Gəncə: Bu gün açıq ürək əməliyyatı, sabah...

 

 

Bayaqdan ürək—damar cərrahı Vüqar Qapaqovla söhbət edirəm. Hiss olunur ki, bir neçə ay əvvəl ailəsi ilə birgə Gəncəyə köçüb gələn bu gənc mütəxəssis artıq qədim şəhərlə, onun adamları, o cümlədən çalışdığı mərkəzin kollektivi ilə qaynayıb-qarışıb, sevib—seçdiyi peşəsinə vurğunluğu bir qədər də artıb. Bu günə kimi 70-dən artıq açıq ürək əməliyyatı edib, neçə-neçə xəstəni yenidən normal həyata qaytarıb. Maraqlıdır ki, keçirilən bütün əməliyyatlar uğurlu olmuş, heç bir ağırlaşma və ya ölüm halı qeydə alınmamışdır.

Vüqar Qapaqovun bu gün sərbəst şəkildə Gəncə şəhərində açıq ürək əməliyyatı aparmasında, heç şübhəsiz, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri namizədi Surxay Musayevin böyük əməyi var. Təcrübəli-ürək damar cərrahının gənclərə, o cümlədən V.Qapaqova xüsusi qayğısı bu gün öz bəhrəsini vermişdir. Təbii ki, V.Qapaqovun bu həddə çatmasında Azərbaycan Respublikası Prezidentinin xüsusi tibb xidmətinin böyük rolu olmuşdur. Mərkəzi Klinik Xəstəxanadan bir qrup gənc mütəxəssisin Avstriyaya göndərilməsi və onların burada uzun illər təhsil alması, işləməsi, təcrübə qazanması və yenidən doğma Vətənə qayıtması indi yuxarıda qeyd etdiyimiz əməliyyatların uğurla aparılmasına birbaşa təsir göstərir. Elə V.Qapaqovun da Avstriyada, daha sonra isə ABŞ-ın məşhur Klivlend klinikasında olması, dünya söhrətli cərrahlarla çiyin-çiyinə dayanması artıq özünü göstərir.

Yazının əvvəlində gənc mütəxəssisin adını çəkməyimiz, onun fəaliyyətindən söhbət açmağımız təsadüfi deyil. Bu gün Gəncədə sərbəst şəkildə açıq ürək əməliyyatı aparılması şəhərin həyatında mühüm hadisədir və onu xüsusi qeyd etməmək mümkün deyil. Doğrudur, əvvəllər də burada açıq ürək əməliyyatları aparılıb. Amma bu əməliyyatları Bakıdan gəlib ertəsi gün qayıdan mütəxəssislər aparıb. İndi isə bunu Gəncədəki Regional Mərkəzin həkimləri edir və bu, doğrudan da, böyük nailiyyətdir.

...Şəhərin səfalı bir güşəsində inşa olunan bu nəhəng tibb ocağı 2008-ci ildə ölkə Prezidenti İlham Əliyevin sərəncamı əsasında tikilib istifadəyə verilsə də, Mərkəzi Klinika Gəncə Xəstəxanası kimi əsasən keçən ilin sentyabr ayından fəaliyyətə başlamışdır və qısa vaxt ərzində böyük uğur qazanmışdır. Gəncə Müalicə Diaqnostika Mərkəzi böyük bir sahəni əhatə edir. Onun təkcə həyətyanı sahəsi 22 min 500 kvadratmetri keçir. Xəstəxananın ümumi sahəsi isə 12 min kvadratmetrdən çoxdur. Burada aparılan əsaslı tikinti və quraşdırma işlərindən sonra mərkəzin tibbi xidmət sahəsi təxminən 45 faiz artmışdır. Əvvəllər cəmi 27 çarpayı vardısa, indi bu rəqəm 100-ə çatmışdır.

Gəncədəki mərkəzdə tibbin ən son nailiyyətləri tətbiq edilib. Buradakı cihazlar və avadanlıqlar istənilən müayinə və müalicənin yüksək səviyyədə həyata keçirilməsinə imkan yaradır.

Təbii ki, peşəkar kadrlar da yetişib və bu iş müntəzəm davam etdirilir. Xarici ölkələrdə, o cümlədən Mərkəzi Klinikada, onun digər səhiyyə qurumlarında kurslar, təlimlər təşkil olunur və nəticədə Gəncədəki mərkəzdə tədricən peşəkar bir kollektiv formalaşır ki, bu da artıq öz bəhrəsini verməkdədir.

Tibbi xidmətin elə bir sahəsi yoxdur ki, mərkəzdə fəaliyyət göstərməsin. Ürək-damar cərrahiyyəsi, ümumi cərrahiyyə, urologiya, ortopediya və travmatologiya, oftalmologiya, qastroentrologiya, tibbi laboratoriya, invaziv radiologiya, fizioterapiya, stomatologiya, nefrologiya və digər şöbələrin olması bir daha onu göstərir ki, Gəncə Regional Mərkəzin gözəl perspektivləri var və burada əsas diqqət əhalinin hərtərəfli  müayinə və müalicəsinə yönəlib.

Belə bir xəstəxananın Gəncədə olması təkcə bu şəhərin deyil, bütövlükdə respublikanın Qərb bölgəsinin əhalisi üçün əvəzsiz bir səhiyyə obyektidir. Əvvəla, xəstələrin Bakıya və digər yerlərə axımının qarşısı alınır, insanların büdcəsinə müsbət təsir göstərir, digər tərəfdən operativ tibbi müdaxilə insanları xəstəliyin sonrakı fəsadlarından, o cümlədən ölüm hallarından xilas edir. Bu yaxınlarda xəstəxanada baş verən hadisə bir daha göstərdi ki, Gəncədə bu mərkəzin fəaliyyətə başlamasının necə böyük əhəmiyyəti var. Söylədilər ki, xəstəxana bağbanının halı elə iş başında qəfil pisləşir. Məlum olur ki, ürəyində təcili əməliyyat aparılmalıdır. Bir an belə ləngimədən uğurlu əməliyyat aparılır və infarkt keçirən xəstənin həyatı xilas olunur. İndi özünüz fikirləşin, burada belə şərait, təcrübəli ürək-damar cərrahı olmasaydı, xəstənin aqibəti necə olardı?!

Qeyd etmək lazımdı ki, ürək – damar cərrahiyyəsinin bütün sahələrindən, istər şuntlama cərrahiyyəsi, istər qapaq cərrahiyyəsi və ya böyük aorta damarlarında aparılan əməliyyatlar, eləcə də digər periferik damarlarda əməliyyatların icrası bölgə üçün əlamətdar bir hadisədir. Kardiologiya şöbəsinə müraciət edən xəstələrə angioqrafiya tətbiq edildikdən sonra xəstənin əməliyyat, yaxud invaziv müdaxilələr edilməsi müəyyənləşdirilir. Bölmənin tibb heyətinə həm Bakıdan ezam olunmuş, həm də xarici ölkələrdə təcrübə keçmiş həkimlər daxildir və onlar tərəfindən koronar angioqrafiya və angiplastika əməliyyatları həyata keçirilir.

Bundan başqa, Gəncə Müalicə Diaqnostika Mərkəzində ümumi reanimasiya şöbəsində həyati göstəriciləri, həyati funksiyaları pozulmuş və yaşaması risk altında olan hər xəstə, bir qayda olaraq, kritik xəstə kimi qəbul edilir. Burada saxlandıqları 7 gün ərzində gecə-gündüz onlara ən yüksək texnologiyalarla tibbi xidmət göstərilir. Təcili yardım ambulansında tibb elminin ən son nailiyyətlərini özündə əks etdirən avadanlıq quraşdırılıb və xəstənin həyatı üçün heç bir təhlükə yoxdur. Təcili yardım briqadası 3 dəqiqə ərzində klinikanı tərk edir, Gəncədə və Gəncəbasarın istənilən ünvanında xəstələrə peşəkar yardım göstərə bilir.

Gəncədə belə bir səviyyəli mərkəzin fəaliyyət göstərməsi Azərbaycan səhiyyəsinin uğuru, ölkə Prezidentinin bu sahəyə xüsusi diqqət və qayğısının təzahürüdür. Vaxt gələcək, Gəncə Müalicə Diaqnostika Mərkəzinin sorağı dünyanın hər yerinə yayılacaq. Bu gün burada həyata keçirilən işlər belə düşünməyə əsas verir. Yeri gəlmişkən, qeyd etməliyik ki, mərkəzin yeni rəhbərliyi, o cümlədən onun direktoru Rəşad həkimin təşkilatçılığı, sağlam, peşəkar bir kollektiv formalaşdırması ümumi işin xeyrinə olmuşdur. Bəli, bu gün Gəncədə açıq ürək əməliyyatları keçirilir və bu, Azərbaycan səhiyyəsinin təkcə Bakıda deyil, həm də regionlardakı uğurudur. Sabah bölgələrdən daha inanılmaz sürprizlər gözləyirik. Buna heç şübhəmiz yoxdur.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin

bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında