Xəzər İsayev: Hər bir qələbəmiz düşmənə ağır zərbədir

 

Gənclər arasında dünya çempionatının ilk günündə

güləşçilərimiz ermənilər üzərində parlaq qələbə qazanıblar

“Düşmən qüvvələrinin atəşkəsi pozduqları belə bir vaxtda bütün sahələrdə qazandığımız nailiyyətlər qürurvericidir. Hər bir qələbəmiz düşmənə ağır zərbədir”.

Bu fikirləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında dünya çempionatında gənc pəhləvanlarımızın uğurlu çıxışlarına münasibət bildirərkən deyib. “Son günlər düşmənin növbəti təxribatı nəticəsində igid oğullarımızın şəhid olması xalqımız üçün çox ağırdır. Analarımız şəhid dağına mərdliklə dözür, müzəffər ordumuzun torpaqlarımızı azad etməsini səbirsizliklə gözləyirlər. Bütün sahələrdə, eləcə də idman arenasında əldə edilən yüksək uğurlar Azərbaycanın gücündən, qüdrətindən xəbər verir. Ötən illərdə əldə edilən təcrübə açıq-aydın göstərir ki, ancaq müstəqil Azərbaycan bu uğurlara nail olmuş, taleyimiz əlimizdə olarkən biz bu nailiyyətlərə çata bilmişik. Ulu öndər Heydər Əliyevin bütün sahələr üzrə quruculuq istiqamətində müəyyənləşdirdiyi vəzifələr Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən inam və qətiyyətlə gerçəkləşdirilir. Prinsipiallıq və qətiyyəti,  uzaqgörən siyasəti, dünyagörüşü, hadisələri düzgün qiymətləndirmək bacarığı ilə dövlət başçıları arasında fərqlənən Prezident İlham Əliyev “Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz” dedikdə, ilk növbədə, artıq formalaşmış, nizami ordu kimi dünyada tanınmış Silahlı Qüvvələrimizin getdikcə artan gücünə arxalanır. Təhlükəsizlik, sabitlik şəraitində bütün istiqamətlər üzrə aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizi daha da gücləndirmiş, Azərbaycanın inamlı inkişaf dinamikası saxlanılmışdır. Heç zaman öz gücünə, ordusuna güvənməyən Ermənistan üzərində qələbəmizin labüdlüyünə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən siyasi kursun Azərbaycanı daha qüdrətli dövlətə çevirəcəyinə Azərbaycan xalqı da qəti əmindir.

Güləşçilərimiz də Zaqrebə elə bu inamla yola düşdülər. Pəhləvanlardan iki nəfərin - İbrahim Nurullayevin ilk görüşdə erməni rəqibinə öz yerini göstərməsi, Elman Muxtarovun düşmən ölkənin təmsilçisini qızıl medaldan mərhum etməsi xəbərindən məmnunluq duyduq.  Bu güləşçilərimizin hər biri, həm də Vətənini qorumağa qadir olan igid bir əsgərdir. İdmançılarımızın yalnız fiziki cəhətdən deyil, həm də mənəvi cəhətdən tərbiyəsi, vətənpərvərlik ruhda böyüməsi əsas vəzifələrimizdəndir. Məhz vətənpərvərlik hissi, inam və qətiyyət güləşçilərimizə önəmli bir vaxtda Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmağa, himnimizi səsləndirməyə yardım etdi. Onlar bir daha sübut etdilər ki, ermənilərdən qat-qat güclü və ağıllıdırlar, lazım gələrsə torpaqlarımızı azad etməyə qadir əsgərlərdirlər.

 “Gömrükçü” İdman Klubunun güləşçisi, şəxsi yetirməm dünya çempionatında 50 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Nurullayevin elə ilk görüşdə erməni rəqibinə aman verməməsi, onu böyük hesabla məğlub etməsi, sonrakı görüşləri uğurla başa vuraraq qızıl medal əldə etməsi tək klubumuzun deyil, Güləş Federasiyasının, idman ictimaiyyətinin və Azərbaycan xalqının qələbəsidir. İdmançılarımız arasından da çoxlu şəhidlər vermişik. Müstəqillik uğrunda şəhid olmuş qardaşım Müşviq erməni gülləsinə tuş gələndə bu gənc pəhləvanlar yaşda idi, güləş döşəyində hələ çox uğurlar qazanmaq arzusu ilə yaşayırdı. Şəhidlərimizin yarımçıq arzuları bu gün gənclərimiz tərəfindən davam etdirilir". 

Qeyd edək ki, gənclər arasında yunan-Roma güləşi üzrə dünya çempionatının ilk günündə pəhləvanlarımız böyük uğurlar qazanıblar. 50 kq çəki dərəcəsində İbrahim Nurullayev,  60 kq-da  Elman Muxtarov, 96 kq-da Orxan Nuriyev bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq dünya güləş ictimaiyyətinə bir daha, məhz Azərbaycan güləşçilərinin güclü olduqlarını nümayiş etdiriblər.

Leyla QURBANOVA,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında