmişdir və son illər ərzində 80-dən çox qəsəbə tikilmişdir. Bütün qəsəbələrdə ən yüksək standartlar tətbiq olunur, ən yaxşı şərait yaradılır, vətəndaşlar müasir evlərdə, hündürmərtəbəli binalardakı mənzillərdə yaşayırlar və Azərbaycan dövləti bundan sonra da məcburi köçkünlərin problemlərinin həlli üçün addımlar atacaqdır. Hazırda məcburi köçkünlərdən 190 mini yeni evlərə, mənzillərə köçürülübdür. Ağdam rayonunda isə bu qəsəbə sayca 18-cidir. Artıq yeni tikilmiş 17 qəsəbədə vətəndaşlar yaşayır. Ağdam rayonunun əhalisi indi 190 min nəfərdir. Onlardan 90 mini artıq Ağdam rayonunda məskunlaşmışdır. Bu, çox sevindirici haldır. Çünki vaxtilə bu qəsəbələrin yaradılması o məqsədi güdürdü ki, sakinlər öz kəndlərində yaşaya bilməsələr də, Ağdam rayonunda yaşasalar, doğma kəndlərinə daha yaxın olarlar”.
Republikamızın rəhbəri bildirib ki, Azərbaycan dövləti məcburi köçkünlərin problemləri ilə mütəmadi qaydada məşğuldur və bu məsələlərin həlli üçün böyük vəsait ayrılır. Dövlətimizin başçısı deyib ki, qaçqınlara, köçkünlərə ayrılan vəsait ildən-ilə artır. Hər il ancaq tikinti işlərinə 300 milyon manat vəsait ayrılır ki, bu vəsaitdən istifadə edilərək qəsəbələr salınır və son illərdə hər il ən azı 20 min köçkün yeni evlərə köçürülür, onların şəraiti yaxşılaşır: “Yəni, bir sözlə, biz hər il demək olar ki, bir kiçik şəhər yaradırıq və bunu davam etdirəcəyik. Əminəm ki, növbəti illərdə bu proses daha da sürətlə gedəcək. Çünki ölkəmizin maliyyə vəziyyəti yaxşıdır, yaxşılaşır və ən ağır vəziyyətdə yaşayanlar üçün biz, ilk növbədə, bu addımları atmalıyıq. Köçkünlər arasındakı yoxsulluq aşağı düşür, məşğulluq artır, iş yerləri açılır. Yəni, bu işlər ardıcıllıqla davam etdiriləcək və bu il hələ bir neçə qəsəbənin açılışı gözlənilir. Gələn il də bu proses davam etdiriləcək”.
Prezident İlham Əliyev məcburi köçkünlərlə görüşərkən bildirib ki, hər bir məcburi köçkün bir arzu ilə yaşayır ki, öz doğma ocağına-kəndinə, şəhərinə qayıtsın. Ölkə başçısı tam əminliklə deyib ki, o günü yaxınlaşdırmaq üçün biz əlimizdən gələni edirik. Bu gün Azərbaycanın qüdrətli, güclü, nizami ordusu işğal altında olan ərazilərimizi azad etməyə tam qadirdir. Azərbaycan Ordusunun Qafqazda ən güclü olduğu artıq beynəlxalq ictimaiyyətə də bəllidir. Məhz bu ordunun ayıq-sayıqlığı və şücaəti sayəsində Azərbaycan vətəndaşlarının, xüsusilə cəbhəyanı bölgələrdə yaşayan vətəndaşların təhlükəsizliyi tam şəkildə təmin olunur.
Ağdamda yerli sakinlərlə görüşü zamanı Azərbaycan Ordusunun şücaətindən razılığını bildirən dövlətimizin başçısı deyib: “Mən bu gün səhər düşmənlə təmas xəttində idim. Orada vəziyyətlə tanış olurdum. Mənə müntəzəm olaraq məlumat verilir. Ancaq təmas xəttində olarkən vəziyyətlə əyani şəkildə tanış oluram, müvafiq göstərişlər verilir. Son günlər ərzində erməni işğalçı qüvvələrinin hücumları nəticəsində bizim ordumuz itkilər vermişdir, bir neçə hərbçi şəhid olmuşdur. Allah onlara rəhmət eləsin! Ancaq, eyni zamanda, deyə bilərəm ki, onların qanı yerdə qalmayıb. Azərbaycan Ordusu düşmənə çox böyük zərbə vurmuşdur. Bizdə olan məlumata görə, onlarla işğalçı məhv edilmişdir. Ermənilər həmişə olduğu kimi öz itkilərini gizlədirlər. Ancaq həqiqət ondan ibarətdir ki, bu hadisələrdə yenə də Azərbaycan Ordusu üstün olmuşdur və bu hadisələrdə biz qələbə qazanmışıq. Bu, həmişə belə olacaq”.
Öz doğma ocaqlarında yaşamaq istəyində olan məcburi köçkünlərə bir daha bildirilmişdir ki, ərazi bütövlüyümüz bərpa olunacaq. Bunu deməyə əsas verən bir neçə amil var. Əsas amillərdən biri odur ki, Dağlıq Qarabağ, işğal edilmiş torpaqlar bizim əzəli torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, yaradıb və yaşayacaqdır. Ölkə başçısı bildirib ki,beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və heç vaxt qondarma “Dağlıq Qarabağ” müstəqil qurum kimi tanınmayacaq. Azərbaycan dövləti heç vaxt imkan verməyəcək ki, öz ərazisində ikinci qondarma erməni dövləti yaransın. Birinci erməni dövləti Azərbaycanın tarixi torpaqlarında yaradılıbdır. O vaxt 1918-ci ildə Azərbaycan hakimiyyəti böyük güzəşt etmişdir. Ancaq düşmən bunun qədrini bilməmişdir və bizə qarşı ərazi iddiaları davam etmişdir.
Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu xarici siyasət ölkəmizi dünyada sülhsevər dövlət kimi tanıdıb. Artıq beynəlxalq ictimaiyyətə də bəllidir ki, Azərbaycan müharibə tərəfdarı deyil və sülh istəyir. Bununla bərabər biz işğal altında olan torpaqlarımızı və həmim ərazilərdən didərgin salınmış soydaşlarımızın ata-baba yurdlarına qayıtmalarını da istəyirik. Biz bu istəkdə haqlıyıq. Çünki haqq-ədalət,bizim tərəfimizdədir, həm də beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Ona görə də “nə sülh, nə hərb” vəziyyəti uzun müddət davam edə bilməz. Ermənistan isə müxtəlif bəhanələrlə bundan qaçır, status-kvonu saxlamaq istəyir.Ancaq onların quldurluğu, işğalçılıq siyasəti çox davam edə bilməz. Bunu hamı, Azərbaycan vətəndaşları da, düşmən ölkənin nümayəndələri də bilirlər. Son günlər düşmənə vurulan zərbələr onlar üçün ciddi bir siqnal oldu və dərk etdilər ki, onların özbaşınalığı, işğalçılığı və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyi çox davam edə bilməz.
Hazırda ölkəmiz sürətli inkişaf yolundadır və bütün istiqamətlər üzrə konkret proqramlar, planlar icra edilir. Azərbaycan bu gün dünya miqyasında iqtisadi inkişaf tempinə görə lider dövlətdir. Regionlarda vəziyyət günü-gündən yaxşılaşır. Bütün bölgələrin, xüsusilə də, cəbhəyanı ərazilərin inkişafı diqqət mərkəzindədir. Bu inkişaf qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin daha da gücləndirilməsinə, onların öz ata-baba yurdlarına qayıdacağı günün tezləşdirməsinə imkan verəcək.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.