Yazda təbiətin oyanmasını dağlarda müşahidə eləmək adamda qəribə duyğular yaradır. "Qorxa-qorxa"yaşıllaşan dağ ətəkləri, azala-azala zirvələrin ucuna çıxan qar, günəvər yerlərdə ağ-çəhrayı çiçəklər açan meyvə ağacları, döşlərə yayılan sürülər, üzüaşağı axıb çaylara qarışan suların səsi qışın qara qayğılarının yavaş-yavaş arxada qalmasından soraq verir. Tək-tək bənövşələr də gözə dəyir. Həyət-bacada, bağ-bostanda çalışan dağ adamlarının ovqatını təzələyir, gözünü-könlünü sevindirir yazın gəlişi.
Axır çərşənbədən iki gün sonra Yardımlıya gedirdim. Viləşçay bulana-bulana aşağılara tələsirdi, mənsə fərəhlənə-fərəhlənə dağlara qalxırdım. Günəş hər tərəfə zər ələyir, hava ətir saçırdı. Rayon mərkəzinə çatıb dağların qoynuna sığınmış balaca şəhəri o baş-bu başa gəzdim, xoş ləhcəli, istiqanlı eloğlularımla görüşüb söhbətləşdim...
İşlərimi qurtarıb geri qayıdanda artıq əminliklə düşünürdüm ki, hə, Yardımlıya da sözün tam mənasında yaz gəlib. Amma ikicə saat sonra Lənkəranda eşitdiklərimə, necə deyərlər, şaşırdım: Yardımlıya elə bir qar yağıb ki, yol-riz bağlanıb, dağlar göylərə bir qədər də yaxınlaşıb. Yazın gəlişiylə bağlı bayaqdan düşündüklərim hara, indi eşitdiklərim hara?! Əslində, qəribə heç nə yox idi. Yardımlı dağ yeridir, dağların, gədiklərin də ki, qəfil üzünün dönməsi, kəskin hava dəyişmələri hər zaman olan şeydir. Elə bu qar da asanlıqla təslim olmayan qışın son müqaviməti, bəlkə də "ağ bayraq" qaldırması kimi qəbul edilməlidir. Hər bir halda, yaz qaçılmazdır.
Rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov Yardımlıya yaz ab-havasının hakim kəsildiyini bildirmişdi. Geniş şura yığıncağında regional inkişafa dair ikinci Dövlət Proqramının icrasının birinci ilinin yekunlarını nəzərdən keçirən rayon fəalları da xeyli nikbin idilər. Buna yetərincə əsasları da var. Ötən il rayonda çox iş görülüb. Bu il də görüləsi işlər az deyil.
Dövlət Proqramı hazırlanan vaxt rayon icra hakimiyyəti tərəfindən əhalini narahat edən, həlli vacib olan məsələlər müəyyənləşdirilərək proqram layihəsinə salınmaq üçün təklif edilmişdi. Həmin təkliflərin əksəriyyəti Dövlət Proqramında nəzərə alınmışdır. Bunlar içməli su, yol və elektrik xətlərinin təmiri, yaşayış məntəqələrinin qazlaşdırılması, mərkəzi kanalizasiya sisteminin, sosial obyektlərin tikintisi kimi məsələlər idi. Proqrama uyğun olaraq rayon icra hakimiyyətinin yerli resurslar və imkanlar nəzərə alınmaqla geniş tədbirlər planı hazırlanmış və icrasına başlanmışdır.
Yardımlıda 2009-cu ildə 55,8 milyon manatlıq ümumi məhsul istehsal olunmuşdur. Adambaşına düşən məhsul istehsalı 2003-cü ildəki 369 manatdan 960 manata çatmışdır. İl ərzində 400,4 min manatlıq sənaye, 20 milyon 716 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, əhaliyə 32 milyon 131 min manatlıq ticarət, 690 min manatlıq nəqliyyat, 251,3 min manatlıq rabitə xidməti göstərilmişdir. Rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 899,7 min manat təşkil etmişdir. Dövr ərzində 985 min manatlıq əsas fondlar istifadəyə verilmişdir. Orta aylıq əməkhaqqı altı il əvvəlkinə nisbətən 3,7 dəfə artaraq 246,5 manata çatmışdır.
Dövlət Proqramına uyğun olaraq Əngövül kəndi ərazisində ikinci qazpaylayıcı stansiya inşa edilmiş və kəndin qazlaşdırılması həyata keçirilmişdir. Yaxın vaxtlarda hər iki obyekt istifadəyə veriləcək.
Qış aylarında əhalinin hərəkəti üçün ciddi problemlər yaradan kəndarası yolların təmiri işləri davam etdirilmişdir. İl ərzində 3,4 kilometr uzunluğunda Sırıq-Horavar yolu əsaslı təmir olunmuşdur. Cerimbel, Alçabulaq, Telavar, Qaraqaya, Dağüzü kəndlərinə gedən yollarda cari təmir işləri aparılmışdır. Şəhərin daxilində 4 min kvadratmetr əraziyə asfalt örtük çəkilmişdir.
İl ərzində sosial sahənin inkişafına ciddi diqqət yetirilmiş, Dövlət Proqramına uyğun olaraq mərkəzi rayon xəstəxanasının əsaslı təmiri başa çatdırılmış, Gavran və Honuba-Şıxlar kəndlərində yeni məktəblər inşa olunmuşdur. Hazırda Arus kəndində yeni məktəbin inşasında tamamlama işləri görülür.
Dövlət Proqramında nəzərdə tutulan işlərin icrası ilə əlaqədar Sırıq kəndində yeni poçt, Telavar, Zevin, Perinbel, Yolocaq, Şəfəqli kəndlərində elektron ATS-lər istifadəyə verilmiş, rayonda elektronlaşmanın səviyyəsi 75 faizə çatdırılmışdır.
Azərbaycan Prezidentinin sahibkarlığın inkişafına dəstək verilməsi, sahibkarlıq subyektlərinin sadələşdirilmiş qaydada qeydiyyata alınması, habelə bu sahəyə yersiz müdaxilələrin aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Yardımlıda bu yöndə işgüzar şərait yaradılmışdır. Ötən il 1 hüquqi və 116 fiziki şəxs sahibkarlıq subyekti kimi qeydiyyatdan keçmişdir. Özəl sektorda 52 milyon 847 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da rayon üzrə ümumi göstəricinin 95 faizini təşkil edir. Sahibkarlar 2003-cü ildəkindən 4 dəfə artıq məhsul istehsalına nail olmuşlar.
Şura yığıncağında qeyd edilmişdir ki, rayonda aqrar sahənin inkişafı təmin olunmuşdur. İl ərzində 75535 sentner kartof, 22267 sentner tərəvəz,3371 sentner meyvə istehsal edilmişdir. Mal-qara və davarların baş sayının ildən-ilə artması hesabına ötən il 24890 sentner ət və 131917 sentner süd əldə edilmişdir. Prezidentin müvafiq sərəncamının icrası ilə əlaqədar olaraq rayonda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə məşğul olan 1520 hüquqi və fiziki şəxsə 88784 manat məbləğində yardım hesablanmış və ödənilməsi üçün sənədlər təqdim edilmişdir. Yardımların verilməsi rayonda buğda əkinlərinin artmasına stimul yaratmışdır. Belə ki, keçən il Yardımlıda 7511 ton taxıl istehsal edilmişdir. Bunun 6490 tonu buğdadır. İstehsal edilmiş məhsulun vaxtında və itkisiz yığılması üçün rayonda fəaliyyət göstərən "Aqroservis" müəssisəsinə əlavə bir ədəd taxılyığan kombayn alınmışdır.
Dövlət başçısının 2010-cu ili "Ekologiya ili" elan etməsi ilə bağlı Yardımlı rayonunda geniş tədbirlər həyata keçirilir. Rayonun giriş hissəsində yol kənarlarında, şəhər daxilində və ticarət mərkəzi ərazisində 10 mindən artıq müxtəlif dekorativ və meyvə ağacları əkilmiş, əlavə olaraq meşələrin mühafizəsi və bərpası müəssisəsi tərəfindən payız mövsümündə 70 hektar ərazidə 110 min toxum səpilməklə ağac əkini həyata keçirilmişdir.
Yığıncaqda o da qeyd edilmişdir ki, Dövlət Proqramının birinci ili üçün nəzərdə tutulmuş bəzi tədbirlər reallaşdırılmamışdır. Bu, əsasən rayonun elektrik xətlərinin və mövcud içməli su xətlərinin təmirinə aiddir.
Müəyyən çətinliklərə baxmayaraq, Yardımlı inkişaf yolundadır və bu, rayonun sabahının daha gözəl olacağına təminat verir.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.