“Heydər Əliyev milli sərhəd strategiyasının banisidir” mövzusunda konfrans keçirilib

 

Avqustun 11-də Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev milli sərhəd strategiyasının banisidir” mövzusunda konfrans keçirilib.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə xalqımızın ulu öndəri Heydər Əliyevin abidəsi önünə əklil qoyub, xatirəsinə dərin ehtiramlarını bildiriblər. Sonra iştirakçılar ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin DSX ilə bağlı qəbul etdikləri qərarlardan, Ali Baş Komandanın Xidmətin hərbi hissə və bölmələrinə səfərlərindən bəhs edən fotosərgiyə baxıblar.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra hərbi təhsil ocağının rəisi, general-mayor Araz Məmmədov çıxış edərək bildirib ki, DSX-də təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Sərhəd Mühafizəsinin 95 illik yubileyi ərəfəsində silsilə tədbirlər keçirilir.

Qeyd olundu ki, Azərbaycanda sərhədlərin mühafizəsi sahəsində əldə edilmiş bütün uğurlar xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması barədə fərman imzaladığını xatırladan natiq qeyd edib ki, bu tarixdən sonra hər il avqustun 18-i sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur. Akademiyanın rəisi kursantları, gizirləri və onların ailələrini bayram münasibətilə təbrik edib, sərhədlərimizin etibarlı mühafizəsinin təmin edilməsində uğurlar arzulayıb, Ali Baş Komandana, xalqımıza, dövlətimizə daim sadiq olmağı diləyib.

Azərbaycanda ordu quruculuğunun, Sərhəd Mühafizəsinin formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayan natiq bu diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini deyib.

A.Məmmədov Azərbaycanda ordu quruculuğu, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində görülən işlərdən danışıb. Vurğulanıb ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sərhəd Qoşunlarının maddi texniki bazasının möhkəmləndirilməsinə, sərhədlərimizin etibarlı mühafizəsinin təşkil olunmasına, peşəkar sərhədçi kadrların hazırlanmasına hər zaman xüsusi diqqət və qayğı göstərir.

Konfransda Milli Məclisin deputatı Aydın Mirzəzadənin “Heydər Əliyev və ordu quruculuğu”, DSX-nin şəxsi heyət üzrə baş idarə rəisinin müavini İzzəddin Musayevin “Heydər Əliyev milli sərhəd strategiyamızın banisidir” mövzularında məruzələri dinlənilib.  

Tədbirdə ulu öndər Heydər Əliyevin milli dövlətçilik tariximizdə müstəsna yerindən, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və respublikamızın dünyanın dinamik inkişaf edən ölkələrindən birinə çevrilməsində əvəzsiz xidmətlərindən danışılıb. Ulu öndər Heydər Əliyevin imzaladığı fərman və sərəncamlarla, DSX-nin rəhbər heyəti ilə keçirdiyi görüşlərdə söylədiyi nitqlərlə milli sərhəd siyasətimizi formalaşdırdığı, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını müəyyənləşdirdiyi xüsusi qeyd olunub.

 

Digər çıxışlarda milli hərbi kadrların formalaşmasında, hərbi təhsil müəssisələrinin yaranmasında ümummilli lider Heydər Əliyevin misilsiz rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, Ulu öndərin ordu quruculuğu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu gün Azərbaycan Silahlı Qüvvələri özünün texniki təchizatına və hazırlığına görə dünya orduları sırasında mühüm yerlərdən birini tutur. Ulu öndər Heydər Əliyevin azərbaycanlı sərhədçi kadrların hazırlanmasında, ölkəmizdə sərhəd sisteminin formalaşmasında böyük diqqəti müstəqillik illərində bəhrəsini verib.

Bildirilib ki, bu gün Azərbaycan sərhədləri yüksək səviyyədə qorunur, DSX üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. DSX-nin Akademiyası sərhəd xidmətinin yüksək səviyyəli kadrlarla təmin edilməsində böyük rol oynayır.

Sonda şəhid sərhədçilərə həsr olunmuş sənədli film nümayiş   etdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında