Praqmatik siyasətin aşkar üstünlükləri

 

 

 

Bildiyimiz kimi, praqmatizm reallıqdan günün tələblərinə uyğun praktik fayda əldə etmək deməkdir. Çağdaş dünyada hər bir ölkəyə diqqət və hörmət, ilk növbədə, onun gücü,  regionda və dünyada yeri, strateji imkanları ilə şərtlənir. Bu amillər həmin ölkənin əldə etdiyi nailiyyətlərə, tarix və mədəniyyətinə də münasibəti formalaşdırır. Azərbaycanın da müstəqillik dövründə qət etdiyi yol, regional və beynəlxalq müstəvidə nail olduğu imkanlar ölkəmizə kənar baxışın prizmasını xeyli dərəcədə müəyyən edir. Təbii ki, baxışın düzü də var, tərsi də. Respublikamızın tarix üçün qısa sayılan bir zaman kəsiyində əldə etdiyi iqtisadi yüksəliş,maliyyə ehtiyatları, sərmayə imkanları, həyata keçirilən islahatlar, quruculuq-abadlıq işləri,  bir sözlə, dövlət olaraq güclənməsi bizə baxan dost və düşmənlərin gözündə fərqli nəzərlərlə görünür.

Azərbaycan-Rusiya münasibətləri böyük tarixə, iki əsrə yaxın ortaq keçmişə, mədəni irsə söykənir. Eyni zamanda, bu münasibətlərin nahamar dövrləri olub. Hər şeyin hər zaman tam rəvan olduğunu söyləsək, idealizmə varmış olarıq. Dünənin böyük imperiyası, bugünün qüdrətli  dövləti kimi şimal qonşumuzun keçmiş İttifaq (ondan öncə müstəmləkə) ölkələrinə münasibətində neoimperialist təfəkkür var.  Bu, hakim keçmişini unuda bilməyən  bütün imperiyalara xas davranışdır. Bunun konkret təzahürləri isə qarşısındakı yeni müstəqil dövlətin vəziyyətindən, imkanlarından asılı olaraq özünü göstərir. Həmin ölkə zəif və kənardan yardım istəyəcək qədər imkansızdırsa, ona münasibət də ağayanadır, onunla müstəqil dövlət kimi deyil, bir forpost kimi davranırlar. Qonşularımızda bunun örnəyini (Ermənistan) görürük. Yox, əgər ölkə öz imkanlarına güvənirsə, kimsədən yardım ummursa, ən əsası, ölçülü-biçili, tarazlı, irəlini görən, realist siyasət yeridirsə, onunla münasibətlər də gec-tez bərabərhüquqlu tərəf-müqabil səviyyəsinə qalxmalıdır. Rusiya-Azərbaycan münasibətlərinin 1991-ci ildən sonrakı tarixinə nəzər salsaq, bunu aydın görə bilərik.

“Azərbaycan Rusiyanın çoxdankı, ənənəvi və etibarlı tərəfdaşıdır. Biz Qafqaz regionunda, Xəzər regionunda, MDB çərçivəsində, aparıcı beynəlxalq strukturlarda sıx qarşılıqlı fəaliyyət göstəririk. Bu əməkdaşlığın əsası ölkələrimiz, dövlətlərimiz və xalqlarımız arasında möhkəm dostluq, qarşılıqlı hörmət ənənələridir”. Bu fikirlər Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə məxsusdur. Ötən ilin avqustunda  Bakıya rəsmi səfəri zamanı bunu bəyan edən Rusiyanın dövlət başçısı Azərbaycanın önəmini və imkanlarını yüksək dəyərləndirmişdir. Amma, etiraf etmək lazımdır ki,  qarşılıqlı etibarın bəyanı olan bu yüksək ritorika iki ölkənin münasibətlərində heç də hər zaman özünü göstərməyib. 1997-ci ilin iyulunda Moskvada iki ölkə prezidenti tərəfindən “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqavilə imzalanmışdı. Amma elə həmin ildə Rusiyanın Ermənistana 1 milyard  dollarlıq gizli silah verməsi faktı üzə çıxdı. Təbii ki, Kreml Azərbaycanı da, Ermənistan kimi, hər zaman yerini göstərə biləcəyi, əlaltı ölkə kimi görmək istərdi. Amma bu, olmadı və nəhayət, ikitərəfli münasibətlərin 10-cu ilində Bakıya qədəm basan Prezident Putin “strateji tərəfdaşlıq” kəlməsini uca səslə dilə gətirdi.

Bu illərdə Rusiyadan Azərbaycana yönəlik fərqli notlarda da bəyanatlar səslənib. Moskvanın rəsmi dillə, açıq mətnlə demədiklərini qeyri-rəsmi ruporlar, siyasətçilər səsləndirib. Bu rolu ən yaddaqalan tərzdə, məxsusi siyasi artistizmlə oynayanlardan biri və birincisi Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskidir. 1993-cü ildən Rusiya Dövlət Dumasının deputatı və fraksiya lideri,  2000-2011-ci illərdə Dövlət Dumasının sədr müavini, 2012-ci ildən Rusiya Federasiyası Dövlət Şurasının üzvü və bu rəsmi titulların yanında bir də qeyri-rəsmi rupor missiyasının daşıyıcısı. Adı daim qalmaqallarda hallanan eksentrik siyasətçi, velikorus şovinizminin müasir nümayəndəsi olan Jirinovski indiyədək qeyri-rus millətlərinə qarşı mənfi münasibəti, bir çox hallarda təhqiramiz çıxışları ilə yadda qalıb. Əksər hallarda siyasi populizm məqsədi daşıyan bu aqressivliyin müqabilində o, keçmiş SSRİ-nin əksər ölkələrində persona non-qrata elan edilib. 2005-ci ildə Qazaxıstan, 2013-cü ildə Qırğızıstan onu “qara siyahı”ya salıb. 2011-ci ildə hətta Rusiya Federasiyasının özündə - Komi Respublikasında persona non-qrata elan olunub.

Bu günlərdə isə rusiyalı siyasətçi başqa bir çıxışı ilə gündəmə gəlib. Jirinovskinin iyulun 24-də “Rossiya 24" telekanalına verdiyi müsahibə ictimaiyyətə ümumən bəllidir və təfərrüatına varmayacağıq. Amma üzərində dayanılması zəruri olan bəzi məqamlar var.

Birinci məqam Rusiya liberal-demokratlarının liderinin bu müsahibəsinin motivləri ilə bağlıdır. Tamamilə mümkündür ki, müsahibədə Azərbaycanın uğurlu inkişafı, ölkə rəhbərliyinin yeritdiyi siyasət barədə səslənən müsbət fikirlər konyuktur  məqsədli   bir reveransdır və Azərbaycan xalqı qarşısında bir üzrxahlıq nümayişidir. Jirinovski bu günlərdə mətbuata müsahibəsində onu da deyib ki, onun Azərbaycana heç vaxt mənfi münasibəti olmayıb, sadəcə, fikirləri kontekstdən çıxarılaraq təqdim edilib,  səhv başa düşülüb və s. Bizim üçün önəmli olan başqa məqamdır. Jirinovski Azərbaycanın bugünkü inkişaf səviyyəsini, həyata keçirilən siyasəti digər postsovet ölkələri ilə müqayisə edir və ölkəmizin üstün cəhətlərini dilə gətirir. Daxildə sabitlik və rifahın təmin olunması, paytaxtla yanaşı, regionların inkişafı, yerlərdə aparılan abadlıq-quruculuq işləri, tolerant cəmiyyət, başqa mədəniyyətlərə, o cümlədən rus mədəniyyətinə hörmət, rus dilində məktəblər, universitet, teatr və s. Bütün bunlar Azərbaycana müxtəlif ölkələrdən gələn mötəbər qonaqların, ekspertlərin, eləcə də turist qismində respublikamıza səfər edən sıravi insanların dilindən tez-tez səslənən fikirlərdir. Xarici siyasətdə tarazlı, balanslaşdırılmış kurs, tərəfdaş ölkələrlə bərabərhüquqlu, qarşılıqlı-faydalı münasibətlər, müstəqil, suveren siyasi xətt. Azərbaycan diplomatiyasının bu üstün cəhətlərini Jirinovski də etiraf edir və ölkəmizi postsovet məkanında dinamik inkişafın “gerçək müsbət nümunəsi” adlandırır. Onun sözlərinə görə, Azərbaycan xarici siyasətdə heç bir “xora qoşulmur” , öz yolu ilə gedir: “Nə üçün? Çünki rəhbəri düzgün seçiblər. Azərbaycanın müstəqil siyasi kursu var. Güclü, müstəqil siyasət yeritməyi bacaran lideri var. Reallıqları görmək və etiraf etmək lazımdır”.

Bəli, reallıqları etiraf etmək lazımdır. Burada Jirinovskinin Ermənistanla bağlı dediyi sözlər də maraq doğurur: “Ermənistanda vəziyyət olduqca ağırdır”. Və ardınca söylənən bu sözlər: “Onların (Azərbaycanın - red.) bizdən nə isə qoparmaq niyyəti yoxdur. Əksinə, onlar hər yerdə bizimlə münasibətləri düzəltməyə çalışırlar”. Həqiqətən də, Rusiyadan daim nə isə uman, yardım qoparmaq istəyən Ermənistanla müqayisədə Azərbaycanın nə dərəcədə etibarlı tərəf-müqabil olduğu aşkar görünür. İllər sonra bunu Jirinovski kimiləri də etiraf edirsə, deməli, bu dünyada  əsl həqiqət  əzəl-axır öz yerini tutur.

Üzərində dayanılası ikinci mühüm məqam rusiyalı siyasətçinin müsahibəsinə münasibətlə bağlıdır. Qeyd etdiyimiz kimi, Jirinovskinin səmimi etirafı bir çoxlarında şübhə doğura bilər. Əslində, bu, elə prinsipial önəm də kəsb etmir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar, dinamik inkişaf, regional və beynəlxalq miqyasda artan nüfuzu dünyada təqdir görürsə, müxtəlif təşkilatlar, siyasilər tərəfindən etiraf olunursa və bu sıraya dünənəcən bizi qaralamağa çalışan Jirinovski də qoşulursa, bunu təmkinli bir məmnuniyyətlə qarşılamaq lazımdır. Əslində,  bu gün bizim Jirinovskinin tərifinə ehtiyacımız da yoxdur. Odur ki, ötənləri, bu siyasətçinin indiyədək haqqımızda dediklərini unutmadan onun bu sözlərini də tarix üçün qeyd eləyək.

Amma siyasətdə elə daltoniklər (rəngləri ayırd etməyənlər) də var ki, onlar üçün qaradan başqa rəng sanki mövcud deyil.  Onlar üçün faktın özü deyil, kimin kim haqqında nə söyləməsi önəmlidir. Bu gün müxalifət mətbuatında bəzi cızmaqaraçıların, eləcə də bir para üzdəniraq siyasətçilərin  Azərbaycan haqqında, ölkəmizin rəhbəri barədə Jirinovskinin söylədiyi fikirləri  özlərinin məhdud mənafeləri baxımından “təhlil” etməsi bu qəbildəndir. Təbii ki, əsas məsələ Jirinovskidə deyil, onun tərifinin ünvanındadır. Azərbaycanın uğurları ilə bağlı istənilən səviyyədə, hər hansı əcnəbi siyasətçi, jurnalist və başqası tərəfindən səslənən müsbət fikir mütləq süngü ilə qarşılanır. Bu, “nə qədər pisdirsə,  o qədər yaxşıdır” devizi ilə davranış sərgiləyən qüvvələrin başlıca fəaliyyət prinsipidir. Jirinovskinin yerinə başqa bir rusiyalı siyasətçi – İvanov, Petrov, Sidorov da ola bilər.

Yeri gəlmişkən, Rusiyanın odioz siyasətçilərindən sayılan, bir vaxtlar hökumətdə baş nazirin müavini, yanacaq-energetika naziri postunu tutan, hazırda isə siyasi marjinallar qrupunda Kasparov, neofaşist Limonov kimilərlə müttəfiq olan Nemsovun AXCP sədrinə göndərdiyi yubiley təbriki günlərlə bu partiyanın qəzetinin səhifələrindən düşmədi, Boris Yefimoviçin şəninə tərif ardınca tərif yağdı. Günlərin birində AXCP-yə belə bir təbrik məktubu Vladimir Volfoviçdən gəlsə, ona münasibətin necə olacağı gerçəkdən maraqlıdır. Bu gün bizim özündənbəy müxaliflərə Papua-Yeni Qvineyadan da bir məktub gəlsə, sevincək olacaqlar. Amma yaxın-uzaq xaricdən kimsə Azərbaycan iqtidarı haqqında müsbət söz deyirsə, Azərbaycandakı inkişafı, müsbət dəyişiklikləri dilə gətirirsə, onların düşüncəsinə görə,  bu fakt  mütləq daşqalaq olunmalıdır. Elə bu meydan havasının, qaragüruhçu davranışın nəticəsidir ki, bu qüvvələr illərdir sağa-sola, bir-birilərinə atdıqları daşları toplayıb bir tərəfə çıxa bilmirlər.

Müstəqilliyimizin ilk dövrlərində də hakimiyyəti zəbt eləmiş populist müxaliflərimiz düşmənə müxtəlif ölkələrin etdiyi havadarlığı neytrallaşdırmaqdan ötrü real siyasət yeritmək əvəzinə, meydan eyforiyası ilə davranırdılar. O zaman Rusiya müstəqilliyimizin düşməni, Fransa ermənilərin  dostu, Amerika lobbiçilik yuvası elan edildi, xarici siyasətin heç bir vektoru normal qurulmadı. Ümumiyyətlə, qardaş Türkiyədən savayı, heç bir ölkənin parlamentində, siyasi dairələrində sözümüzü deyən yox idi.

Dünya hər zaman güc dünyası olub. Güc qarşısında dayanmaq  üçünsə ağılla, təmkinlə, reallıqları nəzərə alaraq davranmaq, zamanla güc-imkan qazanmaq gərəkdir. Azərbaycan dövləti də müstəqilliyin ilk dövrünün acı təcrübəsindən sonra ulu öndər tərəfindən realist bir siyasətlə yönəldilərək tədricən gücünə güc qatdı.

Bu gün dünyada iqtisadi qüdrət hər şeydən üstündür, o,  paralel olaraq digər imkanları da gətirir. Son illər  Azərbaycanın xarici siyasətində enerji diplomatiyası, fəal investisiya siyasəti öz bəhrələrini verir.  İndi bir çox Avropa ölkələri üzləşdikləri iqtisadi böhrandan çıxmaq üçün xarici sərmayələrə ehtiyac duyur və  Azərbaycan bu baxımdan böyük imkanlara malikdir. Yaxın 10-15 il öncəyədək üzləşdiyi hərbi təcavüzün fəsadlarını aradan qaldırmaq, yüz minlərlə qaçqın və köçkünün problemlərini həll etmək üçün xaricdən köməyə ehtiyac duyan Azərbaycan bu gün özü dünyanın müxtəlif ölkələrinə humanitar yardım göstərir. Xarici İşlər Nazirliyinin nəzdində təsis edilmiş Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) həyata keçirdiyi humanitar proqramlar onlarca ölkəni əhatə edir. Bütün bunlar, heç şübhəsiz, Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə xidmət edir. Azərbaycanın güclənməsi onun dünyadakı dostlarının  sırasını da genişləndirir. Lobbiçilik imkanlarını artırır.  2011-ci ildə ölkəmiz dünyanın 155 dövlətinin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Vaxtilə ölkəmizin lehinə söz deməyə bir nəfərin tapılmadığı ABŞ Konqresində bu gün “Azərbaycan dostları” qrupunun 60-dan çox üzvü var.

Güclü, geniş imkanlara malik dövlət beynəlxalq arenada da öz maraqlarını daha effektiv qorumağı bacarır. Azərbaycanın artan gücü, iqtisadi imkanları və təsir rıçaqları, sözsüz ki, ölkəmizin bir nömrəli probleminin ədalətli həllinə də zəmin yaratmaqdadır. Bir vaxtlar Ermənistan xarici dövlətlərdən aldığı yardımlar sayəsində özünü Azərbaycandan üstün hiss edə bilərdi, amma bu, artıq keçmişdə qalıb. Necə ki, bir vaxtlar bizə hədyanlar söyləyən, ermənilərin sözünü deyən Jirinovski kimiləri də bu gün dilini döndərib Azərbaycanın uğurlarından heyranlıq duyduğunu söyləməyə məcbur olur.

Prezident İlham Əliyevin bu yaxınlarda dediyi sözləri yada salaq: “Heç kim üçün sirr deyil, bu gün dünyada əsas amil güc amilidir. Bu, reallıqdır. Ona görə biz daha da güclü olmalıyıq”. Bəli, güclü ilə hər zaman hesablaşırlar. Haqlı olub güclü olmaq isə ikiqat üstünlükdür. Azərbaycan öz haqq işini illərdir hüquq müstəvisində müdafiə edir, indi buna dövlət olaraq güc-qüdrətini də əlavə edib. Elə isə bundan kimsə dar siyasi maraqları xatirinə rəncidə olmasın.Cənab İlham Əliyevin qazandığı uğurlara vəsilələrdən biri olan praqmatik siyasətin aşkar üstünlüklərini görməmək siyasi korluq əlamətidir. Bunu görüb etiraf eləməksə siyasi səviyyə göstəricisidir. Nəhayət, unutmayaq ki, bu dövlət bizim hamımızındır.

 

 

Hacı İBRAHİMOV,

“DH-Hüquq Consulting” Şirkətinin vitse-prezidenti, hüquq elmləri namizədi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında