Səbailli yeniyetmələr Qubada

 

 

Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili Səbail Rayon İcra Hakimiyyətinin həmişə diqqət mərkəzində olmuşdur. Cari ilin yay aylarında da bu   istiqamətdə  bir sıra tədbirlər həyata keçirilmişdir.

Dünən Səbail RİH-in təşəbbüsü, DİN Daxili Qoşunlar Komandanlığı və Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin birgə layihəsi əsasında “Sahil bağı”nda keçirilən mərasimdə növbəti tədbirə start verildi. 250-dən çox yeniyetmə Quba şəhərində yerləşən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin yay istirahət düşərgəsinə yola salındı.

Səbail rayon rəhbərliyinin, DİN Daxili Qoşunlar Komandanlığının, düşərgəyə yollanan yeniyetmələrin və onların valideynlərinin iştirakı ilə təşkil olunan yolasalma mərasimində çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda görülən işlərdən danışdı. İcra başçısı bildirdi ki, yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində növbəti belə tədbir avqust ayının 18-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə  Qusar rayonunda təşkil olunacaq.

Düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq Səbail RİH tərəfindən bir sıra təşkilati işlər həyata keçirilmiş, bir gün əvvəl istirahətə göndərilən uşaqlar və onların valideynləri, düşərgədə çalışacaq dəstə rəhbərləri ilə görüş keçirilmişdir. Onlara düşərgədə istirahətin təşkili, daxili qaydalar, keçiriləcək tədbirlər barədə ətraflı məlumat verilmişdir. Uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınmış, Daxili Qoşunların Quba şəhərindəki “N” saylı hərbi hissəsi tərəfindən düşərgənin həyətində hərbi-səhra çadırları, səhra yeməkxanası qurulmuşdur.

Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaqlar. Bu il düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri məşğul olacaqlar. Daxili Qoşunların düşərgəyə təhkim olunmuş zabitləri, çavuş  və  əsgərləri burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində yaxından iştirak edəcəklər. 

Yola düşməzdən əvvəl gənc “Şahinlər” ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə çiçək dəstələri düzdülər. Sonra onlar Daxili Qoşunların orkestrinin marş sədaları altında valideynləri ilə görüşüb avtobuslara əyləşdilər və Qubaya yola düşdülər.

Ə. BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında