Bu layihə çərçivəsində qonşu ölkəyə səfərimiz bizi bir qədər də doğmalaşdırdı
Tbilisiyə qədəm basarkən bizi ilk qarşılayan nəhəng ana heykəli oldu. Bir əlində piyalə, o biri əlində qılınc. Bunun mənasını soruşduqda bələdçi bildirdi ki, bu gürcü ananın heykəlidir. Bu torpağa qədəm basan dostu şərabla, düşməni qılıncla qarşılayır.
Biz isə, Azərbaycandan 20 nəfər jurnalistdən ibarət nümayəndə heyəti olaraq, qonşu ölkəyə dost kimi getmişdik, elə 4 günlük səfər boyu sadə vətəndaşından tutmuş, rəsmi şəxslərinə kimi, dost kimi də qarşılandıq. Səfərimiz Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Gürcüstanın Gənclər və İdman Nazirliyi yanında Gənclər və Uşaq Fondunun maliyyə dəstəyi ilə “Gürcüstan Azərbaycan jurnalistlərinin gözü ilə” adlı layihə çərçivəsində baş tutdu.
Bakı-Tbilisi qatarından düşüb avtobusa əyləşər-əyləşməz şəhər bizi özünəməxsus şəkildə “salam”ladı. Mobil telefonumda “wi fi” vasitəsilə internetə girmək istəyirdim ki, qeyri-ixtiyari olaraq, gülümsündüm. Ekranda ingilis dilində “Tbilisi loves you” (“Tbilisi səni sevir”) yazılmışdı. Bu, tək məndə yox, digər həmkarlarımda da xoş duyğu yaratmışdı. qeyd edək ki, “wi-fi” vasitəsilə istənilən şəhər sakini, eləcə də turistlər mobil internetdən pulsuz yararlana bilər. Şəhərdə küçə boyu gəzdikdə, burada doğmalıq axtarmağıma ehtiyac olmadı. Çünki şəhər elə öz aurası, daş döşəməli küçələri ilə İçərişəhəri xatırladırdı. Üstəlik, şəhərin tarixən azərbaycanlıların çox yaşadığı məhəllədə qırmızı kərpicli qədim binalar, tarixi məscid, hamam kompleksinə baxdıqca, qədim Tiflisin ab-havası canlandı xəyalımda.
Səfərin ilk günü Qəhrəmanlar meydanında olduq. Burada Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların xatirəsinə ucaldılmış abidəni ziyarət etdik. Abidənin yanında keşik çəkən hərbçilərin məğrur qaməti diqqəti cəlb edirdi. Sonra isə şəhər mərkəzindəki parkda ulu öndər Heydər Əliyevə ucaldılmış abidəni ziyarət edib, önünə tər gül dəstələri qoyduq. Abidənin şəhərin gözəgəlimli yerində ucalması iki ölkə arasında olan dostluq münasibətlərinin ən bariz nümunəsi hesab edilə bilər.
Mirzə Fətəli Axundovun evi
Tbilisiyə gələn azərbaycanlılar üçün ən maraqlı yerlərdən biri də M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyidir. 1834-cü ildə Tiflisə gəlmiş Mirzə Fətəlinin (1812-1878) ictimai fəaliyyətinin böyük qismi məhz bu şəhərlə bağlı olub. Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi işləyib və ömrünün sonuna kimi bu vəzifədə çalışıb. Onun beşə yaxın pyesi burada səhnələşdirilib. Muzeydə onun şəxsi əşyaları, fəaliyyəti ilə bağlı eksponatlar, qəzet və şəkillər, eləcə də Gürcüstan-Azərbaycan mədəni əlaqələrini əks etdirən kitab, sənəd və fotolar saxlanılır. Altı zaldan ibarət olan muzeylə bizi elmi işçi Leyla Əliyeva tanış etdi. Öyrəndik ki, hələ sovet dövründə 1982-ci ildə dramaturqun ev muzeyi yaradılıb. 1996-cı ildə ulu öndər Heydər Əliyevin Gürcüstana səfəri zamanı o, muzeyi ziyarət edib, bu səfər nəticəsində M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin yaradılması qərara alınıb. 2007-ci ildə isə Gürcüstan Prezidentinin sərəncamı ilə M.F.Axundovun ev muzeyinə M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi statusu verilib. 2008-ci ildə muzeyin nəzdində yaradılmış Mədəniyyət Mərkəzində musiqi və rəqs dərnəyi, dil kursları, Azərbaycan çalğı alətləri, xalçaçılıq, incəsənət kursları vəs. fəaliyyət göstərir. Səfərin ilk günü gənclər və idman naziri Levan Kipiani ilə görüşdə Gürcüstanın gənclər və idman siyasəti, görülən işlər, hər iki ölkə arasında bu sahədə əməkdaşlıq perspektivləri müzakirə edildi. Nazir bildirdi ki, Azərbaycan və Gürcüstan arasında imzalanmış memorandum 2014-2016-cı illər üçün tədbirlər planını özündə əks etdirir və əlaqələrin daha da inkişafına xidmət göstərir. Avqustun əvvəllərində Ermənistan-Azərbaycan sərhədində, eləcə də qoşunların təmas xəttində yaşanmış gərginlikdən narahat olduğunu dilə gətirən nazir şəhid olmuş azərbaycanlı hərbçilərə görə Azərbaycan xalqına başsağlığını da dilə gətirdi, şəhidlərin ailələrinə səbr dilədi.
Konfransda Gənclər və Uşaq Fondunun rəhbəri İrakli Jorjoliani gənclərlə bağlı layihələrin reallaşdırılmasında qurumun gördüyü işlərdən danışdı və Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu ilə əməkdaşlıq etdiklərini vurğuladı. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva “Gürcüstan Azərbaycan jurnalistlərinin gözü ilə” adlı layihənin iki dövlət arasında mehriban qonşuluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsində və jurnalistlər arasında dostluq körpüsünün yaranmasında böyük rolu olduğunu söylədi. Tədbirdə həmçinin milli azlıqlar arasında azərbaycanlı gənclərin ictimai-mədəni tədbirlərdə fəallıqlarından da bəhs edildi. Sonda Diaspor Jurnalistlər Birliyinin sədri, “Palitra” qəzetinin əməkdaşı Fuad Hüseynzadə nümayəndə heyəti adından Gürcüstanın idman və gənclər nazirinə Qarabağla bağlı xatirə kitabları hədiyyə etdi.
İşıqlı gələcəyə yol məktəbdən başlanır
Səfərimiz zamanı Saqareko rayonunun azərbaycanlıların yaşadığı kəndlərindən biri Ləmbəliyə üz tutduq. Kəndə çatarkən təzə tikilməkdə olan məktəbin qarşısında Elm və Təhsil Nazirliyinin rəsmiləri və yerli sakinlərlə görüşdük. Kənddə vəziyyət, yaşayış tərzi, təhsil məsələləri və digər mövzularda söhbət etdik. Elm və Təhsil Nazirliyinin rəsmilərinin sözlərinə görə, məktəb 2015-ci ildə istifadəyə veriləcək. Ölkədə bütün məktəblərdə, eləcə də Ləmbəli kənd məktəbində əlilliyi olan uşaqlar üçün inklüziv siniflər təşkil ediləcək. Gürcüstan dövlətinin təhsil siyasətində ölkədə yaşayan milli azlıqların dövlət dilini mənimsəməsi, eləcə də Gürcüstan cəmiyyətinə inteqrasiyası üçün layihələr həyata keçirilir. Gələcək karyera üçün milli azlıqlara gürcü dilinin öyrədilməsi hökümətin qəbul etdiyi Dövlət Proqramında da nəzərdə tutulur. Məktəblərdə gürcü dilini öyrətmək üçün xüsusi müəllimlər təhkim edilir. Bu gün qürurverici haldır ki, azərbaycanlı gənclər Gürcüstanın müxtəlif universitetlərində ali təhsil alırlar. Onlar arasında yüksək bal toplayanlar, prezident təqaüdünə layiq görülənlər də az deyil. Əksər görüşlərdə bizə tərcüməçilik edən Ləman Məmmədova da belələrindəndir. Gürcüstanın İlya Cavaxeşvili adına Dövlət Universitetinə ən yüksək balla qəbul olunmuş gənc həmyerlimizin ana dili ilə yanaşı, gürcü, rus və ingilis dillərində sərbəst danışması, Azərbaycan və Gürcüstan arasında dostluq körpüsünə töhfə verməsi bizi qürurlandırdı.
Bu gün Gürcüstanda yaşayan azərbaycanlı gənclər Azərbaycan dövlətinin də diqqətindədir. Gürcüstanda yaşayan soydaşlarımız üçün Heydər Əliyev Fondunun rəhbərliyi ilə məktəb tikintisi, ARDNŞ-in yüksək balla ali məktəbə qəbul olan azərbaycanlı tələbələrə təqaüd verməsi, Diasporla İş Üzrə Dövlət Komitəsinin Yakın Doğu Universiteti ilə razılaşmaya əsasən bir qrup gəncimizi təhsil almaq üçün Türkiyəyə göndərməsi və s. kimi təşəbbüslər azərbaycanlı gənclərə göstərilən dəstəkdir.
Gürcülərin “Venesiyası”-Siqnaxi
Yolboyu Gürcüstanın qədim tarixi məkanları barədə məlumat verən Avropa Tarixçilər Assosiasiyasının üzvü, tarixçi-pedoqoq Nərgiz Nəbiyeva Siqnaxinin özəlliklərindən danışdı. “...Siqnaxini görənlər buradan ayrılmaq istəmirlər. Bura ”sevgi şəhəri" kimi də məşhurdur." Bu sözlərin həqiqət olduğunu şəhərə çatınca hiss etdim. Uzaqdan damı qırmızıya çalan evləri ilə Şəkini xatırladan bu şəhərdə həqiqətən bir sehr vardı. Bu sehr həm də şəhərin böyüklü-kiçikli hər kəsi sevgiyə qonaq etməsi idi. Şəhərin nikah idarəsi həftənin bütün günü 24 saat işləyir və burada milliyətindən, irqindən, vəzifəsindən asılı olmayaraq, hər kəs nikaha daxil ola bilər. Səfərin üçüncü günü paytaxtın ən gözəl məkanlarından biri olan Milli Botanika bağına yollandıq. Azərbaycanın görkəmli dramaturqu M.F.Axundovun, onun ailə üzvlərinin, Mirzə Şəfi Vazehin, eləcə də Azərbaycan Demokratik Respublikasının qurucularından olan Fətəli Xan Xoyskinin, Həsən bəy Ağayevin məzarlarını ziyarət etdik. Burada müsəlman məzarlığında dəfn edilmiş Azərbaycan Demokratik Respublikasının görkəmli şəxsiyyətlərinin və ədəbiyyat, mədəniyyət xadimlərinin şərəfinə ucaldılmış abidə də nəzərimizdən yayınmadı. Çünki Tiflisdə müstəqilliyini dünyaya elan etmiş Azərbaycan Demokratik Respublikasının fəaliyyətinin ən önəmli dövrü məhz bu şəhərin payına düşür.
İkinci gün həmçinin Gürcüstan Milli Muzeyinə getdik. Burada zərgərlik nümunələrini əks etdirən zalla tanış olduq. Burada qorunan müxtəlif ornamentli zərgərlik nümunələrinin ən qədimi e.ə. III minilliyə təsadüf edir. Xanım həmkarlarımızın daha çox marağına səbəb olan zərif taclar və sırğalar öz işləmələrinə görə seçilirdi.
Yolumuz Marneuliyədir...
Marneuli azərbaycanlıların sıx yaşadığı ən əsas bölgələrdən biridir. Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili ilə görüşümüzdə azərbaycanlıların yaşayış tərzi, Gürcüstan cəmiyyətinə inteqrasiya məsələləri və iki ölkə arasında ictimai-siyasi, mədəni, dostluq münasibətləri müzakirə edildi. O, əvvəlcə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüşlərdə şəhid olmuş hərbçilərimizə görə başsağlığı verdi, Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlər bir dəqiqəlik sükutla yad edildi. Rayonun ictimai-iqtisadi inkişafından, eləcə də azərbaycanlıların rayonun həyatında fəallıqlarından söz açan icra başçısı qeyd etdi ki, Marneuli həm də müxtəlif beynəlxalq tədbirlərin, festivalların keçirildiyi məkana çevrilir.
Marneulidə görüşdə iştirak edən Gürcüstan Prezidentinin milli azlıqların məsələləri üzrə müşaviri Sofiya Şamanidi ölkədə yaşayan digər xalqlarla bağlı həyata keçirilən işlərdən söz açdı. Natiq ümidvar olduğunu bildirdi ki, gələcəkdə azərbaycanlılar yüksək dövlət postlarında da təmsil olunacaqlar. Marneuli Rayon Bələdiyyəsinin sədri Nəbi Abdullayev azərbaycanlıların ictimai-siyasi işlərdə fəal olduğunu söylədi, buna nümunə kimi ölkədəki yerli özünüidarəetmə orqanlarına keçirilmiş seçkilərdən danışdı. Bildirdi ki, bölgədə bu il 16 nəfər azərbaycanlı bələdiyyə orqanlarına seçilib.
Marneulidə yaşayan gənc soydaşlarımızın ən çox toplandığı məkanlardan biri də “Çay evi” adlandırdıqları məkandır. Bura onların təkcə fikir bölüşüb istirahət etdikləri yer deyil, həm də yaradıcı ideyalarını həyata keçirdiyi mərkəzdir.
Marneuli TV-nin əməkdaşı operator Lela Xarşiladze ilə məhz bu görüşdə tanış oldum. Tədbirdən sonra söhbətimiz ləziz gürcü mətbəxinin təamlarının olduğu süfrə arxasında davam etdi. Həmkarım uzun illərdir ki, Marneuli TV-də xəbərlər bölməsində çalışır. Bölgədə yaşayan azərbaycanlılarla ünsiyyətdə olduğundan artıq Azərbaycan dilində müəyyən qədər başa düşür. “Ümid edirəm ki, nə vaxtsa sizin dildə də danışa biləcəm. Biz eyni regionda yaşayırıq. Oxşar cəhətlərimiz çoxdur.”-deyə həmkarım bildirdi.
“Media xalqlar arasında dostluq körpüsü olmalıdır”
Səfərin son günü Gənclər və İdman Nazirliyində bir qrup gürcü həmkarımızla görüşdük. Görüşdə iki ölkə arasında media sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi apardıq. Gürcüstan Regional Televiziyalar Assosiasiyasının sədri Natiya Kupraşvili təmsil etdiyi qurumun fəaliyyəti, Gürcüstan mediası barədə məlumat verdi. İki ölkə arasında media münasibətlərinin inkişafı istiqamətində lazımi layihələrin həyata keçirilməsi üçün hər zaman hazır olduqlarını bildirdi. “Azərbaycan gürcü jurnalistlərinin gözü ilə” adlı layihənin iştirakçısı gürcü jurnalisti Mari Minadze bu ilin may ayında bir qrup gürcü jurnalistinin Bakıya səfər etdiklərini qeyd etdi və səfərdən razı qaldıqlarını söylədi. Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayevanın da qəbul etdiyi gürcü jurnalistlər ölkəmizin Tovuz, Quba, Sumqayıt şəhərlərində olublar və bu səfər yüksək təəssüratlarla zəngin olub. “Bu cür səfərlər bir-birimizi daha yaxından tanımağa, faydalı əməkdaşlığa müsbət təsir edir. Biz jurnalistlər iki xalq arasında dostluq körpüsü olmalıyıq”—fikri hamının ürəyincə oldu. Gələcəkdə Gürcüstan-Azərbaycan jurnalistlərinin birgə təşkilatının yaradılması təklifi irəli sürüldü.
Azərbaycan
Mədəniyyət Mərkəzi
Mərkəz 2004-cü ildən dövlət qeydiyyatına alınsa da, 2006-cı ildən fəaliyyətə başlayıb. Soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiyası, gənclərin ictimai-mədəni fəaliyyətdə uğur qazanmasına təkan vermək, gürcü-Azərbaycan gəncləri arasında səmərəli əməkdaşlıq və dostluq münasibətləri yaratmaq üçün çalışır. Mərkəz gənclərimizin dövlət dilini mənimsəməsi üçün kurslar təşkil edir. Təşkilat nəzdində fəaliyyət göstərən “Sarvan” folklor rəqs qrupu fəaliyyət göstərir. Mərkəz həmçinin Azərbaycan dilində “Region press” qəzeti, “Qarapapaqlar” və “Meydan” jurnalları nəşr edir.
Tbilisinin bərq vuran işıqları fonunda gecə görüntüsü turistlərin xüsusi marağına səbəb olur. Kimi Kür sahilində sakitliyə qərq olur, kimi də milli mətbəxin təamlarını dadmaq üçün restoranlara üz tutur, adrenalin həvəskarları isə kanatla gəzintiyə üstünlük verirlər. Kanatla gəzintidə Tiflis ovuc içi kimi görünür. Xüsusilə də tarixi əhəmiyyətli abidə olan Narınqala.
Əslində, Tbilisini mənə sevdirən onun tarixiliyi, özünəməxsusluğu, irqindən, milliyyətindən asılı olmayaraq hər kəsə qucaq açması və insanlarının istiqanlılığı, qonaqpərvərliyi oldu. Burada mən özümü doğma Bakıdakı kimi, hiss edirdim...
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
Bakı-Tbilisi-Bakı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.