Azərbaycan ilə Rusiya arasında kitabxana - informasiya işi sahəsində əlaqələr genişlənir

 

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxana - İnformasiya Resursları Mərkəzinin (MK İRM) nümayəndə heyəti Moskva şəhərində Rusiya Dövlət Kitabxanası (RDK), Rusiya Elmlər Akademiyasının Təbii Elmlər Kitabxanası və Sankt- Peterburq şəhərində Yeltsin adına Prezident Kitabxanasına ezam olunub.

Mərkəzi Kitabxana - İnformasiya Resursları Mərkəzindən AzərTAc-a bildiriblər ki,  RDK-nın baş direktoru Aleksandr Vislıy ilə ilk görüşdə nümayəndə heyətinə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu rəhbərlik edib.

Tanışlıqdan sonra P.Bülbüloğlu Azərbaycanda akademik strukturların inkişafından danışıb. Bildirib ki, respublikada bütün istiqamətlərdə, xüsusilə də neftçıxarma və geoloji kəşfiyyat sahəsində böyük elmi potensial mövcuddur. Bu potensialı gücləndirmək məqsədilə iki qurum arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və səylərin birləşdirilməsi vacib hesab edilir.

Müzakirələr zamanı tərəflər bir-birlərinə hədiyyələr təqdim ediblər. RDK-ya təqdim edilən hədiyyələr XX əsr Azərbaycan rəssamlarının albomları, ümummilli lider Heydər Əliyevin 85 illiyi münasibətilə “İTAR-TASS” informasiya agentliyi və Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş “Heydər Əliyev: Rusiyada könlümün hissəsi var” fotoalbomu və müxtəlif dillərdə çapdan çıxmış kitablardan ibarət olub. Onların sırasında Azərbaycan və rus dillərinə tərcümə edilmiş “Qurani-Kərim”, “Azərbaycanın memarlıq tarixi”, alman və rus dillərində “İmadəddin Nəsimi”, lüğətlər, Vasili Veliçko, Elmira Muradəliyeva, Məhəmməd Əsəd bəy, Eldar İsmayılov, Roin Metreveli, İlya Çavçavadze və Qurban Səidin Qafqazın tarixinə həsr olunmuş nadir kitabları var idi.

AMEA İnformasiya Resursları Mərkəzinin direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova bildirib ki, bunlar  kitabxanaya Azərbaycan haqqında ədəbiyyatın zənginləşdirilməsi üçün hədiyyə edilmiş son kitablar deyil. Prezident İlham Əliyevin 2004 və 2007-ci illərdə imzaladığı sərəncamlara əsasən müasir və klassik dünya ədəbiyyatı Azərbaycan dilinə tərcümə edilərək işıq üzü görür. Bağışlanan kitablar da bu layihələr çərçivəsində Azərbaycanda Qərb standartlarına cavab verən nəşriyyat məhsullarıdır.

Görüşdə, həmçinin A.Vislıy Bişkek şəhərində keçirilməsi planlaşdırılan qurultayda RDK-nın təşəbbüsü ilə Avrasiya Elektron Kitabxanasının yaradılması layihəsindən danışıb. Bildirib ki, layihə assosiasiyanın üzvü olan kitabxanaların bütün elektron resurslarına pulsuz giriş imkanları yaradacaq. Bu da öz növbəsində hər bir kitabxana fondunun zənginləşməsinə səbəb olacaq.

Görüşdə qeyd edilib ki, bu gün AMEA MK - İRM kitablar daxil olmaqla bütün informasiya mübadiləsini qabaqcıl texnologiyalara əsaslanaraq qurmağı planlaşdırır. Bunun üçün məlumatların toplanıb saxlanılması, axtarış sistemləri və məlumatların ötürülmə qaydalarının qabaqcıl olması ilə yanaşı, kitabxana - informasiya və internet istifadəçisinin “görüb oxuya bildiyi” də vahid formatda olmalıdır.

Səkkiz  gün davam etmiş səfər müddətində nümayəndə heyəti milli rəqəmsal yaddaş, vahid informasiya idarəetmə sistemi layihələrinin qurulması məqsədilə müxtəlif formatlarda təşkil olunmuş görüşlər çərçivəsində kitabxanaların idarəetmə, oxucu, təşkilatçı, proqramçı və İT mütəxəssisləri səviyyəsində iş ilə tanış olub, fikir mübadiləsi, biblioqrafiya, informasiya texnologiyaları və proqramlaşdırma sahəsində mütəxəssislər ilə kompyuter texnologiyaları, kataloqlaşdırmaya dair bir sıra məsləhətləşmələr aparıb.

Səfər yeni kitabxananın universal əlaqələndirilmiş kitabxana - informasiya məkanında fəaliyyətinə dair məqsədyönlü qərarlar verməsi, eyni zamanda, dünya informasiya məkanına inteqrasiyası üçün biliklərin artırılması baxımından əhəmiyyətli hesab olunur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında