Ünvan: İsmayıllı, Lahıc qəsəbəsi

 

Bilmirəm siz İsmayıllının Lahıc qəsəbəsində olmusunuz, ya yox. Həqiqətən möcüzədir. Torpağı da tarixdir, daşı da... Elə ona görə də buraya gələn bir də gəlmək istəyir. Turistlərin sayı-hesabı yoxdur. Hərəsinin də əlində bir fotoaparat. Heç nəyi əldən buraxmaq istəmirlər. Hər şeyi, nə varsa lentin yaddaşına köçürmək istəyirlər.

Bu müqəddəs yerin tarixi, onun insanları haqqında çox yazılıb. Qonaqpərvər lahıclılar barədə olan kitabların sayı çoxdur. Bu gün isə mən başqa məsələdən Lahıca sonuncu səfərimdən söhbət açacağam. Gözəl bir tədbir oldu. Aradan bir neçə gün keçib. Lakin belə bir səmimi tədbir, görünür, hələ çoxlarını kövrəldəcək.

Ustad xalçaçının 95 illik yubileyinə toplaşmışıq. Hər yerdən gəliblər. Bakıdan, İsmayıllının kəndlərindən. Bir sözlə, yaxından-uzaqdan eşidən-bilən buraya toplaşıb.

Toxuculuq sənətinin incilərindən sayılan xalçaçılığa, miskərliyə, digər xalq sənətkarlığına meyil Lahıcda həmişə olub. Amma, sən demə, əllinci illərin ortalarında bu sahələrdə durğunluq yaranıb.

 Kənd təsərrüfatı olmayan Lahıcın  sənətkarlığından da gəlirin gəlmədiyini görən rayon rəhbərliyi çıxış yolunu xalçaçılığı inkişaf etdirməkdə görüb. Belə bir vəziyyətdə sual yaranıb. Kim bu işin öhdəsindən gələ bilər? Hamının fikri eyni olub: Qalacıq kəndindən bura gəlin köçmüş Gülgəz Seyfalıyeva.

Bax, beləcə 1955-ci ilin aprel ayında Lahıcda ilk xalçanın  toxunuşuna start verilib. Bir neçə nəfər qıza Gülgəz Seyfalıyeva xalçaçılığın  sirlərini  öyrətməyə başlayıb. Onların da hər biri ətrafına  qızları toplayıb, bildiklərini öyrədib.  Tacı Salmanovun  sədr olduğu artelin 2 toxuculuq sexində  xalçaçıların  sayı 1975-ci ildə 400 nəfərə çatıb. Xalçaçılıq inkişaf etdikcə  Lahıc da inkişaf edib, qəsəbə sakinləri yaxşı yaşamağa başlayıblar. Çörək dalınca başqa yerlərə köçün qarşısı alınıb.

Gülgəz xanımın  Lahıc və onun ətrafındakı  dağ kəndlərinin  sakinləri  qarşısında  belə böyük, əvəzsiz xidmətləri olub. Bunları nəzərə alan  rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Gülgəz Seyfalıyevanın  anadan olmasının 95 illik yubileyinin  keçirilməsi barədə sərəncam  imzalayıb. Yubiley tədbiri Lahıc qəsəbə tam orta  məktəbinin zalında keçirildi. Əvvəlcə Gülgəz xanımın  Qalacıq və Lahıc həyatı, tanınmış xalça ustası olmağı ilə bağlı videoçarx nümayiş etdirildi, slaydlar göstərildi. Mirdaməd Sadıqov  Gülgəz Seyfalıyevanın  Lahıc və İsmayıllı sakinləri  qarşısındakı xidmətlərindən, ustad toxuculuğundan,  nümunəvi xanımlığından ətraflı, bir övlad məhəbbəti ilə danışdı. Əməkdar müəllim  Ənvər Balayev ustad xalçacının keçmiş şagirdləri  Mina Əliyeva, Göyçək Umudova, xalça fabrikində mühasib işləmiş Məcid Abbasov və başqaları Gülgəz xanım barədə səmimi ürək sözlərini dedilər.

Yubilyarın qızı Şəmsə Əliyeva  anasına həsr etdiyi şeiri söylədi, xalçaçılığı 5 yaşında ondan öyrəndiyini dedi. Bütün məclislərin yaraşığı olan aşıq Yanvar, rayon mədəniyyət və turizm şöbəsinin musiqi və mahnı ifaçıları yubiley tədbirinə bədii zənginlik gətirdilər. “İsmayıllı xəbərləri”  qəzetinin baş redaktoru  Şahməmməd Soltanovun  ustad xalçaçıya  həsr etdiyi şeiri hamıda xoş ovqat yaratdı.

Bu da keçmişə verilən dəyər. Hamı razı qaldı, tədbirin ideya müəllifinə və təşkilatçılarına  təşəkkür etdi.

Mən isə rayon icra hakimiyyətinin başçısı danışdıqca Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi müdrik sözləri xatırlayırdım: “Gərək biz tariximizi heç vaxt unutmayaq, onun hər bir səhifəsinə hörmətlə, ehtiramla yanaşaq”.

Yubiley tədbiri keçmişə verilən qiymət, yeni nəslə isə örnək oldu.

Təkrar  yazıram. Tədbirin ünvanı belə idi: İsmayıllı, Lahıc qəsəbəsi...

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında