Cəbhəyə gedən yollar buradan başlanır

 

 

 

Söhbət yeniyetmələrin çağırışaqədərki hərbi hazırlığından gedir

Son günlərdə cəbhə bölgələrində Vətən borcunu yerinə yetirən oğulların şəhid olmaları təkcə onların ailələrini deyil, bütün ölkə əhalisini kədərləndirdi. Sosial şəbəkələrdə bu qanlı olaya görə hər kəs ürək yanğısını, düşmənə nifrətini özünəməxsus tərzdə bildirdi.

Görəsən, bir gecədə, atəşkəs zamanı bu qədər şəhid verilməsinin əsl səbəbi nədə idi?.. Təbii ki, mən bu sualın cavabını tapmaqda aciz idim. Amansız bir həqiqət vardı— oğullarımız şəhid olmuşdu. Doğrudur, ermənilər layiqli cavablarını aldılar, amma hay-küy qaldırmağa belə ərinmədilər. Rəsmi Bakını atəşkəs rejimini pozmaqda ittiham edib, ölülərini əllərində bayraq etdilər. Bu olaylar içində qürurlandığım amillər də oldu. Gənclərimiz müharibə olarsa, könüllü şəkildə ön cəbhəyə getməyə hazır olduqlarını sübut etdilər. “Amma niyə bizim balalarımız qönçə ikən qara torpağa verilsin?”– sualı içimi didirdi. Bəlkə onların döyüş hazırlığı lazımi səviyyədə deyildi, bəlkə onlar ilk dəfə elə səngərdə silah tutmuşdular? Orta məktəb skamyasından birbaşa Vətən borcunu yerinə yetirməyə gedənlərimiz az deyil ki? Məktəb illərini xatırladım. Tovuz rayonundakı A.S. Puşkin adına məktəbin hərbi hazırlıq müəlliminin təlim dərsləri göz önümə gəldi. İnstitutdan fərqli olaraq, orta məktəblərdə hərbi hazırlıq fənni oğlanlı-qızlı hər kəsə tədris edilirdi. Hələ də yaddaşımın bir küncündə qalan “Avtomat Kalaşnikov sostoit iz sleduyuşix çastey: stvol, prisel, ştık, zatvor, zatvornaya rama, maqazin, muşka...” və  indi xatırlamadığım o hissələri bizə verilmiş an müddətində söküb yığırdıq. Güllə atıcılığına da gedirdik – Ağdağa. Avtomatdan istifadəni əməlli-başlı bilirdik.  Bəs indi? Düşüncələrimə bir fikir hakim kəsilmlşdi: Görəsən, orta məktəblərdə hərbi hazırlıqla bağlı nə isə tədris edilirmi? Edilirsə, hansı qaydada? Suallar məni Nizami rayonundakı 129 saylı orta məktəbə gətirdi. Diqqətimi öncə bu təhsil ocağının qarşısında məktəbin şəhid məzunlarının xatirəsinə qoyulmuş abidə cəlb etdi. Görəsən respublikada elə təhsil ocağı varmı ki, Qarabağ savaşında şəhid verməsin? Yeri gəlmişkən, 129-un məzunlarından 1-i kapitan olmaqla 7 nəfər şəhidlik zirvəsinə yüksəlib.  Tətil olmasına baxmayaraq, məktəbin direktoru Samir Mehdizadə iş başında idi.  Məqsədimi bildirəndə “Ünvanı düz seçmisiniz, bu təhsil ocağında şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına, çağırışaqədərki hərbi hazırlığa çox böyük əmək sərf edən hərbçi-pedaqoq çalışır”, —dedi. — Qeyd edim ki, 1979-cu ildən fəaliyyət göstərən məktəbdə bu gün 1084 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 150 pedaqoq məşğul olur.

...Ömrünün otuz dörd ili Vətənə, xalqa xidmətdə keçib desək, bir az sadə səslənər. Amma o otuz dörd il gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması kimi çox önəmli bir işə həsr edilirsə, daha şərəfli, qürurlu olur və sabaha ümidi artırır. Ehtiyatda olan zabit İsfəndiyar Əliyev peşəsini sevən pedaqoq, hərbçi kimi ötən illər ərzində öz üzərinə düşən vəzifənin öhdəsindən çox məharətlə gəlmiş, məhz buna görə də həm müəllim həmkarlarının, həm də dərs dediyi şagirdlərin böyük etibarını qazanmışdır. 

İsfəndiyar Əliyev ölkənin cənub zonasındandır. 1951-ci ildə Lənkəranda doğulub. Əli qələm tutar-tutmaz Azərbaycan xalqının Böyük Vətən müharibəsindəki qanlı savaşını, qələbəsini əks etdirən, qaliblərin döyüş yolundan bəhs edən kitablarla doğmalaşıb. Dövr o dövr idi ki, ölkəmiz böyük SSRİ-nin daxilində idi və ölkələrarası müqaviləyə görə azərbaycanlılar müxtəlif xarici dövlətlərdə hərbi xidmət keçirdilər. İsfəndiyar da orta məktəbi bitirdikdən sonra  Varşava müqaviləsinin üzvü olan Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olur. Xidmət müddətində hərbin sirlərini mükəmməl mənimsəyərək, Vətənə zabit olaraq dönür. Orada alababat öyrəndiyi dili daha da mükəmməlləşdirmək üçün Xarici Dillər İnstitutuna daxil olur. İnstitutu müvəffəqiyyətlə bitirən İ. Əliyev 1981-ci ildən bu günə qədər 129 saylı orta məktəbdə gənclərin çağırışaqədərki  hazırlıq rəhbəri kimi fəaliyyət göstərir.

İllər ötdükcə insan həyatda bərkə-boşa düşüb möhkəmləndiyi kimi, peşə fəaliyyətində də yeni-yeni uğurlara imza atır, öz sahəsində daha da püxtələşir. İsfəndiyar müəllim də eləcə. O, qazandıqlarını həyat kitabında dincə qoymur, hansısa zamana, günə saxlamır, bildiklərini, sonradan iş prosesində qazandıqlarını birər-birər yeniyetmələrdən əsirgəmir, şagirdlərin Vətənə layiqli, mənəvi-fiziki cəhətdən tam sağlam və əsl vətənpərvər gənc kimi yetişməsinə, hərb sənətinin incəliklərinə yiyələnməsinə çalışır və bu istiqamətdə böyük uğurlar əldə edir. Onun hərbi hazırlıq fənn kabinetinə göstərdiyi xüsusi diqqətin nəticəsidir ki, 2005-ci ildən etibarən bu kabinet Nizami və Nərimanov rayonlarının baza kabineti kimi fəaliyyət göstərir və respublikanın nümunəvi  çağırışaqədərki fənn kabinetlərindən hesab olunur. Ən müasir tələblərə cavab verən baza-kabinet məktəblilərin ibtidai hərbi hazırlığının yüksək səviyyədə təşkil olunmasına təminat verir. İsfəndiyar müəllimin fikrincə, bu kabineti daha da baxımlı və zəngin edən Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çap olunaraq hədiyyə edilən plakatlar və digər əyani vəsaitlərdir ki, bunlar da dövrün tələbinə uyğun olaraq ilbəil yenilənir.

İsfəndiyar müəllim bildirir ki, torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir zamanda bu hazırlığın nə qədər vacib olduğu şagirdlərə mükəmməl aşılanmalıdır. Onlar bu fənni o qədər çox sevməli, ona o qədər bağlanmalıdırlar ki, artıq hərbi xidmətə gedərkən o xidmətə hazır və yararlı olduqlarını anlayıb özlərinə güvənsinlər. Məktəbdəki çağırışaqədərki  hərbi dərslər yalnız nəzəri biliklərin verilməsi, şagirdlərə Milli Ordumuzda olan silah növləri, əl qumbaraları və minalar, zirehli texnika haqqında, eləcə də Silahlı Qüvvələrimizin nizamnamələri haqqında məlumat verilməklə məhdudlaşmır. Nizami Rayon Hərbi Komissarlığı ilə rayon icra hakimiyyətinin birgə razılığı əsasında hər ilin payız aylarında şagirdlər hərbi hissələrə aparılır. Burada hərbiçilərlə—əsgər və zabitlərlə görüşür, onlardan hərb sənətinin incəliklərinə dair müfəssəl məlumat alır, hərbi xidmət qaydaları, zirehli texnika ilə bilavasitə yerindəcə tanış olurlar, xüsusilə, silah növlərinin daim yeniləşdiyi və təkmilləşdiyi dövrdə bu cür praktiki dərslərin aparılması çox vacibdir və gənclərin hərbi hazırlığının genişləndirilməsi ilə bərabər onların dünyagörüşünün formalaşmasına da güclü təsir edir. O, nəzəriyyə və təcrübənin bir-birini tamamlamasına yardımçı olduğuna, hərtərəfli himayədarlıq etdiyinə, təchizat və digər məsələlərin həllində göstərdiyi köməyə görə Nizami rayon hərbi komissarı vəzifəsini icra edən polkovnik-leytenant Rövşən Babayevə minnətdarlıq edir.

Məktəbdə keçirilən ibtidai hərbi hazırlıq dərsləri hərbi işə aid bütün vacib istiqamətləri əhatə edir. Buraya topoqrafik vərdişlərə yiyələnmək, mülki-müdafiə və fövqəladə hallarda insanların mühafizəsi dərsləri də daxil edilib. Amma onu xüsusi olaraq qeyd etmək lazımdır ki, fənn üzrə bütün yeniliklər məhz İsfəndiyar müəllimin rəhbərlik etdiyi baza-kabinet vasitəsilə şagirdlərə çatdırılır. Respublika və rayondaxili təhsil ocaqları arasında keçirilən “Şahin”, “Cəsurlar” kimi hərbi idman yarışlarında onun yetirmələrinin qazandığı uğurlar bu dərslərin nə səviyyədə tədris edilməsinin əyani göstəricisidir. Şagirdlərə hərbi biliklərin yüksək səviyyədə  öyrədilməsi, dərslərdə əyani vəsaitlərdən istifadə edilməsi, praktiki məşğələlərin ardıcıl aparılması və keçilən dərslərin yüksək səmərəliliyinin nəticəsidir ki, İsfəndiyar müəllim indiyə qədər müxtəlif hərbi hissələrdən çoxsaylı təşəkkür məktubları almışdır. Bu, göstərir ki, onun şagirdlərə sərf etdiyi əməyi hədər getməyib, əksinə yüksək qiymətləndirilir. Hərbi komissarlıqdan Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və 129 saylı məktəbin rəhbərliyinə göndərilən təşəkkür məktubunda ehtiyatda olan zabit İsfəndiyar Əliyevin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında hərbi bilik və bacarığını əsirgəmədiyi göstərilir. Qeyd edilir ki, onun üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməsi, gənclərin çağırışaqədərki  hazırlıq rəhbəri kimi 129 saylı orta məktəbdə 34 il müddətindəki səmərəli fəaliyyəti hərbi komissarlıq tərəfindən yüksək qiymətləndirilir.

İsfəndiyar müəllim ömrün 63 ilini artıq arxada qoyub. Həyatının mənasını  ordumuzda çalışan zabitlərin hazırlanmasında azacıq rolunun olmasında görür. Ölkəmiz üçün bu illər ərzində layiqli gənclər yetişdirdiyinə görə fəxr edir. Sevinir ki, ki, bu günün və sabahın tanınmış hərbiçilərinin yetişməsində onun da payı vardır. Onun bu xidmətləri həmişə yüksək qiymətləndirilib:  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Pedaqoji sahədə səmərəli fəaliyyətinə  və gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara görə” Fəxri fərmanı ilə, Respublika Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir. Bundan başqa, artıq hər il, bir qayda olaraq, RHK-nın təşəkkür məktubunu və digər mükafatlar almaq onu daxilən gücləndirir və öz işinə daha sıx bağlanmağa ruhlandırır. Onun bu keyfiyyətlərini nəzərə alaraq məktəbin 150 nəfərlik pedaqoji kolektivinin imzası ilə İ.Əliyevə Prezidentin fərdi təqaüdünün və əməkdar müəllim fəxri adının verilməsi üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinə təqdimat göndərilmişdir.

İsfəndiyar müəllim Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi altında Azərbaycanın Cənubi Qafqaz regionunda ən qüdrətli orduya malik olmasından, Silahlı Qüvvələrimizi daha da gücləndirmək üçün onun kadr və maddi-texniki bazasını daim təkmilləşdirilməsindən fəxrlə danışır. Bildirir ki, Azərbaycan dövləti  gündən-günə güclənir, siyasi və hərbi qüdrətini artırır, bizim də borcumuz, qarşımızda duran ən böyük vəzifə bu qüdrətli ordu üçün hərtərəfli hazırlıqlı, döyüş üsullarından və texnikadan yaxşı baş çıxara bilən gənclər hazırlamaqdır ki, bu da məhz orta məktəblərdən – gənclərin çağırışaqədərki hərbi hazırlığından başlanır. İstefada olan zabit məktəbdə qazanılan bütün uğurların başında direktor Samir Mehdizadənin iş prinsipinin çox önəmli yeri olduğunu deyir. Bildirir ki, olduqca bacarıqlı, gözəl idarəçilik qabiliyyətinə malik S. Mehdizadənin ciddi nəzarəti ilə iki il ərzində məktəbdə təlim-tərbiyə və tədrisin səviyyəsinin yüksəldilməsi sahəsində bir sıra müsbət işlər görülmüşdür. Belə ki, tədris ili ərzində əksər fənlər üzrə keçirilən açıq dərslərdə müəllimlərin hər biri şagirdə fərdi yanaşmaları, İKT-dən istifadə olunması, şagirdlərin özlərinin hazırladıqları əyani vəsaitlərdən istifadə etmələri, şagirdlərin düşünmə qabiliyyətləri, disskusiya bacarıqları və s. dərslərin yüksək səviyyədə keçirilməsinə şərait yaradıb. Keçirilən “açıq dərs”lər metodbirləşmə iclaslarında müzakirə olunmuş, müəllimlərin təklif və rəyləri nəzərə alınmışdır. S. Mehdizadənin qayğısı ilə məktəbin maddi-texniki bazası yenilənmiş, istilik sistemi qurulmuş, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bir sıra fənlərin tədrisi üçün əyani vəsaitlər, kompüterlər, projektorlar, printerlər, elektron yazı lövhələri, idman ləvazimatları alınmışdır. Məktəbin nümunəvi qaydada təxliyyə planı hazırlanmış və FHN-in Yanğından Mühafizə İdarəsi tərəfindən təsdiq olunmuşdur.  Artıq  bu təhsil ocağında müxtəlif fənlərə aid keçirilən açıq dərslər, kimya gecələri, coğrafiya gecələri, elmi-praktik konfranslar, “dəyirmi masa”lar, idman yarışları müstəqilliyimizin qarantı olan təntənəli günlərin qeyd edilməsi, mülki müdafiə tədbirləri, bilik yarışı, müxtəlif tarixi yerlərə kollektiv gəzintilər ənənəyə çevrilmişdir. Burada xüsusi qabiliyyəti olan şagirdlərlə müntəzəm iş aparılır və psixoloji işin təşkilinə xüsusi diqqət yetirilir. Məktəbdə “fond pulu” söhbəti ləğv edilib, diqqət daha önəmli məsələlərə – şagirdlərin nizam-intizamına, tədrisin səviyyəsinə yönəlib. Hər səhər dərs başlanmazdan öncə şagirdlərin məktəbin qarşısında, şəhidlərin xatirəsinə həsr olunmuş abidənin önünə toplanması da təsadüfi deyil. Bu, Vətən uğrunda canından keçənlərin ruhu qarşısında əbədi hörmətin bir növ təsdiqidir.             

İsfəndiyar müəllimlə söhbətdən sonra əmin oldum ki, orta məktəblərdə hərbi – vətənpərlik işi və orduya hazırlıq prosesi çox yüksək səviyyədə aparılır. Cəbhələrdə vuruşan əsgər və zabitlərimiz, hərb elminin əlifbasını məhz orta məktəblərdə öyrənirlər, sovet dönəmində olduğu  kimi. Fərq isə aydındır: o vaxt azərbaycanlılar bilik və bacarıqlarını SSRİ-ni qorumağa sərf edirdilər, indi isə müstəqil Azərbaycanı qanı-canı bahasına əldə etdikləri suverenliyinə xain nəzərlərlə baxanlardan qorumağa çalışırlar. Bu mənada cəbhəyə gedən yolda addımlayanların hər uğurunda İsfəndiyar Əliyev və onun kimi müəllimlərin rolu danılmazdır. 

 

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında